Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11643/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(011)- 7938/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı kredit müqaviləsinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə aralarında bağlanan 29 dekabr 2011-ci il tarixli 01 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(011)-7938/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı kredit müqaviləsinin ləğv edilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Hakim bu qərara gələrkən ona əsaslanmışdır ki, iddiaçı məhkəmədə müqavilənin ləğv edilməsi tələbini irəli sürməzdən əvvəl pretenziya qaydasına riayət etməmiş, bundan əlavə, Cavabdeh ASC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonuna aid olduğundan, iddia ərizəsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(011)- 7938/2021 saylı qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl problemin məhkəmədən kənar həlli üçün cavabdehə pretenziya məktubu ilə müraciət etmişdir. Cavabdehin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu Xocalı prospekti, 55 ünvanıdır. Bu öz təsdiqini cavabdehlə bağladıqları kredit və ipoteka müqavilələrində, məhkəmə qətnaməsindən çıxarışlarda və iddiaçıya ünvanladığı rəsmi bildirişlərdə tapır. Buna görə də hesab edir ki, 05 oktyabr 2021-ci il tarixli 2(011)-7938/2021 saylı qərardad ləğv olunmaqla iddia ərizəsi icraata qəbul olunmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 2(011)-7938/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçının cavabdeh tərəfə pretenziya ilə müraciət etməsi ilə bağlı sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Pretenziya məktubunun surəti və pretenziya məktubunun cavabdehə göndərilməsinə dair poçt qəbzi iddiaçının məhkəməyə təqdim etdiyi hazırkı şikayət ərizəsinə əlavə edilmiş və şikayətin məzmununda da bu hal qeyd edilmişdir. Lakin pretenziya məktubu və onun cavabdehə göndərilməsinə dair sənədlər iddia ərizəsi məhkəməyə təqdim edilərkən ona əlavə edilməmişdir. Bundan əlavə iddiaçı şikayət ərizəsində cavabdehin ünvanının Bakı şəhəri Xətai rayonu Xocalı prospekti, 55 olmasını qeyd etsə də, vergi ödəyicilərinin məlumatları əks olunmuş portaldan çıxarışdan görünür ki, iş üzrə Cavabdeh ASC-nin hal-hazırkı hüquqi ünvanı ünvan 4 bağlanmış ipoteka müqaviləsində və 2013-cü ildə məhkəmə tərəfindən Cavabdeh ASC-yə göndərilmiş məktubda Bankın ünvanının Bakı şəhəri Xocalı prospekti, 55 kimi göstərilməsi hal-hazırda hüquqi ünvanı Nəsimi rayonuna aid olan banka qarşı iddianın Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verilməsinə əsas vermir. Azərbaycan Respublikası MPM-in 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Qərardaddan şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas vermir. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. İddia ərizəsinin geri qaytarılması haqqında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(011)-7938/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-11643/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11643/2021
30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver