Məhkəmə qərarları › İş №2(103)-1167/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1167/2022

19.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1167/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-132/2021 saylı iş üzrə 19 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Əskərov Zöhrab İmaməli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İsrafi qızı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 28.02.2017-ci il tarixli, RX №1011627 saylı dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 43,5 kv. metr olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. Bundan əlavə həmin mənzilin tərkib hissəsinə çevrilmiş, 8 kv. metr sahədən ibarət təsərrüfat anbarı da Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin 14 noyabr 2017-ci il tarixli 77 saylı qərarı ilə ounn adına qeydiyyata alınmış və qanuni sahibliyindədir. Cavabdeh ilə bağlanmış 01 dekabr 2016-cı il tarixli icarə müqaviləsinə əsasən o mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsini icarəyə vermişdir. İcarə müqaviləsi üzrə cavabdeh ona hər ay 700 manat icarə haqqı ödəmək barədə üzərinə öhdəlik götyürmüşdür. Lakin, üzərinə götürdüyü öhdəliyi icra etməmiş və bu hərəkətləri ilə ona maddi ziyan vurmuşdur. Cavabdeh müqavilənin şərtlərini icra etmədiyinə görə AR Mülki Məcəlləsinin 685-ci maddəsinin tələblərinə müvafiq olaraq icra müqaviləsinə 03 noyabr 2017-ci il tarixindən etibarən xitam vermişdi və cavabdehə qarşı borcların ödənilməsi və obyekti tərk etməsi barədə tələb irəli sürmüşdür. Lakin, cavabdeh borcları ödəməkdən və obyekti boşaldıb tərk etməkdən imtina etmişdir. Bu azmış ki, cavabdeh özbaşınalıq edərək 19 noyabr 2017-ci il tarixində fiziki şəxs Ofılə Allahverdiyevaya 300 manat müqabilində icarəyə verdiyi təsərrüfat anbarından istifadə etməyinə qəsdən mane olmuşdur. Cavabdeh icarəçini sıxışdırıb həmin anbardan çıxarmış və həmin sahəni qanunsuz ələ keçirmişdir. Bu hərəkətləri ilə cavabdeh ona əlavə maddi ziyan vurmuşdur. Cavabdehin qanunla qadağan edilmiş özbaşına hərəkətlərinin qarşısının alınması üçün o Nizami rayon məhkəməsinə müraciət edərək, cavabdehin ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən və təsərüffat anbarından çıxarılması və 2018-ci ilin avqust ayına kimi ona vurulmuş maddi ziyanın ( icarə haqqının ) ödənilməsi tələbi ilə ona qarşı iddia irəli sürmüşdür. Nizami rayon məhkəməsinin 2(007)- 1003/2018-ci il tarixli 17.09.2018-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilmiş, 9 909 manat məbləğində maddi ziyanın cavabdehdən tutulması barədə qərar qəbul edilmişdir. Məhkəmənin qətnaməsi ilə cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanın miqdarı aşağıdakı qaydada hesablanmışdır: Qara Qarayev prospekti ev 22 mənzil 32 ünvanda yerləşən qeyri-yaşayış sahəsi barədə Cavabdeh ilə bağlanmış icarə müqaviləsi üzrə 2017ci ilin oktyabr ayından 2018-ci ilin avqust ayına qədər müddət üçün (10 ay) hər ay 700 manat icarə haqqı hesablanmaqla - cəmi 7 000 manat, təsurrüfat anbarı barədə Allahverdiyeva Ofilə Yolçu qızı ilə bağlanmış icarə müqaviləsi üzrə 2017-ci ilin noyabr ayından 2018-ci ilin avqust ayına qədər müddət üçün (10 ay) hər ay 300 manat icarə haqqı hesablanmaqla-cəmi 3000 manat. Göstərilən hesablamaya əsasən məhkəmə cavabdehin təqsiri üzündən ona vurulmuş maddi ziyanın ümumi məbləğini 9909 manat müəyyən etmişdir. Lakin, cavabdeh birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmamış və ondan apellyaisya və sonradan isə kassasiya şikayəti verib obyektləri boşaltmaqdan imtina etmiş və bu hərəkətləri ilə onu əlavə maliyyə itkilərinə məruz qoymuşdur. Bakı Apellyasiya məhkəməsinin 2(103)-1185/2019 saylı 06.02.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2(102)- 4846/2019 saylı 26.07.2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır və bununla Nizami Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmişdir. Nizami rayon məhkəməsinin icra vərəqəsinə əsasən Nizami rayon İcra və Probasiya şöbəsinin 04.10.2019-cu il tarixli qərarı ilə icra işi başlanmışdır. İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən 31 oktyabr 2019-cu il tarixdə cavabdeh öz əşyaları ilə birlikdə hər iki obyektdən icbari qaydada çıxarılmış, həmin tarixdən obyektlər ona təhvil verilmişdir və bu barədə icra məmuru tərəfindən 31 oktyabr 2019-cu il tarixli AKT tərtib edilmişdir. Nizami rayon məhkəmənin qətnaməsi ilə müəyyən olunur ki cavabdehin ona vurduğu maddi ziyan (əldən çıxmış fayda) 2018-ci ilin avqust ayina qədər hesablanmış və yalnız həmin müddət üçün ziyanın ödənilməsi qət edilmişdir. Lakin göstərilən tarixdən 31 oktyabr 2019-cu il tarixinə qədər cavabdeh ona obyektləri təhvil verməkdən imtina etmiş və bu hərəkətləri ilə ona ziyan vurmağa davam etmişdir. Ona görə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, həmin dövr üçün də maddi ziyanın ödənilməsini cavabdehdən tələb edir. 2018-ci ilin avqust ayından başlayaraq hər iki obyektin ona rəsmi təhvil verildiyi 31 oktyabr 2019-cu il tarixinə qədər cavabdehin ona vurduğu maddi ziyan (əldən çıxmış fayda) aşağıda qaydada hesablanmalıdır. Qara Qarayev prospekti ev 22 mənzil 32 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin itirilmiş icarə haqqı -10 500 manat (700 AZN x 15 ay = 10 500 manat), təsərüfat anbarının itirilmiş icarə haqqı- 4 500 (300 AZN x 15 ay= 4 500 AZN). Beləliklə, cavabdehin ona vurduğu maddi ziyanın ümumi məbləği 15 000 manat təşkil edir. Qeyd olunanlara əsasən Ramazanov Bahar Hüseyn qızının qanunsuz əməlləri nəticəsində ona vurulmuş 15000 manat məbləğində maddi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-132/2021 saylı iş üzrə 19 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 15000 manat məbləğində maddi ziyan İddiaçı İsrafi qızının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Əskərov Zöhrab İmaməli oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığına, məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyəti olan büliin taktiki hallar aydınlaşdırılmadığına görə qətnamə ləğv olunaraq iddia rədd edilməlidir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, o, Nizami Rayon Məhkəməsinin 2(007)-1003/2018 saylı 17.09.2018-ci il tarixli qətnaməsindən yuxarı instansiya məhkəmələrinə şikayətlər etmişdir. Şikayətlərin verilməsini əhatə edən və sahənin boşaldımasına dair icra hərəkətlərinə qədərki dövr üçün tərəfindən iddiaçıya həmin sahəni icarəyə verməklə pul qazanmasına imkan verməməsi və bununla əlaqədar iddiaçıya güman edilən əldən çıxmış fayda olaraq 15000 manatın tutulması əsassızdır. İddiaçının əri Talib Hacıyevlə aralarında yaranmış münaqişə zəminində o, Qara Qarayev pr. ev 22, 32 saylı mənzili tərk edərək bu barədə iddiaçıya məlumat vermişdir. 2017-ci ilin sentyabr ayından həmin sahədən istifadə edə bilməmişdir. İcra prosesi zamanı müəyyən olunmuşdur ki, icarə sahəsində istifadə etdiyi onaə məxsus avadanlıqları iddiaçı və əri həmin 8 kv.m. sahəyə yerləşdirmişlər. "İcarə pulu verməyincə" həmin avadanlığları sahədən çıxarmağa imkan verməyəcəklərini bildirmişlər və avadanlıqların həmin sahədə qalması müddətini özləri uzatmışlar. Nəticədə ona məxsus avadanlıqlar köhnəlmiş, yararlılığını itirmişlər. İcra orqanı qətnaməni icra edərkən həmin sahənin qıfılını sındırmış və ona məxsus avadanlıqları çıxararaq sahəni boşaltmışlar. Qıfılın açarı isə onda olmamış, iddiaçıda olmuşdur. Avadanlıqların çıxarılması icra məmuru tərəfindən tərtib olunmuş aktda qeyd edilmişdir. O, 40 kv.m sahədən özü çıxıb getdiyi halda və 8 kv.m sahənin qıfılının iddiaçıda olduğu bir vəziyyətdə həmin sahədən "çıxmamaqla” onun icarəyə verilməsinə maneçilik törətməsi barədə iddiaçının mülahizələri və həmin mülahizələrə əsaslanan məhkəmənin gəldiyi nəticə tam əsassızdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etriaz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-132/2021 saylı iş üzrə 19 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materialalrında olan Bakı şəhər Niami Rayon məhkəməsinin 2(007)- 1003/2018 saylı 17.09.2018-ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Cavabdeh ona məxsus olan bütün əşyaları ilə birlikdə ünvan 3 ünvanda yerləşən mənzildən və təsərrüfat anbarından çıxarılması, Cavabdeh İddiaçı xeyrinə dəymiş maddi zərərə görə 9909 (doqquz min doqquz yüz doqquz) manat tutulması, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı maddi və mənəvi zərər tələbinə dair qarşılıqlı iddianın rədd olunması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 127 (bir yüz iyirmi yeddi) manat Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1185/2019 saylı 06 fevral 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhər Niami rayon məhkəməsinin 2(007)- 1003/2018 saylı 17.09.2018-ci il tarixli qətnaməsi mübahisələndirilən – ilk iddianın təmin olunan, qarşılıqlı iddianın isə təmin olunmayan hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4846/2019 saylı 26.07.2019-cu il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1185/2019 saylı 06 fevral 2019- cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan 01.12.2016-cı il tarixli Cavabdeh ilə bağlanmış icarə müqaviləsindən görünür ki, İddiaçı İsrafi qızının mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən qeyriyaşayış sahəsini icarəyə vermiş, Cavabdeh ona hər ay 700 manat icarə haqqı ödəmək barədə üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 19.11.2017-ci il tarixli Allahverdiyeva Ofilə Yolçu qızı ilə bağlanmış icarə müqaviləsindən görünür ki, İddiaçı İsrafi qızının mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən qeyriyaşayış sahəsini icarəyə vermiş, Cavabdeh ona hər ay 300 manat icarə haqqı ödəmək barədə üzərinə öhdəlik götürmüşdür. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işin halları ilə müəyyən olunur ki, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-1003/2018 saylı 17.09.2018-ci il tarixli qətnaməsi ilə Qara Qarayev prospekti ev 22 mənzil 32 ünvanda yerləşən qeyri-yaşayış sahəsi barədə Cavabdeh ilə bağlanmış icarə müqaviləsi üzrə 2017ci ilin oktyabr ayından 2018-ci ilin avqust ayına qədər müddət üçün (10 ay) hər ay 700 manat icarə haqqı hesablanmaqla - cəmi 7 000 manat, təsurrüfat anbarı barədə Allahverdiyeva Ofilə Yolçu qızı ilə bağlanmış icarə müqaviləsi üzrə 2017-ci ilin noyabr ayından 2018-ci ilin avqust ayına qədər müddət üçün (10 ay) hər ay 300 manat icarə haqqı hesablanmaqla-cəmi 3000 manat, ümumilikdə 10000 manat zərər hesablanmış, ilk iddia üzrə iddiaçı ilk iddia üzrə cavabdehdən 9909 manat tələb etdiyi üçün dəymiş zərərlə bağlı hissədə iddia - 9909 manat məbləğdə təmin olunmalıdır. İş materiallarında olan, Nizami Rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 31.10.2019-cu il tarixli aktın məzmunundan görünür ki, həmin tarixdə qeyri-yaşayış sahəsi tamamilə boşaldaraq mülkiyyətçiyə təhvil verilmişdir. Göründüyü kimi Cavabdeh həmin tarixədək iddiaçıya zərər vurmaqda davam etmişdir. Ona görə də 2018-ci ilin avqust ayından 31. 10.2019-cu il tarixədək olan dövr üçün dəymiş ziyanı ödəməlidir. Vurulmuş zərərin hesablanması qaydası Bakı şəhər Niami rayon məhkəməsinin 2(007)-1003/2018 saylı iş üzrə qəbul etdiyi qanuni qüvvəyə minmiş 17.09.2018-ci il tarixli qətnaməsi ilə hesablandığı üçün hazırkı iş üzrə zərər eyni qaydada hesablanmalıdır: Qara Qarayev prospekti ev 22 mənzil 32 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə görə icarə haqqı -10 500 manat (700 AZN x 15 ay = 10 500 manat), təsərüfat anbarına görə icarə haqqı- 4 500 (300 AZN x 15 ay= 4 500 AZN). Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsindən görünür ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İddianın mahiyyətindən görünür ki, Nizami Rayon Məhkəməsinin 2(007)- 1003/2018ci il tarixli 17.09.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilmiş, lakin cavabdeh birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmamış və ondan apellyaisya və sonradan isə kassasiya şikayəti verib obyektləri boşaltmaqdan imtina etmiş və bu hərəkətləri ilə onu əlavə maliyyə itkilərinə məruz qoymuşdur. Bakı Apellyasiya məhkəməsinin 2(103)-1185/2019 saylı 06.02.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4846/2019 saylı 26.07.2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı Ramazanov Bahar Hüseyn qızının qanunsuz əməlləri nəticəsində ona vurulmuş 15000 manat məbləğində maddi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən öz tələbini əsaslandıran əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Mülki Məcəlləyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (1097.1). «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: • zərərin mövcud olması, • zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, • zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Kollegiya apellyasiya şikayətinin dəlilərini haqlı hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-1003/2018 saylı 17.09.2018-ci il tarixli qətnaməsinə istinad etməkdə haqlı olmamışdır. Belə ki, həmin qətnamə ilə müəyyən edilmiş məbləğ tərəflər arasında bağlanmış 01.12.2016-cı il tarixli və 19.11.2017-ci il tarixli icarə müqaviləsi olmuş və həmin qətnamə qanuni qüvvəyə minməklə icraya yönəldilmişdir. Cavabdeh tərəfindən iddiaçıya zərər vurulmasını təsdiq edən kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin isə ona verilmiş prosessual hüquqdan istifadə etməklə məhkəmə qətnaməsini mübahisələndirməsi, ona qarşı hazırki iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-132/2021 saylı iş üzrə 19 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh nümayəndəsi və vəkili Əskərov Zöhrab İmaməli oğlunun apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-132/2021 saylı iş üzrə 19 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı İsrafi qızının Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar