Məhkəmə qərarları › İş №2(103)-11488/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11488/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11488/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinə görə pul tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(010)-1446/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı” MMC Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinə görə pul tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbi ilə müraciət edərək, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 21 dekabr 2018-ci il tarixli 79NPM saylı kredit müqaviləsinə əsasən 12861,21 manat əsas, 3277,20 manat faiz, 1256,97 cərimə borcu və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh1 xeyrinə tutulması, borc tələbi qeyd olunun kreditin təminatı kimi BOKT-a ipotekaya Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 5K saylı bağ evinə (0.0279 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, qeyd olunan daşınmaz əmlakın ilkin satış qiyməti müəyyən olunması, açıq hərracdan satılması və satıldıqdan 1 ay sonra boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, BOKT "xxxx"MMC ilə Cavabdeh1 arasında bağlanmış 21 dekabr 2018-ci il tarixli 79NPM saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 29% olmaqla 18150 (on səkkiz min bir yüz əlli) manat kredit verilmişdir. Verilən kreditin təminatı kimi isə Cavabdeh1 və Cavabdeh2 ilə 21 dekabr 2018-ci il tarixli 32 saylı İpoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən Cavabdeh2 özünə məxsus Bakı şəhəri, Sabunçu r-u, Vişnyovka bağ sahəsi, 5K saylı bağ evini (0.0279 ha torpaq sahəsi ilə birlikdə) bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və onun 25 yanvar 2021-ci il tarixə 12861,21 manat əsas, 3277,2 manat faiz, 1256,97 dəbbə pulu (cərimə) borcu yaranmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(010)-1446/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1dan "xxxx" Bank Olmayan Kredit Təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 21 dekabr 2018-cu il tarixli kredit müqaviləsi üzrə 12861,21 manat əsas kredit borcu, 3277,2 manat faiz borcu, 20 manat cərimə borcu, cəmi 16158.41 manat məbləğində borc, məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulması, tutmanın ilkin satış qiyməti 100000 (yüz min) manat müəyyən edilməklə ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olan Bakı şəhəri, Sabunçu r-u,Vişnyovka bağ sahəsi, 5K saylı bağ evə (0.0279 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, açıq hərracda satılması və satıldıqdan 1 ay sonra boşaldılması, aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 100 manat məbləğində pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 alınaraq dövlət büdcəsinə (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22) hesaba keçirilməsi, qalan hissədə iddia rədd edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi və iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır, hazırki mülki işin şəxsi mülahizələr əsasında və yoxlanılmamış dəlillər əsasında qurulduğundan məhkəmənin gəldiyi nəticə həm faktiki hallarla bağlı, həm də tətbiq edilmiş hüquqi normalara görə işin həqiqi hallarına uyğun deyil və tərəflərin qarşılıqlı münasibətlərin əks etdirmir. 21 dekabr 2018ci il tarixli 79NPM saylı kredit müqaviləsinə əsasən cavabdehlər "xxxx" BOKT MMC tərəfindən illik 29 faizlə 36 ay müddətinə 18150 manat məbləğində kredit verilmişdir. Götürülmüş kreditin xeyli hissəsi ödənilmiş və cavabdehin iddiaçı təşkilata hazırda az miqdarda təxminən 6000 manat borcu qalmışdır. Ona görə də, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş edir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasında iştirak etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə cavabdehlərin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin borcun tutulması hissəsində yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, 21 dekabr 2018-cu il tarixli kredit müqaviləsinə əsasın "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən Cavabdeh1 oğluna kreditdən istifadəyə görə illik 29% ödəməsi şərtilə 36 ay müddətinə 18150 manat məbləğində kredit verilmişdir. 21.12.2018-ci il tarixli 32 saylı ipoteka müqaviləsi ilə 21 dekabr 2018-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmini kimi Cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus olan, Bakı şəhəri, Sabunçu r-u,Vişnyovka bağ sahəsi, 5K saylı bağ ev ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Cavabdeh1 21 dekabr 2018-cu il tarixli kredit müqaviləsi əsasında iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-dən kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nə qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Buna baxmayaraq o, öhdəliyini lazımınca icra etməmiş, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə ödəməli olduğu halda, cədvəl üzrə ödənişləri dayandırmışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işdən göründüyü kimi, tərəflər arasında kredit və ipoteka müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən pul məbləğini cavabdehə vermiş, bunun nəticəsində bankın borcludan müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsinə görə onun iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin, öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İlk əvvəl iddia tələbinin əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, 25.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 25 yanvar 2021-cu il tarixə Cavabdeh1 12861,21 manat əsas borcu, 3277,20 faiz borcu və 1256,97 manat cərimə borcu təşkil etmişdir. Buna baxmayaraq, təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2021-ci il tarixli, 09/3073 saylı rəyi ilə müəyyən olunur ki, tərəflər arasında olan kredit müqaviləsinə görə Cavabdeh1 25.01.2021-ci il tarixə, əsas borcu 12861,11 manat, faiz borcu 3.277.20, cərimə borcu 700.50 manat təşkil edir. Göründüyü kimi, qeyd olunan maliyyə arayışının mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi əsas borcun məbləğini 12861,21 manat, faiz borcunun məbləğini 3277,20 manat məbləğində müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. İddianın cərimə borcu ilə məhkəmə kollegiyası qeyd edir ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə cəriməni azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə almır. Cərimə ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası Mülki Məcəllənin 467-ci maddəsinə uyğun olaraq hesab edir ki, kredit müqaviləsi üzrə cərimə borcunun 20 manat məbləğində müəyyən edilməsini ağlabatan və ədalətli etməsə də, iddiaçı qətnaməni həmin hissədə mübahisələndirmədiyindən, cərimə borcunun məbləğinin dəyişdirilməsi apellyasiya baxışının predmetini təşkil etmir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Apellyator apellyasiya şikayətində borc məbləğinin düzgün hesablanmamasına istinad etsə də, həmin halları təstiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Kollegiya apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Bundan başqa kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Göründüyü kimi apellyatorun apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(010)-1446/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar