Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11658/2019 16.10.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə İddiaçı “xxxxxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)-2431/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı “xxxxxxxxxxxx” ASC-nin xeyrinə 19.730 ABŞ dolları 72 sent məbləğində əsas borc, 15.548 ABŞ dolları 43 sent məbləğində faiz, 306 ABŞ dolları 01 sent məbləğində cərimə olmaqla, cəmi 35.585 ABŞ dolları 16 sent borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh1 ilə “xxxxxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli nağd pul layihəsi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə illik 24 % olmaqla 22.220 ABŞ dolları məbləğində kredit vermişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclu ilə aralarında bağlanmış müqavilənin müddətinin bitməsinə baxmayaraq, hazırkı vaxtadək onun banka olan borcu ödənilməmiş qalır. Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)-2431/2019 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 19.730 ABŞ dolları 72 sent əsas borc, 12.811 ABŞ dolları 49 sent faiz olmaqla, ümumilikdə 32.542 ABŞ dolları 21 sent ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı “xxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin dəyişdirilməsi, iddia tələbinin faiz borcunun təmin olunması hissəsində ləğv olunması,həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, iddianın əsası kimi bankla aralarında bağlanmış kredit müqaviləsinin şərtlərinin tərəfindən ödənilməməsi göstərilmişdir. Bildirmək istəyir ki, qeyd olunan kredit müqaviləsi üzrə öhtəliyi tam icra etməsə də mübahisələndirilən qətnamədə ondan tutulan məbləğlə də razı deyil. Belə ki, həm əsas borc, həm də faiz borcu çox hesablanmışdır. Bununla bağlı ən azından ekspertiza təyin olunmalı idi, iddiaçı tərəfindən tələb olunan əsas və faiz borcu mütəxəssis tərəfindən hesablanmalı idi. Nəzərə alsaq ki, müqavilə bağlanarkən kredit illik 24 % verilmişdir və sonradan şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, manatın dəyərini itirməsinə baxmayaraq cavabdeh tərəfindən faiz dərəcəsi azaldılmamışdır. Düzdür cavabdehlə aralarında öhtəliyin icrası müddəti uzadılsada faktiki olaraq dahada ödəniləcək məbləğ artmışdır. İddiaçı manatın devalivasiyasından sonra onun müflis olduğunu və bu səbəbdən də öhtəliyi icra etmək qabiliyyətində olmadığını bildiyi halda, bilərəkdən iddia müddətinin keçməsinə az müddət qalmış iddia ilə məhkəməyə müraciət edərək artıq faizləri də hesablamışdır. Halbuki, tərəfindən sonuncu ödənişin üstündən kifayət qədər vaxt keçməsinə baxmayaraq, onlar bilərəkdən iddianı son müddətdə vermişdilər. Hesab edirəm bank ən azından manatın dəyərini itirməsi ilə əlaqədar olaraq düşdüyüm çətinliyi nəzərə alıb faizlərin hesablanmasında güzəştə getməli idi. İş üzrə Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ancaq faiz borcunun tutulması hissəsində ləğv edilməsini xahiş etdi. İş üzrə iddiaçı “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, iddia tələbinə uyğun məzmunda izahat verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)-2431/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası cavabdehi və iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)-2431/2019 saylı qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini tələb bölünməz olduğundan, qətnamənin Cavabdeh1 aid hissədə tam olaraq yoxlanılması təşkil edir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli RM/38315/52 saylı kredit sazişindən görünürki, iddiaçı “xxxxxxxxxxxx” ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 24 % ödəmək şərti ilə 22.220 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 “xxxxxxxxxxxx” ASCyə kredit müqaviləsinin müddəti bitən xx.xx.2018-ci il tarixə 19.730 ABŞ dolları 72 sent əsas borc, 12.811 ABŞ dolları 49 sent faiz, 306 ABŞ dolları 01 sent cərimə olmaqla, ümumilikdə 32.848 ABŞ dolları 22 sent məbləğində borcu vardır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqaviləəsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh1 yuxarıda qeyd olunan müqavilə üzrə “xxxxxxxxxxxx” ASC-dən 22.220 ABŞ dolları məbləğində kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, “xxxxxxxxxxxx” ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh1 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu və zamini xəbərdar etmişdir. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq kollegiya hesab edir ki, Cavabdeh1 tərəfindən müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulduğu, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün, iddiaçı yaranmış borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Buna görə də, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə xərcləri düzgün olaraq həll edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası əsaslı olduğu üçün, birinci instansiya məhkəməsinin Cavabdeh1 aid hissədə gəldiyi nəticə ilə razılaşır. Cavabdeh kredit borcunun şişirdilməsini, buna görə ekspertiza keçirilməsini qeyd etsə də, işdə olan maliyyə sənədlərini şübhə altına ala bilən hər hansı sübut təqdim etmədiyindən, kollegiya cavabdehin qeyd olunan dəlilini əsaslı hesab etmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin Cavabdeh1 aid hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)-2431/2019 saylı qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Hakim: Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-11658/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11658/2019
16.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver