Məhkəmə qərarları › İş №2(103)-1153/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1153/2025

28.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1153/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “məhkəmə qətnaməsi əsasında tutulan alimentin məbləğinin artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 noyabr 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2021/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq, iki uşağın – xx.xx.2017-ci il təvəllüdlü Yasin və xx.xx.2018-ci il təvəllüdlü Nəzrinin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay, hər uşaq üçün 235 manat ümumilikdə 470 manat sabit pul məbləğində alimentin, ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəlki qətnamə ilə hər ay hər uşaq üçün müəyyən edilmiş 120 manat, cəmi isə 240 manat məbləğində aliment uşaqların saxlanılması kifayət etmir. Çünki uşaqlar böyüdükcə uşaqların xərci artır. Buna görə də həmin qətnamə əsasında tutulan alimentin məbləği artırılmalı və “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna uyğun olaraq hər uşaq üçün 235 manat məbləğində müəyyən edilməlidir. b) iddia tələbinə qarşı etiraz barədə məlumat

3. Cavabdeh məhkəmə baxışı iclasında iştirak edərək, iddia tələbinə etiraz etmiş və Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, 2 uşağa görə iddiaçıya cəmi 240 manat aliment ödəməklə yanaşı birinci nikahdan doğulmuş digər 2 uşağa görə cəmi 200 manat aliment ödəyir. Göründüyü kimi o ümumilikdə 440 manat aliment ödəyir. Özü "xxxx" MMC-də fəhlə işləyir və 450 manat əməkhaqqı alır. Buna görə də, o, iddianın təmin edilməməsini xahiş edir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2021/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay, hər uşaq üçün 150 manat aliment müəyyən edilməklə, cəmi 300 manat alimentin cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsini, iddianın qalan hissədə təmin olunmamasını qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği hazırda uşaqların saxlanılması üçün yetərli deyil. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Həmin minimum təminat səviyyəsindən daha yüksək məbləğdə alimentin təyin olunması isə aliment tutulan şəxsin qazancları barədə sübutların olmasından asılıdır. İddiaçı cavabdehin hər uşaq üçün 235 manat məbləğində aliment üçün maddi vəsaitə malik olduğunu sübuta yetirə bilmədiyindən iddia qismən təmin edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Əsasları iddiaya cavabdehin Rayon Məhkəməsinə verdiyi izahatın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Rayon Məhkəməsi nəzərə almamışdır ki, o, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)-1619/2016 saylı qətnaməsinə əsasən digər 2 uşağa görə cəmi 200 manat aliment ödəyir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat

8. Cavabdeh işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.

9. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

10. Apellyasiya baxışında iştirak etmiş iddiaçı isə şikayətin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) apellyasiya baxışının həddi barədə məlumat

11. İddia tələbi qismən təmin olunsa da iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirməmişdir.

12. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan və dəlillərindən görünür ki, o, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirmir.

13. MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

15. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, lakin Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilməlidir.

16. Belə ki, işdə olan sənədlərə və iş üzrə tərəflərin məhkəmələr verdikləri məlumatlardan bəlli olur ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2021/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməyə əsasən iki uşağın – xx.xx.2017ci il təvəllüdlü Yasinin və xx.xx.2018-ci il təvəllüdlü Nəzrinin yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırkı iş üzrə cavabdehdən hər ay, hər uşağa görə 120 manat cəmi isə 240 manat sabit pul məbləğində alimentin tutularaq hazırkı iş üzrə iddiaçıya verilməsi qət edilmişdir.

17. Hazırda iddiaçı uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının artırılmasını və “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna uyğun olaraq hər uşaq üçün 235 manat məbləğində müəyyən edilməsini xahiş edir.

18. İşə baxmış Rayon Məhkəməsi iddianı yuxarıda göstərilən əsaslara görə qismən təmin etmişdir

19. İddia tələbi və Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayan cavabdeh bildirir ki, onun aylıq əmək haqqısı 450 manatdır. O, 2 uşağa görə iddiaçıya cəmi 240 manat aliment ödəməklə yanaşı birinci nikahdan doğulmuş digər 2 uşağa görə cəmi 200 manat aliment, ümumilikdə isə 4 uşağa görə 440 manat aliment ödəyir. Buna görə də, ondan iddiaçının xeyrinə tutulan alimentin məbləği artırılmamalıdır.

21. AZEMİS “Elektron Məhkəmə” İnformasiya Sistemində cavabdehin gəlir məlumatlarından çıxarışdan müəyyən edilir ki, cavabdeh, "xxxx" MMC-də fəhlə işləyir və 400 manat əməkhaqqı alır.

22. Rayon Məhkəməsinə verdiyi izahatda cavabdeh bildirmişdir ki, o, onun əmək haqqısı 450 manatdır. Buna baxmayaraq, cavabdeh, apellyasiya şikayətində göstərmişdir ki, onun əmək haqqısı 345 manatdır.

23. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1619/2016 saylı iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qətnamədən görünür ki, digər iki uşağın – xx.xx.2013-ci il təvəllüdlü Ömərin və xx.xx.2014-cü il təvəllüdlü Fatimənin yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırkı iş üzrə cavabdehdən hər ay, hər uşağa görə 100 manat cəmi isə 200 manat sabit pul məbləğində alimentin tutularaq həmin uşaqların anasına verilməsi qət edilmişdir.

24. Məhkəmə cavabdehin bildirdiyi həmin dəli əsaslı saymır. Belə ki, əvvəlki qətnamə əsasında tutulan alimentin məbləği iddiaçı ilə cavabdehin nikahından doğulmuş 2 uşağın əvvəlki illərə nisbətdə təminat səviyyəsinə uyğun saxlanılması üçün artıq kifayət etmir. Cavabdehin bildirdiyi əsaslar onu həmin uşaqları maddi cəhətdən lazımi səviyyədə saxlamaq vəzifəsindən azad etmir, bu onun, bir valideyn kimi borcudur. Həmçinin cavabdehin özünün aylıq qazancının az olması, digər 2 uşağa görə də aliment ödəməsi cavabdehin uşaqları saxlamaq vəzifəsindən azad etmir.

25. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1.). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2.). Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxs tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1.).

26. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa görə, 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat təşkil edir.

27. Qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Lakin bununla yanaşı nəzərə alınmalıdır ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində aliment tutulması qət edildikdən sonra, yaşayış minimumu ildən ilə tədricən artmışdır. Bundan başqa nəzərə alınmalıdır ki, uşaq böyüdükcə uşağın xərcləri artır və ötən dövr ərzində bazar qiymətləri də qalxmışdır. Belə olan halda, müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən cavabdehdən tutulmalı olan alimentin məbləğinin artırılması uşaqların mənafeyinə uyğundur.

28. Yuxarıda artıq qeyd edilməlidir ki, Rayon Məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə qət etmişdir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay, hər uşaq üçün 150 manat (cəmi 300 manat) aliment müəyyən edilsin.

29. Rayon Məhkəməsi iş üzrə qətnamə qəbul edilən zaman formalaşmış məhkəmə təcrübəsinə əsasən qeyd edilən nəticə əsaslı və düzgün olmuşdur. Lakin qətnamə qəbul edildikdən sonra alimentin tutulması ilə bağlı məhkəmə təcrübəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarla müəyyən etdiyi məhkəmə təcrübəsinə görə, uşağın (uşaqların) yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment ödənilməli olan şəxsdən aliment almalı olan şəxsin xeyrinə aliment tutularkən məhkəmələr tutulmalı olan alimentin məbləğini iş üzrə qətnamə qəbul edilən zaman həmin il üçün müəyyən edilmiş minimum əmək haqqının müəyyən misli həddində müəyyən etməlidir.

30. Qeyd edilməlidir ki, Rayon Məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edilən zaman ölkə üzrə minimum əmək haqqı 345 manat məbləğində olmuşdur.

31. Buna görə də qeyd olunanları nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi alimentin miqdarının müəyyən edilməsi hissəsində dəyişdirilməli, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay tutulmalı olan alimentin məbləği sonrakı illərdə minimum əmək haqqında baş verə biləcək artımlar nəzərə alınmaqla, hər uşaq üçün minimum əmək haqqının 0,43 misli məbləğində müəyyən edilməlidir.

32. Bundan başqa Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir.

34. Odur ki, yuxarıda qeyd edilən məbləğdə alimentin tutulması hazırkı mülki işin icraatının başlanmasına əsas olmuş iddia ərizəsinin Rayon Məhkəməsinə daxil olduğu vaxtdan – xx.xx.2024-cü il tarixdən başlanmalıdır. h) apellyasiya baxışının nəticəsi

35. Şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni yuxarıda qeyd edilən qaydada dəyişdirilməlidir.

36. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz. Belə ki, apellyasiya baxışının predmeti olan hissədə qətnamədə iddiaçının ziyanına şərh oluna biləcək dəyişiklik edilməmişdir.

37. Cavabdeh də hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malik deyil. Çünki MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. MPM-in 112-ci maddəsinin mənasina görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırki qətnamənin cavabdehin narazı qala biləcəyi hissəsində mübahisələndirilən iddianın qiyməti 5.000 manatdan azdır.

38. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 noyabr 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2021/2019 saylı iş üzrə qəbul edilmiş 10 iyun 2019-cu il tarixli qətnaməsi ilə 25 mart 2017-ci il təvəllüdlü Yasinin və 05 mart 2018-ci il təvəllüdlü Nəzrinin yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər uşağa görə tutulmalı olan alimentin məbləğinin artırılması hissədə dəyişdirilmədən saxlanılsın. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 06 noyabr 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə dəyişdirilsin. 25 mart 2017-ci il təvəllüdlü Yasinin və 05 mart 2018-ci il təvəllüdlü Nəzrinin yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər uşağa görə tutulmalı olan alimentin məbləği sonrakı illərdə minimum əmək haqqında baş verə biləcək artımlar nəzərə alınmaqla, minimum əmək haqqının 0,43 misli miqdarında müəyyən edilsin. Bu qaydada və məbləğdə alimentin tutulması 16 avqust 2024-cü il tarixdən başlansın. İddiaçı mediasiya prosesinə görə ödədiyi xərcin əvəzi olaraq 60 (altmış) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan, lakin Cavabdeh tərəfindən ödənilməmiş dövlət rüsumu – 30 (otuz) manat məbləğində pul Cavabdeh dövlət nəfinə tutulsun. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar