Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1167/2021 08.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-2614/2020 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehlə bağlanan xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi və 18.500 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (borcverən) ilə Cavabdeh oğlu (borcalan) arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 1-ci bəndinə uyğun olaraq iddiaçı cavabdehə 18.500 manat məbləğində pul borc vermişdir. Lakin cavabdeh müqavilənin 3-cü bəndini pozaraq iddiaçıya olan 2 aylıq borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3-cü maddəsinə görə “borc alan” krediti xx.xx.2020-ci il tarixədək “Borc verənə” hər ay 1700 manat, sonuncu ay isə 1500 manat olmaq şərti ilə qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh indiyə kimi heç bir ödəniş etməməklə üzərinə götürdüyü öhdəliyi pozmuşdur. İddiaçı müqavilənin ləğvi və pul borcunun qaytarılması ilə bağlı pretenziya məktubunu xx.xx.2020-ci il tarixində göndərmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-2614/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-2614/2020 nömrəli qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə qətnamə qəbul edərkən cavabdehin borcunun olub-olmaması barədə araşdırma aparmamış sadəcə olaraq iddiaçının istinad etdiyi hallara qiymət verərək qətnamə qəbul etmişdir. Məhkəmə çəkişmə prinsipinə əməl etməyərək cavabdehin hüququnu pozmuşdur. Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, borcunu tam olaraq ödəmiş və hətta iddiaçıya əlavə faizlər də ödəmişdir. İddiaçı əlavə gəlir əldə edərək qanunsuz varlanmaq fikrindədir və məhkəmə buna şərait yaradaraq, belə bir qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X3 cavabdehlə barışıq əldə olunmadığını qeyd edərək, apellyasiya şikayətinə etiraz etdiyini və təmin edilməməsini xahiş etmişdir. xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil barışıq üçün vaxt verilməsini məhkəmə kollegiyasından xahiş etmiş, sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Bakı şəhəri 5 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı Cavabdeh faizsiz olaraq 18.500 manat məbləğində pul vəsaiti borc vermişdir. Borclu həmin pul vəsaitini xx.xx.2020-ci il tarixədək hər ay 1700 manat, sonuncu ay isə 1500 manat olmaq şərti ilə qaytarmağı öz öhdəsinə götürmüşdür. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında qanunvericiliyin tələblərinə riayət edilməklə, borc müqaviləsi bağlanmış və cavabdeh həmin müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi tam və vaxtında icra etməmişdir. Nəticədə onun iddiaçıya 18.500 manat məbləğində borcu yaranmışdır. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmır. Belə ki, cavabdeh müqavilə üzrə borc məbləğinin onun tərəfindən tam ödənildiyini, hətta borca görə əlavə faiz məbləğinin də ödənildiyini bildirsə də, bu dəlillərini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, cavabdeh onun məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmədiyini bildirsə də, məhkəmə tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvana rəsmi qaydada bildirişlərin göndərilməsi iş materialları ilə öz təsdiqini tapır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-2614/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-1167/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1167/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver