Məhkəmə qərarları › İş №2(103)-1163/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1163/2022

22.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1163/2022 22.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “nisyə alğı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 noyabr 2021ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, tərəflərin iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış “Nisyə alğı-satqı müqavilələri” əsasında cavabdehin ondan aldığı və ümumi qiyməti 14.340 manat olan şəxsi və məişət istifadəsi üçün olan əşyaların ödənilməmiş qalan qiymətinin bir hissəsinin, yəni 11.178 manatın və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müxtəlif vaxtlarda iddiaçıya müraciət edərək, dəyərini hissə-hissə ödəmək şərti ilə, qiyməti cəmi 14.340 manat təşkil edən mətbəx və yataq mebelləri, uşaq çarpayısı, “Samsung A50” və “Samsung A20” smartfonlar, “Euroluks” markalı ət çəkən maşınını iddiaçıdan almışdır. Bununla bağlı onların arasında “Nisyə alğı-satqı müqavilələri” bağlanmışdır. Cavabdeh iddiaçıya cəmi 3.162 manat məbləğində pulu hissə-hissə ödəsə də, qalan 11.178 manatı ödəməmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 03.11.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi mülki iş üzrə xətşünaslıq ekspertizası təyin etmədən iddianı rədd etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi “Nisyə alğı-satqı müqavilələr” və eyni tarixli “Təhvil-təslim aktları” cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İş üzrə cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi. O bildirdi ki, iddiaçı ilə onun arasında alğı-satqı münasibətləri olmamış, o, iddiaçıdan nisyə mal almamış, müqavilələri imzalamamış, onunla iddiaçının arasında borc münasibətləri olmuş, iddiaçı ona faizlə borc vermiş, aldığı borcu da, o, iddiaçıya qaytarmışdır. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməlidir. Belə ki, işdə olan sənədlərə əsəsən işin halı kimi Məhkəmə tərəfindən müəyyən edilir ki, hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında bəzi şəxsi və məişət əşyalarının dəyəri hissə-hissə ödənilməklə “Nisyə alğı-satqı müqavilələri” bağlanmışdır. İddiaçı bildirir ki, həmin müqavilələr üzrə cavabdeh əşyaların dəyərinin bir hissəsini ödəmiş, qalan hissəsini ödəməmişdir. Cavabdehin 11.178 manat məbləğində borcu qalmışdır. İddia tələbinə etiraz edən cavabdeh isə bildirir ki, cavabdeh ilə aralarında alqı-satqı münasibətləri olmamış, ümumiyyətlə qeyd olunan müqavilələr onun tərəfindən imzalanmamışdır. Cavabdehin bu dəlilinin yoxlanılması üçün Məhkəmə tərəfindən iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17.03.2022-ci il tarixli, 4/263 saylı rəyini almışdır. Ekspertiza tərəfindən verilmiş həmin rəydə qeyd edilir ki, iddiaçı ilə cavabdeh arasında 08.08.2019-cu il, 29.09.2019-cu il tarixli “Nisyə alğı-satqı müqavilələri” və 08.08.2019-cu il, 29.09.2019-cu il tarixli “Təhvil-təslim aktları” Cavabdeh tərəfindən imzalanmışdır. Məhkəmə apellyasiya baxışı zamanı qeyd edilən həmin ekspert rəyini iş üzrə təqdim edilmiş digər sübutlar ilə yanaşı tədqiq edərək müəyyən etmişdir ki, ekspertizanın rəyi kifayət qədər aydın və tamdır, rəyi şübhə altına ala biləcək hər hansı bir hal aşkar olunmamışdır. Odur ki, yuxarıda qeyd olunan müqavilələrin Cavabdeh tərəfindən imzalanması işin mübahisəsiz halıdır. Bu baxımdan hesab edilməlidir ki, o müqavilələrin şərtləri ilə razılaşmış və borcun qaytarılması barədə öhdəlik götürmüşdür. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlili əsaslıdır. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məcəllənin 600-cü maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir (maddə 600.1.). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4.). Məcəllənin 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2.). Qeyd edilən maddi hüquq normalarının tələblərinin işin müəyyən edilmiş hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, cavabdehin etirazı əsassızdır. İddiaçı bildirir ki, cavabdeh müxtəlif vaxtlarda ondan, dəyərini hissə-hissə ödəmək şərti ilə, mətbəx və yataq mebelləri, uşaq çarpayısı, “Samsung A50” və “Samsung A20” smartfonlar, “Euroluks” markalı ət çəkən maşınını almışdır. Cavabdeh iddiaçıya cəmi 3.162 manat məbləğində pulu hissə-hissə ödəsə də, qalan 11.178 manatı ödəməmişdir. Cavabdeh həmin əşyaların çeşidini və borcun məbləğini mübahisələndirmir. İddia tələbinə etiraz edən cavabdeh bildirir ki, vaxtı ilə onunla iddiaçının arasında borc münasibətləri olmuş, iddiaçı ona faizlə borc vermiş, aldığı borcu da, o, iddiaçıya qaytarmışdır. Bunları bildirən cavabdeh iddiaya qarşı etirazaının əsasını təşkil edən dəlilini sübuta yetirə bilmir. Əksinə yuxarıda qeyd edilən ekspert rəyinə əsasən müəyyən edilir ki, cavabdeh, iddiaçının sübut kimi istinad etdiyi müqavilələri və təhvil-təslim aktlarını imzalamışdır. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, qeyd edilən maddi hüquq normalarının tələblərinin işin müəyyən edilmiş hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, cavabdehdən iddiaçının xeyrinə 11.178 manat məbləğində pul tutulmalıdır. Beləliklə, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia əsaslıdır. Bu iddianı rədd etməklə işə baxmış Rayon Məhkəməsi səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır, formal mülahizə xarakteri daşımır. Buna görə də yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 noyabr 2021-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. 11.178 (on bir min yüz yetmiş səkkiz) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Bu məqsədlə 70 (yetmiş) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertizanın xərci cavabdehə aid edilsin. Bu məqsədlə 124 (yüz iyirmi dörd) manat Cavabdeh alınaraq dövlət nəfinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar