Məhkəmə qərarları › İş №2(103)-11660/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11660/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11660/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(009)- 2974/2018 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilərək Bakı şəhər 28 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilmiş 30 noyabr 2017-ci il tarixli Kredit Müqaviləsindən yaranmış 50.000 (əlli min) manat, 29.12.2017-ci il tarixli borc haqqında razılaşma aktından yaranmış 88.000 (səksən səkkiz min) manat, əldən çıxmış faydaya görə 3.450 (üç min dörd yüz əlli) manat, hüquqi xidmətə görə ödədiyi 100 (yüz) manat və 30,40 (otuz manat qırx qəpik) manat, ümumilikdə isə 141580, 40 (bir yüz qırx bir min beş yüz səksən manat qırx qəpik) AZN məbləğində pul vəsaitinin Cavabdeh1 tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh1 02 may 2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(009)-2974/2018 saylı qiyabi qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2(009)-2974/2018 saylı qərardadı ilə prosessual müddət ötürüldüyündən ərizə baxılmayaraq Cavabdeh1 geri qaytarılmışdır. Cavabdeh 25.10.2021-ci il tarixdə şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli qərardadını ləğv etməklə qiyabi qətnamənin ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2(009)- 2974/2018 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli qərardadından şikayət verilməsi üçün prosessual müddət ötürüldüyündən şikayət onu verən şəxsə geri qaytarılmışdır. Cavabdeh şikayət verərək Səbail Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, qərardadını ləğv etməklə qiyabi qətnamənin ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Səbail rayon məhkəməsinin 14 may 2019-cu il tarixli qərardadı ona 25.10.2021-ci il tarixdə təqdim edilmişdir. Göründüyü kimi, ərizə 10 günlük prosessual müddət ötürülmədən məhkəməyə təqdim edilmişdir. Səbail Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qərardadı ilə verilmiş şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, Cavabdeh1 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2(009)-2974/2018 saylı qərardadını 20 may 2019-cu il tarixdə xəbərnaməyə imza etməklə almış, lakin həmin qərardaddan şikayəti (nümayəndəsi) 25 oktyabr 2021-cu il tarixdə məhkəməyə təqdim etmişdir. Bununla da o, qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində şikayət verilməsi ilə bağlı qanunvericiliyin müəyyən etdiyi şikayət vermə müddətini ötürmüş, prossesual müddətin bərpası barədə vəsatət isə təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf şikayətində göstərdiyi halları sübuta yetirə bilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar