Məhkəmə qərarları › İş №2(103)-1145/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1145/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1145/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 noyabr 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından cavabdehə qarşı kiçik mübahisələrə dair işlər üzrə icraat qaydasında iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış və cavabdeh tərəfindən ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 3.035,79 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 169,30 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 12,82 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52,58 manat, dövlət rüsumunun ödənilməsinə görə Bankdan tutulmuş xidmət haqqının əvəzinin ödənilməsi məqsədi ilə 0,40 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla iddiaçı Bank arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Kredit müqaviləsinə” əsasən iddiaçı Bankdan illik 18 faiz dərəcəsi ilə 60 ay müddətinə 3.770 manat məbləğində kredit götürmüşdür. Cavabdeh həmin müqavilə ilə üzərinə öhdəlik götürmüşdür ki, kreditdən məqsədli təyinatına uyğun istifadə edəcək və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytaracaq. Bank, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh, Bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmiş, istifadə etdiyi krediti faizi ilə birlikdə ödəməmişdir. Nəticədə cavabdehin 3.035,79 manat məbləğində əsas kredit borcu, 169,30 məbləğində faiz borcu yaranmışdır. Bank, öhdəliyin cavabdeh tərəfindən icra edilməməsini nəzərə alaraq müqavilənin şərtinə əsasən cavabdehə 12,82 manat cərimə hesablamışdır. Bank, yazılı qaydada cavabdehə müraciət edərək borcun ödənilməsini tələb etsə də, borc ödənilməmişdir. Bu səbəbdən də, Bank, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 52,58 manat məbləğində dövlət rüsumu və rüsumun ödənilməsinə görə 0,40 manat xidmət haqqı ödəmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, Bank, qeyd edilən məbləğlərin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş və kredit müqaviləsi şərtlərini pozmuşdur. Onun iddiaçı qarşısında maliyyə arayışında qeyd olunan məbləğlərdə icra edilməmiş pul öhdəliyi yaranmışdır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739-cu maddələrinin göstərişinə əsaslanaraq Rayon Məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Eyni zamanda hazırki iddia ərizəsi cavabdehə rəsmi qaydada verilsə də, 10 iş günü müddətində iddia tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişdir. c) apellyasiya şikayəti barədə məlumat

5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin faiz borcu və cərimə məbləği hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin hüquqi savadı olmadığı üçün o, işin kiçik iddia icraatında baxılmasının qaydalarından, yəni işə iş üzrə tərəflərin iştirakı olmadan baxılması qaydasından məlumatsız olmuşdur. O zənn etmişdir ki, işə baxılan zaman iclasda iştirak edəcək və iddia tələbinə qarşı etirazını məhkəməyə bildirəcək, bu səbəbdən də iddia tələbinə qarşı yazılı etiraz göndərməmişdir. Həmçinin, cavabdeh işə baxmış Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razı deyil. Belə ki, o, Bank tərəfindən hesablanmış faiz və cərimə borcunu qəbul etmir. Cavabdeh əvvəllər Banka olan borcunu vaxtı-vaxtında ödəyirdi, lakin hazırda işləmir. Onun maddi vəziyyəti yaxşı deyil. Himayəsində 3 uşağı var. Uşaqların biri azyaşlıdır, digər ikisi isə məktəblidir. Bu səbəbdən də borcunun ödənişlərində gecikmələr yaranmışdır. Borcunun ödənilməsi ilə bağlı tərtib edilən ödəniş qrafikində də aylıq ödənilməli olan məbləğ yüksək həddə müəyyən edilmişdir. Lakin Rayon Məhkəməsi tərəfindən işin faktiki halları araşdırılmamış və təqdim edilən sübutlara düzgün qiymət verilmədən qətnamə qəbul edilməklə cavabdehin hüquqları pozulmuş, bununla da qanunsuz və ədalətsiz qətnamə qəbul edilmişdir. d) apellyasiya baxışının hədləri barədə məlumat

7. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi tam təmin olunsa da, qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh qətnaməni qismən, yəni faiz borcunun və cərimənin tutulması hissəsində mübahisələndirmişdir. O, qətnamənin qalan hissəsini mübahisələndirməmişdir.

8. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

9. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, iddiaçı Bank ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 1780nkADJ/22 saylı “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, cavabdeh, onunla iddiaçı Bank arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Kredit müqaviləsinə” əsasən iddiaçı Bankdan illik 18 faiz dərəcəsi ilə 60 ay müddətinə 3.770 manat məbləğində kredit götürmüşdür.

12. İşdə olan sənədlərdən, o cümlədən cavabdehin apellyasiya şikayətinin məzmunundan bəlli olur ki, iş üzrə cavabdeh, onunla Bank arasında bağlanmış “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, Banka olan kredit borcunu müqavilədə və müqavilənin tərkib hissəsi olan “Ödəniş cədvəlində qeyd edilən qaydada (aybaay və hissə-hissə) ödəməmiş, onun Banka borcu yaranmışdır.

13. Bankın təqdim etdiyi hesablamalardan görünür ki, cavabdehin “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyi tam deyil, qismən icra etməsi səbəbindən cavabdehin 3.035,79 manat məbləğində əsas kredit borcu və 169,30 manat məbləğində faiz borcu yaranmışdır. Bank, öhdəliyin cavabdeh tərəfindən icra edilməməsini nəzərə alaraq “Kredit müqaviləsinin” şərtinə əsasən cavabdehə 12,82 manat cərimə (dəbbə) hesablamışdır.

14. Rayon Məhkəməsi Bank tərəfindən verilmiş iddia ərizəsini cavabdehə göndərsə və cavabdeh iddia ərizəsini qəbul etsə də, o, 10 iş günü müddətində iddia tələbinə qarşı etiraz verməmiş, faiz borcunun onu tərəfindən ödənilməsini təsdiq edə biləcək hansı sübutu təqdim etməmişdir.

15. Apellyasiya şikayətində qeyd edilir ki, cavabdehin hüquqi savadı olmadığı üçün o, işin kiçik iddia icraatında baxılmasının qaydalarından, yəni işə iş üzrə tərəflərin iştirakı olmadan baxılması qaydasından məlumatsız olmuşdur. O zənn etmişdir ki, işə baxılan zaman iclasda iştirak edəcək və iddia tələbinə qarşı etirazını məhkəməyə bildirəcək, bu səbəbdən də iddia tələbinə qarşı yazılı etiraz göndərməmişdir.

16. Cavabdehin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi tərəfindən göndərilmiş “məhkəmə bildirişində” işin kiçik iddia icraatında baxılmasının qaydası, iddiaya qarşı etirazın verilməsinin məqsədi və etirazın hansı müddət ərzində verilməsi aydın və başa düşülən tərzdə izah edilmişdir. Həmin bildirişdə qeyd edilənlər qaydalar ilə tanış olub, onlara əməl edilməsi üçün hüquqşünas olmaq lazım deyil.

17. Bu baxımdan qəbul edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır.

18. Apellyasiya şikayətində cavabdeh, iddia ərizəsinin ondan iddiaçı Bankın xeyrinə faiz borcunun tutulması ilə bağlı hissəsinin rədd edilməsini onunla əsaslandırır ki, o, əvvəllər Banka olan borcunu vaxtı-vaxtında ödəyirdi, lakin hazırda işləmir, bundan başqa onun himayəsində yetkinlik yaşına çatmayan 3 uşaq var və buna görə də o, Banka olan borcunu ödəyə bilmir.

19. Bununla bağlı Məhkəmə qeyd edir ki, cavabdeh ilə Bank arasında bağlanmış “Kredit müqaviləsinin” şərtlərində cavabdehin göstərdiyi halların mövcudluğu cavabdehin həmin müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasından tam və ya qismən azad edilməsi nəzərdə tutulmamışdır.

20. Buna görə də, cavabdehin müzakirə edilən bu dəlili də əsassız hesab edilməlidir.

21. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin cavabdehdən 169,30 manat faiz borcunun tutulması ilə bağlı nəticəsi əsaslıdır. Çünki Mülki Məcəllənin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəm əli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.)

22. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, apellyasiya şikayətinin Rayon Məhkəməsinin faiz borcunun tutulması ilə bağlı gəlmiş olduğu nəticəsinə aid dəlilləri əsassızdır.

23. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı Bank, cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə yaranmış borcun ödənilməsinin gecikdirilməsinin nəzərə alaraq müqavilənin şərtlərinə əsaslanaraq cavabdehə cərimə tətbiq etmiş və cərimənin ödənilməsi məqsədi ilə 12,82 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

24. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə bu tələbi də təmin etmişdir.

25. Bununla bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2.).

26. Göstərilənləri və iddiaçı Bank, cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədə borcun ödənilməsinin gecikdirilməsinə görə kreditorun borcluya cərimə (dəbbə) hesablaması və hesablanmış cərimənin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulduğundan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi əsaslı, apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili isə əsassızdır. f) apellyasiya baxışının nəticəsi

27. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

28. Məhkəmə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.

29. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

30. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 noyabr 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyin andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar