Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11526/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-567/2021 nömrəli 15 mart 2021-ci il tarixli qətnaməsindən üçüncü şəxsin nümayəndəsi və vəkili Kiçikbəyov Emin Atabəy oğlu və cavabdeh Azərbaycan Respublikasın Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi və Məmmədov Əli Fərzad oğlu işə cəlb edilməklə) cavabdeh AR Daxili İşlər Nazirliyinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona vurduğu zərərin müqabilində 37669 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 15 noyabr 2020-ci il tarixində, saat 15:30-da Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsinin Sabit Orucov küçəsi ilə kəsişməsində Daxili İşlər Nazirliyinin əməkdaşı Məmmədov Əli Fərzad oğlu tərəfindən FİAT **-AP-*** dövlət qeydiyyat nişanlı post-patrul xidməti avtomaşını vasitəsi ilə yol nəqliyyat hadisəsi törədilmişdir. Bununla bağlı Məmmədov Əli Fərzad oğlunun barəsində Bakı şəhər BPİ-nin DYPİ-nin YNH üzrə şöbəsinin inspektoru, polis kapitanı Rəsulov Anar Rövşən oğlu tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati qaydada İXP ******* saylı protokol tərtib edilmiş, həmin tarixdə Məmmədov Əli Fərzad oğlu barəsində 60 manat məbləğində cərimə inzibati tənbeh tətbiq etmə haqqında TP ******* saylı qərar qəbul olunmuşdur. Həmin yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus Lexus UX200” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurulmuş və həmin zərər ərizəyə əlavə edilmiş "xxxx" ASC və "xxxx" MMC tərəfindən verilmiş qüsur aktlarından da göründüyü kimi 37669 manat təşkil edir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-567/2021 nömrəli 15 mart 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən 37669 (otuz yeddi min altı yüz altmış doqquz) manat məbləğində dəymiş zərərin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən üçüncü şəxsin nümayəndəsi və vəkili Kiçikbəyov Emin Atabəy oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hadisənin baş verməsinə səbəb iddiaçının özü olmuşdur. İddiaçının çox surətlə hərəkət etməsi və polisini sirenasına məhəl qoymadan hərəkətini davam etdirməsi yol nəqliyyat hadisəsinin baş verməsini qaçılmaz etmişdir. Birinci instansiya məhkəməsi mülki iş üzrə bütün halları aydınlaşdırmamış heç bir ekspertiza təyin etməmiş, sadəcə iddiaçının dediklərinə əsaslanaraq iddianı təmin etmişdir. İddiaçının tələbi tamamilə əsassızdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən gəldiyi nəticə üçlin mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamış tərəfin hüquqlarını pozulmuşdur. Qətnamədən həmçinin cavabdeh Azərbaycan Respublikasın Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olduğuna görə ləğv edilməli və yeni qətnamə çıxarılmalıdır. İş materiallarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi və Məmmədov Əli Fərzad oğlu məhkəmə iclasına gəlməmiş və işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Yəni, məhkəmə, işə cavabdehin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla məhkəmə Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinin tələblərim kobud səkildə pozmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan, "Paşa Sığorta” ASC tərəfindən verilmiş 19.11.2020-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “Lexus UX200” markalı, 90-LC- 804 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərər 37669 manat təşkil edir, o cümlədən ehtiyat hissələri 32.045,85 manat, zəhmət haqqı 5.623,15 manat,Toyota Bakı Mərkəzi MMC-nin 18.11.2020-ci il tarixli Qiymətləndirilmə Aktından görünür ki, “Lexus UX200” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərər 37652,54 manat təşkil edir, o cümlədən ehtiyat hissəiəri 31950,00 manat, zəhmət haqqı 5.702,54 manat göstərilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, dəymiş ziyanın məbləği iddiaçının müdafiəsində maraqlı olan şirkət tərəfindən müəyyən olunmuş və ziyanın məbləği süni olaraq şişirdilmişdir. Məhkəmə mübahisə doğurmaması və ziyanın məbləğinin real olub-olmamasını araşdırmaq üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etməli idi. Lakin, iş materiallarından görünür ki, məhkəmə tərəfindən ekspertiza təyin olunmaqla ziyanın məbləğinin müəyyən olunması məsələsi müzakirə olunmamışdır. İddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu tam sübuta yetirilməmişdir. İş üzrə məhkəmənin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən 37669 manat məbləğində dəymiş zərər tutularaq İddiaçı ödənilməsi barədə gəldiyi nəticəni əsassız və qanunsuzdur. Məhkəmə nəzərə almamışdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyasının əvvəkli iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikasın Daxili İşlər Nazirliyi və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndələri və Məmmədov Əli Fərzad oğlu məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-567/2021 nömrəli 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 19.11.2020-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “Lexus UX200” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərər 37669 manat təşkil edir, o cümlədən ehtiyat hissələri 32.045,85 manat, zəhmət haqqı 5.623,15 manat. İş materiallarında olan Toyota Bakı Mərkəzi MMC-nin 18.11.2020-ci il tarixli Qiymətləndirilmə Aktından görünür ki, “Lexus UX200” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərər 37652,54 manat təşkil edir, o cümlədən ehtiyat hissələri 31950,00 manat, zəhmət haqqı 5.702,54 manat. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 11.12.2020-ci il tarixli, 046- 67844B-4220 nömrəli məktubdan görünür ki, 15 noyabr 2020-ci il tarixdə, saat 15:30-da Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsinin Sabit Orucov küçəsi ilə kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar, 17.11.2020-ci il tarixdə Bakı şəhər BPİ-nin DYPİnin YNH üzrə şöbəsinin inspektoru, polis kapitanı Rəsulov Anar Rövşən oğlu tərəfindən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan sürücü Məmmədov Əli Fərzad oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati qaydada İXP ******* saylı protokol tərtib edilmiş, həmin tarixdə sürücü Məmmədov Əli Fərzad oğlu barəsində 60 (altmış) manat məbləğində cərimə inzibati tənbeh tətbiq etmə haqqında TP ******* saylı qərar qəbul olunmuşdur. Ərizəçiyə vurulmuş maddi ziyanın qalan hissəsinin ödənilməsi ilə əlaqədar mülki qaydada məhkəmə orqanlarına müracəit etmək tövsiyyə olunmuşdur. İş materiallarında olan Məmmədov Əli Fərzad oğluna verilmiş Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin nəqliyyat vasitələrinin zədələnməsi bardə 15.11.2020-ci il tarixli, 038932 nömrəli arayışından görünür ki, 15.11.2020-ci il tarixində, saat 15:30-da baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Fiat markalı ** AP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq sağ yan hissəsi, İddiaçı məxsus Lexus UX200” markalı, **-LC- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq sol hissəsi, sol yan hissəsi zədələnmişdir. Təqdim olunmuş Bakı şəhər BPİ-nin DYPİ-nin polis kapitanı Anar Rəsulovun inzibati tənbehvermə haqqında TP ******* nömrəli, 17.11.2020-ci il tarixli qərarından görünür ki, Məmmədov Əli Fərzad oğlu Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində ilə təqsirli bilinərək, barəsində 60 (altmış) manat məbləğində cəriməedilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə görə hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. - Birincisi mülki hüquq pozuntusu olmalıdır, - ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, - üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının avtomobilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Zərərvuran təqsirli şəxs Daxili İşlər Nazirliyinin əməkdaşı Məmmədov Əli Fərzad oğlunun qanunsuz, hüquqa zidd hərəkəti onun barəsində tətbiq olunmuş TP ******* saylı inzibati tənbeh tətbiq etmə barədə qərarla təsdiq və sübut olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası ödəməlidir. İş materiallarında olan subutlarla müəyyən olunur ki, 15 noyabr 2020-ci il tarixində, saat 15:30-da Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsinin Sabit Orucov küçəsi ilə kəsişməsində Daxili İşlər Nazirliyinin əməkdaşı Məmmədov Əli Fərzad oğlu tərəfindən FİAT **-AP-*** dövlət qeydiyyat nişanlı post-patrul xidməti avtomaşını vasitəsi ilə yol nəqliyyat hadisəsi törədilmiş və yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus Lexus UX200” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurulmuş və həmin zərər "xxxx" ASC və "xxxx" MMC tərəfindən verilmiş qüsur aktlarından da göründüyü kimi 37669 manat təşkil edir. Hadisəni törətmiş Məmmədov Əli Fərzad oğlunun barəsində Bakı şəhər BPİ-nin DYPİ-nin YNH üzrə şöbəsinin inspektoru, polis kapitanı Rəsulov Anar Rövşən oğlu tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati qaydada İXP ******* saylı protokol tərtib edilmiş və Məmmədov Əli Fərzad oğlu barəsində 60 manat məbləğində cərimə inzibati tənbeh tətbiq etmə haqqında TP ******* saylı qərar qəbul olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Ona görə də iddia tələbi təmin edilməklə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən 37669 manat məbləğində dəymiş zərər tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, hər iki apellyatorun apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, qətnamə ilə müəyyən edilmiş məbləğ şişirdilmişdir. Kollegiya apellyasiya şikayətlərinin qeyd edilən dəlilini əsaslı hesab etmir. Belə ki, şikayətin dəlilləri ilə əlaqədar apellyasiya icraatı zamanı ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26.07.2021-ci il tarixli 9/3872 nömrəli ekspert rəyi iş materiallarına əlavə edilmişdir. Həmin rəydən görünür ki, "xxxx" MMC-nin 18.11.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən alınmaqla 2019-cu il buraxılışlı “Lexus UX 200” marakalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyar hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən (ƏDV-siz) 36693,0 manat müəyyən edilir. Göründüyü kimi, keçirilmiş ekspertiza rəyi ilə dəymiş ziyanın məbləği müəyyən edilmişdir. Kollegiya onu da qeyd edir ki, iddia tələbi ilə tələb edilən məbləğlə ekspert rəyi ilə müəyyən edilən məbləğ arasında fərq olsa da, bu qətnamənin dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, ekspert ziyan məbləğinin müəyyən edərkən ƏDV (Əlavə dəyər vergisi) məbləğini nəzərə almamışdır. Qanunda ƏDV faizi 18 faiz olduğundan ekspert rəyi ilə müəyyən edilmiş məbləğ iddia tələbindən artıq olur ki, bu halda da məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini tam həcmdə təmin etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş və apelyasiya icraatı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26.07.2021-ci il tarixli 9/3872 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir. Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat cavabdeh Azərbaycan Respublikasın Daxili İşlər Nazirliyidən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-567/2021 nömrəli 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Üçüncü şəxsin nümayəndəsi və vəkili Kiçikbəyov Emin Atabəy oğlu və cavabdeh Azərbaycan Respublikasın Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-567/2021 nömrəli 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə-əmttəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 (bir yüz) manat cavabdeh Azərbaycan Respublikasın Daxili İşlər Nazirliyidən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11526/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11526/2021
15.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver