Məhkəmə qərarları › İş №2(103)-11687/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11687/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11687/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc məbləğinin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1496/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC “Xalq” Bankı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc məbləğinin tutulması” tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 19.02.2019-cu il tarixli, 2-2(103)-6/2019 saylı qətnaməsi ilə "xxxx" firmasından ASC “Xalq” Bankının xeyrinə tutulması qət edilmiş 19.400.119,08 ABŞ dolları məbləğində pul vəsaitinin ipoteka predmeti hesabına ödənilməmiş 4.925.119,08 ABŞ dolları məbləğində hissəsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və sənədlərin notarial qaydasında təsdiq edilməsinə görə 10 manat məbləğində çəkilmiş xərclərin "xxxx" firmasının təsisçiləri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı ASC “Xalq” Bankı ilə “Mars- M” firması (Borc alan) arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815 №-li Kredit xətti müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alana 04 oktyabr 2018-ci il tarixinədək, illik 16 % ödəmək şərtilə, 17.000.000 ABŞ dolları məbləğində bərpa olunmayan kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC “Xalq” Bankı ilə "xxxx" firması arasında sonuncuya mülkiyyət hüququ əsasında məxsus olmuş ünvan 1 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m olmaqla ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasının ipoteka qoyulması barədə 08.07.2015-ci il tarixli **********58815/SİM №-li Sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bankın ipoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC “Xalq” Bankına AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 09.07.20İ5-ci il tarixli RX seriyalı ******* №-li Çıxarış verilmişdir. Borc alan tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı Bank tərəfindən "Kredit xətti müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” qarşılıqlı iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmiş və həmin məhkəmənin 15 iyul 2016-cı il tarixli 2-2(81)-1096/2016 №-li qətnaməsi ilə ilkin iddiaçı "xxxx" firmasının cavabdeh ASC «Xalq» Bankına qarşı tərəflər arasında bağlanmış 08.07.2015-ci il tarixli kredit xətti və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsi barədə iddiası təmin edilməmiş, Bankın qarşılıqlı iddiası isə tam təmin edilərək cavabdeh «Mars- M» firmasından 17.000.000 ABŞ dolları əsas borc, 2.388.957,46 ABŞ dolları adi faizlər üzrə borc, 11.161,62 ABŞ dolları penya olmaqla, cəmi 19.400.119,08 ABŞ dolları məbləğində pul vəsaitinin və 26.05.2016-cı il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin iddiaçı ASC “Xalq” Banknın xeyrinə tutulması, tutmanın İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və "xxxx" firmasına məxsus ünvan 1 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 (beş) mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m olmaqla ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına yönəldilməsi qət edilmişdir. "xxxx" firması 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 iyul 2016-cı il tarixli 2- 2(81)- 1096/2016 №-li qətnaməsinin tamamilə ləğv edilməsi, ilkin iddianın tam təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsinə dair apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının vətəndaşları Ağa-X6 və Hacıyeva Könül Rəşid qızı (bundan sonra birlikdə - «3-cü şəxslər») 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin ipoteka predmetinin 2-ci mərtəbəsində yerləşən 56,6 kv.m və 24,6 kv.m-dən ibarət olan sahələrinin ipotekası hissəsində etibarsız hesab edilməsi tələbinə dair iddia ərizələri ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişlər. Məlum olmuşdur ki, qeyd edilən ipoteka müqaviləsi bağlanmazdan əvvəl ipoteka predmeti barəsində "xxxx" firması ilə Hacıyeva Könül Rəşid qızı arasında 20.05.2011-ci il tarixli İlkin müqavilə, Ağa-X6 arasında isə 17.11.2009-cu il tarixli, MAA/19-09 saylı müqavilə bağlanmışdır. Qeyd edilən müqavilələr daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bu səbəbdən, ipoteka predmeti ipoteka ilə yüklü edildiyi zaman həmin əmlaka üçüncü şəxslərin hüquqları barədə daşınmaz əmlakın dövlət reyestrində heç bir məlumat aşkar edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05 aprel 2017-ci il tarixli 2-2(103)- 14/2017 №-li qətnaməsi ilə 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin 3-cü şəxslərə məxsus ümumi sahəsi 81,2 kv.m olan qeyri-yaşayış sahəsinin ipotekaya qoyulması hissəsində etibarsız hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.10.2017-ci il tarixli 2-2(102)-366/17 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 05 aprel 2017-ci il tarixli qətnaməsindən həm Bank, həm də "xxxx" firması tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmişdir. Bank tərəfindən AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.10.2017-ci il tarixli qərarından 16.04.2018-ci il tarixdə AR Konstitusiya Məhkəməsinə şikayət verilmişdir. AR Konstitusiya Məhkəməsinin 18.07.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, işə konstitusiya məhkəməsinin qərarında əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. AR Ali Məhkəməsinin Plenumunun 31.10.2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarı və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 5 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19.02.2019-cu il tarixli 2-2(103)- 6/2019 №-li qətnaməsi ilə "xxxx" firmasının apelyasiya şikayətinin, üçüncü şəxslərin, onlara “məxsus” ticarət sahələri hissəsində ipoteka müqaviləsinin qismən etibarsız hesab edilməsinə dair iddialarının rədd edilməsi, Bankın qarşılıqlı iddiasının isə qismən təmin edilərək, "xxxx" firmasından 17.000.000 ABŞ dolları əsas borc, 2.388.957,46 ABŞ dolları adi faizlər üzrə borc, 11.161,62 ABŞ dolları penya olmaqla, cəmi 19.400.119,08 ABŞ dolları məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun, sənədlərin notariat qaydasında təsdiq edilməsi üçün 15 manat məbləğində çəkilmiş xərcin iddiaçı ASC «Xalq» Banknın xeyrinə tutulması, tutmanın İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və "xxxx" firmasına məxsus ünvan 1 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 (beş) mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,10 kv.m olmaqla ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 38.600.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Həm "Mars-M” firması, həm də qeyd edilən üçüncü şəxslər tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 19.02.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. AR Ali Məhkəməsinin 17.07.2019-cu il tarixli qərarı ilə hər iki tərəfdən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında "Külək” MMC tərəfindən keçirilmiş hərraclarda qeyriyaşayış binası satılmadığından onun alınması Banka təklif edilmiş və Bank buna öz razılığını bildirmişdir. Qeyri-yaşayış binasının alğı-satqısı Hərrac təşkilatçısı və Bank tərəfindən imzalanmış Hərracın yekunları barədə 26.12.2019-cu il tarixli, 67/01 №-li protokol və Bank ilə Hərrac təşkilatçısı arasında 26.12.2019-cu il tarixdə bağlanmış Hərracın yekunları üzrə əmlakın alğısatqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alğı-satqısı barədə müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 24.607.500 manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində Bankın balansına keçməsinə baxmayaraq, "Mars-M” firmasının Qətnamə üzrə Bank qarşısında 2.525.000 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, 2.388.957,46 ABŞ dolları məbləğində adi faizlər üzrə borcu, 11.161.62 ABŞ dolları penya olmaqla, cəmi 4.925.119.08 ABS dolları məbləğində borcu ödənilməmiş qalmışdır. İpoteka predmeti hesabına iddiaçının Qətnamə üzrə təmin edilmiş hissədə tələbləri tam ödənilmədiyinə görə "xxxx" firmasının Nizamnaməsinin 4.8-ci bəndinə və qüvvədən düşmüş «Müəssisələr haqqında» Azərbaycan Respublikasının 1 iyul 1994-cü il tarixli Qanununun 8-ci maddəsinə əsasən iddiaçının tələbinin yuxarıda qeyd edilən ödənilməyən hissəsini təsisçilərdən - cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmasını tələb etmək hüququ yaranmışdır. Belə ki, "xxxx" firmasının Nizamnaməsinin 4.8-ci bəndinə əsasən təsisçilər müəssisənin öhdəçiliyi üzrə məsuliyyət daşıyır. Qüvvədən düşmüş «Müəssisələr haqqında» AR Qanununun 5-ci maddəsinə əsasən müəssisələr dövlət müəssisəsi, fərdi (ailə), şərikli (tam ortaqlı), payçı və şərikli (kommandit ortaqlıqlar), məhdud məsuliyyətli müəssisələr və səhmdar cəmiyyəti kimi təşkilati-hüquqi formalarda fəaliyyət göstərirlər. Həmin Qanunun 8-ci maddəsinə əsasən isə şərikli (tam ortaqlı) müəssisə azı iki fiziki və (və ya) hüquqi şəxs tərəfindən müqavilə əsasında təsis edilir. Müəssisənin şərikləri onun öhdəliklərinin yerinə yetirilməsinə görə özlərinin bütün əmlakı ilə məsuliyyət daşıyırlar. Fəaliyyət göstərən müəssisəyə sonradan daxil olan şərik həm də müəssisənin əvvəlki borclarına görə bütün əmlakı ilə məsuliyyət daşıyır. Müəssisədən çıxan şərik həmin vaxta kimi müəssisənin fəaliyyəti nəticəsində yaranmış borclara görə digər iştirakçılarla birlikdə bütün əmlakı ilə məsuliyyət daşıyır. Qanunvericiliyə əsasən birgə məsuliyyət, öhdəliyin və ya tələbin birgəliyini nəzərdə tutan müqavilə və ya qanunla müəyyən edildiyi zaman yaranır. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin 19.02.2019-cu il tarixli 2-2(103)-6/2019 №-li qətnaməsi ilə "xxxx" firmasından ASC «Xalq» Bankının xeyrinə tutulması qət edilmiş 19.400.119,08 ABŞ dolları məbləğində pul vəsaitinin ipoteka predmeti hesabına ödənilməmiş 4.925.119,08 ABŞ dolları məbləğində hissəsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 10 manat məbləğində çəkilmiş xərclərin "xxxx" firmasının təsisçiləri olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1496/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında "xxxx" MMC tərəfindən keçirilmiş hərraclarda Qeyri-yaşayış binası satılmadığından onun alınması Banka təklif edilmiş və Bank buna öz razılığını bildirmişdir. Qeyriyaşayış binasının alğı-satqısı Hərrac təşkilatçısı və Bank tərəfindən imzalanmış Hərracın yekunları barədə 26.12.2019-cu il tarixli, 67/01 №-li protokol və Bank ilə Hərrac təşkilatçısı arasında 26.12.2019-cu il tarixdə bağlanmış Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alğı-satqısı barədə müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 24.607.500 manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində Bankın balansına keçməsinə baxmayaraq, "xxxx" firmasının Qətnamə üzrə Bank qarşısında 2.525.000 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, 2.388.957,46 ABŞ dolları məbləğində adi faizlər üzrə borcu, 11.161,62 ABŞ dolları ABŞ dolları penya olmaqla, cəmi 4.925.119,08 ABŞ dolları məbləğində borcu ödənilməmiş qalmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş aşağıdakı hallan qəbul etmir: - ASC "Xalq" Bankı ilə "xxxx" firması (Borc alan) arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815 M-li Kredit xdtti müqaviləsinin artıq qüvvədə olmaması və əvvəlki qətnamə ilə müqavilə münasibətlərinə xitam verilməsi; Bankın Cavabdehlərdən tələb etdiyi borc məbləğinin hazırki iddia tələbinin predmeti olmaması, borc məbləğinin qalan hissəsinin ödənilməsinin yalnız icra qaydasında mümkün olması, iddia tələbinin hüquqi əsasının olmaması. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinıə müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə kollegiyasının iclasında iştirakını etməmiş və işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, ASC “Xalq” Bankı ilə "xxxx" firması arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815 №-li Kredit xətti müqaviləsinə müvafiq olaraq bank tərəfindən borc alana 04 oktyabr 2018-ci il tarixinədək, illik 16 % ödəmək şərtilə, 17.000.000 ABŞ dolları məbləğində bərpa olunmayan kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə ASC "Xalq” Bankı ilə "Mars-M” firması arasında sonuncuya mülkiyyət hüququ əsasında məxsus olmuş ünvan 1 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m olmaqla ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasının ipoteka qoyulması barədə 08.07.2015-ci il tarixli **********58815/SİM №-li Sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Tərəflər arasnda uzun sürən məhkəmə çəkişmələrindən sonra, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, işə Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 13- 2(102)-1(k)/2018 saylı, 31 oktyabr 2018-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarı və Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 5 aprel 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işə mahiyyəti üzrə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2- 2(103)-6/2019 №-li qətnaməsindən görünür ki, "xxxx" firmasının apellyasiya şikayəti, üçüncü şəxslərin apellyasiya şikayətləri qismən təmin eilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 iyul 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı "xxxx" firmasının cavabdeh ASC «Xalq» Bankına qarşı kredit xətti müqaviləsinin və sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair ilk iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, "xxxx" firmasından 08.07.2015-ci il tarixli kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları əsas borc, 2.388.957,46 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, 26.05.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 19.400.119,08 ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin ASC «Xalq» Banknın xeyrinə tutulması, tutmanın İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və "xxxx" firmasına məxsus ünvan 1 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 (beş) mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m olmaqla ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 38.600.000 manat məbləğində müəyyən edilməsi, qarşılıqlı iddianın 26.05.2016-cı il tarixindən başlayaraq tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin "xxxx" firmasından ASC «Xalq» Bankının xeyrinə tutulması hissədə təmin edilməməsi, üçüncü şəxs Ağa-X6nın "xxxx" firması ilə ASC «Xalq» Bankı arasında bağlanmış 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 16100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 56,6 kv.m.dən ibarət qeyri-yaşayış sahəsi hissəsində etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, üçüncü şəxs Hacıyeva Könül Rəşid qızının "xxxx" firması ilə ASC «Xalq» Bankı arasında bağlanmış 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 16100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2ci mərtəbəsində yerləşən 24,6 kv.m.dən ibarət 18 nömrəli qeyri-yaşayış sahəsi hissəsində etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-285/2019 saylı, 17 iyul 2019-cu il tarixli qərarından görünür ki, "xxxx" firması və 3-cü şəxslər Ağa-X6 və Hacıyeva Könül Rəşid qızının kassasiya şikayətləri təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2-2(103)-6/2019 №-li qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 31.03.2021-ci il tarixli, 1(101)-206/2021 saylı hökmündən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 308.2-ci maddələri ilə təqsirli bilinərək 11 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hərracın yekunları baradə 26.12.2019-cu il tarixli, 67/01 nömrəli Protokoldan görünür ki, ipoteka predmeti olan "xxxx" firmasına məxsus ünvan 2 ünvanda yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043.1 kv.m olmaqla ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binası 24.607.500 manat məbləğə ipoteka saxlayan ASC "Xalq” Bankı tərəfindən əldə edilmişdir. Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, ünvan 1 ünvanda 0,2704 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binası qeyri-yaşayış binası 09.04.2021-ci il tarixdə ********** qeydiyyat nömrə ilə xüsusi mülkiyyət hüququ əsasında ASC "Xalq” Bankının adına qeydiyyata alınmışdır. Bundan başqa "xxxx" firmasının Nizamnaməsinə edilmiş 01.10.2014-cü il tarixli dəyişiklikdən görünür ki, Müəssisənin bərabər payda təsisçiləri Cavabdeh1 və X3 qanuni nümayəndəsi Cavabdeh1dır. "xxxx" firmasınln Nizamnaməsinə edilmiş 18.12.2014-cü il tarixli dəyişiklikdən görünür ki, Müəssisənin təsisçiləri 80% payla Cavabdeh2 və 20% payla Cavabdeh1dır. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 21.02.2017-ci il tarixli Müəssisədəki payın bağışlama müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx" firmasının təsisçisi Cavabdeh1 "xxxx" firmasında özünə məxsus 6263.44 mana olan 31317.2 pay, 20% payını Cavabdeh2 hədiyyə vermişdir Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı hazırki iddia tələbini irəli sürərkən, "xxxx" firması ilə ASC «Xalq» Bankının arasında olan 08.07.2015-ci il tarixli **********58815 №-li Kredit xətti müqaviləsindən irəli gələn münasibətlərə, həmin münasibətlərdən yaranmış borc məbləğinə istinad etmişdir. Halbuki iş materiallarından göründüyü kimi, qeyd olunan "xxxx" firması ilə ASC «Xalq» Bankının arasında olan 08.07.2015-ci il tarixli **********58815 №-li Kredit xətti müqaviləsi artıq qüvvədə deyil, əvvəlki qətnamə ilə müqavilə münasibətlərinə xitam verilmişdir. Apellyasiya Məhkəməsinin 19.02.2019-cu il tarixli 2-2(103)-6/2019 №-li qətnaməsi ilə iddiaçı bankın tələb etdiyi cəmi 19.400.119,08 ABŞ dolları məbləğində borc icraya yönəldilmişdir. Bundan başqa qeyd olunan borc məbləği hazırkı iddia tələbinin predmeti ola bilməz. Borc məbləğinin qalan hissəsinin ödənilməsi yalnız icra qaydasında həll edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kollegiya qeyd edir ki, hazırkı mübahisənin predmeti olan 08.07.2015-ci il tarixli **********58815 №-li Kredit xətti müqaviləsinə artıq qanuni qüvvəsini almış məhkəmə aktları ilə qiymət verilmiş və məhkəmə aktlarının icrası təmin edilir. Qeyd olunan müqaviləyə məhkəmə aktları ilə xitam verilməsə də, həmin müqavilələrin öhdəliklərinin icrası müddəti 04.10.2018-ci il tarixdə bitmişdir. Qanuni qüvvəsini almış məhkəmə aktlarının icrası zamanı ödənilməyən borcun qalması, eyni predmet üzrə yeni məhkəmə mübahisəsi üzrə əlavə maliyyə yükünün cavabdehlərin üzərinə qoyulması qanunvericiliyin tələblərini pozur. Belə ki, tələb ounan faiz və cərimə məbləği qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmiş məbləğlə eyniik təşkil edir. Tələb olunan əsas borcun yaranması isə ümumiyyətlə anlaşılmazdır və hüquqi əsası yoxdur. Tələb olunan borc məhkəmə aktlarının icrası mərhələsində ipoteka predmetinin satışından sonra qalan borca aiddirsə, həmin məbləğ məhkəmə aktlarının icrası qaydasında “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, tələb edilməlidir. Hazırkı iddia tələbinin isə hüquqi əsası yoxdur. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, şikayətin dəlilləri formal xarakter daşıyır və apellyatorun mülahizələrinə əsaslanır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi anoloji işlər üzrə məhkəmə qərarları təqdim etmişdir. Həmin qərarlara münasibətdə kollegiya qeyd edir ki, qərarlar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik deyil. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 372, 384-386, 388, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC “Xalq” Bankın apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1496/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar