Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11543/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızının və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və X2 qarşı “müqavilənin ləğv edilməsi və kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(003)-1610/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh və X2 qarşı “müqavilənin ləğv edilməsi və kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək (sonradan iddia tələbini dəqiqləşdirməklə), Cavabdeh ilə arasında bağlanmış 24.10.2014-cü il tarixli, 19-S-3-0-1728-14 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə cavabdehdən 78319,57 ABŞ dolları əsas, 28443,59 ABŞ dolları faiz və 13378,83 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 120141,99 ABŞ dolları borcun, eyni zamanda 03.10.2013-cü il tarixli, 19-S-2-0-998-13 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 9922,77 ABŞ dolları faiz, 214,26 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10137,03 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, eyni zamanda, müvəqqəti təminat tədbiri barədə ərizə verərək, işə baxılıb quratranadək Cavabdeh mülkiyyətində olan **-LJ-*** dövlət qeydiyyat nişanlı qara solğun rəngli “Mercedes Benz G 55 AMG” minik markalı (ban: WDB 4632701X191300) avtomobilin üzəriinə həbs qoyulması, həmin nəqliyyat vasitəsinin istismardan çıxarılması və icra orqanının müəyyən etdiyi cərimə meydançasında saxlanılması, həmçinin, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin Cənub-Şərqi Bakı-Salyan-Lökbatan dairəvi yol ayırıcının qərbində “Binə” ticarət mərkəzində yerləşən 40kv.m sahəsi olan sıra 4 korpus 4-də yerləşən bir mərtəbəli 5T saylı mağazaya həbs qoyularaq cavabdehə və digər şəxslərə əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(003)- 1610/2021 saylı qərardadı ilə (hakim Emin Məmmədli) “Mercedes Benz G 55 AMG” minik markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı, (ban: WDB 4632701X191300) qara solğun rəngli avtomobilin və Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin Cənub-Şərqi Bakı-Salyan-Lökbatan dairəvi yol ayırıcının qərbində “Binə” ticarət mərkəzində yerləşən 40 kv.m sahəsi olan sıra 4 korpus 4-də yerləşən bir mərtəbəli 5T saylı mağazanın özgəninkiləşdirilməsinin Cavabdeh və digər şəxslərə qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçı, qeyd edilən qərardaddan şikayət verərək, ləğv edilməsini, ərizənin tam təmin olunmasını xahiş etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(003)-1610/2021 saylı qərardadı ilə şikayəti təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: İddiaçı şikayəti – qərardadın əsassız olması, prosessual hüquq normalarının pozulması ilə çıxarılması, sözügedən avtomobilin kredit borcunun təminatı olaraq banka girov qoyulması, cavabdeh və qeyriləri tərəfindən istismar olunmasının dəyərinin azalmasına səbəb ola biləcəyi və. s kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbələri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Qeyd edilməlidir ki, qərardad şikayət verənin mübahisələndirdiyi, yəni ərizənin təmin olunmadığı hissədə yoxlanılmışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Məhkəmə kollegiyası məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 157.1 və 157.2-ci maddələrinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. MPM-in 157.5 və 157.6-cı maddələrinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Göründüyü kimi, müvəqqəti təminat tədbiri, görülməsində məqsəd tərəflərin əvvəlki vəziyyətinin və ya mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından və mübahisənin daha da dərinləşməsinin qarşısını almaqdan ibarət olmaqla, gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Həmçinin, nəzərə alınmalıdır ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər («Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarı). Hazırda iddiaçı, cavabdehlə arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini və ondan kredit borcunun tutulmasını tələb edir. Eyni zamanda, müvəqqəti təminat tədbiri kimi işə baxılıb qurtaranadək ona məxsus nəqliyyat vastisənin və daşınmaz əmlakın üzərinə həbs qoyulmasını, həmin nəqliyyat vasitəsinin istismardan çıxarılmasını və icra orqanının müəyyən etdiyi cərimə meydançasında saxlanılmasını xahiş edir. Kollegiya hesab edir ki, tələb haqlı sayılacağı halda, qətnamənin real şəkildə icrasının təmin edilməsi üçün cavabdehə məxsus əmlakın (nəqliyyat vasitəsi və mağaza) özgəninkiləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağan olunması əsaslıdır və müvəqqəti təminat tədbirinin mahiyyətinə və məqsədinə uyğun gəlir. Çünki, qeyd olunan əmlaka sərəncam veriləcəyi təqdirdə, iş üzrə qəbul olunacaq qətnamənin icrası ya çətinləşəcək, ya da mümkünsüz olacaq. Kollegiya şikayətin dəlillərinə münasibətdə isə vurğulayır ki, mülki-prosessual qanunvericiliklə müvəqqəti təminat tədbirləri nəzərdə tutulsa da, belə tədbirin tətbiqinin zəruriliyi işin konkret hallarını nəzərə alınmaqla hakim tərəfindən müəyyən olunur. Bu zaman yalnız iddiaçının deyil, eyni zamanda digər şəxslərin də qanunla qorunan mənafeləri nəzərə almalıdır. Qanunverici, müvəqqəti təminat tədbiri ilə elə bir mexanizmi nəzərdə tutur ki, bu mexanizmə riayət edilməsi iddiaçının mənafeyini təmin etməklə yanaşı, eyni zamanda digər şəxslərin də mənafelərini əsassız pozmasın. Baxılan işdə cavabdehə məxsus sözügedən əmlakın özgəninkiləşdirilməsinə qadağa qoyulmalqa, mülkiyyətçinin onlar üzərində sərəncam vermək hüququ məhdudlaşdırıldığı halda, əlavə olaraq üzərlərinə həbs qoyulması, avtomobilin istismardan çıxarılaraq duracağa yerləşdirilməsi əmlakdan istifadə hüquqlarını da məhdudlaşdırır ki, bu da onun əmlakla bağlı mənafelərinin əsassız pozulması deməkdir. Nəzərə alınmalıdır ki, hüquqa müdaxilə müdafiə olunan maraqlar arasında ədalətli tarazılığa nail olunması baxımından mütənasib olmalıdır. Məhkəmə kollegiyası həmçinin sözügedən avtomobilin kreditin qaytarılması üçün banka girov qoyulması barədə şikayətin dəlilinə də hüquqi qiymət verərək qeyd edir ki, Mülki Məcəllənin 284.1-ci maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyan girov predmetindən onun təyinatına uyğun istifadə edə bilər, o cümlədən ondan bəhər və gəlir götürə bilər (Analoji norma “İpoteka haqqında” Qanunun 25.1 və 25.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur). Göründüyü kimi, girov (ipoteka) qoyulmuş əmlakdan təyinatına uyğun olaraq istifadə etmək girov qoyanın, yəni əmlakın mülkiyyətçisinin hüququ kimi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmaması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və X2 qarşı “müqavilənin ləğv edilməsi və kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(003)-1610/2021 saylı qərardadından iddiaçı verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(003)- 1610/2021 saylı qərardadı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-11543/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11543/2021
30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver