Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11665/2021 03.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması barədə” iddiasına dair mülki iş Səbail Rayon Məhkəməsinin 26.10.2021-ci il tarixli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddia ərizəsi geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, məhkəməyə müraciət etməzdən əvvəl tərəflərin mediasiya prosesində iştirakı tələb olunur, lakin həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilməyib. Hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 152.1.6-1-ci maddəsinin göstərişinə istinad olunub. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət onunla əsaslandırılıb ki, alimentin miqdarının dəyişdirilməsi barədə tələbə münasibətdə mediasiya prosesində iştirak tələb olunmur. Məhkəmə şikayətin həlli ilə bağlı aşağıdakıları qeyd edir. MPM-in 4.6-cı maddəsinə görə ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Qanun ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 152.1.6-1-ci maddəsinə görə isə “Mediasiya haqqında” Qanuna uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Lakin göstərilən qayda alimentin miqdarının dəyişdirilməsi barədə mübahisəyə şamil olunmur. Belə ki, alimentin miqdarının dəyişdirilməsi barədə mübahisə maddi-hüquqi baxımdan müstəqil mübahisə sayılmır, əvvəlki mübahisənin (aliment tutulması barədə mübahisənin) davamı hesab olunur. Əgər aliment tutulması barədə mübahisə olmasayıdı alimentin miqdarının dəyişdirilməsi barədə mübahisə baş verə bilməzdi. “Mediasiya haqqında” Qanunun 4.1-ci maddəsinə görə mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Mübahisə (aliment tutulması barədə mübahisə) artıq məhkəmədədir, odur ki, ki, maddi-hüquqi baxımdan həmin mübahisənin davamı (əlavəsi) olan mübahisədə (alimentin miqdarının dəyişdirilməsi barədə mübahisədə) münaqişə səviyyəsinin mediasiyada vasitəsilə azaldılması mümkün deyil. Bundan başqa, məhkəmə qətnaməsində müəyyən edilmiş alimentin miqdarını yalnız məhkəmə dəyişə bilər. Bu qayda Ailə Məcəlləsinin 112-ci maddəsində müəyyən edilib. O cümlədən MPM-in 233.4-cü maddəsində qeyd olunub ki, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Odur ki, məhkəmə qətnaməsində müəyyən edilmiş alimentin miqdarının mediasiya vasitəsilə dəyişdirilməsi mümkün deyil. Beləliklə, qərardad ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Hazırkı Səbail Rayon Məhkəməsinin 26.10.2021-ci il tarixli qərardadı ləğv edilsin və iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-11665/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11665/2021
03.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver