Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11551/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlu oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 sentyabr 2021-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçı Bankın nümayəndəsi X2, cavabdehin özünün və vəkili (nümayəndəsi) X1 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla (hazırki iş üzrə tərəf olmayan; mərhum) X4 arasında bağlanmış 23-Z1-4-0-1293-20 №-li, 02.12.2020-ci il tarixli “Kredit müqaviləsinin” ləğv edilməsini, həmin müqavilə üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcun ödənilməsi məqsədi ilə 42.000 manat, əsas borc məbləğinə hesablanmış faiz borcun ödənilməsi məqsədi ilə 4.588,33 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 2.408,33 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun borcalan Leyla Hacızadənin “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş iş üzrə Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Leyla Hacızadə, onunla iddiaçı Bank arasında bağlanmış 02.12.2020-cü il tarixli “Kredit müqaviləsinə” əsasən Bankdan, kreditdən istifadəyə görə illik 19% dərəcəsi ilə, 36 ay müddətinə 42.000 manat məbləğində kredit götürmüşdür. Leyla Hacızadə müqavilə üzrə Bank qarşısında üzərinə öhdəlik götürmüşdür ki, Banka olan borcunu, 36 ay müddəti ərzində, aybaay, hissə-hissə və müqavilənin tərkib hissəsi olan “Ödəniş qrafikinə” uyğun qaydada Banka ödəyəcək. İş üzrə Cavabdeh isə Banka müraciət edərək Leyla Hacızadənin qeyd edilən “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş və bununla bağlı olaraq 02.12.2020-ci il tarixdə üç tərəfli “Zaminlik müqaviləsi” bağlanmışdır. Leyla Hacızadə 27.12.2020-ci il tarixdə ölmüşdür. Belə olan halda, iş üzrə Cavabdeh, borclu Leyla Hacızadənin zamini olaraq Banka olan borclarını ödəməli idi. Lakin o, bunu etməmiş, zamin olaraq üzərinə götürdüyü öhdəliyi icra etməmiş, Banka olan borcu ödəməmişdir. Nəticədə, onun, Banka “Kredit müqaviləsi” üzrə 29.06.2021-ci il tarixə 42.000 manat məbləğində əsas borcu, 4.588,33 manat məbləğində faiz borcu yaranmışdır. Ödənişin gecikdirilməsinə görə Bank tərəfindən Cavabdeh, “Kredit müqaviləsinin” şərtinə əsasən cərimə tətbiq edilmişdir ki, bu cərimənin məbləği 2.408,33 manat təşkil edir. Bank tərəfindən Cavabdeh edilmiş xəbərdarlıqlara baxmayaraq borc ödənilməmiş qalmışdır. Bu səbəbdən, Bank, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Bank hesab edir ki, yuxarıda qeyd edilən “Kredit müqaviləsi” ləğv edilməli və qeyd edilən məbləğlər Cavabdeh onun xeyrinə tutulmalıdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 13.09.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, 02.12.2020-ci il tarixli “Kredit müqaviləsinin” ləğv edilməsini, həmin müqavilə üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcun ödənilməsi məqsədi ilə 42.000 manat, əsas borc məbləğinə hesablanmış faiz borcun ödənilməsi məqsədi ilə 576,23 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 420 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun Cavabdeh iddiaçı Bankın xeyrinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, mərhum borclu Leyla Hacızadənin vərəsələri var. Onun ölümündən sonra, onun əmlakı miras qalmışdır. Belə olan halda Banka olan borcu da, mərhumun vərəsələri ödəməlidir. Cavabdeh özü və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin məzmununa uyğun izahat verdilər. Cavabdeh əlavə olaraq bildirdi ki, borcalan Leyla Hacızadə ona kreditin məbləği barədə yanlış məlumat vermiş, ona bildirmişdir ki, Bankdan 5.000 manat məbləğində kredit götürür. O da məbləğ az olduğuna görə razılaşmış və “Zaminlik müqaviləsini” imzalamışdır. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbinin bir qismi təmin edilməsə də iddiaçı Bank Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayətini cavabdeh vermişdir. O, apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, o, Bank ilə Leyla Hacızadə arasında bağlanmış 02.12.2020-ci il tarixli “Kredit müqaviləsinin” ləğv edilməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirmir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, Məhkəmə, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Hazırki iş üzrə apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, (mərhum) Leyla Hacızadə ilə iddiaçı Bank arasında bağlanmış 02.12.2020cü il tarixli “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, Leyla Hacızadə həmin müqaviləyə əsasən, kreditdən istifadəyə görə illik 19% dərəcəsi ilə, 36 ay müddətinə 42.000 manat məbləğində pulu Bankdan borc götürmüşdür. Leyla Hacızadə müqavilə üzrə Bank qarşısında üzərinə öhdəlik götürmüşdür ki, Banka olan borcunu, 36 ay müddətində, aybaay, hissə-hissə və müqavilənin tərkib hissəsi olan “Ödəniş qrafikinə” uyğun qaydada Banka ödəyəcək. Leyla Hacızadə, Cavabdeh və iddiaçı Bank arasında 02.12.2020-cü il tarixdə bağlanmış “Kredit müqaviləsindən” görünür ki, Cavabdeh Banka müraciət edərək Leyla Hacızadənin qeyd edilən “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş, Leyla Hacızadə ilə eyni qaydada və həcmdə mülki məsuliyyət daşıması barədə üzərinə öhdəlik götürmüşdür. Bakı Şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən 08.01.2021-ci il tarixdə verilmiş AZ-İİ sariyalı, 154380 saylı “Ölüm haqqında şəhadətnamədən” görünür ki, Leyla Hacızadə 27.12.2020-ci il tarixdə ölmüşdür. Bank tərəfindən təqdim edilmiş hesablamalardan görünür ki, “Kredit müqaviləsi” üzrə 29.06.2021-ci il tarixə 42.000 manat məbləğində əsas borcu, 4.588,33 manat məbləğində faiz borcu yaranmışdır. Ödənişin gecikdirilməsinə görə Bank tərəfindən “Kredit müqaviləsinin” şərtinə əsasən 2.408,33 manat məbləğində cərimə borcu hesablanmşdır. “Ödəniş qəbzindən” görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Apellyasiya şikayətinin dəlilləri və cavabdehin izahatında bildirdiklərinə münasibətdə Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd edilən Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Eyni Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Cavabdeh hesab edir ki, borcun ödənilməsi ilk olaraq mərhum borclunun vərəsələrindən tələb olunmalıdır. Bununla bağlı Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsinin qanunvericiliyin tələblərinin pozulması ilə bağlanması müəyyən olunmur. Həmin müqavilə Cavabdeh tərəfindən imzalanmış, borclunun öhdəliklərinin icra edilməsinin təminatı olaraq kreditor olan Bank qarşısında borcun ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məcəllənin 472.2-ci maddəsinə görə, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məcəllənin 1306.1-ci maddəsinə görə, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məcəllənin 1306.2-ci maddəsinə görə, əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04.06.2018-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu izah etmişdir ki, zaminlik müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Mülki Məcəllənin 477-ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir. Bu həm də ondan irəli gəlir ki, zaminlik müqaviləsi ilə zamin kreditor qarşısında əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riskini öz üzərinə götürür və bu riskin reallaşacağı təqdirdə kreditora mənafeyini təmin edəcəyinə dair zəmanət verir. Yəni borclunun ölümü səbəbindən əsas öhdəliyin icra edilməməsi də zaminin təminat verdiyi risklər dairəsinə daxildir. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də, məsuliyyət daşıyırlar. Plenum izah etmişdir ki, borclunun ölümündən sonra faizlərin hesablanmasının davam etməsi və ya dayandırılması, yəni güzəştlərin tətbiqi məsələsi bankdaxili qaydalara uyğun olaraq müəyyənləşdirilə bilər. Lakin o da nəzərə alınmalıdır ki, mülki hüququn mühüm prinsiplərindən biri də vicdanlılıq prinsipidir. Mülki Məcəllənin 5.3cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Yəni kreditorlar borclu öldüyü halda faizlərin hesablanmasının davam edib-etməməsi məsələsinə baxarkən vicdanlılıq prinsipindən çıxış etməli, miras qalmış əmlakın həcmi, vərəsələrin maddi durumu və s. kimi halları nəzərə almalıdırlar. Dəbbə puluna görə zamin və vərəsələrin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Öhdəliyin icrasının təmini üsulu, eləcə də öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə məsuliyyət növü olaraq dəbbə pulunun borclunun ölümündən sonra müqavilənin icrasını davam etdirəcək zamin və vərəsələrə münasibətdə də tətbiqi mümkündür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, borclu öldüyü halda isə vərəsə və ya zaminin təqsiri olduğu təqdirdə tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində vərəsələr və ya zaminin təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərhinin müzakirə edilən mülki mübahisənin həllinə və apellyasiya şikayətinin dəlilinə tətbiq nəticəsində müəyyən edilir ki, Cavabdeh “Zaminlik müqaviləsi” üzrə Bank qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur və o, öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Apellyasiya şikayətinin dəlili əsassızdır. Yuxarıda artıq qeyd edildiyi kimi, Bank tərəfindən təqdim edilmiş hesablamalardan görünür ki, “Kredit müqaviləsi” üzrə 29.06.2021-ci il tarixə 42.000 manat məbləğində əsas borcu, 4.588,33 manat məbləğində faiz borcu yaranmışdır. Ödənişin gecikdirilməsinə görə Bank tərəfindən “Kredit müqaviləsinin” şərtinə əsasən 2.408,33 manat məbləğində cərimə borcu hesablanmşdır. Bank hesab edir ki, həmin borc zamin olan Cavabdeh onun xeyrinə tutulmalıdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 13.09.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, 02.12.2020-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcun ödənilməsi məqsədi ilə 42.000 manat, əsas borc məbləğinə hesablanmış faiz borcun ödənilməsi məqsədi ilə 576,23 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 420 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun Cavabdeh iddiaçı Bankın xeyrinə tutulmasını qət etmişdir. Cavabdeh qeyd edilən məbləğlərin əsaslı olmamasını iddia etmir. Apellyasiya baxışının nəticələri ilə də, həmin məbləğləri şübhə altına ala biləcək hallar müəyyən edilməmişdir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsi hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Apellyasiya şikayətinə münasibətdə qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 sentyabr 2021-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11551/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11551/2021
10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver