Məhkəmə qərarları › İş №2(103)-11522/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11522/2021

08.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11522/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6144/2021 saylı 24 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.02.2019-cu il tarixli, 2(011)-2890/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin dəyişdirilməsi və cavabdehdən 25.09.2018-ci il təvəllüdlü Sarıvəliyeva Zəhra İlham qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 15.02.2019-cu il tarixli qətnaməsi ilə 25.09.2018-ci il təvəllüdlü Sarıvəliyeva Zəhra İlham qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat və 3 yaşına çatanadək, yəni 25.09.2021-ci il tarixədək 50 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13.03.2020-ci il arixli qətnaməsi ilə aralarında bağlanılmış nikah pozulmuş, ibrgə nikahdan olan övladı boşanmadan sonra onun yanında saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan bugünədək müəyyən edilmiş aliment məbləği Cavabdeh tərəfindən tam da olmasa, ödənilmişdir. Lakin hazırda ona məlum muşdur ki, Cavabdeh rəsmi qaydada işləyir və aylıq 1228 manat əmək haqqı alır. Hesab edir ki, uşaqğın saxlanılması hər iki valideynin vəzifəsi olduundan, uşağın maddi cəhətdən ehtiyaclarının ödənilməsində atanın iştirakı vacibdir. Həmçinin məhkəmənin nəzərinə çatdırır ki, övladı körpə olduğu üçün heç bir yerdə işləyə bilmir və alimentdən başga gəliri yoxdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 15.02.2019-cu il tarixli qətnaməsi ilə 160 manat məbləğində aliment müəyyən olunsa da, hazırki yaşayış şəraitini nəzərə alaraq demək olar ki, uşağın normal saxlanılması və həyat şəraitinin təmin edilməsi üçün həmin məbləğ kifayət etmir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6144/2021 saylı 24 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.02.2019-cu il tarixli, 2(011)-2890/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh 25.09.2018-ci il təvəllüdlü Sarıvəliyeva Zəhra İlham qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin qismən təmin edilməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.02.2019-cu il tarixli, 2(011)-2890/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh 25.09.2018-ci il təvəllüdlü Sarıvəliyeva Zəhra İlham qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən dəlillər əsassızdır. Belə ki, iddiaçı ərizəsində aliment miqdarının artırılması üçün övladının körpə olduğundan heç bir yerdə işləyə bilməməsi və alimentdən başga gəlirinin olmaması kimi iki əsas irəli sürsə də, öz tələbini əsaslandırmaq üçün sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə isə məhkəmə baxışında onun və vəkilinin iştirakının qeyri-mümkün olmasına dair şifahi müraciətini və yazılı teleqramı qəbul etməyinə baxmayaraq, məhkəmə baxışını təxirə salmadan onun birinci instansiya məhkəməsində çıxış etmək və çəkişmə hüququnu kobud surətdə pozmuş, həmçinin məhkəməyə iş yeri və əmək haqqı və ailə vəziyyəti barədə sübut təqdim etmək imkanından məhrum etmişdir. Belə ki, birinci instansiya məhkəməsi qətnamənin təsviri-əsaslandırıcı hissəsində iddiaçının işləyibişləməməsi araşdırmamış, cavabdehin yalnız gəirlərini tədqiq etməklə, onun ailə vəziyyəti, əmək haqqının yönəldiyi başqa öhdəliklərinin olub-olmamasını nəzərə almadan, guya uşağın mənafeyini nəzərə alaraq iddia tələbini təmin etmişdir. Halbuki, məhkəmənin hazırlıq iclasında vəkili onun ailə vəziyyətinin dəyişməklə himayəsində azyaşlı uşağının olması, arvadının hamilə olması, həmçinin əmək haqqı və kredit öhdəliyi barədə məlumat verərək, zəruri sənədlərin məhkəmə baxışında təqdim edəcəyini bildirsə də, məhkəmə qərəzli olaraq məhkəmədə iştirakının qeyri-mümkünlüyünü bildiyi halda tərəflərin bərabərliyi və çəkişmə hüququnu təmin etmədən əsassız qətnamə çıxarmışdır. 01.10.2020-ci il tarixdə yeni nikaha daxil olmuş və himayəsində Sarıvəlli Məleykə adlı azyaşlı qızı var, həmin nikahdan ikinci övladı daha olacaq. Əmək haqqı əvvəllər 800 manat olsa da, son ayda 1200 manata kimi qalxmışdır. Orta aylıq qazancından hazırkı tələb üzrə aliment ödənişlərini, kredit ödənişlərini, həmçinin ailənin minimum dolanacaqlarını təmin edir. Ona görə də hesab edir ki, hazırkı iddia tələbi qismən təmin edilərək onun ailə və maddi vəziyyəti nəzərə alınaraq iddiaçının aldığı aliment məbləği 200 manat sabit pul məbləğində aliment miqdarına kimi artırılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6144/2021 saylı 24 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.02.2019cu il tarixli, 2(011)-2890/2019 saylı qətnaməsinin surətindən görünür ki, 25.09.2018-ci il təvəllüdlü Sarıvəliyeva Zəhra İlham qızının saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 160 manat və 3 yaşına çatanadək saxlanması üçün hər ay 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.03.2020-ci il tarixli, 2(011)-481/2020 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Zuğulba” İqamətgahının 12.07.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh həmin iqamətgahda işləyir, 02.07.2021-ci il tarixindən baş mütəxəssis vəzifəsinə keçirilib və onun aylıq əmək haqqı 1228 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarının saxlamdıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Kollegiya qeyd edir ki, hazırki iddia tələbi iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.02.2019-cu il tarixli, 2(011)-2890/2019 saylı qətnaməsinə əsasən tutulan alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Tərəflər arasındakı hazırki mübahisənin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, uşağın gündəngünə artan təlabatı sübuta ehtiyac olmadan danılmaz fakdır. Buna görə də, birinci instansiya məhkəməsi tərəflərin maddi vəziyyətini və iddiaçının hazırda əmək müqaviləsi əsasında daimi işlədiyini nəzərə almaqla, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.02.2019-cu il tarixli, 2(011)-2890/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilərək Cavabdeh 25.09.2018-ci il təvəllüdlü Sarıvəliyeva Zəhra İlham qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Alimentin məbləği ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarının mövqeyi baxımdan da qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: - aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa, bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Göründüyü kimi, Ailə Məcəlləsinin qeyd olunan normaları alimentin tutulması qaydasını imperativ formada müəyyən etmişdir. Apellyasiya şikayətinin digər dəlilərlinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunan dəlillər qanuni və əsaslı məhkəmə qətnaməsin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdehin yeni ailə qurması və nikahdan uşağının olması sonuncunun 25.09.2018-ci il təvəllüdlü Sarıvəliyeva Zəhra İlham qızı qarşısında eyni həcmdə məsuliyyətindən azad etmir və Zəhra Sarıvəliyeva digər uşaqla bərabər hüquqları var. Ona görə də, kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti yuxarıda qeyd edilənlərə əsasən təmin edilə və şikayətdə göstərilən hallar həmin qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6144/2021 saylı 24 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6144/2021 saylı 24 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar