Məhkəmə qərarları › İş №2(103)-11475/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11475/2021

17.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11475/2021 17.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-2964/2021 saylı, 30.08.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 011CASA193170002 saylı 13.11.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-yə 5830,9 manat əsas kredit borcunun, 30,42 manat kreditdən istifadəyə görə faiz borcunun və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5891,32 manat ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bank Respublika” ASC ilə bağlanmış 011CASA193170002 saylı 13.11.2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 5855,9 manat məbləğində kredit verilmişdir. Digər cavabdeh X1 ilə iddiaçı arasında bağlanmış 011FİZAM38744902 saylı 13.11.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən o, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 22.05.2021-ci il tarixə İddiaçı ASC-yə 5830,9 manat əsas kredit borcu, 30,42 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 5861,32 manat borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət etməklərinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədirlər.

3. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-2964/2021 saylı, 30.08.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 13.11.2019-cu il tarixli 011CASA193170002 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 5830,9 manat əsas borc, 30,42 manat faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 5891,32 manat məbləğində pulun müştərək qaydada tutularaq ödənilməsi qət edilmişdir (sədrlik edən: Babək Qasımov).

4. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-2964/2021 saylı, 30.08.2021-ci il tarixli qətnaməsinin dəyişdirilərək, Cavabdeh2 tutulacaq borcun ləğv edilərək, Cavabdeh1 tutulmasını xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 011FİZAM38744902 saylı, 13 nayabr 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən o, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüş, düşünməməşdir ki, onun əvəzinə pul ödəyəcək. Kredit müqaviləsinin şərtlərinə görə borclu Cavabdeh1 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həmdə kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməyi öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərini bank qarşısında vaxtında tam icra etməyən borclu Cavabdeh1 22 may 2021-ci il tarixə "xxxx" ASC-yə 5861,31 manat borcu yaranmışdır. Nizami rayon Məhkəməsinin 2(007)-2964/2021 №li, 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin iddiası təmin edilmişdir. "xxxx" ASC-ti ilə Cavabdeh1 arasında bağlanmış 13 noyabr 2019-cu il tarixli 011CASA193170002 saylı kredut müqaviləsi ləğv ediilmişdir. Cavabdehlər borclu Cavabdeh1 və zahm.rnəfl Ramiz Əzizağa oğlundan "xxxx" ASC-nin xeyrinə 5830,9 manat əsas borc, 30,42 manat faiz borcu və 30 manat öcənilmiş dövlət rüsumu, cəmi 5891,32 manat məbləöində pul müştərək qaydada tutularaq ödənilməsi qət edilmişdir. Cavabdehin səhətində yaranmış vəziyyəti ilə bağlı uzun müddət borclu Cavabdeh1 kredit borcunun vaxtlı-vaxtında ödənilməsi barədə dəqiq xəbəri olmamışdır. Cavabdeh arabir onu görən zaman Cavabdeh1 soruşanda bankla onun arasında kredit borcunun ödənişlərinin ödənilməsində geçikmə yoxdur, o bildirmişdir ki, bankla onun arasında kredit borcunun ödənilməsində aralarında heç bir narazılıq yoxdur, aylıq ödənişləri həmişə vaxtında ödədiyini söyləmişdir. Məhkəmənin keçirilməsi ilə bağlı məhkəmədə iştirak etmək üçün məhkəmə bildirişləri cavabdehə çatmamışdır. Bilmədiyinə görə məhkəmə prosesslərində iştirak etməmişdir. "xxxx" ASC tərəfindən də cavabdehin ünvanına Cavabdeh1 kredit borcunu ödəməməsi barədə məktub gəlməmiş və mənə bu barədə heç bir xəbərdarlıq olmamışdır. Məhkəməyə verilmə barədə "xxxx" ASC-nin Pretenziya məktubu da cavabdehə verilməmişdir. Borclu Cavabdeh1 kredit verilən zaman cavabdeh tərəfindən bankda zaminlik müqaviləsi tərtib olunan vaxt bankın nümayəndəsi bəzi cavabdehin qorunan imtiyazlarını ona izah etməmiş, subsidiar məsuliyyətini nəzərə almamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin olunmuş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısnda birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 473-cü maddəsində göstərilir ki, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zamin borcluya göstərdiyi xidmət üçün muzd almaq hüququ vardır. Cavabdehlə "xxxx" ASC-nin nümayəndəsi zaminlik müqaviləsi bağlayarkən hüquq pozuntusuna yol vermişdir, belə ki cavabdehin subsidiar hüquqları nəzərə alınmamışdır. Zaminlik xidmətləri üçün muzd almadığına görə cavabdehin subsidiar imtiazları nəzərə alınaraq bank qarşısında borclu ilə eyni məsuliyyətə cəlb edilməzdi. Yeddi nəfərdən ibarət ailəni cavabdeh dolandırır, oğlum X2, 1982-ci il təvəllüd, 2-ci dərəcəli əlil, 2 nəfər nəvələri orta məktəbdə aşağı siniflərdə oxuyurlar. 21 aprel 1981-ci il tarixdə anadan olmuş qızı X3 anadan gəlmə birinci qrup əlildir. Tərəflərin izahatları:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 şikayətin təmin edilməməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiçının nümayəndəsi Nümayəndə cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:

10. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.11.2019-cu il tarixli 011CASA193170002 nömrəli güzəştli kredit müqaviləsindən və ona əlavələrdən görünür ki, bank tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 5855,9 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 oğlu 60 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür.

11. 13.11.2019-cu il tarixli 011FİZAM38744902 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 13.11.2019-cu il tarixli 011CASA193170002 nömrəli güzəştli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Cavabdeh1 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.

12. İddiaçı ASC-nin 25.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 oğlunun İddiaçı ASC-yə 5830,9 manat əsas, 30,42 manat faiz borc, cəmi 5861,32 manat məbləğində borcu vardır.

13. İddiaçı ASC-nin 21.05.2021-ci il tarixli pretenziyasından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3 bank iş günü ərzində borcunu ödəmədiyi təqdirdə barələrində məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşlar. Hüquqi dəyərləndirmə:

14. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Apellyasiya şikayətində qətnamə yalnız zaminliklə bağlı hissədə mübahisələndiridiyindən, apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız mübahisələndirilən hissədə yoxlayır.

18. Hazırki işin mahiyyəti ilə bağlı kollegiya aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri sayır:

19. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür;

20. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar;

21. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

22. Kollegiya işin hallarına əsasən qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 13.11.2019-cu il tarixdə güzəştli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, bank tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 1 faiz ödəmək şərti ilə 5855,9 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməməsi, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməməsi, bununla da mülki qanunvericiliyin və müqavilənin şərtlərini pozması işin mübahisələndirilməyən halını təşkil edir. Cavabdeh1 ödəmələri gecikdirdiyini, lakin ondan boyun qaçırmadığını kollegiya iclasında verdiyi izahatında da bildirmişdir.

23. Kollegiya işin hallarına, apellyasiya şikayətinin dəlillərinə və tərəflərin izahatlarına əsasən qanunvericiliyin qeyd edilən müddəalarını rəhbər tutaraq vurğulayır ki, borclu Cavabdeh1 iddiaçı qarşısında olan öhdəliyini icra etmədiyinə görə Cavabdeh2 kredit müqaviləsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada zaminliklə təmin edilmiş öhdəliyin icrası üçün kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

24. Cavabdeh apellyasiya şikayətində zaminlik müqaviləsini imzalayarkən borcun ödənilmədiyi təqdirdə tələbin ona yönəldiləcəyini bilmədiyini bildirmişdir. Kollegiya bunula bağlı qeyd edir ki, zaminlik müqaviləsinin şərtləri müqavilədə tam şəkildə əks oldunmuş və Cavabdeh2 tərəfindən müqavilə sərbəst iradəsi əsasında imzalanmışdır. Bu səbəbdən də, cavabdehin müqavilə şərtini bilməməsi halına istinad etməsi onu müqavilə üzrə öhdəliyindən azad etmir.

25. Cavabdeh apellyasiya şikayətində həmçinin birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasının vaxtı barədə ona məlumat verilmədiyini bildrirmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh2 rəsmi qeydiyyat ünvanına (eyni zamanda apellyasiya şikayətində göstərdiyi ünvan) bildiriş göndərilməsinə baxmayaraq, zərf “qapı bağlıdır” qeydi ilə geri qayıtmışdır (i.v. 24). Qeyd olunanlara əsasən kollegiya vurğulayır ki, birinci instansiya məhkəməsi məhkəmə iclasının vaxtı il bağlı cavabdehi məlumatlandırmış və bununla bağlı prosessual pozuntuya yol verməmişdir.

26. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdehlə "xxxx" ASC-nin nümayəndəsi zaminlik müqaviləsi bağlayarkən hüquq pozuntusuna yol vermişdir, belə ki cavabdehin subsidiar hüquqları nəzərə alınmamışdır. Kollegiya bununla bağlı Mülki Məcəllənin 475.1-ci maddəsinə istinad edilməsini zəruri hesab edir.

27. Mülki Məcəllənin 475.1-ci maddəsinə görə, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddənin məzmunundan aydın olur ki, Cavabdeh2 zamin olaraq ödədiyi məbləği daha sonra əsas borcludan tələb edə bilər.

28. Kollegiya qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı ASC-nin xeyrinə 5830,9 manat əsas borc, 30,42 manat faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 5891,32 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

30. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

31. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh2 apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməs

q ə t e t d i:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-2964/2021 saylı, 30.08.2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar