Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1146/2024 19.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «cinayət nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair» mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh2 Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «cinayət nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair» iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-704/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan İddiaçı notariat kontorunda təsdiqlənmiş xx.xx.2015-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirləndirilən şəxslər Cavabdeh2 və Cavabdeh1 ona verəcəkləri 100000 manatla bağlı onlardan hər hansı şikayəti və tələbi yoxdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada onun xeyrinə 46000 manat maddi zərərin, 20700 manat illik 5 faiz olmaqla hesablanmış məbləğin və 10000 manat mənəvi zərərin, cəmi olaraq 76700 manat pulun, Cavabdeh2 onun xeyrinə 54000 manat maddi zərərin, 24300 manat illik 5 faiz olmaqla hesablanmış məbləğin, cəmi olaraq 78300 manat məbləğində pul vəsaitinin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlər Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2015-ci il tarixli 1(088)-19/2015 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək müvafiq olaraq 8 il və 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Cavabdehlər təqsirli bilinmişdir ondan ötrü ki, 2013-cü ilin aprel ayında özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2003-cü ildən tanıdığı Cavabdeh2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncu ilə tanışlıq münasibətlərində olan X1 25 mart 2013-cü il tarixdə onun tərəfindən 600000 manat məbləğində pul vəsaitinin ələ keçirilməsi barədə Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinə şikayət ərizəsi ilə müraciət etməsindən sonra, Bakı şəhəri Nərimanov rayon Prokurorluğunun icraatında olan cinayət işləri üzrə mütəxəssis qismində cəlb edilməsi ilə əlaqədar həmin rayonun polis idarəsi və bölmələrində ibtidai istintaq və təhqiqat üzərində prosessual rəhbəliyi həyata keçirən prokuror və prokuror müavinin şəxsən tanımasından sui-istifadə edib 12 aprel 2013-cü il tarixdə “Gənclik” metrostansiyasının yaxınlığında Cavabdeh2la birlikdə onun Range Rover markalı ** MR *** dövlət qeydiyyat nişanlı avtomaşınında sonuncu ilə X2 iştirakı ilə görüşərək özünü Nərimanov rayon prokurorunun müavininin qaynı kimi təqdim edib faktiki hər hansı imkana malik olmadığı halda əlaqələrindən istifadə etməklə 100000 manat müqabilində araşdırma materialı üzrə cinayət işinin başlanmamasını və Ramazan Səlimova vurulması iddia olunan ziyanın məbləğinin 300000 manat həcmində müəyyən edilməsini təmin edəcəyini vəd edib başqa şəxsə rüşvət verəcəyi adı ilə onu inandırmaqla həmin gün Cavabdeh2la birgə ondan 46000 manat, 23 aprel 2013-cü il tarixdə isə Cavabdeh2 təklikdə 54000 manat məbləğində pul vəsaitlərini alması ilə, ümumilikdə onun 100000 manat məbləğində külli miqdarda pul vəsaitini ələ keçirib xeyrinə heç bir hərəkət etmədən dələduzluq etmişlər. Həmin cinayət işi üzrə başqa bir epizod üzrə o, özüdə cinayət məsuliyyətinə cəlb edilmişdir. İbtidai istintaq dövründə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, cavabdehlər barəsində isə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı dövründə hazırkı iş üzrə o və cavabdehlər razılığa gəlmişlər ki, o, notarial qaydada şikayətinin olmaması barədə ərizə yazıb məhkəməyə təqdim etsin ki, cavabdehlər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza ala bilsinlər. Onlar azadlıqda qaldıqdan sonra ona pulu ödəyəcəklərinə vəd etmişlər. Lakin məhkəmənin hökmü ilə həm o, həm də cavabdehlər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. O, 2020-ci ilin aprel ayında azadlığa çıxdıqdan sonra öz pul vəsaitini cavabdehlərdən tələb etsə də, cavabdehlər bundan boyun qaçırmışlar. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-704/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 54000 (əlli dörd min) manat məbləğində maddi zərər və Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 46000 (qırx altı min) manat maddi zərər tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə şahid ifadələrinə tənqidi yanaşaraq hesab etmişdir ki, şahidlərlə Cavabdeh1 arasında qohumluq əlaqələri mövcuddur. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən Cavabdeh2 54000 manat məbləğində pul vəsaiti və Cavabdeh2 və Cavabdeh1 birlikdə 46000 manat pul vəsaiti verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 1(102)-1816/2017 saylı qərarında öz əksini tapmışdır. Cavabdehlər həmin pul vəsaitinin məhkəmə prosesi zamanı iddiaçıya qaytarılmasını, bununla bağlı iddiaçı tərəfindən məhkəməyə ərizə verilməsini və cəza təyini zamanı bunun nəzərə alınmasını iddia etsələr də, bununla bağlı məhkəməyə sübut təqdim olunmamışdır. İddia edilən maddi ziyanla cavabdeh şəxslərin qanunazidd əməli və bu əməlin nəticəsi arasında səbəbli əlaqə mövcud olduğundan və iddiaçıya məxsus pul vəsaitinin dələduzluq yolu ilə əldə olunması nəticəsində iddiaçının maddi ziyana məruz qaldığı məhkəmədə şübhə doğurmur. Ona görə də məhkəmə cavabdehlərin vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşımalı olduğunu hesab etmişdir. İddiaçı cavabdehlərin qeyri-hüquqi hərəkəti nəticəsində mənəvi əzab çəkməsini göstərsə də, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi barədə sübut təqdim olunmadığından məhkəmə hesab edir ki, mənəvi zərər barədə tələb istisna olunur. İddia tələbinin cavabdehlərdən illik 5 faiz olmaqla 45000 manat əldə çıxmış faydanın tutulması hisəsinə münasibətdə isə məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edərək cavabdehlərdən 45000 manat əldən çıxmış faydanı tələb etsə də, tərəflər arasında hər hansı bir müqavilə mövcud olmamış, məhkəmənin hökmünə əsasən pul dələduzluq yolu ilə əldə edilmişdir. İddiaçı tərəf pulu illik 5 faiz hesablanmaqla əldən çıxmış fayda kimi tələb etsə də, onun pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, habelə əldə edəcəyi gəlirlər barədə hər hansı bir sübut təqdim etməmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ-ci bəndinə, 60-cı maddəsinə, Mülki Məcəlləsinin 21.1, 1091.1, 1091.2, 1092.1, maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına, Avropa Məhkəməsinin “Həsənov Azərbaycana qarşı” və “İsgəndərov və başqaları Azərbaycana qarşı” işləri üzrə qəbul etdiyi müvafiq olaraq xx.xx.2010-cu il və xx.xx.2010- cu il tarixli qərarlarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008- ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə, 4-cü bəndinə, 8-ci bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 119.1, 217.4, 218.3, 119, 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti verərək Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-704/2023 saylı qətnaməsinin iddianın təmin edilən hissədə ləğv edilməsini, iddianın onlara aid hissədə rədd edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətlərində göstərilmişdir ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-704/2023 saylı qətnaməsində Mülki Məcəllənin 1091-ci maddəsinə istinad edilərək əsassız varlanma olaraq tövsif edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən əsaslandırılmış maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Belə ki, sözügedən münasibətlərə Mülki Məcəllənin 1096-cı maddəsi ilə nəzərədə tutulmuş maddi hüquq normalarıtətbiq edilməli idi. İddiaçının Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakiminə yazdığı xx.xx.2015-ci il tarixli 7E-8420 nömrəli notarial təsdiq olunmuş ərizədə qeyd edilmişdir ki, hakimin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxslər Cavabdeh2 və Cavabdeh1 İddiaçı verəcəkləri 100.000 manat barəsində sonuncunun onlardan heç bir şikayəti vətələbi yoxdur. Cavabdeh1 tərəfindən İddiaçı dəymiş ziyanın ödənilməsi barədə yuxarıda qeyd edilən ərizələr məhkəmə iclasında təqdim edilmiş, lakin Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən işə əlavə edilməmişdir. Məhkəməyə İddiaçı dəymiş ziyanın ödənilməsi barədə bu faktı təsdiq edən məhkəmə qərarları təqdim edilmişdir. Tərəflərindən təqdim edilmiş sübuta Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən hüquqi qiymət verilmədən iş üzrə qərar çıxarılmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
10. Cavabdeh2 izahatında bildirir ki, ona zəng edib bildirmişdir ki, iddiaçı 600.000 manat vətəndaşdan pul alıb ki, onu icra başçısı edəcək, sonra işi prokurorluğa getmişdir. O da gedib xahişini edib, köməklik göstərib. Həsən dedi ki, 300.000 manat yazıb verib, amma həmin adam indi danır, həmin adamı da tapıb gətirib. Həmin adam dedi ki, pulu Həsənə qaytarıb, kağızı da özünə qaytarıb. Daha sonra Həsən vəzifəli şəxslərdən şikayət verdi. Onu çağırıb dedilər ki, üzə durmalıdır. O da qəbul etməyib. Onunla prinsipə düşdülər. Onu 8 il azadlıqdan məhrum etdilər. Onu daha sonra həbs etdilər ki, istintaqın gedişinə maneə olurmuş. Tutulandan sonra 3 ay sonra bilib ki, məsələ nə yerdədir. Bilib ki, iddiaçının ərizəsinə görə həbsə düşüb. İddiaçı ona yalvarırdı ki, ona kömək etsin. Notarial ərizə də var ki, 100.000 manata dair iddiaçının tələbi yoxdur.
11. Cavabdeh1 izahatında bildirir ki, iddiaçı 2013-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim vəzifəsində olan zaman, o da Nərimanov Rayon Prokurorluğunda cinayət işləri üzrə tərcüməçi-mütəxəssis kimi çalışırdı. Daha sonra məlum hadisə baş verdi və cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə baxılması üçün göndərildi. İddiaçı ərizə verdi və hakim bildirdi ki, ərizə notarial qaydada təsdiq olunmalıdır. Növbəti iclasda iddiaçı notarial aydada təsdiq edilmiş ərizəni təqdim etdi ki, cavabdehlərə qarşı 100.000 manata dair şikayəti və tələbi yoxdur. Həmin ərizəni Suraxanı Rayon Məhkəməsinə də təqdim ediblər. Onlar həbsdə olan zaman şahidlər pulu ödəyiblər. Rayon məhkəməsində şahidlər ifadə verdilər. İddiaçı 7 il Binəqədi Rayon Məhkəməsinin sədri, uzun müddət isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi işləmişdir. Hüquqi savada malik bir vətəndaşdır, hüquqi savadı olmayan şəxs deyil ki, məhkəməyə 100.000 manatın ödənilməsi barədə ərizə versin. İş apellyasiya və kassasiya instansiyalarında baxılıb. 9 il ərzində iddiaçı bir dəfə də bildirmədi ki, 100.000 manat ödənilməyib. Ali Məhkəmənin qərarında mənim cinayət əməlimə hissəvi xitam verildi və zərərlə bağlı hissəyə qiymət verildi. Lakin, Suraxanı Rayon Məhkəməsi buna hüquqi qiymət verməmişdir. İddiaçıya 600.000 manatla bağlı ittiham irəli sürülən zaman notarial qaydada təsdiq edilmiş ərizə var idi ki, 300.000 manat vətəndaşdan pul almışdır. İddiaçı amma bunu da inkar etmişdir. İddia tam əsassız təmin olunmuşdur. Onlar ödənişi ediblər, iddiaçının notarial qaydada təsdiq edilmiş ərizəsi iş materiallarında əlavə edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin, Gəncə Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları iş materiallarında var, zərər məsələsinə hüquqi qiymət verilmişdir. Hazırda konkret səhifə yadında deyil, amma hökmdə iddiaçıya dəymiş ziyanın tam ödənilməsi məsələsi qeyd edilmişdir.
12. İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, cavabdehlər tərəfindən pul ödənilməmişdir. Notarial təsdiq edilmiş ərizədə qeyd edilmişdir ki, cavabdehlər tərəfindən iddiaçıya ödəniləcək 100.000 manat ödənilməsi ilə bağlı şikayət və tələb yoxdur, cəzanın təyin edilməsi zamanı nəzərə alınmasını xahiş edilmişdir. Zərər ödənilərdisə ərizədə tam şəkildə qeyd edilərdi. Rayon məhkəməsində şahidlər dindirilib, 100.000 manat ödənilməsi sübut edilmədi. Cinayət Məcəlləsinin 59-cu maddəsində qeyd edilmişdir ki, ziyanın tam ödənilməsi zamanı yüngülləşdirici hal kimi nəzərə alınması qeyd edilmişdir. Cavabdehlərə yüngülləşdirici hal da tətbiq olunmamışdır. Əgər ziyan tam ödənilmiş olsa idi, onlara yüngülləşdirici hal tətbiq edilərdi. Apellyasiya şikayətləri tam əsassızdır, təmin edilməməsini xahiş edir.
Tətbiq edilən hüquq normaları:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Maddə 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; 59.1.14. cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən haldır.
15. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək, iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehlərə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir.
20. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən – Cavabdeh2 54000 manat məbləğində maddi zərər və Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 46000 manat maddi zərərin tutulması qət edilmişdir.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
22. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir.
23. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).
24. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2015-ci il tarixli 1(088)-19/2015 saylı hökmündə qeyd edilir ki, iş materiallarında olan təqsirləndirilən İddiaçı notariat kontorunda təsdiqlənmiş xx.xx.2015-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirləndirilən şəxslər Cavabdeh2 və Cavabdeh1 ona verəcəkləri 100000 manatla bağlı onlardan hər hansı şikayəti və tələbi yoxdur.
25. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cinayət mühakimə icraatı çərçivəsində təqsirləndirilən şəxslə barışması, ona qarşı heç bir şikayəti və tələbinin olmaması ilə bağlı ərizəsi də mülki qaydada ziyan tələbinə baxılarkən tərəflərin qarşılıqlı münasibətlərinin müəyyən edilməsi baxımından hüquqi qiymət verilməli məsələdir.
26. Məlumdur ki, cinayət mühakimə icraatı çərçivəsində zərəçəkmiş şəxsin təqsirləndirlən şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi cəzanı yüngülləşdirən hallardan biridir. Cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirən məhkəməyə zərərçəkən şəxsin belə bir bəyanı ədalət mühakiməsini düzgün həyata keçirilməsinə təsir edən amildir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, cinayət mühakimə icraatının hər bir iştirakçısı öz hüquqlarını və vəzifələrini vicdanla yerinə yetirməli, öz hərəkətlərinin məsuliyyətini dərk etməli, yaratdığı nəticələri qəbul etməlidir.
27. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
28. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir.
29. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cinayət prosesində zərərçəkən şəxsin təqsirləndirilən şəxslə barışması və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə cəza təyin edilərkən nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir. Bu halda, zərərçəkmiş həmin vaxtdan sonra yaranmış zərərlə bağlı tələb irəli sürmək hüququna malikdir.
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsiplər, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi düzgün deyildir.
31. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-704/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən – “Cavabdeh2 54000 (əlli dörd min) manat məbləğində maddi zərər və Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 46000 (qırx altı min) manat maddi zərər tutularaq İddiaçı xeyrinə ödənilməsi” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
32. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-704/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən – “Cavabdeh2 54000 (əlli dörd min) manat məbləğində maddi zərər və Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 46000 (qırx altı min) manat maddi zərər tutularaq İddiaçı xeyrinə ödənilməsi” hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev