Məhkəmə qərarları › İş №2(103)-1163/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1163/2024

29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1163/2024 29.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş (Açar sözlər: «illik 5%-lə tələb olunan məbləğ») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4644/2023 saylı, 27 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı ASC xx.xx.2019-cu il tarixli, 12/0052/DİKO nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh 24 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 3100 manat məbləğində kredit vermişdir.

2. Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək kreditin ödənilməsi üçün müxtəlif ödənişlər etmiş və xx.xx.2023-cü il tarixə cəmi borcu 3414.96 manat, bundan 2294.45 manat əsas, 888.83 manat faiz və gecikdirilmiş vaxt üçün illik 5 faizlə 231.68 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı borcun tutulmasına dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2294.45 manat əsas, 888.83 manat faiz və gecikdirilmiş vaxt üçün 231.68 manat olmaqla, cəmi 3414.96 manat və ödənilmiş dövlət rüsumu əvəzi olaraq 55 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiada göstərilir ki, cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2023-cü il tarixli bildiriş göndərilməsinə baxmayaraq, borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4644/2023 saylı, 27 oktyabr 2023-cü il tarixli qətnaməsi (hakim Firuzə Mirzəyeva) ilə iddianın qismən təmin edilərək Cavabdeh 2294.45 manat əsas və 888.83 manat faiz borcu olmaqla, cəmi 3183,28 manat məbləğində pul vəsaitinin və 55 manat ödənilmiş dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Borcalan Cavabdeh 12/0052/DİKO saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı ASC-yə ödənilməli olan əsas borcu, əsas borca görə hesablanmış faizləri və komisyon haqqını ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. 6.1.Gecikdirilmiş vaxt üçün tələb edilmiş 231.68 manat faiz münasibətində, məhkəmə qeyd edib ki, bunu tələb etməyə iddiaçının hüququ yaranmamışdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdeh son ödənişini 2020-ci il mart ayında etmiş, həmin ilin may ayında isə iddiaçı müflis elan edilmişdir. Eyni zamanda, cavabdehə bildiriş yalnız xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Bu müddət ərzində cavabdehə gecikdirmiş borclu kimi qiymət verilə bilməz.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayətində qətnamənin qismən ləğv edilərək iddia tələbinin gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi hissəsində təmin edilməsini xahiş edərək göstərib ki, Mülki Məcəllənin 445.7-ci maddəsində borclu tərəfindən pul öhdəliyinin vaxtında icra edilməməsi halında kreditorun gecikdirilmiş vaxt üçün azı illik beş faiz tələb etmək hüququ nəzərdə tutulmuş və bunu hər hansı şərtdən asılı etməmişdir. Çünki, borclu müqavilə müddəti ərzində öhdəliyini pozmadan müqavilə faizini ödədiyi təqdirdə, müqavilə müddəti bitdikdən və öhdəliyi pozulduqdan sonra icra edilməmiş əsas borcun ən azı illik 5 faizini ödəməlidir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

9. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.7.Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın həmin hissədə də təmin edilməsi üçün əsasdır.

13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

15. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

17. Mübahisələndirilən hissədə iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi qanunu səhv təfsir edib iddianı tam təmin etməməklə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

18. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia təmin edilməyən hissədə də haqlı sayılır.

19. Göründüyü kimi, iddiaçı müqavilə müddəti bitdikdən sonra öhdəliyin icra edilməməsinə görə zərərin ödənilməsini də tələb edir. İddia ərizəsində tələbini Mülki Məcəllənin 445.7-ci maddəsi ilə əsaslandırmışdır. Ona görə də hazırki iddia tələbinin əsasını cavabdehin pul vəsaitindən istifadə etməsi nəticəsində faydalanması deyil, pul məbləğinin ödənilməsinin gecikdirdirilməsi nəticəsində faizin ödənilməsidir. Yəni, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir. Mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad edib. Öhdəliyin icra olunmamasında borclunun təqsirinin olub-olmaması Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün əhəmiyyət kəsb etmir. Həmin maddəyə görə azı 5 faizin tutulması üçün əsas kredit müqaviləsindən irəli gələn pul öhdəliyinin icra etməməsi təşkil edir. Hazırki halda cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam icra etməməsi işin mübahisəsiz halıdır.

20. Göstərilənlərə baxmayaraq, gecikdirilmiş vaxt üçün tələb edilmiş 231.68 manata münasibətdə, məhkəmə qeyd edib ki, bunu tələb etməyə iddiaçının hüququ yaranmamışdır, çünki, cavabdeh son ödənişini 2020-ci il mart ayında etmiş, həmin ilin may ayında isə iddiaçı müflis elan edilmiş, eyni zamanda, cavabdehə bildiriş yalnız xx.xx.2023cü il tarixdə göndərilmiş, bu müddət ərzində cavabdehə gecikdirmiş borclu kimi qiymət verilə bilməz dəlilləri də əsassız hesab edilir. Çünki, iddiaçının müflis edilməsi cavabdehi öhdəliyinin icrasından azad etmir, əksinə, kredit müqaviləsi üzrə öhdəliyini daha da vicdanla yerinə yetirilməsini tələb edirdi. Çünki, müflis elan olunma, həm də o deməkdir bank məhz maliyyə çatışmazlığından aktiv bank fəaliyyətini həyata keçirə bilməyib, müflis olub. Kreditorları qarşısında yaranmış öhdəlikləri artmışdır. Bildirişi cavabdehə gec göndərməsi də sonuncunun öhdəliyini istisna etmir. Ona görə də cavabdeh məhz “gecikdirmiş borclu” kimi qiymətləndirilməlidir.

21. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4644/2023 saylı, 27 oktyabr 2023-cü il tarixli qətnaməsi qismən, yəni gecikdirilmiş vaxt üçün illik 5 faizlə tələb edilən 231.68 manatın rədd edilməsi hissəsində ləğv edilməli və iddia həmin hissədə də təmin edilməli, Cavabdeh gecikdirilmiş vaxt üçün illik 5 faizlə tələb edilən 231.68 manat, əsas və faiz borcu ilə birlikdə isə, cəmi 3414.96 manat alınaraq Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməlidir.

22. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4644/2023 saylı, 27 oktyabr 2023-cü il tarixli qətnaməsi qismən, yəni gecikdirilmiş vaxt üçün illik 5 faizlə tələb edilən 231.68 manatın rədd edilməsi hissəsində ləğv edilsin və iddia həmin hissədə də təmin edilsin. Cavabdeh gecikdirilmiş vaxt üçün illik 5 faizlə tələb edilən 231.68 manat, əsas və faiz borcu ilə birlikdə isə, cəmi 3414.96 manat alınaraq Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar