Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11586/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı X7 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh2, onun və Cavabdeh1 vəkili X2 iştirakları ilə İddiaçı X7 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2783/2021 saylı, 10 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı X7 İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə müraciət edərək, 25889.33 manat əsas, 3827.42 manat faiz, 17119.07 manat cərimə, 6994.80 manat AR Konstitusiya Məhkəməsinin 24.12.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Mərdəkan qəsəbəsi, Telman küçəsi. 0.01298 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71.6 kv.m yaşayış, 30.3 kv.m köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin fərdi vaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdə və fərdi yaşayış evi satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılaraq X7 İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanmış 07.08.2013-cü il tarixli 181 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 42500 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14.10.2009-cu il tarixli MA seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Mərdəkan qəsəbəsi, Telman küçəsi, 0.01298 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71-6 kv.m yaşayış, 30.3 kv.m köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evinin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh2 arasında 07 avqust 2013-cü il tarixli 81 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 16.08.2013-cü il tarixli RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, 2-40/31-15 saylı 21.01.2015-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 30.12.2020-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 53,830.62 (əlli üç min səkkiz yüz otuz manat, 62 qəpik) manat təşkil edir. Bundan 25,889.33 (iyirmi beş min səkkiz yüz səksən doqquz manat, 33 qəpik) manat əsas, 3,827.42 (üç min səkkiz yüz iyirmi yeddi manat, 42 qəpik) manat faiz, 17,119.07 (on yeddi min yüz on doqquz manat, 7 qəpik) manat cərimə, və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 6,994.80 (altı min doqquz yüz doxsan dörd manat, 80 qəpik) manat faiz borcu təşkil edir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2783/2021 saylı, 10 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə iddia müddətinin axımı mülki iş üzrə sənədlərin əsillərinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən götürüldüyü tarixdən, yəni 13 sentyabr 2019-cu ildən hesablanmalı və nəzərə alınmalıdır ki, ilk dəfə iddia ərizəsi verilərkən kredit müqaviləsi öhdəliklərin icra müddəti bitməmiş və 3 (üç) illik iddia müddətinin axımı iş məhkəmənin icraatında olduğu üçün iddia müddətinin axımı kəsilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən, “Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir”. Cavabdehlərin iddia müddətinin tətbiqinə dair ərizəsinə etirazda qeyd edilənlərə məhkəmə münasibət bildirməmişdir. Belə ki, 2(001)-1694/2017 saylı iş üzrə sonuncu iclas haqqında bildiriş və baxılmamış saxlama haqqında 19 iyul 2017-ci il tarixli qərardad Banka göndərilməmişdir və göndərilməsini sübut edən hər hansı məhkəmə qəbzi və ya poçt xəbərnaməsi mövcud deyildir. Bu barədə işə baxan məhkəməyə Binəqədi Rayon Məhkəməsinə sorğu ünvanlayaraq etirazda qeyd edilənləri araşdırılmalı olduğunu məhkəmə iclasında məhkəmənin nəzərinə nümayəndə vasitəsilə çatdırılmışdır. Məhkəmə isə ümumiyyətlə “cavabdehlərin iddia müddətinin tətbiqinə dair ərizəsinə” etiraza münasibət bildirməyərək qətnaməni əsaslandırmadan işin faktiki hallarınını aydınlaşdırmadan qərar qəbul etmişdir. Belə ki, tərəflər arasında kredit müqaviləsi 07.08.2013-cü il tarixdə bağlanmışdır. Həmin kredit müqaviləsinin icra müddətinin sonuncu günü 07.08.2015-ci il tarix müəyyən edilmişdir. Lakin, Cavabdeh1 müqavilə üzrə ödənişləri vaxtı vaxtında ödəmədiyi səbəbindən iddiaçı "xxxx" ASC kredit müqaviləsinin icra müddəti bitməmiş yəni, 19 fevral 2015ci il tarixdə cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı 19 fevral 2015-ci il tarixli 2-14/659 nömrəli iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən iddia ərizəsi icraata götürülmüş və 28.04.2015-ci il tarixli 2(001)-4250/2015 nömrəli qərardadla iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Bundan sonra ərizəçi Azərbaycan Respublikası Mərkəzi Bankı 04.02.2016-cı il tarixdə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə İddiaçı ASC-nin iflas prosedurunun başlanmasına dair ərizə ilə müraciət edərək, Bankın müflis elan edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.02.2016-cı il tarixli, İş № 2-1(81)-1541/2016 saylı qərarı ilə İddiaçı ASC-nin müflis elan edilməklə, iflas prosesinə başlanılması, "xxxx" MMC-nin banka ləğvedici təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 13.04.2016-cı il tarixli, İş № 2-1(81)-1541/2016 saylı qərardadı ilə ləğvedici dəyişdirilmiş və Əmanətlərin Sığortalanması Fondu X7 İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Bank məhkəmə qərarına əsasən ləğv edildikdən sonra bankın sabiq rəhbərliyi tərəfindən əvvəlki ləğvedici "xxxx" MMC arasında bankda mövcud olan sənədlər, aktivlər və passivlər heç bir təhvil-təslim aktı bağlanmadan təhvil verilmişdir. "xxxx" MMC təxminən bir ay müddətində bankın ləğvedicisi kimi fəaliyyət göstərdikdən sonra ləğvedicisi dəyişdirilərək Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. "xxxx" MMC bankın sabiq rəhbərliyindən aktiv və passivləri rəsmi qaydada təhvil almadığından Əmanətlərin Sığortalanması Fonduna rəsmi qaydada bankın heç bir aktiv və passivini, məhkəmə reyestrini təhvil verməmişdir. Buna görə də Əmanətlərin Sığortalanması Fondu ləğvedici kimi öz fəaliyyətini təşkil etməkdə uzun müddət çətinliklərlə üzləşmişdir. Belə çətinliklər bu gün də müəyyən sənədlərin əslinin və məhkəməyə verilmiş işlərin tapılaraq aşkar edilməməsində özünü göstərməkdədir. Aradan uzun müddət keçməsinə baxmayaraq iş üzrə icraatın təzələnməsi barədə məlumat banka daxil olmamışdır. Sonradan müəyyən edilmişdir ki, məhkəmə tərəfindən 2017-ci ildə icraat təzələnmiş və 19.07.2017-ci il tarixə iclas təyin edilmişdir. Məhkəmə tərəfindən məhkəmə baxışının vaxtı barədə iddiaçıya bildiriş göndərilməmiş, belə bir bildirişin məzmunu barədə məlumat verilməmişdir. Haqqında danışılan prosesin keçirilməsi zamanı məlumatın olmamasının nəticəsi olaraq, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair iddiası 2(001)-1694/2017 saylı qərardadla baxılmamış saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyul 2017-ci il tarixli, 2(001)- 1694/2017 saylı qərardad barədə yalnız, 2019-cu ildə bankın əməkdaşı tərəfindən məhkəmədən şifahi məlumat əsasında öyrənilmişdir. Daha sonra, X7 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 08.07.2019-cu il tarixli **********860 nömrəli ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə sənədlərin əsillərini geri istəmişdir. Sözügedən ərizə əsasında 13 sentyabr 2019-cu il tarixdə məhkəmə qəbzinə imza edərək sənədlərin əsilləri bankın nümayəndəsi tərəfindən götürülmüşdür. İlk dəfə iddiaçı "xxxx" ASC 19 fevral 2015-ci il tarixdə məhkəməyə müraciət etdiyi zaman kredit müqaviləsi üzrə öhdəliyin bitməsinə 6 ay qalmış iddia qaldırılmışdır. 2015-ci ilin fevral ayından 2017-ci il iyul ayına kimi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş, 19 iyul 2017-ci il tarixdə mülki iş baxılmamış saxlanılsa belə, həmin qərardad barədə məlumatları 2019-cu ildə olmuş və sənədlərin əsilləri ərizə əsasında 13 sentyabr 2019-cu il tarixdə məhkəmədən götürülmüşdür. Yuxarıda qeyd olunanlara əsasən kredit müqaviləsi üzrə iddia müddətinin axımı mülki iş üzrə sənədlərin əsillərinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən götürüldüyü tarixdən, yəni 13 sentyabr 2019-cu ildən hesablanmalı və nəzərə alınmalıdır ki, ilk dəfə iddia ərizəsi verilərkən kredit müqaviləsi öhdəliklərin icra müddəti bitməmiş və 3 (üç) illik iddia müddətinin axımı iş məhkəmənin icraatında olduğu üçün iddia müddətinin axımı kəsilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində yalnız kredit müqaviləsi üzrə kredit qalığının ödənilmə vaxtını əsas götürərək, iş üçün əhəmiyyətli halları sübut etməmişdir. Belə ki, Bankın ləğv prosesinə başlandığından 2(001)-1694/2017 saylı işdə olduğu kimi iddiaçı olaraq "xxxx" ASC çıxış edə bilməyəcəyindən Əmanətlərin Sığortalanması Fondu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək 08.07.2019cu il tarixli **********860 nömrəli ərizə ilə sənədləri geri istəmiş və 13 sentyabr 2019-cu il tarixdə məhkəmə qəbzinə imza edərək sənədlərin əsilləri geri götürülərək Əmanətlərin Sığortalanması Fondunun adından hazırki **********429 saylı iddia ilə 11.03.2021 -ci i l tarixdə (13.09.2019-cu il tarixdən 3 il ərzində) müraciət etmişdir. Belə ki, ilkin iddia ərizəsində iddiaçı qismində "xxxx" ASC göstərilmiş və iddia onun adından verilmişdir. Lakin, "xxxx" ASC ləğv edilməsi ilə əlaqədar müvafiq qərar qəbul edilmiş olduğundan və Əmanətlərin Sığortalanması Fondu onun ləğvedicisi təyin edildiyindən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq mülki-prosessual fəaliyyət qabiliyyətini itirmiş X7 "xxxx" ASC mülki icraatda prosessual subyekt, yəni iddiaçı qismində çıxış edə bilməz. Yuxarıda göstərilən əsaslara görə X7 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddiaçı qismində işə cəlb edilmədiyindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyul 2017-ci il tarixli, 2(001)-1694/2017 saylı qərardadını mübahisələndirə bilməmişdir. Ona görə də sənədlərin geri götürülərək yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əmanətlərin Sığortalanması Fondu mülki işin mahiyyətindən 13 sentyabr 2019-cu il tarixdə sənədləri aldıqdan sonra xəbərdar olduğundan iddia müddəti həmin andan hesablanmalıdır. Şəxs bir qayda olaraq hüquq pozuntusunun baş verdiyi vaxtdan öz hüququnun pozulmasını bilir və yaxud bilməlidir. Bu səbəbdən Mülki Məcəllənin 373-cü maddəsində müəyyən edilən müddətlərin başlanğıcı işdə iştirak etməyə cəlb olunmayan məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin (Əmanətlərin Sığortalanması Fondu) öz hüquqlarının pozulmasını bildiyi və yaxud bilməli olduğu gün ilə (13 sentyabr 2019) əlaqələndirilməlidir. Əks təqdirdə Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun pozulması deməkdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X7 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək əlavə olaraq bildirdi ki, ilk dəfə hazırki iddia tələbi ilə 2015-ci il tarixdə məhkəməyə müraciət edilmiş, lakin sonradan bankın ləğv prosesinə başlanılmış və həmin iddia tələbindən məlumatları olmamışdır, sonradan isə iddianın baxılmamış saxlanılması müəyyən edilmişdir ki, iddia müddətinin axımı da həmin vaxtdan hesablanmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili X4 apellyasiya şikayətinə etiraz edərək, əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müddəti 5 ildən çox müddətə ötürmüşdür. Həmçinin bankın ləğvedicisi 2016-cı il tarixdə təyin edilmişdir ki, həmin müddətdən hesablandığı halda da iddia müddəti ötürülmüşdür. Hesab edir ki, apellyasiya şikayəti rədd edilməlidir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəməyə gəlməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan, X7 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 07 avqust 2013- cü il tarixli kredit müqaviləsindən görünür ki, bank cavabdehə 24 ay müddətinə aylıq 19 faiz ödəmək şərti ilə 42500 manat məbləğində kredit vermişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı X7 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 07 avqust 2013-cü il tarixli kredit müqaviləsi bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. İş materiallarına əlavə edilmiş 07 avqust 2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Mərdəkan qəsəbəsi, Telman küçəsi. 0.01298 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71.6 kv.m yaşayış, 30.3 kv.m köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evi borcun təminatı olaraq X7 İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında girov qoyulmuşdur. İş materiallarına əlavə edilmiş 08.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 07 avqust 2013-cü il tarixli 181 saylı kredit müqaviləsi üzrə X7 İddiaçı Açıq Səhmdar Cəmiyyətina 25889.33 manat məbləğində əsas borc, 3827.42 manat məbləğində faiz borcu, 17119.07 manat cərimə borcu, gecikdirilmiş günlər üçün hesablanmış 6994.80 manat faiz məbləği borcu vardır. Birinci instansiya məhkəməsi baxışı zamanı cavabdeh tərəf iddia tələbinə etiraz edərək, iş üzrə iddia müddətinin ötürüldüyünü bildirmiş, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bununla belə, işin müəyyən olunmuş hallarına əsasən, bankla Cavabdeh1 arasında bağlanmış 07 avqust 2013-cü il tarixli kredit müqaviləsində kreditin 24 ay müddətinə verildiyi razılaşdırılmışdır. İddiaçının iddia tələbi məhz qeyd olunan müqaviləyə istinadla irəli sürülmüş, birinci instansiya məhkəməsi isə həmin tələbi təmin etmədiyi zaman göstərilən müqavilədən yaranan tələblər üzrə iddia müddətinin keçmiş olmasına əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır; belə ki, Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; bu isə o deməkdir ki, Cavabdeh1 ilə bank arasında 07 avqust 2013-cü il tarixdə bağlanmış müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət 07 avqust 2015-ci il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır və cavabdeh iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, 07 avqust 2013-cü il tarixdə bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və həmin müqavilə üzrə iddia müddətinin axımı kredit müqaviləsinin müddətinin bitdiyi 07 avqust 2015-ci il tarixdən hesablanmalıdır. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı ilk dəfə 19 fevral 2015-ci il tarixdə iddia ilə məhkəməyə müraciət etmiş olsa belə, həmin iddia tələbi Binəqədi rayon Məhkəməsinin 19 iyul 2017-ci il tarixdə baxılmamış saxlanılmış və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381-ci maddəsinə əsasən iddia müddətinin axımı ümumi qaydada davam etmişdir, lakin iddiaçının da qeyd etdiyi kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti 10 fevral 2016-cı il tarixdə müflis elan edilmiş və ləğvedici təyin edilmişdir ki, ləğvedicinin sonradan dəyişməsi eləcə də baxılmamış saxlanılma barədə qərardadın gec əldə edilməsi iddia müddətinin ötürülməməsi anlamına gəlmir, çünki yuxarıda qeyd edildiyi kimi bank müflis elan edildikdən sonra ləğvedici təyin edilmiş və həmin mərhələdə iddia tələbi baxılmamış saxlanılma barədə qərardad qəbul edilməmişdi, iddia tələbinin baxılmamış saxlanılması barədə qərardad 19 iyul 2017-ci il tarixdə qəbul edilmişdir və həmin tarixdən sonra qərardadın gec əldə edilməsi və ləğvedici təyin edilsə də, məhkəməyə yeni iddia ilə müraciət etməməsi məhz ləğvedicinin risklərinə daxil olmuşdur. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.2-ci maddəsinə gürə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə gürə ləğv edilə bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2783/2021 saylı, 10 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-11586/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11586/2021
15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver