Məhkəmə qərarları › İş №2(103)-11606/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11606/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11606/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 143591,20 (yüz qırx üç min beş yüz doxsan bir manat 20 qəpik) manat icra edilməmiş əsas borc, 12119,10 (on iki min yüz on doqquz manat 10 qəpik) manat Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan məbləğ, 73949,64 (yetmiş üç min doqquz yüz qırx doqquz manat 64 qəpik) manat müqavilə müddəti bitən tarixə faiz, 39774,80 (otuz doqquz min yeddi yüz yetmiş dörd manat 80 qəpik) manat cərimə olmaqla, cəmi 269434,74 (iki yüz altmış doqquz min dörd yüz otuz dörd manat qəpik) manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) ilə Cavabdeh arasında bağlanmış 05.02.2015-ci il tarixli, 3182 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 18% (on səkkiz faiz) ödənilmək şərtilə 146000 (yüz qırx altı min) manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin banka ödənilməmiş 143591,20 (yüz qırx üç min beş yüz doxsan bir manat 20 qəpik) manat icra edilməmiş əsas borc, 12119,10 (on iki min yüz on doqquz manat 10 qəpik) manat Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan məbləğ, 73949,64 (yetmiş üç min doqquz yüz qırx doqquz manat 64 qəpik) manat müqavilə müddəti bitən tarixə faiz, 39774,80 (otuz doqquz min yeddi yüz yetmiş dörd manat 80 qəpik) manat cərimə olmaqla, cəmi 269434,74 (iki yüz altmış doqquz min dörd yüz otuz dörd manat qəpik) manat məbləğində borcu mövcuddur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 143591,20 manat əsas, 70072,90 manat faiz borcu, 10000 manat cərimə, ümumilikdə 223664,1 manat məbləğində kredit borcu və iş üzrə ödənilmiş 24,9 manat məbləğində dövlət rüsumu tutularaq ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan məbləğ hissəsində ləğv edilməsini və iddia tələbin bu hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə iddianın təmin edilməyən maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmə həmin hissədə sübutlara düzgün qiymət verməmişdir. Apellyator digər əsaslar da göstərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərələr məhkəmə iclasına gəlməmişlər. Kollegiya Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən kollegiya tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçının nümayəndəsi hazırkı qətnamə elan olunandan sonra məhkəmə iclasına gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Apellyator qətnaməni iddianın təmin olunmayan (əldən çıxmış fayda hissəsində) hissəsində mübahisələndirdiyindən qətnamənin qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılır. Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan və: - İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Füzuli” filialı ilə Cavabdeh arasında bağlanmış 05.02.2015-ci il tarixli 3182 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 18 faiz ödəmək şərti ilə 146000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - 05.02.2015-ci il tarixli 3182 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, tərəflər arasında kreditin və ona hesablanmış faizlərin 05.02.2015- ci il tarixdən başlayıb 05.02.2018-ci il tarixdə bitməli olmasını göstərən ödəniş qrafiki tərtib edilmişdir. - 16.10.2019-cu il tarixli maliyyə arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 05.02.2015ci il tarixli 3182 saylı kredit müqaviləsi üzrə 14.10.2019-cu il tarixinə əsas borc – 143591,20 manat, faiz borcu – 73949,64 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına (MM 445.7-ci maddəsinə uyğun olaraq) əsasən hesablanan 5 % məbləğ – 12119,10 manat, cərimə borcu – 39774,80 manat olmaqla, cəmi borc 269434,74 manatdır. - Ləğv prosesində olan İddiaçı ASC-nin xəbərdarlığından görünür ki, Cavabdeh 3 (üç) gün müddətində Banka olan gecikdirilmiş borcun ödənilməsi tələb olunmuşdur, əks halda Bank tərəfindən kredit müqaviləsinə xitam verilməklə əsas borcun və ona hesablanmış faizlərin tam olaraq ödənilməsinin tələb edilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 07.07.2021-ci il tarixli 9/3089 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair çıxarış məlumatları, 05 fevral 2015-ci il tarixli, 3182 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla və kredit müqaviləsi dövründə kredit məbləğinə illik 18%-lə və kredit müqaviləsinin son tarixindən hal-hazıradək illik 5%-lə faiz borcu hesablanmaqla Cavabdeh 05.02.2018-ci il tarixə (müqavilə müddətinin son tarixi) banka olan əsas və faiz borcu 213664,90 manat məbləğində, 14.10.2019-cu il tarixə (maliyyə arayında göstərilən tarix) banka olan əsas və faiz borcu 225810,39 manat məbləğində, 05.02.2020-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 228024,10 manat məbləğində və 06.07.2021-ci il tarixə (ekspert rəyinin tarixi) banka olan əsas və faiz borcu 238215,14 manat məbləğində müəyyən edilir, o cümlədən 05.02.2018- ci il tarixə əsas borc üzrə 143592 manat, faiz borcu üzrə 70072,90 manat (illik 18%-lə), 14.10.2019-cu il tarixə əsas borc üzrə 143592 manat, faiz borcu üzrə 70072,90 manat (illik 18%-lə), faiz borcu üzrə 12145,49 manat (illik 5%-lə), 05.02.2020-ci il tarixə əsas borc üzrə 143592,00 manat, faiz borcu üzrə 70072,90 manat (illik 18%-lə), faiz borcu üzrə 14359,20 manat (illik 5%-lə), 06.07.2021-ci il tarixə əsas borc üzrə 143592,00 manat, faiz borcu üzrə 70072,90 manat (illik 18%-lə), faiz borcu üzrə 24550,24 manat (illik 5%lə). Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 05 fevral 2015-ci il tarixli 3182 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş çıxarış məlumatlarına əsasən Cavabdeh krediti üzrə ödənilmiş pul məbləğinin (cəmi bir ödəniş olub) əsas və faiz borclarına yönəldilməsi zamanı İddiaçı ASC tərəfindən müqavilənin şərtlərinə əməl edilmiş, ödənişin əsas və faiz borclarına silinməsi düzgün həyata keçirilmiş və faiz borcuna artıq silinmələr həyata keçirilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməyən hissəsində, yəni iddia tələbinin “müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5 faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən 05.02.2015-ci il tarixli 3182 saylı kredit müqaviləsi üzrə 12119,10 manat məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 2-1(81)- 3620/2016 saylı, 22 iyul 2016-cı il tarixli qərarına əsasən İddiaçı ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu 24.07.2016-cı il tarixdən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Hüquqi nəticə etibarı ilə 22.07.2016-cı il tarixdən sonra İddiaçı ASC faiz formasında zərərin ödənilməsini tələb etmək hüququnu itirmişdir. Bu onunla bağlıdır ki, ləğv prosesində olan Bank həmin tarixdən artıq fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi fəaliyyəti həyata keçirə bilmir. Belə olan halda onun əldən çıxmış faydası da ola bilməz. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə kredit müddəti 05.02.2018-ci il tarixdə, yəni bank məcburi ləğv edildikdən sonra bitmişdir. Bu səbəbdən də Bank illik 5% dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən əldən çıxmış fayda qismində faiz tələb edə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin iddianın təmin edilməyən həmin hissədə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını da nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən mübahisələndirilən hissədə (iddia tələbinin əldən çıxmış fayda hissəsində) maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar