Məhkəmə qərarları › İş №2(103)-11527/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11527/2021

08.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11527/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1203/2021 saylı, 27 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 14700 manat məbləğində pul vəsaitinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu olaraq 31 manatın cavabdehdən tutaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2019-cu ilin aprel ayında Bakı şəhəri Nərimanov rayonu ərazisində Hyundai Elantra minik markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh 14700 manat məbləğində satın almış və bir müddət avtomobili sadə etibarnamə əsasında idarə etmişdir. Avtomobili alarkən avtomobil BDYPİnin Qeydiyyat-imtahan İdarəsində baxışdan keçirilmiş və hər-hansı qeyri-qanuni fakt aşkarlanmamışdır. Eyni zamanda onun tərəfindən avtomobil üzərində istifadə müddətində heç bir dəyişiklik aparmamışdır. 2019-cu ilin may ayında avtomobili X5 adlı şəxsə 16000 manat məbləğinə satmış və etibarnamə əsasında Hyundai Elantra minik markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sərəncam vermək və s. hüquqlar notariat kontorunda rəsmiləşdirilmişdir. Lakin sonradan avtomobilin adına qeydiyyata alınması məqsədi ilə maşına baxış keçirilərkən Hyundai Elantra minik markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban nömrəsinin ətrafında qaynaq işlərinin aparıldığı məlum olmuş, başqa ban nömrəsinin olduğu və mühərrik nömrəsinin silinmə-nömrəsinin olması aşkar edilmişdir. X1 ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və ona qarşı olan iddia təmin edilmişdir. Hazırda qeyd olunan mülki işlə əlaqəli icra sənədi icra şöbəsinin icraatındadır və o, da qarşılıqlı olaraq borcunu bağlaması üçün Cavabdeh öz pulunu tələb edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1203/2021 saylı, 27 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehin nümayəndəsi-vəkili qətnamədən apellyasiya şikayətləri verərək qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı öz ərizəsində qeyd edib ki, avtomobili Cavabdeh alan zaman BDYPİ-dən Texniki baxışdan keçiriblər, lakin həmin vaxt avtomobildə hər hansı problem aşkar edilməmişdir. Maşında nəsə problem aşkar edilibsə, bu, avtomobilin iddiaçının istifadəsinə verildikdən sonra yaranmışdır ki, buna da Cavabdeh hər hansı bir məsuliyyət daşımamalıdır. Digər tərəfdən avtomobilin texniki pasportundan da göründüyü kimi mülkiyyətçi X3r və Əliyeva Elnarayə verilmiş etibarnamə ləğv edilmşdir. Belə halda əgər hər hansı mübahisələndirilən məsələ varsa iddia əsl mülkiyyətçi Abduləzizov Eminə qarşı irəli sürülməlidir. Məhkəmənin İddiaçı iddasını təmin etməsi əsassız varlanmaya əsas olur. Belə ki, iddiaçı məhkəməyə ilk öncə iddia etdiyi məbləğdən məhrum olması ilə bağlı sübut təqdim etməlidir. Göründüyü kimi iddiaçı həm avtomobili idarə edir, həm də pul tələb edir. Digər tərəfdən məhkəmə öz qətnaməsini onunla əsaslandırmışdır ki, tərəflər mübahisəli avtomobilin satılmasını lazımı forma və qaydasına riayət olunmadığını, habelə onu üçüncü şəxslərin hüquqlarından azad şəkildə iddiaçıya vermədiyi üçün cavabdeh iddiaçıdan aldığı pul məbləğinə münasibətdə əsassız varlanmış şəxsdir və buna görə də, aldığını olduğu kimi iddiaçıya qaytarmalıdır. Göründüyü kimi məhkəmə tərəflər arasında alı-satqı müqaviləsinin bağlanmasını qəbul edir, lakin onun lazımi qaydada bağlanmamasına və avtomobili 3-cü şəxsin hüquqlarından azad şəkildə iddiaçıya vermədiyi üçün ödənilmiş vəsaitin qaytarılmasına qərar verir, halbuki iddiaçı da öz iddia ərizəsində qeyd etdiyi kimi cavabdeh X4 avtomobili təhvil verəndə hər hansı bir pozuntu olmamış və avtomobilin üzərində hər hansı bir məhdudiyyət olmamışdır, deməli cavabdeh burada üzərinə düşən öhdəlikləri tam yerinə yetirmişdir. Digər tərəfdən məhkəmə əsasassız varlanmaya əsaslanıb pulun qaytarılması barədə qərar qəbul edir, lakin iddiaçının da etiraf etdiyi kimi avtomobilin iddiaçıda olmasının fərqinə varmayib. Apellyasiya baxışı zamanı iddiaçı və nümayəndəsi-vəkili şikayətə etiraz edərək onun təmin olunmamasını xahiş etdilər. Əvvəlki məhkəmə icıasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili şikayəti müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia rədd edilməlidir. İşin halları ondan ibarətdir ki, İddiaçı 2019-cu ilin aprel ayında Cavabdeh Hyundai Elantra minik markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobili 14700 manat məbləğində satın almışdır. 2019-cu ilin may ayında iddiaçı avtomobili X5 adlı şəxsə 16000 manat məbləğinə satmış və etibarnamə əsasında həmin avtomobilə dair sərəncam vermək və s. hüquqlar notariat kontorunda rəsmiləşdirilmişdir. Lakin sonradan avtomobilin adına qeydiyyata alınması məqsədi ilə maşına baxış keçirilərkən Hyundai Elantra minik markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban nömrəsinin ətrafında qaynaq işlərinin aparıldığı məlum olmuş, başqa ban nömrəsinin olduğu və mühərrik nömrəsinin silinmə-nömrəsinin olması aşkar edilmişdir. X1 ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Nərimanov Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı Əliyar Cavadovun xeyrinə 16000 manat, hüquqi xidmət üçün 100 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutulması qət edilmiş, iddia qalan hissədə isə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13.04.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı cavabdehdən öz pulunu tələb edir. Birinci instansiya məhkəməsi belə qənaətiə gəlmişdir ki, mübahisəli avtomobilin satılmasının lazımı forma və qaydasına riayət olunmadığı, habelə, onu üçüncü şəxslərin hüquqlarından azad şəkildə iddiaçıya vermədiyi üçün, cavabdeh iddiaçıdan aldığı pul məbləğinə münasibətdə əsassız varlanmış şəxsdir və buna görə də, aldığını olduğu kimi ona qaytarmalıdır. Belə ki, cavabdeh etibarnamə ilə ona verilmiş səlahiyyətləri olduğu kimi iddiaçıya ötürüb, müvafiq qeydiyyat orqanında lazımı şəkildə hər hansı alqı-satqı prosesi baş tutmayıb. Odur ki, iddia təmin edilməli, cavabdehdən 14700 manat alınaraq, iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının maddi ziyan tələbi ilə bağlı kollegiya, qeyd edir ki, onun irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə də uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası müqavilə hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə görə isə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İddiaçı məhkəməyə müraciət etdiyi iddia ərizəsində göstərmişdir ki, Cavabdeh mübahisəli avtomobil alınarkən BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsində baxışdan keçirilmiş və hər hansı qeyri-qanuni fakt aşkarlanmamışdır. Qeyd edilən faktın araşdırılması üçün apellyasiya instansiya məhkəməsində aparılmış araşdırma zamanı iddiaçıya verilmiş suala cavab olaraq bildirmişdir ki, iddia ərizəsində texniki səhv olaraq elə qeyd olunmuşdur. Faktiki cavabdehdən mübahisəli avtomobil alınarkən heç bir baxışdan keçirilməmişdir. Məhkəmə kollegiyası iddia ərizəsində avtomobilin baxışdan keçirilməsinin texniki səhv olaraq yazılması barədə iddiaçının izahatına tənqidi yanaşaraq qeyd edir ki, iş materiallarında olan Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis baş leytenantı Toğrul Arazlı tərəfindən qəbul edilmiş 24.02.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, aparılmış araşdırma zamanı iddiaçı izahatında da bildirmişdir ki, mübahisəli avtomobil alınarkən BDYİ-nin Qeydiyyat-imtahan İdarəsində baxışdan keçirilmiş və hər hansı qeyri-qanuni fakt aşkarlanmamışdır. Yəni göründüyü kimi, iddiaçı həm Binəqədi RPİ-nin İstintaq şöbəsində aparılmış araşdırma zamanı verdiyi ifadəsində, həm də məhkəməyə verdiyi iddia ərizəsində mübahisəli avtomobil Cavabdeh alınarkən baxışdan keçirildiyini və hər hansı qeyri-qanuni faktın aşkarlanmadığını bildirmişdir. Belə olan halda məhkəmə kollegiyası iddiaçının öz etirafını əsas götürərək hesab edir ki, cavabdehin mübahisəli avtomobili iddiaçıya satdığı vaxt onun ban nömrəsi üzərində hər hansı bir dəyişiklik olması öz təsdiqini tapmır. İddiaçı isə öz növbəsində mübahisəli avtomobilin cavabdehin ona satıldığı vaxt ban nömrəsində dəyişlik edilməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehdən pulun tələb etməsi və qarşılığında avtomobilin qaytarılmaması ümumiyyətlə qanunvericiliyin tələbinə ziddir. Bundan başqa iş materiallarında olan texniki pasportdan görünür ki, mübahisəli avtomolbil X2 mülkiyyətindədir. Cavabdeh da ona verilmiş etibarnamə əsasənda həmin avtomobili iddiaçıya satmışdır. Hazırda cavabdehə verilmiş etibarnamə də ləğv edilmişdir. Beləliklə, məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar, onun iddia tələbinin mümkün qanuni əsaslarının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır və yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. Mülki Prosessual məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1203/2021 saylı, 27 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onu ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar