Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1146/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 21 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ailəsi ilə birlikdə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün qərb sahili 42 ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikili olub Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 340 nömrəli sərəncamına əsasən yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sökülmüşdür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2187/2024 saylı, 28 iyun 2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı şimal-qərb hissəsi) yerləşən 25,31 ha torpaq sahəsinin daxilində olan və cavabdeh X2 məxsus ümumi sahəsi 80,58 kv.m olan M-93A nömrəli özbaşına tikilmiş evin "xxxx" ASC tərəfindən cavabdeh X2 8.000 (səkkiz min) manat kompensasiya ödənilməklə boşaldılaraq sökülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Hazırkı işdə iddiaçının söküntüsünə görə kompensasiya tələb etdiyi özbaşına tikili ilə 2(004)-2187/2024 saylı işdə mübahisə predmeti olmuş özbaşına tikili eyni evdir və "xxxx" ASC-nin tələbi üzrə çıxarılmış məhkəmə qətnaməsi ilə həmin tikilinin sökülməsinə görə iddiaçının əri X2 8000 manat kompensasiya ödənilməsi qət edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus əmlaka vurulmuş 120.000 manat məbləğində zərərin cavabdehdən tutularaq ona ödənilməsi və cavabdehin üzərinə Bakı şəhəri,Yasamal rayonu, Qanlı Gölün qərb sahili 42 ünvanında yerləşən 115 kv.m tikintialtı sahəsi olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində qazıntı, söküntu və tikinti işlərinin aparılmasının qadağan edilməsi vəzifəsi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1993-cü ildən ailə üzvlərilə birlikdə Ağdam rayonun Çuxurməhlə kəndindən məcburi köçkün kimi Bakı şəhərində məskunlaşıb yaşayır. Mənzil şəraiti pis olduğundan Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün qərb sahili 42 ünvanında öz şəxsi hesabına 115 kv.m tikintialtı sahəsi olan 5 otaqlı fərdi yaşayış evi tikib, ailə üzvlərilə birlikdə həmin evdə yaşayır. Həmin fərdi yaşayış evi 4 otaqdan və mətbəxdən ibarət idi. Ona məxsus həmin fərdi yaşayış evi 28 fevral 2024-cü il tarixdə saat 11 radələrində "xxxx" ASC-nin əməkdaşları tərəfindən qəfil ağır texnika ilə sökülərək məhv edilmişdir. “Kristal Bakı" ASC qeyd edilən hüquqa zidd fəaliyyəti nəticəsində ona məxsus əmlaka 120.000 manat məbləğində zərər vurmuşdur. Bu tamamilə qanuna ziddir və burada əmlakın qəsdən məhv edilməsi və digər cinayətlərin əlamətləri var.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Sultanova-Məmmədova, iş № 2(004)-3376/24) iddia rədd edilmişdir.
5. Məhkəmə belə qənaətə gəlmişdir ki, 20 fevral 2024-cü il tarixli ekspert rəyindən görünür ki, özbaşına tikilinin real bazar qiyməti ilə təqribi dəyəri 8000 manat məbləğində müəyyən edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin məbləğin iddiaçının ərinə ödənilməsi qət edilmişdir. Belə olduğu halda, məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassız və qanunsuz olduğundan, iddia tələbi ilə işin faktiki halları üst-üstə düşmədiyindən rədd edilməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 152.1, 157.2, 180-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.
8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd olunduğundan, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
18. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
19. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər fərqli olmuş olsa da, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2187/2024 saylı, 28 iyun 2024-cü il tarixli qətnaməsi ilə hazırkı mübahisəyə mahiyyətcə hüquqi qiymət verilmişdir. Belə ki, həmin işdə eyni özbaşına tikili barəsində iddia tələbi "xxxx" ASC tərəfindən iddiaçının əri X2 qarşı irəli sürülmüşdür. Adı çəkilən qətnamə ilə Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən 25,31 ha torpaq sahəsinin daxilində olan və cavabdeh X2 məxsus ümumi sahəsi 80,58 kv.m olan M-93A nömrəli özbaşına tikili ev, "xxxx" ASC tərəfindən cavabdeh X2 8.000 (səkkiz min) manat kompensasiya ödənilməklə boşaldılaraq sökülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan 20 fevral 2024-cü il tarixli ekspert rəyindən görünür ki, özbaşına tikilinin real bazar qiyməti ilə təqribi dəyəri 8000 manat məbləğində müəyyən edilmişdir.
20. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə tərəfindən sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur.
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət vermişdir. Həmin maddəyə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir və həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir.
23. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 05 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.