Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1149/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının vəkili Vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 2(005)-1569/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı qarşı iddia ərizəsi, daha sonra ilə iddia predmetinin dəyişilməsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş 2007-ci il buraxılış olan “LEXUS GX470” markalı (BAN: JTJBT20X3********) avtomobil 13 yanvar 2020-ci il tarixdə satılmış 20000 manatdan, 2016-cı il buraxılış ili olan “CHEVROLET CRUZE” markalı (BAN: 1G1RE5SM6G7299799) avtomobil 28 aprel 2020-ci il tarixdə satılmış 14000 manatdan, 2010-cu il buraxılış ili olan “TOYOTA LAND CRUİSER” markalı (BAN: JTMHU09J4A5035230) avtomobil 30 iyun 2020-ci il tarixdə satılmış 60000 manatdan əldə olunmuş vəsaitdən uşaqların mənafeyini nəzərə alaraq 2/3 hissəsini onun payına, 1/3 hissəsini cavabdehin payının müəyyən edilməsinə və əldə olunmuş vəsaitdən payının 2/3 hissəsini cavabdehdən alınaraq ona ödənilməsinə, həmçinin həmin avtomobillərin alqısatqı müqavilələrinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 2(005)- 1569/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, birgə nikah dövründə əldə olunmuş 2007-ci il buraxılışlı “LEXUS GX470” markalı avtomobilin 13 yanvar 2020-ci il tarixdə satışından əldə olunmuş 20.000 manatın, 2016-cı il buraxılışlı “CHEVROLET CRUZE” markalı avtomobilin 28 aprel 2020-ci il tarixdə satışından əldə olunmuş 14.000 manatın, 2010-cu il buraxılışlı “TOYOTA LAND CRUİSER” markalı avtomobilin 30 iyun 2020-ci il tarixdə satışından əldə olunmuş 60.000 manatın 2/3 hissəsinə İddiaçı payının müəyyən edilməsi və əldə olunmuş vəsaitdən cəmi 62.666,67 manatın Cavabdeh alınaraq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin qismən, iddia ərizəsinin təmin edilməsi hissəsində ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı iddiaçı tərəf ərizə təqdim edərək, cavabdeh ilə aralarında barışıq sazişi bağlandığı üçün iddiadan imtina etdiyini bildirərək, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi-vəkili iddiadan imtinanın nəzərə alınmasını xahiş etdi. Kollegiya iddiaçının iddiadan imtina barədə ərizəsini və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qəbul edilərək birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, iddiadan imtina qəbul olunmalı, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddia üzrə işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 384, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş iddiadan imtina qəbul edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 2(005)- 1569/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1149/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1149/2022
09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver