Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11689/2021 03.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 oktyabr 2021-ci il tarixli qərardaddan cavabdehin verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehə qarşı irəli sürdüyü “borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 16.09.2015-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, cavabdehin iddiaçıya olan borcunun ödənilməsi məqsədi ilə 30.000 avro məbləğində pulun (qətnamə icra ediləcək tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və 388.000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti və “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə vermişdir. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 25.06.2021-ci il tarixli qərardad ilə tarixli qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəblərini üzrlü hesab edilərək, buraxılmış müddəti bərpa etmiş və apellyasiya şikayətini qəbul edərək, baxılması üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 01.10.2021-ci il tarixli qərardad ilə şikayətin təmin edilməsini, 25.06.2021-ci il tarixli qərardadın ləğv edilərək, “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” cavabdehin ərizəsinin təmin edilməməsini qərara almışdır. Cavabdeh 01.10.2021-ci il tarixli qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 11.10.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti, baxılması üçün, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdehin “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsi və bu ərizənin rədd edilməsi barədə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərardaddan verdiyi şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin 16.09.2015-ci il tarixli qətnaməsi ona verilməmişdir. Belə ki, o həmin vaxt həbs edilmiş, istintaq təcridxanasında, daha sonra isə cəzaçəkmə müəssisəsində olmuşdur. Azadlığa buraxılandan sonra qətnaməni almış və qətnamədən apellyasiya şikayəti vermişdir. Lakin iş materiallarından görünür ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 16.09.2015-ci il tarixli qətnamənin bir nüsxəsini cavabdehə təqdim edilməsi üçün Bakı İstintaq Təcridxanasına göndərmişdir. Qətnamənin cavabdehə təqdim edilməsi barədə Bakı İstintaq Təcridxanası tərəfindən Rayon Məhkəməsinə müvafiq məlumat verilməsə də, cavabdehin 1(103)- 1557/2016 saylı cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qəbul etdiyi 25.11.2016-cı il tarixli qərarından verdiyi kassasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh, 16.09.2015-ci il tarixli qətnaməyə istinad etmiş və kassasiya şikayətinə həmin qətnamənin əlavə edildiyini qeyd etmişdir (hazırki mülki işin birinci cildinin 197-198 vərəqləri). Göstərilənlərə əsasən, Məhkəmə, cavabdehin qətnaməni almaması və ümumiyyətlə qətnamənin mövcudluğundan məlumatlı olmaması barədə dəlilini əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-nin 363.1.3-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 130.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-nin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd edilən prosessual normalarının tələblərini və müzakirə edilən məsələ üzrə işin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə hesab edir ki, buraxılmış prosessual müddətinin bərpası üçün əsaslar yoxdur, prosessual müddəti buraxmış və onun bərpasını xahiş edən cavabdeh prosessual müddətin üzrlü səbəbdən ötürülməsinə dair sübutları təqdim etməmişdir – prosessual müddətin üzürlü səbəbdən buraxılması təsdiq edilmir. Bu hal müəyyən edildiyi üçün Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi cavabdehin “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsinin təmin edilməməsi barədə qərardadı qəbul etməkdə və həmin qərardaddan cavabdehin verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin təmin edilməsi və Rayon Məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas yoxdur. Şikayət əsassızıdır. Qeyd edilənləri və MPM-nin 130, 131, 363 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 oktyabr 2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-11689/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11689/2021
03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver