Məhkəmə qərarları › İş №2(103)-11489/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11489/2021

09.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11489/2021 09.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə, pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli 2(010)-3380/2021saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən istifadə hüququnun müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları - 20.11.2008-ci il təvəllüdlü X12 və 19.03.2018-ci il təvəllüdlü X8 birlikdə həmin mənzilə köçürülməyi, həmçinin orada yaşamağına maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı övladları - 20.11.2008-ci il təvəllüdlü X12 və 19.03.2018-ci il təvəllüdlü X8 birlikdə ünvan 1 ünvanına köçürülməyi, həmin mənzildən istifadə hüququnun tanınması, həmçinin orada yaşamağına maneələrin aradan qaldırılması, həmçinin 3 aylıq kirayə haqqı olan 900 manat və hüquqi yardım üçün ödənilən 500 manat pulun, ümumilikdə 1400 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X18 ilə 06.01.2007-ci ildə rəsmi nikaha daxil olmuş və birgə nikahdan 20.11.2008-ci il təvəllüdlü X12, 19.03.2018-ci il təvəllüdlü X13 anadan olmuşdur. Əri X18 27.12.2020-ci il tarixdə törədicisi müəyyən olunmamış digər pnevmaniya səbəbindən vəfat etmişdir. 2007-ci ildə ailə qurarkən o, ünvan 2 ünvanına gəlin köçmüş və övladları həmin evdə doğulmuşdur. Ümumiyyətlə ailə qurandan həmin ünvanda yaşamışlar və övladları da orada pasport qeydiyyatındadır. O, yoldaşı vəfat edəndən sonra həmin evdə 4 ay yaşamış, lakin həmin vaxt ərzində də işləyib uşaqlarına özü baxmışdır. Cavabdehlərdən biri mərhum ərinin qardaşı, digəri isə anasıdır. Əri vəfat etdikdən sonra cavabdehlərlə münasibətləri gərginləşmiş, aralarında hər gün söz-söhbət olmuşdur. Nəticədə Cavabdeh1 tərəfindən o, övladları ilə birlikdə evdən qovulmuşdur. Həmin mənzildə yaşadığı müddətdə davamlı olaraq Cavabdeh1 mütamadi olaraq alkoqol qəbul etməsi nətəcəsində fiziki və mənəvi təzyiqə məruz qalmışdır. Halhazırda övladları ilə birlikdə ünvan 3 ünvanda kirayədə qalır. O, övladları ilə birlikdə evə yaşamaq üçün getdiyində Cavabdeh1 tərəfindən dəfələrlə nalayiq sözlərə təhqir edilmiş və fiziki təzyiqə məruz qalmışdır. Artıq kirayə pulunun ödənişində ciddi çətinliklər yaranır, bu aydan digər aya rəfiqələrinin köməkliyi ilə ötüşdürür, uşaqlar böyüdükcə onların məsrəfləri də artır. Kirayə pulunu artıq gecikmələrlə ödədiyi üçün ev sahibində ciddi narazılığa səbəb olmuşdur. Göründüyü kimi yalnız onun deyil, eyni zamanda yoldaşı X14 də Cavabdeh1 ilə münasibəti çox gərgin olmuş, Cavabdeh1 birlikdə yaşadıqları mənzilə evli qadın gətirmiş, buna görə də aralarında böyük bir mübahisə olmuş, ailəsini qorumaq üçün bir ay kirayədə yaşamışlar, lakin bununla belə məcburən həmin mübahisəli mənzildən çıxmışlar. Çünki həmin qadının əri gəlib evdə böyük fəlakət çıxara bilərdi. Onların da azyaşlı uşaqları olduğundan məcburən yoldaşı ilə birlikdə evdən çıxmışlar. Bununla belə onun fərdi istifadə, geyim əşyaları, uşaqlarının geyimləri, cehizi, hər şeyləri həmin evdə qalmış, teztez əşya götürmək üçün həmin evə gəlib getmişlər. Digər tərəf onların həmin evdə yaşamadıqları müddətin 6 aydan çox olduğunu iddia edirlər, halbuki 6 aydan azdır, əksini isə cavabdehlər sübut etməlidirlər. Məhkəməyə təqdim edilən videoların birindən də göründüyü kimi, yoldaşı əşya götürməyə gələrkən aralarında növbəti mübahisə baş vermişdir. Valerinin həyat tərzi, qeyri-ciddi həyatı, bir iş yerində uzun müddət qalmaması, hətta İvanın özününün onu işə götürməsi, həmin iş yerində digər işçinin üzərinə sərxoş halda bıçaqla hücum etməsi açıq-aydın göstərir ki, o, necə insandır. Hər məhkəmə iclasında Cavabdeh2 oğlunu onun öldürdüyünü, buna görə də digər oğlunun da həyatını məhv etməyinə imkan verməyəcəyini bildirsə də, oğlunun ölümündə onu günahlandırsa da, yoldaşı koronovirusdan vəfat etmişdir. Yoldaşı vəfat etdikdən sonra o, uşaqları ilə birlikdə 10-14 gün karantində qalmış və sonradan 03.05.2021-ci il tarixədək həmin evdə uşaqları ilə birlikdə yaşamışdır. Həmin gün aralarında böyük mübahisə düşmüş, ona və uşaqlarına psixoloji təzyiqlərinə, həmçinin əl qaldırmasına dözməyərək evdən çıxmışdır. Mübahisənin səbəbi Valerinin evə qadın gətirmək istəməsi idi. Belə ki, Valeri istəyirdi ki, onlar çıxıb getsinlər və həmin qadınla rahat yaşasın. Halbuki, həmin qadın evlidir və 10 yaşında bir uşağı var. Bildiyi qədərilə, onlar evdən çıxdıqdan 1 ay sonra Valeri qadın gətirmiş, lakin 2 həftə sonra yola gedə bilmədiklərindən həmin qadın çıxıb getmişdir. Onlar evdən çıxanda sadəcə olaraq yay əşyalarını və televizoru götürmüşlər. Evdən çıxdığı gün aralarında baş vermiş mübahisəni oğlu videoya çəkmişdir ki, həmin videodan da göründüyü kimi üzü qızarmışdır. Səbəb Valerinin ona vurduğu sillə olmuşdur. Həmçinin, yalnız ona deyil, öz doğma qardaşına qarşı da bu cür hərəkətlər edirdi. Ərizəyə əlavə edilən videodan da göründüyü kimi, Valeri hətta öz qardaşı İvana da hücum edirdi. Keçən məhkəmə iclasında cavabdehlər bildirmişlər ki, o, öz rahatlığı üçün kirayədə qalır, belə ki, anasının evində qala bilər. Onun anasının evində qala bilməməsi anası ilə birlikdə parkinson xəstəsi olan qardaşının yaşaması ilə bağlıdır. Belə ki, uşaqlar azyaşlı olduqlarından və qoxduqlarından, həmçinin ev balaca olduğundan anasının evində yaşamaları qeyri-mümkündür. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(010)- 3380/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ünvan 1 ünvanından istifadə hüququnun tanınması və övladları 20.11.2008-ci il təvəllüdlü X12 və 19.03.2018-ci il təvəllüdlü X8 birlikdə həmin mənzilə köçürülməsi, iddiaçının övladları ilə birlikdə mübahisəli ünvandan istifadəsinə mane yaratmağın cavabdehlərə qadağan edilməsi, vəkilə göstərilmiş yardıma görə 500 manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, iddia tələbinın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş üzrə Cavabdeh2 apelyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(010)-3380/2021 saylı qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmə maddi hüquq normalarının tətbiqi zamanı səhvə yol vermiş, nəticədə əsassız olaraq iddianı qismən təmin etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamə yalniş iddianın təmin edilidiyi hissəsində mübahisələndirildiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlayır. Belə ki, iş materiallarında olan: ASAN 4 tərəfindən 08.07.2015-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır; ASAN 4 tərəfindən 13.07.2018-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, X12 ünvan 1 ünvanında qeydiyyatdadır; ASAN 3 tərəfindən 28.04.2016-cı il tarixdə verilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, X13 ünvan 1 ünvanında qeydiyyatdadır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 19.05.2021-ci il tarixdə verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 və X12 ünvan 1 ünvanında qeydiyyatdadır; 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 26.01.2021-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 27.12.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 01-ci ayının 26-cı günündə 99 № ilə qeyd edilmişdir; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq göndərdiyi 14.06.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” Y/S, ev 66, 9 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq göndərdiyi 17.06.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” Y/S, ev 66, 9 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat idarənin arxivində aşkar edilməmişdir; 04.05.2021-ci il tarixli X3, İddiaçı Yuriyevna və “ev alqı-satqısı” firmasının nümayəndəsi X6 arasında Bakı şəhəri, ünvan 6 ünvanına dair bağlanmış kirayə müqaviləsindən görünür ki, aylıq kirayə haqqı 300 manatdır; 11.11.1987-ci il tarixli 250202 №-li orderin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” Y/S, ev 66, 9 saylı mənzilin mülkiyyətçisi X7muşdur. Mənzildə Babkin Yuri (özü), Babkina T.(arvadı) və Babkin İvan (oğlu) qeydiyyatda olmuşdur; 19.05.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir; 06.06.2021-ci il tarixli “hüquqi yardımın göstərilməsi haqqında müqavilə”dən görünür ki, İddiaçı Yuriyevna hüquqi yardımın göstərilməsi üçün Vəkil1 müraciət etmiş və müqavilənin 2.1-ci bəndinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 500 manat müəyyən olunmuşdur. Həmçinin, 06.06.2021-ci il tarixli 128-5 №-li mədaxil orderindən görünür ki, İddiaçı Yuriyevna tərəfindən 500 manat məbləğində pul ödənilmişdir; İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş diskdə, İddiaçı Yuriyevna və Cavabdeh1 Yuryevi arasında münaqişələrin olması, İddiaçı Yuriyevnanın yaranmış mübahisə səbəbilə polisə zəng vurması öz əksini tapmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”dan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 66, mənzil 9 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına 02.09.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X1 və X2 iddiaçının mübahisəli mənzildən köçərək mərhum əri İvanla birlikdə kirayədə yaşadıqlarını, sonradan ərinin 40 mərasimində mübahisəli mənzilə gəldiyini və yenidən kirayədə yaşadığı evə qayıdib getdiyini bildirmişlər. Digər şahidlər X5 və X4 isə məhkəmə iclasında verdikləri ifadələrində İddiaçı əri İvan öldükdən sonra azyaşlı uşaqları ilə birlikdə mübahisəli mənzildə yaşadıqlarını bildirmişlər. İş materiallarından və tərəflərin verdikləri izahatlandan bəlli olur ki, mübahisəli mənzil iddiaçının mərhum qaynatası olan X11 1987-ci ildə verilmiş, 02.09.2021-ci ildə isə qaynanası (hazırkı iş üzrə cavabdeh) Cavabdeh2 həmin mənzilə dair mülkiyyət hüquqları Dövlət Reyestrində qeydiyyata alınmışdır. İddiaçı 2007-ci ildə mərhum İvan Babkinlə ailə quraraq mübahisəli mənzilə gəlin gəlmiş və həmin vaxtdan orada yaşamışdır. 2020-ci ildə ailə daxilində baş verən münaqişələr nəticəsində onlar həmin mənzili tərk edərək bir neçə ay kirayə tutduqları mənzildə yaşamışlar. Sonradan, yəni iddiaçının ərinin 27.12.2020-ci ildə ölümündən bir müddət sonra iddiaçı azyaşlı uşaqları ilə birlikdə qayıdaraq həmin mənzildə yaşamağa davam etmişdir. Göründüyü kimi, tərəflər arasında mübahisəli mənzillə bağlı hüquq münasibətləri 2007-ci ildə yaranmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisəni həll edərkən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə əsaslanmaqla düzgün qənaətə gəlmişdir. 01.10.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 53-cü maddəsinin 4-cü hissəsinə əsasən, bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Hazırkı işin müəyyən edilmiş hallarını qeyd edilən qanunvericilik normaları əsasında qiymətləndirdikdə müəyyən edilir ki, İddiaçı 2007-ci ildə ailə qurub mübahisəli mənzilə köçməklə həmin mənzildən istifadə hüququ əldə etmişdir və onun ərinin ölməsi səbəbi ilə cavabdehlərlə ailə münasibətlərinə xitam verilməsi onun həmin mənzildən istifadə hüquqlarının itirilməsinə səbəb olmamışdır. Bundan başqa, iddiaçının ailə daxilində yaranmış münaqişələr nəticəsində yaşadığı mənzili qısa müddət ərzində tərk edərək başqa yerdə kirayədə yaşaması onun həmin mənzili daimi yaşamaq üçün tərk etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, işin hallarından da göründüyü kimi, iddiaçı mənzildən çıxaraq həmin əraziyə yaxın yerdə kirayədə yaşamışdır, buna baxmayaraq, ona məxsus əmlakların bir hissəsi, o cümlədən cehiz əşyaları mübahisəli mənzildə olmuşdur, iddiaçı əri öldükdən sonra qayıdaraq həmin mənzildə yaşamağa davam etmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, iddiaçı mübahisəli mənzili daimi yaşamaq üçün deyil, müvəqqəti tərk etmişdir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Göründüyü kimi, İddiaçı yaşadığı mənzili müvəqqəti tərk edib başqa mənzildə kirayədə yaşaması onun mübahisəli mənzildən istifadə hüququnun itirilməsinə səbəb ola bilən hal kimi qyimətləndirilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh mübahisəli mənzilə Cavabdeh2 həmin mənzilə dair mülkiyyət hüquqları Dövlət Reyestrində qeydiyyata alınması iddiaçının bu mənzilə olan istifadə hüquqlarının xitamına səbəb olan hal deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3.-cü maddəsinə əsasən, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 01.10.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının mübahisəli mənzildə istifadə hüququ olduğundan onun həmin mənzildən istifadə hüququnun tanınması, habelə azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsi, həmçinin bu mənzildə yaşamasına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına dair iddiası əsaslı olmuşdur. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi, iddiaçı hazırkı məhkəmə mübahisəsində vəkillə təmsil olunmuşdur və hüquqi yardım göstərilməsi üçün sonuncuya müqavilə əsasında 500 manat xidmət haqqı pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi, birinci instansiya məhkəməsinin hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş məbləğin cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı mülki mübahisə üzrə ətraflı araşdırma aparmış, işin faktik ihallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş və iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün səbəb ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(010)- 3380/2021 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar