Məhkəmə qərarları › İş №2(103)-11618/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11618/2021

15.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11618/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-588/2020 saylı, 31 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 5734 manat məbləğində əsas borcun, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 5764 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı İB iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana “Azəriqaz” İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, mənzilində G-4 markalı, 1702AZ**********85 saylı qaz sayğacı quraşdırılmışdır. Lakin Cavabdeh “X8”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X8n pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 18.01.2017-ci il tarixli, ******* saylı akt əsasında 161,60 manat; 19.12.2017-ci il tarixli, ******* saylı akt əsasında 1944 manat; 25.01.2018-ci il tarixli, ******* saylı akt əsasında 1214 manat; 22.05.2018-ci il tarixli, ******* saylı akt əsasında 324 manat; 25.07.2018-ci il tarixli, ******* saylı akt əsasında 648 manat; 28.08.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat; 19.09.2018-ci il tarixli, ******* saylı akt əsasında 324 manat; 31.10.2018-ci il tarixli, ******* saylı akt əsasında 66,60 manat; 30.11.2018-ci il tarixli, ******* saylı akt əsasında 142,20 manat; 28.12.2018-ci il tarixli,0192938 saylı akt əsasında 142,20 manat; 31.01.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat; 28.02.2019- cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, 31.05.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat dəymiş ziyan hesablanmışdır. Beləliklə cavabdehin cəmi borcu 5734 manat olmuşdur. Cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış 17.04.2017-ci il tarixli, 03/8528 saylı müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011 -ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii X8nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qavdaları”na əsasən müəyyən edilmişdir. Həmin qaydalara əsasən, istehlakçılar tərəfindən X8nın pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqısatqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Qeyd edilən sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydalan”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-588/2020 saylı, 31 avqust 2020-ci il tarixli qətnaməsi (hakim. R.Xəzri) ilə iddia təmin edilməmişdir. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 443.2, 448.1, 448.2, 1096.1, 1096.2, 1097.1; «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8 hissəsi; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X8»nın 3.1.7, 4.9, 5.2, 5.4, 5.5, 6.5, 6.7-ci bəndlərinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı «X5 apellyasiya şikayəti vermişdir.Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.02.2021-ci il tarixli 2(103)- 1014/2021 nömrəli qətnaməsi ilə (sədrlik edən İ.Şirinov, hakimlər T.Səmədov və A.Tanrıverdiyev) İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-588/2020 saylı, 31 avqust 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4749/2021 saylı, 28.09.2021-ci il tarixli Qərarı ilə kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.02.2021-ci il tarixli 2(103)-1014/2021 nömrəli qətnaməsi ləğv edilməsi və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Yeni Apellyasiya baxışı zamanı İddiaçı nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası tərəfi dinləyərək, iş materiallarını araşdıraraq və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4749/2021 saylı, 28.09.2021-ci il tarixli Qərarındakı mövqeyi nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-588/2020 saylı, 31 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, Qətnamə ləğv olunmalı və iddia təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd etmişdir ona görə ki, iddiaçının iddia tələbinin əsasını təşkil edən aktlar cavabdeh tərəfindən imzalanmamış, iş materiallarında olan 03 iyul 2020-ci il tarixli 10/444 saylı ekspert rəyində qaz xəttinə kənar qoşulma təsdiqini tapmamış, abonentin qazdan qeyri-qanuni istifadə etməsi sübuta yetirilməmiş, iddiaçı bununla bağlı əlavə heç bir sübut təqdim etməmişdir Eyni zamanda iddiaçı aktlarla təsvir edilən və qaz xəttinə qoşulma hallarını təsdiq edən fotoşəkilləri də məhkəməyə təqdim etmişdir. Aktlar tərtib edilmişdir ona görə ki, cavabdeh qaz xəttinə qaz borusunda quraşdırılmış borucuq qaynaq etmiş və həmin hissəyə rezin boru quraşdırmaqla qazdan sayğacdankənar istifadə etmişdir. İşdə olan ekspertiza rəyində də həmin borucuğun qaz borusuna qaynaq olunması təsdiq olunur (mülki iş səhifə 91). Həmin borunun uzunluğu 1 sm təşkil edir. Çəkilmiş fotoşəkllərdə abonentin həmin boru vasitəsi ilə rezin boru ilə qaza müdaxilə etməsi aşkar görünür. Ekspertiza zamanı həmin boru qaynaq olunmuşdur və artıq qanunsuz müdaxilə izləri aşkar edilməmişdir. Əslində, müdaxilədən uzun müddət keçdikdən, bir neçə aktlar tərtib edildikdən sonra, məhkəmə baxışı zamanı müvafiq ekspertiza ilə qaz borusuna müdaxilə faktını müəyyən etməyin ehtimalı sfıfıra bərabərdir. Analoji işlər üzrə müvafiq ekspertizanın keçirilməsinin müsbət nəticələri mümkün deyil. Buna baxmayaraq, hazırkı iş üzrə ekspertiza dövründə də, fotoşəkillərlə təsdiq edilmiş rezin borunun qoşulduğu borucuğun hələ də əsas boruya bitişik olaraq qalıdığı, sadəcə ağzının qaynaq olunduğu aşkar edilmişdir. Uzun illər ərzində ardıcıl olaraq qanunsuz qoşulma ilə bağlı aktların tərtib edilməsi, bunu təsdiq edən fotoşəkillərin çəkilməsi (həmin evin həyəti tərəfdən və həm də küçədən), fotoşəkillərdə hadisənin baş vermə şəraitinin aydın olaraq görünməsi, əsas boruya qoşulma nöqtəsinin izlərinin saxlanması, cavabdehin bütün bu rəsmiləşmələrə heç bir münasibət bildirməməsi, abonent saldosuna əsasən (mülki iş səhifə 14-15) iki il ərzində (2018-2019) abonentin təbii qazdan istifadəyə görə heç bir ödəniş etməməsi halları qanunsuz qoşulmanın mövcudluğuna dəlalət edən hallardır. Hər gün baş verən çoxsaylı analoji pozuntuların başqa qaydada (daha peşəkar) rəsmiləşdirilməsinin fiziki cəhətdən mümkün olmadığı anlaşılandır. Məhkəmə kollegiyası hesab edir ki, borc məbləği ilə bağlı hesablamalar iddiaçı təşkilatın qəbul etdiyi qaydalar və təlimatlar əsasında hesablanmasına, həmin qayda və təlimatlar normativ xarakterli aktlar olmasa da, lakin hər bir halda qanunsuz qoşulma halı təsdiq edildiyinə görə iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun: Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Maddə 20.Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Maddə 22. Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X8”nın: Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə Kollegiyası qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-588/2020 saylı, 31 avqust 2020ci il tarixli qətnaməsi ləğv olunaraq iddia təmin olunmalıdır. Həmçinin, məhkəmə Kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin, birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə-texniki ekspertizasının xərci olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-588/2020 saylı, 31 avqust 2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı İddiası təmin olunsun. Təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 5734 manat məbləğində əsas borc, 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 5764 manat məbləğində borc Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə-texniki ekspertizasının xərci olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar