Məhkəmə qərarları › İş №2(103)-11601/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11601/2019

14.10.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11601/2019 14.10.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kollecinin X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kollecinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kollecindən “işə bərpa olunmağı və məcburi işəburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilmədiyi üçün 60000 manat məbləğində dəymiş maddi və mənəvi ziyanın tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: Əmək fəaliyyətinə 1979-cu ildən başlamış, əmək fəaliyyətini işlədiyi dövr ərzində müxtəlif müəssisə və təşkilatlarda davam etdirmişdir. xx.xx.2006-cı il tarixdən etibarən Azərbaycan Dəniz Balıq Sənayesi Texnikomuna hüquq fənləri üzrə müəllim vəzifəsinə işə qəbul olmuş, onunla bir il müddətinə əmək müqaviləsi bağlanmış və həmin müddətli əmək müqaviləsi hər il uzadılmışdır. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2016-cı il tarixli 197 saylı qərarı ilə həmin texnikum Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin tabeçiliyinə verilmiş, Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kolleci adlandırılmış, bununla əlaqədar ona və digər işçilərə rəhbərlik tərəfindən 2016-cı ilin noyabr ayında işdən çıxarılmağı haqqında məlumat verilmiş, xx.xx.2016-cı il tarixində ona əmək kitabçası təqdim edilmiş, kitabçanı aldıqdan sonra isə işdən azad olunma tarixinin əmrdə xx.xx.2016-cı il tarixində yazıldığını görmüşdür. Elə bu ərəfədə xx.xx.2016-cı il tarixdə keçirilən Referendum seçkiləri ilə əlaqədar Seçki Komissiyasının tərkibində iştirak etmiş, cavabdehə qarşı onun Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik kollecinə əvvəlki hüquq fənləri üzrə müəllim vəzifəsinə işə bərpa olunmağı, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək Seçki Komissiyasının tərkibində iştirak etdiyi dövrdə orta əmək haqqının və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsində qət edilmişdir ki, “İddiaçı Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik kollecinə hüquq fənləri üzrə müəllim vəzifəsinə işə bərpa olunsun və məcburi işburaxma müddəti üçün ona əmək haqqı ödənilsin”. Artıq 3 ildir ki, dövlət adından çıxarılan, qanuni qüvvəyə minmiş qətnamə icra edilmir və cavabdehin təqsiri üzündən kağız üzərində qalmışdır. İddiaçı həmçinin bildirmişdir ki, cavabdeh tərəfindən onun Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik kollecinə hüquq fənləri üzrə müəllim vəzifəsinə işə bərpa olunmağı və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin uzun müddət ərzində icra olunmaması səbəbindən o, mənəvi sarsıntılar və iztirablar keçirmiş, uzun müddət müəllim vəzifəsində işləmiş bir şəxs kimi işgüzar nüfuzuna zərər dəymiş, ailəsinin və tanışlarının yanında cəmiyyətə yararsız bir şəxs kimi hörmətdən düşmüş, ailənin yeganə qazanc gətirəni kimi qanuni hüquqlarının təmin olunmaması ilə əlaqədar ailə üzvləri də maddi sıxıntılara düçar olaraq sonsuz mənəvi iztirablar keçirmişdir və bu ağır şəraitin təsiri nəticəsində həyat yoldaşı da ürək əməliyyatı keçirmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: Qətnamədə qeyd olunan xx.xx.2019-cu il tarixli 52 saylı “A” formatlı ödəniş tapşırığına əsasən guya cavabdeh tərəfindən Xətai Rayon İcra Şöbəsinin hesabına 4712,87 manat məbləğində pul köçürülməsi tamamilə rəsmi sənədlərin cavabdeh tərəfindən saxtalaşdırılmasından başqa bir şey deyil.Çünki qətnamədə bunu oxuduqdan sonra İcra məmuruna yaxınlaşaraq, bu barədə maraqlandıqda heç bir məbləğin İcra Şöbəsinə köçürülmədiyini bildirmişdir. Bu barədə rəsmi arayış verilməsini tələb etdikdə isə, rəsmi məlumat verilməsindən imtina edilmiş və bildirilmişdir ki, məhkəmə bu barədə sorğu verərsə cavab veriləcəkdir. Ona görə də, icra məmurunun hərəkətinə dair və cavabdeh tərəfindən guya pul ödənişi barədə məhkəməyə saxta sənədlər təqdim etməsi ilə əlaqədar Azərbaycan Respublikası Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Respublika Baş Prokurouna, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisinə, Azərbaycan Respublikası Prezident X5 Orqanları ilə iş üzrə köməkçisinə müraciət etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək ona uyğun izahat vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kollecinin nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməmiş və bildirmişdir ki, məhkəmə qətnaməsi qəbul etdikdən sonra iddiaçıya saat hesabı ilə iş təklif olunmuşdur. Kollecə hazırda işə qəbul mümkün deyil. Çünki boş ştat yoxdur. 2019-cu ildə 4712,87 manat depozit hesaba köçürülmüşdür. xx.xx.2019-cu il tarixdə əlavə 3.000 manat qərarın icrası gecikdiyi üçün ödənilmişdir. Pul Xətai Rayon Məhkəməsinin depozit hesabına köçürülmüş və icra məmurunun qərarı ilə icraata xitam verilmişdir. İşin faktiki halları ilə bağlı aşağıdakılar tədqiq olunur: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnamənin ləğv edilməsi və İddiaçı cavabdeh Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kollecinə qarşı “əmrin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddiasının qismən təmin edilməsi, Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kolleci üzrə verilmiş xx.xx.2016-cı il tarixli əmrin İddiaçı aid hissədə etibarsız hesab edilməsi, İddiaçı Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kollecinə hüquq fənləri üzrə müəllim vəzifəsinə işə bərpa olunması və məcburi işburaxma müddəti üçün ona əmək haqqı ödənilməsi qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, hüquqi şəxs Azərbaycan Dövlət Dənizçilik Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kolleci Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 3000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli “İnzibati xətaya dair iş üzrə” qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin həmin qərarı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2018-ci il tarixli İddiaçı ünvanlanmış “dərs yükünün icrası barədə” məktubdan görünür ki, ona üç iş günü ərzində Kollecə müraciət edərək dərs yükünün icra edilməsi və ya könüllü olaraq imtina edilməsi ilə bağlı məlumat verməməsi halında hüquq fənni üzrə nəzərdə tutulmuş dərslərin icra edilməsi üçün başqa pedaqoji işçiyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2018-ci il tarixli Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kolleci tərəfindən verilmiş qətnamənin icrası haqqında məktubdan görünür ki, İddiaçı 3 iş günü ərzində Kollecə yaxınlaşmağı və tədris yükünü icra edib-etməyəcəyi barədə rəsmi qaydada məlumat verməyi xahiş olunmuşdur. xx.xx.2018-ci il tarixli Azərbaycan Dövlət Dəniz Akademiyası Azərbaycan Dənizçilik Kolleci tərəfindən Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, 1-ci dərəcəli ədliyyə qulluqçusu Toğrul Baxşəliyevə ünvanlanmış məktubdan görünür ki, tələbkar vətəndaş İddiaçı ona təklif olunan 120 dərs saatını saat hesabı əsaslarla icraedib etməyəcəyi barədə rəsmi qaydada məlumat alınmasına köməklik göstərilməsi xahiş olunmuşdur. xx.xx.2018-ci il tarixdə İddiaçı tərəfindən verilmiş ərizədə iş üzrə borclu Dənizçilik Kollecinin xx.xx.2018-ci il tarixli məktubu ilə qeyd edilmiş təklifi qəbul etmədiyini, icra sənədinin tam icra olunmasını xahiş etdiyi bildirilmişdir. xx.xx.2019-cu il tarixli 52 saylı “A” formatlı ödəniş tapşırığından görünür ki, Azərbaycan Dənizçilik Kolleci tərəfindən Xətai rayon İcra Şöbəsinin AZ15CTRE******************** saylı hesabına 4712,87 manat məbləğində pul köçürülmüşdür. Mübahisə ilə bağlı dəyərləndirmə: İddiaçı işə bərpa olunması və məcburi işburaxma müddəti üçün ona əmək haqqı ödənilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmaması ilə əlaqədar maddi və mənəvi zərəri tələb edir. Məhkəmə kollegiyası iddianı təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşmır və hesab edir ki, mənəvi ziyanla bağlı tələbin tamamilə rədd edilməsi əsassızdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kollecinə hüquq fənləri üzrə müəllim vəzifəsinə işə bərpa olunması və məcburi işburaxma müddəti üçün ona əmək haqqı ödənilməsi qət edilmişdir. İşə baxan məhkəmə qeyd etmişdir ki, hazırda qətnamə icra mərhələsindədir, cavabdeh qətnamənin icra ilə əlaqədar iddiaçıya iş təklif etmiş və 4712,87 manat məbləğində pulu hesaba köçürmüşdür. Lakin iş materiallarından görünür ki, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə aktını uzun müddət icra etməmiş, nəticədə xx.xx.2019-cu il tarixdə cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, 3000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tədbiq edilmişdir. Bundan sonra 4712,87 manat məbləğində pul cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə Xətai rayon İcra Şöbəsinin hesabına köçürülmüşdür. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə aktı könüllü icra olunmamış və yalnız bununla bağlı cavabdeh inzibati məsuliyyətə cəlb olunduqdan sonra icra ilə əlaqədar müəyyən tədbirlər görmüşdür. Lakin hazırda da qətnamə tam icra olunmamış, cavabdeh müvafiq işlə təmin olunmamışdır. Bütün bunlar ona dəlalət edir ki, qətnamənin uzun müddət icra olunması ilə bağlı ilə iddiaçının mənəvi sarsıntı, əsəb gərginliyi keçirməsi şübhəsizdir və bu halı sübut etməyə zərurət yoxdur. Eyni zamanda xx.xx.2017-ci il tarixli qətnamənin uzun müddət məhz cavabdeh təşkilatın günahından icra edilməməsi yuxarıda qeyd olunan qərarla öz təsdiqini tapır. Cavabdeh təşkilatın vəzifəli şəxsinin buna görə inzibati məsuliyyətə cəlb edilməsinə dair qanuni qüvvəsini almış qərarının olması həmin halın təsdiq edilməsi deməkdir və bununla bağlı fərqli qiymətləndirmə aparılması əsaslı deyil. Əvvəla, məhkəmə kolegiyası qeyd edir ki, iddiaçı maddi və mənəvi ziyan olaraq 60.000 manat pul tələb etdiyi halda, maddi ziyanın və mənəvi ziyanın məbləği ilə bağlı dəqiq rəqəm göstərməmişdir. İddiaçı maddi ziyanı ona görə tələb edir ki, işə bərpa olunmuş olsaydı aylıq əmək haqqı alardı və həmin məbləği almamaqla ona maddi ziyan dəymişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə (işə bərpa ilə bağlı) işçi işə bərpa olunmalı və məcburi işburaxmaya görə ona əmək haqqı ödənilməlidir. İddiaçı işləmədiyi müddətə həmin qətnamə ilə almalı olacağı əmək haqqını alacaqdır. Hansıki, cavabdeh təşkilat həmin məbləği artıq icra məmurunun depozit hesabına keçirdiyini təsdiq edən sənədləri təqdim edir. Ona görə hazırkı işdə həmin məbləğin maddi zərər kimi tutulması əsaslı deyil. Cavabdeh təşkilat iddiaçını vaxtında işə bərpa etmədiyi üçün vurulmuş mənəvi zərərə görə məsuliyyət daşımalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tə--rəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əm-lak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), ha-be-lə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmiş və ümid edirdi ki, onun hüquqlarının bərpa olunması ilə bağlı dövlətin adından çıxarılmış qətnamə tez bir zamanda icra olunacaqdır. Lakin, cavabdeh təşkilat müxtəlif bəhanələr gətirərək qətnaməni icra etməkdən yayınmışdır. Daima qətnamənin icrasını gözləmək, tələb etmək, müxtəlif yazışmalar həyata keçirmək, müxtəlif orqanların vəzifəli şəxslərinin qəbullarını gözləmək, və.s. Bu halların mövcudluğu iddiaçının mənəvi zərər çəkməsini şərtləndirir. Məhkəmə kollegiyası iddiaçıya vurulmuş mənəvi ziyanın məbləğini müəyyən edərkən işin hallarını, eyni zamanda hazırkı qətnamə ilə iddiaçının hüququnun pozulmasının tanınmasını nəzərə alır. Yəni nəzərə alır ki, hazırkı qətnamə ilə onun hüququnun pozulmasının tanınması iddiaçının mənəvi ziyanını yüngülləşdirmiş olur. Eyni zamanda məhkəmə kollegiyası iddiaçının çəkmiş olduğu mənəvi ziyanın əvəzi olaraq pul şəklində ona 500 manat kompensasiya ödənilməsini ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Həmin iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi mənəvi zərərin ödənilməsinin təmin olunmaması hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kollecindən vurulmuş mənəvi ziyan kimi 500 (beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər: imzalar Əsli ilə düzdür Hakim: İsmayıl Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar