Məhkəmə qərarları › İş №2(103)-1160/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1160/2024

19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1160/2024 19.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-2863/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2019-cu il tarixində Cavabdeh iddiaçı X1 maşın bazarında alqı-satqı aparmaq məqsədi ilə 26.000 manat məbləğində borc almış, pulun verilməsi tərəflər arasında yazılı formada rəsmiləşdirilmişdir. İltizamda bu borca heç bir faiz hesablanmaması və borcun 2020-ci il iyun ayınadək qaytarılması öhdəliyi nəzərdə tutulmuşdur.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 17.000 manat borcun və ödədiyi 141 manat dövlət rüsumunun tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun tanışıdır. Cavabdeh onun etibarını qazanmışdır. Ona görə də maşın bazarında alqı-satqı aparmaq məqsədilə 26.000 manat pul borc vermişdir. Cavabdeh təxminən bir il əvvəl 9.000 manat pulu ona geri qaytarsa da, qalan 17.000 manat pulu hələ də qaytarmamışdır. Ona görə də məkhəməyə müraciət etməyə məcbur olmuşdur.

4. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 2863/2023 nömrəli qətnaməsi ilə (hakim F.F.Mirzəyeva) iddia qismən təmin edilmiş, Cavabdeh 2.000 manat borc və ödədiyi 40 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq müqavilə üzrə borcunu tələb etməkdə haqlı olmuşdur.

6. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Tərəflər arasında olan münasibətlər “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən əvvəl yarandıqdan, həmin münasibətlərə müqavilə bağlandığı dövrdə qüvvədə olan müddəalar tətbiq edilir.

7. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2019-cu il tarixində iltizam imzalanmışdır. Öz hüquqi mahiyyətinə görə bu iltizam – yazılı formada bağlanmış borc müqaviləsidir. İltizamdan görünür ki, Cavabdeh X1 maşın bazarında alqı-satqı aparmaq məqsədi ilə 26.000 manat pul borc almışdır. Bu borca heç bir faiz hesablanmır və Cavabdeh 1 il müddətində, yəni 2020-ci il iyun ayınadək qaytarmaq öhdəliyi götürür. Sənədə əsasən, Cavabdeh pul verilmişdir. Tərəflər arasında olan müqaviləyə (iltizama) əsasən müəyyən öhdəliklər yaranmışdır. İddiaçı üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməmişdir. Borcalan Cavabdeh üzərinə düşən öhdəliyi pozmuş, onu lazımınca icra etməmiş, İddiaçı qaytarmalı olan borcu tam ödəməmiş və bununla da, o, iddiaçıdan alınan pulu iltizama əsasən təyin edilmiş müddət ərzində qaytarmamaqla öhdəliklərini yerinə yetirməmişdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Lakin borc müqaviləsi üzrə iddiaçı 17000 manat tələb etsə də, cavabdeh tərəf bunu qəbul etməyərək tələbin bu hissəsinin sübutu kimi borc məbləğinin iddiaçıya qaytarılmasını təsdiq edən video yazısını təqdim etmişdir. Video görüntülərdən məlum olur ki, 15.000 manat pul iddiaçıya qaytarılmışdır. Həmçinin, cavabdeh həmin videonu 2019-cu ilin sentyabr ayında yazılmasını bildirən zaman, iddiaçı tərəf həmin müddəti mübahisələndirməmişdir. Bununla da, məhkəmə hesab etmişdir ki, cavabdeh 1 iyul 2019-cu il tarixli iltizama əsasən verilən pul məbləğindən 15.000 manatı həmin ilin sentyabr ayında iddiaçıya geri qaytarmışdır. Nəzərə alaraq ki, iddia edilmiş 17.000 manatdan 15.000 manat iddiaçıya qaytarılmışdır, borc müqaviləsi üzrə ödənilməmiş 2000 manat qalmaqdadır. Ona görə də, cavabdeh 2.000 manat məbləğində qalan borcu iddiaçıya ödəməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1, 7.2, 7.3, 329.1, 329.2, 331.1, 385.1, 386.1, 389.1, 425.1, 425.2, 442, 443.1, 443.7, 448.1, 739.1, 739.2, 740.1, 740.2, 742.1, 742.2-ci maddələrinə, eləcə də Mülki Prosessual Məcəlləsinin 10.10, 14.2, 77.1, 119.1, 124.1-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən işi dərindən araşdırmamışdır. Cavabdeh onun tanışıdır. Onun etibarını qazanmışdır. Buna görə də maşın bazarında alqı-satqı aparmaq məqsədilə 26.000 manat pulu ona borc vermişdir. Təxminən bir il əvvəl 9.000 pulu qızına qaytarsa da, qalan 17.000 pulu hələ də qaytarmamışdır. Bundan başqa, məhkəmə iclasında o, video çəkiliş təqdim edərək bildirdi ki, 26.000 pulun 15.000 manatını İddiaçı özünə, 9.000 manatı da qızına vermişdir. Amma əslində adı çəkilən 15.000 manatı ona lap əvvəl övladının qulağını əməliyyat etdirmək üçün vermişdir. Əməliyyat üçün Türkiyədən həkim gəlməli idi. Onun qaytardığı 15.000 manat həkim gəlmədiyi üçün əməliyyata görə verdiyi pul idi. Yuxarıda da qeyd etdiyi kimi, 26000 manatdan 9000 manat pulu qızına qaytarsa da, qalan 17.000 manat pulu hələ də qaytarmamışdır. Əgər o, pulları qaytarmış olsaydı, onda olan qəbzi mütləq şəkildə alardı. Bundan başqa, iddiaçı onun 9.000 manatı qızına qaytarmasını etiraf etməyə də bilərdi, onun həmin 9.000 manat pulu qızına qaytarması ilə əlaqədar əlində heç bir sübut yoxdur. Həmçinin o, məhkəmə zalında izahatında deyir ki, 15.000 manatı iddiaçının özünə verib, borcu bitib. Halbuki, daha sonra qızıyla məhkəmə zalında üzləşən zaman etiraf edir ki, 9.000 manat pulu sonradan ödəmişdir. Bu zaman onun dediklərində ziddiyət yaranır, belə ki, o, əvvəl deyir 15.000 manat pulu ödəmiş, 2019-cu ilin sentyabr ayında borcu bitmişdir, lakin sonra da 2022-ci ilin mart-aprel aylarında 9.000 manat pulu qızına qaytarmışdır. Məhkəmə zalında borcunun qurtardığını, bütün pulu qaytardığını deyir. Əgər bütün pul qaytarılıbsa, adı çəkilən 2.000 manatın nə olduğunu hakim ona sual verən zaman o bu suala cavab verə bilmir. Burdan da açıq-aydın görünür ki, o yalan danışır. Ona görə də hesab edir ki, iddia tam təmin olunmalı idi. Cavabdehin ona borclu olması barədə iltizam təqdim etsə də, iddia qismən təmin edilmişdir. Sübutlar düzgün qiymətləndirilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi.

13. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı işdə iddia qismən təmin edildiyindən və iddiaçı apellyasiya şikayətində qətnaməni iddianın təmin edilməyən hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. İşdən müəyyən olunur ki, tərəflər arasında xx.xx.2019-cu il tarixində 1 il müddətinə 26.000 manat pulun borc verilməsi ilə bağlı müqavilə tərtib edilmişdir. İddiaçının bildirdiyinə görə, təxminən bir il əvvəl cavabdeh 9.000 məbləğində pul qaytarmış, 17.000 manat məbləğində borc isə qalmışdır.

20. Cavabdeh isə 2019-cu ilin sentyabr ayında 15.000 manat məbləğində pulun cavabdehə qaytarılmasını bildirmiş və bunu təsdiq edən videoyazını məhkəməyə təqdim etmişdir.

21. Hazırda iddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, videoda cavabdeh tərəfindən iddiaçıya qaytarılması əks olunan 15.000 manat məbləğində pul cavabdehə övladının müalicəsi üçün verilmiş məbləğdir.

22. Lakin işdə olan məhkəmə iclas protokollarından görünür ki, iddiaçının nümayəndəsi (həmin vaxt eyni zamanda vəkili) birinci instansiya məhkəməsində keçirilən iclaslarda iştirak edərək bu dəlili irəli sürməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən həmin pulun, yəni 15.000 manatın məhz qeyd olunan məqsədlə cavabdehə verildiyini təsdiq edən sübutlar birinci instansiya məhkəməsinə təqdim edilməmişdir.

23. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddia edilmiş 17.000 manatdan 15.000 manat iddiaçıya qaytarılmış, borc müqaviləsi üzrə ödənilməmiş 2.000 manat isə qalmışdır. Ona görə də, cavabdehdən 2.000 manat məbləğində qalan borc iddiaçının xeyrinə tutulmalıdır.

24. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

25. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 2863/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar