Məhkəmə qərarları › İş №2(103)-11506/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11506/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11506/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2923/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddi ərizəsi və tələbin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 28417,71 manat, müqavilə bitdikdən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 738,07 manat, cəmi 29155,78 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış 515/14 nömrəli 27.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 10 faizlə 60 ay müddətinə 50.000 manat kredit verilmişdir. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Yasamal Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, cavabdehdən 26873,33 manat əsas borc, 697,96 manat faiz borcu, cəmi 27571,29 manat borc və 30 manat dövlət rüsumu tutularaq, iddiaçının xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin təyin edilmiş ilkin ekspert rəyinə əsasən iddianı təmin etməsi və iddiaçı təşkilatın nümayəndəsi tərəfindən verilmiş əlavə ekspertizanın təyin edilməsi barədə vəsatətin rədd edilməsi barədə qərarı iddiaçının hüququnun pozulmasına, eyni zamanda işin obyektiv və qanuni həlli üçün əlavə araşdırma aparmamasına səbəb olmuşdir. Məhkəmə ekspert rəyinə əsaslanaraq qətnamə çıxarmış və əgər əlavə ekspertiza təyin etsəydi sübutlar ona bəlli olardı. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəmə məlumat verməmişlər, buna görə də kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin olunmadığı hissədə yoxlanılması təşkil edir. Çünki iddiaçı təşkilat qətnaməni ancaq iddia tələbinin təmin olunmadığı hissədə mübahisələndirmiş, cavabdeh isə şikayət verməmişdir. Bu o deməkdir ki, iddianın təmin olunmuş hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış 515/14 nömrəli, 27.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətinə illik 10% dərəcəsi ilə hesablanmaqla, 50000 manat məbləğində kredit verilmişdir. İş materiallarından gprünür ki, iddiaçı tərəfindən cavabdehə borcunu ödəməsinə dair 18.02.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan 04.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 515/14 nömrəli, 27.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 28417,71 manat, müqavilə bitdikdən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 738,07 manat borcu vardır. İş materiallarında olan 22.07.2021-ci il tarixli, 9/4433 saylı ekspert rəyindən görünür ki, Cavabdeh 27.11.2019-cu il tarixə əsas borc üzrə 41005,68 manat, faiz borcu üzrə 307,54 manat, 04.06.2021-ci il tarixə (illik 5% dərəcəsi ilə hesablanmaqla) əsas borc üzrə 26873,33 manat, faiz borcu üzrə 697,96 manat borcu olduğu müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsində izahat verən ekspert X1 izahatında göstərmişdir ki, ekspertiza tədqiqatı iş materiallarında olan sənədlər üzrə aparılmış və rəydə qeyd olunan nəticəyə gəlinmişdir. Kredit müqaviləsinin son müddəti olan 27.11.2019-cu il tarixə illik faiz dərəcəsini 10% həddində hesablamış həmin tarixdən 04.06.2021-ci il tarixədək isə illik 5% həddində faiz (zərər) hesablamışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 739-cu maddələrini tətbiq etməklə və həmçinin ekspert rəyini əsas tutaraq hesab etmişdir ki, Cavabdeh 26873,33 manat əsas borc, 697,96 manat faiz borcu (illik 5% dərəcəsi ilə hesablanmaqla), cəmi 27571,29 manat pul tutularaq, iddiaçı "xxxx"ASC-yə ödənilməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Mühasibatlıq rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır. Belə ki, apellyasiya şikayətində borc məbləğlərinin düzgün hesablanmadığı irəli sürülsə də, apelyatorun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2923/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar