Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1148/2023 09.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7493/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qərardadından İddiaçı QSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı qapalı səhmdar cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 7.174,88 manat kredit borcu, 1.478,26 manat faiz borcu və 1.793,72 manat cərimə olmaqla, cəmi 10.446,86 manat borcun, ödənilmiş 121.34 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edib. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7493/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmış və İddiaçı QSC-yə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmadığı izah edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, iddia ərizəsindən görünür ki, iddia ərizəsini imzalayan şəxs qismində İddiaçı QSC göstərilmişdir. Halbuki, hüquqi şəxs adından verilən iddia ərizələri və ya digər sənədlər həmin hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalıdır. Belə ki, məhkəmə MPM-nin 152.1.2-ci maddəsinə əsasən hesab etmişdir ki, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Beləliklə, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı QSC şikayət verərək qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul olunmasını xahiş edib. Şikayətdə göstərilir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması tələbinə "xxxx" QSC tərəfindən riayət olunmuşdur. Məhkəməyə göndərilmiş elektron iddia ərizəsi"xxxx" QSC-nin elektron kabinetindən göstərilmişdir. Bu hissədə səlahiyyətli şəxs özü "xxxx" Q S C - nin özüdür. Məhkəmə tərəfindən istinad olunan mülki-prosessual qanunvericiliyin tələbinə əsasən iddia ərizəsi o halda nümayəndə tərəfindən imzalanır ki, sənəd yazılı şəkildə məhkəməyə təqdim edilir, hüquqi şəxs qurum olduğundan, yəni fiziki şəxs kimi əlyazma ilə sənəd imzalamaq və s. kimi müəyyən imkanlara malik olmadığından əlyazma ilə verilən iddia ərizəsi nümayəndə tərəfindən imzalanır. Lakin hazırkı tələblərə əsasən, iddia ərizəsi elektron şəkildə tərtib edilir. "xxxx" QSC-nin müstəqil elektron kabineti mövcud olduğundan iddia ərizəsi də onun tərəfindən imzalanmışdır. Həmçinin PDF formatda imzalanan iddia ərizəsi də bankın səlahiyyətli nümayəndəsi Nümayəndə tərəfindən imzalanmış, əmək kitabçası və etibarnamə pdf formatda iddia ərizəsinə əlavə sənədlər qismində iş materiallarına əlavə edilmişdir. Lakin bütün bunlara Bakı şəhəri Xətai Rayon Məhkəməsi düzgün qiymət verməmiş, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmaması qeyd edilmiş, bununla da, "xxxx" QSC-nin məhkəməyə müraciət etmək hüququnu pozmuşdur. Elektron iddia ərizəsinin məhz bankın nümayəndəsi tərəfindən imzalanması tələbi qeyri-qanuni tələbdir, ümumiyyətlə, belə bir tələbin qoyulması məntiqə uyğun deyildir. "xxxx" QSC-nin iddia ərizəsini elektron kabinet vasitəsilə verərkən onu bankın özü imzalaması Mülki Prosessual Məcəllənin tələblərinə uyğundur. Belə qeyri-qanuni tələb irəli sürməklə bankın məhkəməyə müraciət etmək, işin vaxtında və səmərəli baxılması hüququ pozulmuşdur. Məhkəmə qeyd olunan tələbləri irəli sürərək iddia ərizəsini geri qaytarmaqla prosessual pozuntuya yol vermişdir. Bu səbəbdən hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsnin xx.xx.2022-ci il tarixli e-2(011)-7493/2022 saylı qərardadı əsassız olaraq qəbul edildiyindən ləğv edilməli və iddia ərizəsi icraata qəbul edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7493/2022 saylı, 25 noyabr 2022-ci il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. İddiaçı QSC-nin nümayəndəsi X1 elektron kabinet vasitəsilə hazırki şikayətə şifahi məhkəmə iclasında baxılması barədə vəsatət vermişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətə şifahi məhkəmə iclasında baxılmasına zərurət yoxdur, çünki şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsasdır və. Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Həmin Məcəllənin 10-1.8-ci maddəsinə əsasən, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 150.1.3-cü maddəsinə əsasən, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 1.1.6-cı maddəsinə əsasən elektron imza sahibi (bundan sonra - imza sahibi) - öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxsdir. Həmin Qanunun 1.1.20-ci maddəsinə əsasən, elektron sənədi göndərən elektron sənəd dövriyyəsi vasitəsi istisna olmaqla, özü tərəfindən və ya adından elektron sənəd göndərilən fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Həmin Qanunun 6.3-cü maddəsinə əsasən dövlət hakimiyyəti və ya yerli özünüidarəetmə orqanlarına fiziki və ya hüquqi şəxsin göndərdiyi məlumat bildirişi onun gücləndirilmiş imzası ilə təsdiqlənməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığı əsası ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytararkən haqlı olmamışdır. Çünki, iddia ərizəsinin iddiaçıya məxsus elektron imza ilə imzalandığını məhkəmə də təkzib etmir. O başqa məsələ ki, elektron imza ona məxsus olsa da iddiaçı hüquqi şəxs kimi iddia ərizəsi öz adından imzalanarkən onu icra etmiş fiziki şəxsin xidməti vəziyyəti göstərilməmişdir. İddia ərizəsindən görünür ki, onu imzalayan şəxs qismində bankın özü qeyd olunmuşdur. Ancaq bəllidir ki, hüquqi şəxs olan bankın adından iddia ərizəsini elektron imza ilə olsa da mütləq ki, hansısa fiziki şəxs icra edib(imzalayıb). Bank şikayətində elektron iddia ərizəsinin məhz bankın nümayəndəsi tərəfindən imzalanması tələbinin qeyri-qanuni və elektron kabinet vasitəsilə verərkən onu bankın özünün imzalamasının Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olduğunu göstərsə də birinci instansiya məhkəməsi MPM-in 269-cu maddəsinin ona verdiyi səlahiyyətdən istifadə edərkən şikayətin əsassız olması barədə qənaətini yuxarıda qeyd olunanlar baxımından tam əsaslandıra bilməmişdir. Eyni zamanda iş materialında mövcud olmasa da bank PDF formatda imzalanan iddia ərizəsinin də bankın səlahiyyətli nümayəndəsi Nümayəndə tərəfindən imzalandığı və iş materiallarına əlavə edildiyini göstərir. Bu cür iddia ərizəsi mövcud idisə onun da icraata qəbul edilmədən geri qaytarılmasına münasibət bildirilməli idi. Göründüyü kimi, şikayətdə göstərilən dəlillərın əsassız olduğu tam təsdiqini tapmadığından birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab etmək mümkün deyil. Ona görə də, zərurət olarsa iddia ərizəsinin mümkünlüyü məsələsinə iddiaçının nümayəndəsinin iştirakı ilə də baxıla bilər. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsasdır, beləliklə də şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7493/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilməli və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı QSC-nin şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7493/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1148/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1148/2023
09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver