Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1156/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı LPO “xxxx” ASC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(005)-144/2020 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12788 ABŞ dolları icra edilməmiş əsas borc, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 1793 ABŞ dolları, müqavilə müddətinə 3432 ABŞ dolları faiz borcu, müqavilə üzrə yaranmış cərimə 6224 ABŞ dolları, ümumilikdə 24237 ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19.08.2010-cu il tarixli, 358 saylı plastik kart müqaviləsinə əsasən cavabdehə 72 ay müddətinə, illik faiz dərəcəsi 20% ödənilmək şərtilə 30000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 2.1-ci maddəsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun banka ödənilməmiş pul borcu 12788 ABŞ dolları icra edilməmiş əsas borcu, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 1793 ABŞ dolları, müqavilə müddətinə 3432 ABŞ dolları faiz borcu, müqavilə üzrə yaranmış cərimə 6224 ABŞ dolları, ümumilkdə 24237 ABŞ dolları qəpik təşkil edir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(005)-144/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 9877,03 ABŞ dolları əsas borc, müqavilə müddətinə hesablanmış 1344 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 1793 ABŞ dolları və 1000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 14014,03 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü manata məzənnə ilə manatla iddiaçı LPO “xxxx” ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılır ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 19.08.2010-cu il tarixli, 358 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 20 % hesablanmaqla, 72 ay müddətinə 30.000 manat məbləğində kredit verilmişdir. Qeyd edilən hallar birinci instansiya məhkəməsində tam sübuta yetirilsə də, məhkəmə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, məhkəmə-mühasibatlıq ekspertizasının 03.04.2020-ci il tarixli ekspert rəyinə əsasən, Cavabdeh kredit müqaviləsinin müddəti bitdikdən sonra banka qalan borcu 9877,03 ABŞ dolları əsas və 1344,37 ABŞ dolları faiz məbləği kimi müəyyən edilmişdir, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına (MM 445.7-ci maddəsinə uyğun olaraq) əsasən 1350,84 ABŞ dolları faiz məbləğin hesablanmışdır. Lakin ekspert qarşısında cavabdehin kredit müqaviləsi üzrə cərimə borcunun hesablanması isə sual kimi qoyulduğu halda, ekspert ödənişləri yalnızca əsas və faiz borcu üzrə silinmə edərək hesablamış və cərimə borcu hesablanmamışdır. Ekspert rəyində cərimə borcu ilə bağlı heç bir məlumat yoxdur. Belə ki, 1661 nömrəli 03.04.2020-ci il tarixli ekspert rəyi üzrə ekspert tərəfindən təhqiqatın hansı metodlarla aparılması, ekspertizanın rəyinin düzgün olub-olmaması müəyyən edilməmişdir, ekspertiza keçirilən zaman kredit müqaviləsinin 2.5-ci bəndində nəzərdə tutulan cərimələri hesablanmamışdır. Tərəflər arasında bağlanan 19.08.2010-cu il tarixli, 358 saylı kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən, Borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (əlavə 1) uyğun olaraq həyata keçirilir. Borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (əlavə 1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə, hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 36% cərimə faizi ödəyir. İddiaçı hesab edir ki, kredit müqaviləsinin bu bəndini ekspertizalar şöbəsinin eksperti nəzərə almayaraq, yanlış nəticəyə gəlmişdir, əgər kredit müqaviləsinin cərimələrlə bağlı bəndi nəzərə alınsaydı, silinmələr yalnızca əsas və faiz məbləğdən silinməyəcək və həmin məbləğlərdə azalma olmayacaqdı. İddiaçı ekspert rəyindən narazı olduğu üçün iş üzrə təkrar ekspertiza təyin edilməsi barədə onun tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Bununla da, birinci instansiya məhkəməsi işin hərtərəfli və obyektiv araşdırılmasına şərait yaratmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçı hesab edir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 144/2020 saylı iş üzrə 17 sentyabr 2020-ci il tarixli iddia tələblərinin qismən təmin edilməsi barədə qətnaməsinin nəticə hissəsində kredit borcu səhvdir və bu səbəbdən kredit üzrə borcun düzgün hesablanması məqsədi ilə (Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 5% faiz borcu nəzərə alınmaqla) iş üzrə təkrar ekspertiza keçirilməlidir və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, iddiaçının iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apelyasiya şikayəti onunla əsaslandırılır ki, tərəflərin məhkəmə iclasında iştirakını təmin etmək məhkəmənin vəzifəsidir. Lakin məhkəmə nədənsə cavabdehin iştirakını təmin etməmiş və iddiaçının tələblərini tam həcmdə təmin etmişdir. Halbuki, iş materiallarından da görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman iddia müddətini ötürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə hesablanmış borcun tələbi ilə bağlı iddia ərizəsini qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddətinin ötürülməsi ilə verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı LPO “xxxx” ASC-nin nümayəndəsi X4 cavabdeh tərəfin apellyasiya şikayətini qəbul etmədi, öz apellyasiya şikayətlərini müdafiə edərək, iddia tələbinə uyğun məzmunda izahat verərək, iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X5 qarşı tərəfin apellyasiya şikayətini qəbul etmədi, öz apellyasiya şikayətlərini müdafiə edərək, iddia müddətinin tətbiq olunmaqla, iddianın rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ona göndərildiyi və çatdırıldığı barədə iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi onun iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir. İş materiallarından isə cavabdehin birinci instansiya məhkəməsində keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumatlandırılmadan işə baxılmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlili olmaqla yanaşı, şikayətin digər dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Kollegiya apellyasiya şikayətlərinin digər dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Belə ki, iş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19.08.2010-cu il tarixli, 358 saylı plastik kart müqaviləsinə əsasən cavabdehə 72 ay müddətinə, illik faiz dərəcəsi 20% ödənilmək şərtilə 30000 manat məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarında olan 07.06.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh ödənilməmiş əsas borcu 21.05.2019-cu il tarixə 12788 ABŞ dolları, ödənilməmiş faiz borcu 3432 ABŞ dolları, cərimə borcu 6224 ABŞ dolları, 5%-lə hesablanmış borc 1793 ABŞ dolları, cəmi borc məbləği 24237 ABŞ dolları təşkil edir. İş materiallarında olan 08.01.2018-ci il tarixli xəbərdarlıqdan görünür ki, “xxxx” ASC-i borclu Cavabdeh borc məbləğini 5 gün ərzində könüllü şəkildə ödəməyi tələb etmiş, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə onun məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi bildirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 03.04.2020-ci il tarixli, 1661 saylı rəyinə əsasən Cavabdeh “xxxx” ASC-yə borcu aşağıdakı kimidir: 19.08.2016-cı il tarixə (müqavilə müddətinin sonuna) 11211,40 ABŞ dolları, əsas borcüzrə 9877,03 ABŞ dolları, faiz borcu 1344,37 ABŞ dolları, 21.05.2019-cu il tarixə (iddia tarixinə) 12582,24 ABŞ dolları, əsas borc üzrə 9877,03 ABŞ dolları, faiz borcu üzrə 1344,37 ABŞ dolları, illik 5% borcu üzrə 1360,84 ABŞ dolları. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqaviləəsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq kollegiya hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, müqavilə şərtlərini pozulduğundan, iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfin dəlilinə münasibətdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2021ci il tarixli, 9/1527 saylı ekspert rəyinə əsasən 19 avqust 2010-cu il tarixli, PK 358 saylı plastik kart üzrə kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə, Cavabdeh 19.08.2016-cı il tarixə (müqavilə müddətinin sonuna) əsas borc üzrə 9877,03 ABŞ dolları, faiz borcu 1344,37 ABŞ dolları, 21.05.2019-cu il tarixə (iddia tarixinə) əsas borc üzrə 9877,03 ABŞ dolları, faiz borcu üzrə 1344,37 ABŞ dolları, illik 5% borcu üzrə 1360,84 ABŞ dolları təşkil edir. Hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında hazırlanmış 19 avqust 2010-cu il tarixli, PK 358 saylı plastik kart kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə ayrıca hesabdan çıxarış) olmadığı üçün sualda soruşulan tarixlərə Cavabdeh cərimə borcu hesablanmadı. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, iş üzrə təqdim olunmuş mötəbər dəlil olan eskpertiza rəyi əsas götürülməklə, Cavabdeh 9877,03 ABŞ dolları əsas borc, müqavilə müddətinə hesablanmış 1344 ABŞ dolları faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. MM-nin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Bu baxımdan kollegiya hesab edir ki, tənasübsüz surətdə yüksək olan 6224 ABŞ dolları cərimə borcu azaldılaraq, cavabdehdən 493,8 manat cərimə tutulmalıdır. Kollegiya kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz məbləğ ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.12.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin, icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikcə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. MM-nin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Kollegiya hesab edir ki, ekspert rəyinə əsasən müqavilə müddəti bitdikdən sonra əsas borca hesablanmış illik 5%-lə 1360,84 ABŞ dolları cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7 maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarında Plenum belə nəticəyə gəlmişdir: 1.Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. 2.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Göründüyü kimi, müqavilə üzrə öhdəliyin icra müddəti 19 avqust 2016-cı il tarixdə bitmişdir. İddiaçı tərəf Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən 3 illik iddia müddətini ötürmədən, yəni 08.07.2019-cu ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də, iddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfin ərizəsi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya qeyd edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasib olan 16 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatı dəyəri olan 245 manatın 132 manatı cavabdehdən, 113 manatı iddiaçıdan alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(005)-144/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 9877,03 (doqquz min səkkiz yüz yetmiş yeddi ABŞ dolları üç sent) ABŞ dolları əsas borc, müqavilə müddətinə hesablanmış 1344 (bir min üç yüz qırx dörd) ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 1360,84 (bir min üç yüz altmış ABŞ dolları səksən dörd sent) ABŞ dolları və 493,8 (dörd yüz doxsan üç ABŞ dolları səksən sent) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13075,67 (on üç min yetmiş beş ABŞ dolları altmış yeddi sent) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü manata məzənnə ilə manatla və iş üzrə ödənilmiş 16 (on altı) manat dövlət rüsumu tutularaq, iddiaçı LPO “xxxx” ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatı dəyəri olan 245 (iki yüz qırx beş) manatın 132 (yüz otuz iki) manatı Cavabdeh, 113 (yüz on üç) manatı iddiaçı LPO “xxxx” ASC-dən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Emin Mehdiyev
Şərafət Məmmədova