Məhkəmə qərarları › İş №2(103)-1166/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1166/2024

31.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1166/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər:zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 31 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 26 iyun 2022-ci il və 21 sentyabr 2022-ci il tarixlərdə İddiaçılə Cavabdeh MMC arasında xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış, müqavilələrə əsasən Turagent turistin sifarişinə uyğun kompleks turizm xidmətlərini təqdim etməyi, turist isə göstərilən xidmətlərin dəyərini Turagentə ödəməyi öhdələrinə götürmüşdür. Hər bir müqavilə üzrə göstərilən xidmətlərin dəyəri 850 avro təşkil etmiş, iddiaçı həmin məbləği cavabdehə ödəmişdir. Müqavilələrdə göstərilmişdir ki, Səfirlik vizaya imtina verərsə: imtina səbəbi şirkətin verdiyi sənədlər olarsa bütün ödənilən məbləğ geri qaytarılır. İmtina səbəbi kimi başqa bir səbəb göstərilərsə 200 avro geri qaytarılır. 650 avro xidmət haqqı olaraq qaytarılmayan məbləğdir. İddiaçı Polşa Respublikasına səfər etmək istəmiş, cavabdeh tərəfindən lazımi sənədlər toplanaraq müraciət olunmuş, lakin səfirlik vizanın verilməsindən imtina etmişdir. Vizanın verilməsindən imtina barədə qərarda iddiaçının özünün şəxsi keyfiyyətləri ilə bağlı ona inamsızlıq göstərildiyi bildirilmişdir. İddiaçı cavabdeh tərəfindən aldadıldığını əsas gətirərək hüquq-mühafizə orqanlarına müraciət etmiş, Bakı şəhəri Nəsimi rayon polis idarəsinin Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı Ramil Sadıqovun 01,07.2023-cü il tarixli qərarı ilə cinayət işi başlanması rədd edilmiş, ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməyi bildirilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulan zərərə görə 1010 avro məbləğində pulun məhkəmə qətnaməsinin çıxarıldığı gün üçün məzənnə üzrə manatla hesablanmaqla cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh MMC-nin Polşa Respublikasında vətəndaşları işə düzəltmək adı altında yerləşdirdiyi saxta elana inanaraq ünvan 1 ünvanı ünvan 2852- 67-75) həmin şirkətə yaxınlaşdı və aralarında 26 iyul 2022-ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilə bağlandı. O, həmin tarixdə şirkətə 650 avro pul ödədi və şirkət bunun müqabilində ona tezliklə Polşa Respublikasında işlə təmin edəcəyini öhdəsinə götürdü. Şirkət tərəfindən ona iş dəvətnaməsi adı altında xx.xx.2022-ci il tarixli sənəd verildi və o, buna görə əlavə olaraq 200 avro şirkətə ödəniş etdi. Yuxarıda qeyd olunanlardan əlavə Polşa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində qəbula düşmək üçün 80 avro pul da ödədi. Lakin sonunda səfirlik tərəfindən ona imtina cavabı verilmişdir. Bundan sonra onunla şirkət arasında 21 sentyabr 2022-ci il tarixdə xidmətlərin göstərilməsi haqqında növbəti müqavilə bağlandı. Daha sonra yenidən şirkət tərəfindən ona iş dəvətnaməsi adı altında xx.xx.2022-ci il tarixli sənəd verildi və o, yenidən Polşa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində qəbula düşmək üçün 80 avro pul ödədi. Yenidən səfirlik tərəfindən ona imtina cavabı verildi. Cavabdeh MMC-nin saxtakarlığını gördükdən sonra o, cavabdeh şirkətdən ödədiyi pulları geri tələb etsə də, şirkət onun pullarını geri qaytarmamışdır. Onunla şirkət arasında bağlanmış xidmətlərin göstərilməsi haqqında müqavilərdən görünür ki, ’’Turagent” adlandırılan Cavabdeh MMC əslində işə düzəltmə şirkəti deyil, turistin sifarişinə uyğun kompleks turizm xidmətlərini təqdim edən bir şirkətdir. Həmin şirkət işə düzəltmə adı altında insanları aldadaraq pullarını ələ keçirməklə məşğuldur. İş dəvətnaməsi adı altında ona təqdim edilən sənədlərin həqiqətən Polşa Respublikasından daxil olduğu, həmin sənədlərin, oradakı möhürlərin, imzaların saxta olub-olmadığı araşdırılmalıdır. Həmin sənəd başqa dildə tərtib olunduğundan, ona tərcümə edilmədən verildiyindən həqiqi məzmunu şübhə altındadır. Növbəti şübhəli məqam odur ki, şirkət tərəfindən ona təqdim edilmiş viza verilməsindən imtina sənədi Polşa Respublikasının dövlət dilində tərtib olunmaq əvəzinə rus dilində tərtib edilmişdir. Həmin sənədin də saxta olub-olmadığı şübhə altındadır. Ona görə də, xx.xx.2022-ci il tarixdə Baş Prokurorluğun 961 saylı qaynar xəttinə zəng edərək bu şirkətin etdiyi hərəkətlər barəsində məlumat verərək bu işin icraata götürülməsini xahiş etdi və ona bildirildi ki, Prokurorluğun vəzifə səlahiyyətlərinə aid olmadığı üçün bu kateqoriyalı işlər mülki məhkəmə qaydasında həll olunmalıdır. Daha sonra Azərbaycan Respublikasının Baş Prokurorluğuna tərəflərindən müraciət edilərək Cavabdeh MMC-nin qanunsuzluqları ilə əlaqədar zəruri araşdırmanın aparılması, həmin şirkətin barəsində qanunamüvafiq tədbirlərin görülməsi və ona dəyən ziyanın ödənilməsinin təmin edilməsi xahiş edilmişdir. Həmin müraciət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə göndərilmiş, daha sonra müraciət araşdırılması üçün Bakı şəhər Baş Polis İdarəsi tərəfindən Bakı şəhəri Nəsimi rayon polis idarəsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon polis idarəsinin Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı Ramil Sadıqovun 01,07.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ilə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, onlara mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmələri bildirilmişdir.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1794/2023 saylı qətnaməsi ilə iddia rədd olunmuşdur.

5. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı ilə Cəmiyyət arasında hüquq və öhdəliklər qabaqcadan və qarşılıqlı şəkildə müəyyən edilməklə müqavilə bağlanmışdır. Müqavilənin şərtinə uyğun olaraq müvafiq sənədlər toplanaraq aidiyyəti üzrə müraciət edilmişdir. Hazırkı işdən göründüyü kimi iddiaçı cavabdehə ödədiyi 1010 evro məbləğində pulu tələb etməkdə haqlı hesab edilə bilməz.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385.1, 442, 443.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı onunla əsaslandırılmışdır ki, məhkəmə iclası keçirilən zaman cavabdeh tərəfin xaricdə işə düzəltmə lisenziyasının məhkəməyə təqdim edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edib. Cavabdeh tərəf lisenziya əvəzinə məhkəməyə vergi bəyannaməsini təqdim etmiş və bəyannamədə fəaliyyət növünün yalnız tur paketlə məşğulluğu qeyd olunmuşdur. Yəni, həmin sənəddə də, Cavabdeh MMC-nin əslində işə düzəltmə şirkəti olmadığı açıq-aşkar görünməkdədir. Həmçinin, cavabdeh tərəf qanunsuz fəaliyyətlərini ört-basdır etmək üçün Facebook səhifəmdən hərbi formada olan silahlı şəklini (vətən müharibəsində Xocavənd istiqamətindəki) məhkəməyə təqdim edərək hakim qarşısında elektron formada aparılan məhkəmə iclasında şərəf və ləyaqətinə xələl gətirən sözlərlə yəni, onu terrorçu adlandıraraq məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz verməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10.İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi.

11. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaçıya 300 avro pul ödəməyə razı olduğunu bildirərək şikayətin rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

12.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 13.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 14.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 15.Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

Apellyasiya baxışının hədləri

16.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 17.Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18.Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və aşağıdakıları qeyd edir. 19.Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 20.Hazırkı iş üzrə iddiaçı cavabdeh tərəfindən müqavilə şərtlərinin pozularaq zərərə məruz qaldığını bildirərək dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir. 21.Cavabdeh isə müqavilə şərtlərini yerinə yetirdiyini, bu hadisədə təqsirinin olmadığını əsas gətirərək iddiaya etiraz edir, həmçinin iddiaçıya 300 avro ödəməyə razı olduğunu bildirir. 22.Kollegiya ilk növbədə diqqətə çatdırır ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. 23.Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 24.Sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz. 25.İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində zərərə məruz qaldığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. 26.Belə ki, tərəflər arasında bağlanmış müqavilələrdən görünür ki, cavabdeh iddiaçıya kompleks turizm xidmətlərini təqdim etmiş, iddiaçı bu xidmətlərin müqabilində müqavilə üzrə 850 avro pul ödəmişdir. İddiaçının Polşa Respublikasına səfərinin baş tutmaması həmin ölkənin viza verməkdən imtinası ilə bağlı olmuşdur. Vizanın verilməsindən imtina barədə qərardan görünür ki, viza iddiaçıya şəxsi keyfiyyətləri ilə əlaqədar verilməmişdir. Bir sözlə, iddiaçıya imtina cavabının verilməsi, cavabdeh tərəfindən sənədlərin düzgün tərtibatı ilə bağlı olmamışdır. Belə olan halda, iddiaçının cavabdehdən 1010 avro məbləğində pul tələb etməsinin hüquqi əsası yoxdur. 27.Lakin Kollegiya onu da nəzərə alır ki, apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iddiaçıya 300 avro ödəməyə hazır olduqlarını bildirmişdir. 28.MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 29.Kollegiya cavabdehin iddianı 300 avro ödənilməsi hissəsində etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tələbini 300 avro ödənilməsi hissəsində sübut etməkdən azaddır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 300 avro pul tutulmalıdır. 30.İddiaçı qalan hissədə tələbini sübuta yetirə bilmədiyindən iddia tələbinin qalan hissəsi rədd edilməlidir. . 31.Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. 32.Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. 33.Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. 34.Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 35.MPM-in 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

36. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. 37.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 01 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunsun. Cavabdeh MMC-dən 300 (üç yüz) avro pul məzənnə üzrə Azərbaycan Respublikası manatı ilə tutularaq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar