Məhkəmə qərarları › İş №2(103)-1161/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1161/2022

17.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1161/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 16.11.2021-ci il tarixli, 2(001)-1314/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 980 manat, dövlət rüsumuna görə 30 manat pulun tutularaq ona ödənilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun məzilindən üst mərtəbədə yerləşən Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, Ü.Hacıbəyov küçəsi, 2/10 saylı evin 102 saylı mənzilində yaşayan Cavabdeh tərəfindən onun mənzilinə mütəmadi olaraq çirkab su axıdılır. Dəfələrlə xəbərdar etməsinə baxmayaraq suyun axıdılması müvəqqəti dayansa da, bir müddət sonra yenidən davam etmişdir. Bununla bağlı onun müraciəti əsasında Binəqədi rayonu 79 saylı MKİS tərəfindən akt tərtib olunmuş və yuxarı mənzildən onun mənzilinə su axıdılması qeyd olunmuşdur. Dəymiş ziyanın məbləğinin müəyyən olunması məqsədi ilə o, təmir işləri həyata keçirən ustalara müraciət etmiş, ziyanın məbləğinin 980 manat olduğu müəyyən edilmişdir. Odur ki, iddiasının təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 16.11.2021-ci il tarixli, 2(001)-1314/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh maddi ziyana görə 980 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 1010 manat İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə bütün faktiki halları araşdırmayıb, xüsusən iddiaçıya məxsus olan mənzilə suyun hansı istiqamətdən axıdılmasını müəyyən etməyib. Məhkəmə tərəfindən həmin binada yerləşən digər mənzillərə də su axıdılmasını müəyyən etməyib, əraziyə baxış keçirməyib. Məhkəmə yalnız ekspertiza rəyinə və MKİS-nin tərtib etdiyi akta istinad edib. Hesab edir ki, məhkəmə heç bir halda həmin sənədlərə istinad edərək cavabdehin iddiaçıya məxsus olan mənzilə su axıtması nəticəsinə gələ bilməzdi. Ona görə də məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Bildirir ki, onun da mənzilinə su axıdılır. Həmin suyun hansı mənzildən daxil olmasını müəyyən etmək mümkün deyildir. Odur ki, iddiaçıya məxsus olan mənzilə suyun məhz cavabdehə məxsus olan mənzildən axıdılması fikrinə gəlinməsi mümkün deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli 11.12.2015-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, Ü.Hacıbəyov küçəsi 2/10 saylı evin 99 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 04.03.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Ü.Hacıbəyli küçəsi 2/10 saylı evin 102 mənzili Cavabdeh adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. - Binəqədi rayonu 79 saylı MKİS tərəfindən tərtib edilmiş 18.11.2019-cu il tarixli aktdan müəyyən olunur ki, İddiaçı müraciəti əsasında Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, Ü.Hacıbəyov küçəsi 2/10 saylı evin 99 saylı mənzilinə baxış keçirilən zaman 102 saylı mənzildən 99 saylı mənzilə su axıdılması nəticəsində mənzilin dəhlizində, hamamında, mətbəxində axıntı izləri olması, hazırda su axmasına dair izlərin quru vəziyyətdə olması müəyyən edilmiş, 102 saylı mənzilin sakini ilə əlaqə saxlanılmış və o, təmir işlərinin aparılmasına razılıq vermişdir. -İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.10.2021-ci il tarixli 10/3668 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, Ü.Hacıbəyov küçəsi 2/10 saylı ev evin 99 saylı mənzilinə yuxarı mərtəbədəki 102 saylı mənzildən suyun sızması, qüsurların aradan qaldırılması üçün görülməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyərinin təqribən 1114 manat olması müəyyən olunmuş, 102 saylı mənzilin qapısı bağlı olduğundan həmin mənzilə baxış keçirilməsi mümkün olmamış və bu səbəbdən 99 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını və ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, həmin rəy real vəziyyəti özündə əks etdirdiyindən sübut kimi qəbul edilməli və iddiaçının mənzilinə su axıdılmasının cavabdehə məxsus mənzildən olması və həmin su axıdılması nəticəsində iddiaçıya maddi ziyan vurulması öz təsdiqini tapdığından, su axıdılmasının nəticəsində vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulmasına dair tələb əsaslıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşır. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzilə cavabdehə məxsus olan mənzildən su sızması baş vermiş və bunun nəticəsində iddiaçıya maddi zərər yetirilmişdir. Qeyd edilən hal müvafiq akt və ekspertiza rəyi ilə təsdiqini tapır. Cavabdeh apellyasiya şikayətində zərərin mənbəyinin onun mənzilindən olmadığını bildirmiş, həmçinin zərərin məbləği ilə razılaşmamışdır. İddiaçı cavabdehin mənzilindən ona məxsus mənzilə su axıdılmasını və mənzilinə maddi zərər dəyməsini təsdiq edən sübut kimi Binəqədi raypn 79 saylı MKİS tərəfindən tərtib olunan akta istinad etmişdir. Həmin aktın mötəbərliyi hər hansı şübhə doğurmur, cavabdehə məxsus mənzildən aşağı mərtəbədə yerləşən iddiaçının mənzilinə su axıdıldığı iş üzrə keçirilmiş ekspertiza rəyi ilə də öz təsdiqini tapır. Ekspert rəyi ilə iddiaçının evinə suyun cavabdehin mənzilindən axdığı müəyyən edilmiş, lakin su sızmasının səbəbini cavabdehin mənzilinin qapısının bağlı olması və həmin mənzilə baxış keçirilməsinin mümkün olmaması səbəbindən texniki cəhətdən müəyyən etmək mümkün olmadığı göstərilmişdir. Nəzərə almaq lazımdır ki, sözügedən ekspert rəyi işin digər materialları ilə birgə qiymətləndirildiyində və iddiaçının evinə su sızmasının mənbəyinin məhz cavabdehin mənzilində olması müəyyən edildiyi nəzərə alındıqda, bunun mümkün ola biləcək səbəbləri kimi göstərilmiş bütün hallara görə məhz cavabdehin məsuliyyət daşıdığı qənaətinə gəlinməsi ağlabatandır və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının evinə su sızmasının onun təqsiri olmadan baş verdiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, lakin o, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Mülki iş üzrə alınmış ekspert rəyində göstərilən suyun cavabdehin mənzilindən axıdılması və dəymiş ziyanın həcmi detallı şəkildə açıqlanmış, rəy kifayət qədər əsaslandırılmışdır. Rəyin məlumatlarını şübhə altına almaq, habelə iş üzrə yeni (təkrar və ya əlavə) ekspertiza təyin etmək üçün əsaslar yoxdur. Apelyasiya baxışı zamanı da dəymiş zərərlə bağlı ekspert rəylərində göstərilən məbləği şübhə altına ala biləcək əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 16.11.2021-ci il tarixli, 2(001)-1314/2021 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar