Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11604/2021 17.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi İsmayıl İsmayılbəylinin, cavabdehin nümayəndəsi Mətanət Əliyevin iştirakı ilə, İddiaçı Cavabdeh1 ASC-yə qarşı “avtomobilin girovdan azad edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 02.09.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində avtomobilin girovdan çıxarılması tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, tərəflərin arasında bağlanmış 03.02.2009-cu il tarixli, AV-843 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş “Suzuki-Vitra” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobil girovdan çıxarılsın (yüklülükdən azad edilsin). Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya şikayətə əsassızdır. Belə ki, tərəflərin arasında 03.02.2009-cu il tarixli kredit müqaviləsi bağlanıb, cavabdeh (bank) tərəfindən iddiaçıya kredit verib, “Suzuki-Vitra” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobil kreditin qaytarılmasının təminatı üçün ipoteka ilə yüklü edilib. İddiaçı (kredit alan) həmin müqavilə üzrə borcu tam ödəyib. Bunu cavabdehin (bankın) verdiyi 13.08.2010-cu il tarixli xəzinə mədaxil orderi təsdiq edir. Həmin orderdə ödənişin təyinatı “tam ödəniş” kimi qeyd olunub. Mülki Məcəllənin 528-ci maddəsinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsinə görə əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Bank kreditalanın 03.02.2009-cu il tarixli kredit müqaviləsi üzrə icra edilməmiş borcunun qalması barədə sübut təqdim etməyib, ona görə də hesab olunur ki, kredit öhdəliyi lazımınca icra nəticəsində xitam olunub. Belə olan halda ipoteka da xitam olunmuş sayılır. Odur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 02.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11604/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11604/2021
17.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver