Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1163/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Fuad Babayevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Zeynəb Hüseynovanın, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh X2 qarşı “əsassız varlanma nəticəsində əldə olunmuş pul vəsaitinin qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh Rəşad İsgəndərovun apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, əsassız varlanma nəticəsində əldə olunmuş 4.566,40 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Tələb onunla əsaslandırılıb ki, xx.xx.2011-ci il tarixdə tərəflərin arasında “bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair” müqavilə bağlanmışdır. Cavabdeh xx.xx.2015-ci ildən xx.xx.2021-ci ilədək olan müddət ərzində sistemdə baş vermiş gecikmələrdən sui-istifadə etmişdir. Belə ki, xx.xx.2015-ci ildə balansının kifayət qədər olmamasına baxmayaraq 1.345,66 manat məbləğində əməliyyat etmiş, bu zaman kart hesabında 1.345,66 manat mənfi qalıq formalaşmışdır. Həmin vəsaitə xx.xx.2015-ci ildən xx.xx.2021-ci ilədək ümumilikdə 3.234,21 manat faiz hesablanmışdır. Mənfi qalıq formalaşan zaman kart hesabında 13,47 manat vəsait olduğundan həmin hissədə azalma olmuş, nəticədə cavabdeh 4.566,40 manat məbləğində əsassız varlanmışdır. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, 4.566,40 manat pul vəsaiti, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, əsassız varlanma mövcud deyil, xx.xx.2015-ci ildə cavabdehin etdiyi əməliyyatdan bir gün sonra – 21 fevralda baş vermiş devalvasiya nəticəsində yaranmış fərqi iddiaçı cavabdehin kart hesabında mənfi qalıq kimi formalaşdırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi Zeynəb Hüseynova isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı əsassız varlanma obyektinin qaytarılmasını tələb edir. Mülki Məcəllənin 1095-ci maddəsinə görə, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. İddiaçının özünün istinad etdiyi hallardan görünür ki, əsassız varlanma 7 il əvvəl xx.xx.2015-ci ildə baş verib və bu, iddiaçıya həmin tarixdə məlum olub. Ona görə də əsassız varlanma obyektini qaytarmaq hüququ müddətin keçməsinə görə qüvvədən düşüb. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh məhkəmə iclasının vaxtı və yeri bardə xəbərdar edilməyib. Həmin vaxt cavabdeh barəsində olan cinayət işi üzrə istintaq təcridxanasında həbsdə olub. Məhkəmə bildirişləri isə cavabdehin qeydiyyatda oluğu ünvana göndərilib və ona çatırılması mümkün olmayıb. Odur ki, cavabdeh qətnamədən apellyasiya şikayəti verib, eyni zamanda ərizə verərək Mülki Məcəllənin 1095-ci maddəsində göstərilən müddətin tətbiq edilməsi xahiş edib. Beləliklə, birinci instansiya məhkəməsi maddi hüquq normasını pozduğundan qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" ASC-nin cavabdeh X2 qarşı “əsassız varlanma nəticəsində əldə olunmuş pul vəsaitinin qaytarılması barədə” iddiası rədd olunsun. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 16,40 manat "xxxx" ASC-dən X1 xeyrinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1163/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1163/2023
03.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver