Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1146/2020 04.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsi ilə, İmanov Azad Nizam oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6599/2019 saylı mülki iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3000 manat borc və mənəvi zərərin əvəzi qismində 10000 manat olmaqla, cəmi 13000 manat pulun və dövlət rüsumu qismində ödənilmiş 30 manat pulun müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2017-ci il fevral ayının əvvəllərində maşın alqısatqısı il məşğul olduğu ərəfədə tanışı Orxan ondan 1800 manat borc istəyib. Orxan ev satışından pul əldə edəcəyini və pulu əlavəsi ilə qaytaracağını bildirib. Həmin evin məxsus olduğu Rəna Orxanın dediklərini təsdiqləyib. Sonradan iddiaçıya məlum olub ki, Orxan həmin ərəfədə dələduzluqla ittiham olunub və ondan aldığı pulu bu iş üçün istifadə edib. Cavabdehlərdən dəfələrlə pulunu tələb etsə də, nəticəsi olmadığından polisə idarəsinə müraciət edib. Nizami rayon Polis idarəsinin (bundan sonra – RPİ) İstintaq şöbəsinə dəvət olunub izahatı alınsa da, ona məlum olmayan səbəblərdən xx xxxxxx 2019-cu il tarixli qərarla cinayət işinin başlanması rədd edilib. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona və yaxınlarına mənəvi zərər dəyib. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə 3000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 7 manat pulun müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tutulması qət olunmuş borcun yaranması əsaslarını və cinayət işi başlanılmasının rədd edilməsi barədə qərarı araşdırmayıb. Apellyasiya baxışı zamanı iddiaçı şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı mübahisələndirməmişdir. İş materiallarından görünür ki, xx xxx 2018-ci il tarixdə iddiaçı cavabdehlər tərəfindən aldadılaraq 3000 manat pulunun ələ keçirilməsi ilə əlaqədar Nizami rayon prokurorluğuna ərizə ilə müraciət etmiş, müraciət əsasında toplanmış material Bakı şəhər Nizami RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. İstintaq araşdırması zamanı Cavabdeh2 izahatında göstərmişdir ki, Rahimdən evin sənədləşmə işi ilə əlaqədar 2000 manat pul almış, həmin pulu qısa müddətə hissə-hissə qaytarmasına söz vermiş, evin sənədləşmə işi hal-hazırda bir qədər uzandığından evi sataraq Rahimin pulunu verə bilməmiş, Rahim evin satılmasını gözlədiyi halda evi sataraq Rahimin pulunu və əlavə olaraq pul verəcəyini bildirmişdir. İstintaq araşdırması zamanı Cavabdeh1 izahatında göstərmişdir ki, Rahim Rənaya köməklik məqsədi ilə evin sənədləşməsinin düzəldilməsi ilə əlaqədar ümumilikdə 2200 manat pulu onun vasitəsi ilə vermiş, ona isə borc olaraq şəxsi məqsədləri üçün 950 manat pul vermişdir. Həmin 2200 manat pulu Rahimə Rəna qaytarmalı olmuş, onun özünün isə Rahimə 950 manat borcu vardır və bu məbləği qısa müddətə qaytaracaqdır. Tərəflər arasında yaranmış mübahisə mülki xarakterli olduğundan Bakı şəhəri Nizami RPİ İstintaq şöbəsinin baş müstəntiqi X1 xx xxx 2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlər aldıqları cəmi 3150 (2200+950) manat pulu qaytarmadıqlarından iddiaçının tələb etdiyi 3000 manat pul onlardan müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə həmin hissədə ləğv edilməlidir. Baxılan iş üzrə iddiaçı cavabdehlərdən pulun ödənilməsini tələb edir. Göründüyü kimi tərəflər arasında borc münasibəti mövcud olub. Ona görə də mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəllənin həmin münasibətləri tənzimləyən 739-cu maddəsi tətbiq edilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçı tələbi təsdiq edən yeganə sübut qismində məhkəməyə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı təqdim etmişdir. Araşdırma zamanı Cavabdeh2 iddiaçıdan 2000 manat pul aldığını və pulu qaytarmadığını bildirmişdir. Digər Cavabdeh1 isə iddiaçının Rəna üçün 2200 manat, özü üçün 950 manat pulu ona verdiyini və 950 manat borcunu qaytarmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 106.3-cü maddəsinə əsasən, cavabdehlər polisdə verdikləri araşdırma zamanı Cavabdeh2 iddiaçıdan 2000 manat, Cavabdeh1 isə digər cavabdeh üçün 2200 manat, özü üçün 950 manat pul aldığı faktını yazılı etiraf etdiklərindən iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Eyni zamanda cavabdehlər də birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmiş, iddiaçıdan aldıqları məbləği qaytardıqları barədə hər hansı sübut təqdim etməmişlər. Beləliklə Cavabdeh2 özünün yazılı etirafı ilə iddiaçıya 2000 manat borcunun olduğu müəyyən edilir. Cavabdeh1 isə iddiaçıdan özü üçün 950 manat, digər cavabdeh üçün 2200 manat pul aldığını bildirmişdir. Lakin Cavabdeh2 etirafı ilə 2000 manat pulun ona verildiyi təsdiqlənir. Belə olan halda, Cavabdeh1 iddiaçı qarşısında qeyd edilən 950 manat həcmində borcla yanaşı əlavə 200 manat pul qaytarmaq öhdəliyi yaranır. Buna baxmayaraq baxılan iş üzrə iddiaçı cavabdehlərdən 3000 manat borcun tutulması tələbini irəli sürdüyü üçün cavabdehlərdən onun xeyrinə həmin məbləğdən artıq pulun tutulması iddia tələbindən kənara çıxmaq olardı və bu, MPM-in 218.3-cü maddəsinə əsasən yolverilməzdir. İş üzrə tələb olunan 3000 manat borcun cavabdehlərdən müştərək qaydada tutulmasına əsas yoxdur. Belə ki, Mülki Məcəllənin 500-cü maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Baxılan iş üzrə iddiaçı cavabdehlərin birgə borclu olduğu - müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən onların birgə öhdəliklərinin əmələ gəldiyi barədə sübut təqdim etməmiş və bu hal cavabdehlər tərəfindən etiraf edilməmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi yuxarıda istinad olunan maddi hüquq normasının tələbini pozaraq 3000 manat borcun cavabdehlərdən müştərək qaydada tutulması barədə qənaətə gəlmişdir. Ona görə də qətnamə iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin olunmaqla, Cavabdeh2 2000 manat, Cavabdeh1 1000 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Belə ki, cavabdehlər şikayətdə iddiaçıdan pul aldıqlarını və polisdə araşdırma zamanı yuxarıda qeyd olunan məzmunda izahat verdiklərini mübahisələndirməmiş, şikayəti formal dəlillərlə əsaslandırmağa çalışmışlar. Həmçinin cavabdehlər apellyasiya baxışı iclasına təkrar gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Kollegiya nəzərə alır ki, prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməməsi məhkəməyə təqdim olunan sübutlar əsasında işə baxmağa mane olmur. Belə ki, MPM-ə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur (184.2). Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir (185.5). Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6599/2019 saylı mülki iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində ləğv edilsin. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh1 1000 (min) manat, Cavabdeh2 2000 (iki min) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov
Məhkəmə qərarları › İş №2(103)-1146/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1146/2020
04.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver