Məhkəmə qərarları › İş №2(103)-1147/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1147/2023

06.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1147/2023 06.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)- 1413/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh və X3 7.700 ABŞ dolları məbləğində pulun, maddi zərərin əvəzi olaraq 100 manat məbləğində pulun və ödənilmiş 130 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1413/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdehlər Cavabdeh və X3 7.700 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və 100 manat məbləğində pul vəsaitinin və 130 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5953/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1413/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin geri qaytarılması üçün şikayət mülki işlə birlikdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1413/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1413/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra Cavabdeh elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi və prossesual müddətin bərpa olunaraq apellyasiya şikayətinin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1413/2022 saylı qərardadına əsasən Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1413/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1413/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş və apellyasiya şikayəti 2(011)-1413/2022 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını, əks halda şikayətin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5953/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1413/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilmişdir. Nəticə etibarı ilə Cavabdeh apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən qeyrimümkün hesab edildiyindən cavabdeh həmin qərardaddan kassasiya şikayəti verməli idi. Lakin belə bir şikayət verməmişdir. Belə olan halda, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5953/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı qanuni qüvvəsini almışdır. Lakin məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş sübutları formal qiymətləndirmiş, cavabdehin əsassız olaraq verdiyi apellyasiya şikayətinin təmin olunmasına dair qərardad qəbul etmişdir. Belə ki, qeyd edilən qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş və icra tədbirləri çərçivəsində Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarov Cavabdeh əmlakının üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimata baxılması üçün xx.xx.2022-ci il tarixə məhkəmə iclası da təyin edilmişdir. Bununla belə, qətnamənin icraya yönəldiyini görən cavabdeh formal olaraq yenidən apellyasiya şikayəti vermiş və qətnamənin icrasını süni olaraq ləngitməyə cəhd etmişdir. Lakin məhkəmə cavabdehin bu cür qanunsuz hərəkətlərinin qarşısını almamış və xx.xx.2022-ci il tarixli, 2(011)-1413/2022 saylı qərardadla cavabdehin apellyasiya şikayətini təmin edərək, işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Cavabdeh qətnamənin qanuni qüvvəyə minməsini gecikdirmək və icrasını ləngitmək üçün, məqsədli olaraq ona göndərilmiş qətnaməni və məhkəmə bildirişini qəbul etməmişdir. Bunun nəticəsidir ki, xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qətnamə 3 aydan sonra, yəni xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən alınmışdır. Bütün bunlar cavabdehin hərəkətlərinin qərəzli olduğunu və qətnamənin icrasına maneçilik törətmək məqsədilə həyata keçirildiyini göstərir. Bu səbəbdən də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1413/2022 saylı qərardadını qanunsuz və əsassız hesab edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1413/2022 saylı qərardadı ilə İddiaçı şikayəti təmin edilməmiş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edili; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1413/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə tərəflərə, o cümlədən Cavabdeh göndərilmiş, lakin qətnamənin olduğu zərf “imtina edilib” deyil, “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə qaytarılmışdır. Nəticə etibarı ilə qətnamə bu cavabdehə təqdim edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2022-ci il tarixdə icraya yönəlmiş və yalnız xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən xx.xx.2022-ci il tarixdə rəsmi olaraq verildikdən sonra cavabdeh xx.xx.2022-ci il tarixdə qətnamədən apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Bununla belə, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələbləri baxımından cavabdeh apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddəti ötürməmiş, qətnamə xx.xx.2022-ci il tarixdə rəsmi ona verildikdən 4 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə qətnaməni mübahisələndirmişdir. Həmin apellyasiya şikayəti üzrə apellyasiyanın Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5953/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilməsi, habelə cavabdehin bu qərardadı kassasiya qaydasında mübahisələndirməməsi apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməməsi və prossesual müddətin bərpa olunmaması üçün əsas ola bilməz. Hər bir halda, cavabdeh apellyasiya şikayətini müəyyən edilmiş müddət ərzində vermiş, apellyasiyanın qeyrimümkün hesab edildiyi xx.xx.2022-ci il tarixdən həmin mülki işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olduğu xx.xx.2022-ci il tarixədək olan müddət ərzində isə cavabdehin bu prosessual hərəkətləri etmək imkanı olmamışdır. Bundan sonra isə cavabdeh Bakı Apellyasiya Məhkəməsinin qənaəti ilə razılaşmış və əksinə, qətnamənin qanuni qüvvəyə minməsini gecikdirmək baxımından əlverişli olan kassasiya şikayətini verməyərək (belə olan halda da, hazırki prosessual hərəkətin edilməsi imkanını itirmiş olmurdu), qısa müddət ərzində (xx.xx.2022-ci il tarixli qərardad reyestr məlumatlarına əsasən ona xx.xx.2022-ci il tarixdə göndərildikdən sonra xx.xx.2022-ci il tarixdə) şikayətin qeyrimümkünsüzlüyünə səbəb olan halları aradan qaldıraraq, prossesual müddətin bərpa olunması barədə ərizə və apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1413/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edib, buraxılmış müddəti bərpa etmişdir. Bu səbəbdən İddiaçı şikayəti təmin olunmamalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(011)-1413/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 157-158, 263-264-cü, 397-400-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(011)-1413/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar