Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1170/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Musayev Rövşən Əlövsət oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilə öhdəliyinə xitam verilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-321/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilə öhdəliyinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 2015-ci il tarixli, 30-xx-xx-022774 nömrəli kredit müqaviləsinin əhəmiyyətsiz hesab edilib, ödədiyi 18.970 (on səkkiz min doqquz yüz yetmiş) manat məbləğində borcun ödənilməsi üçün yetərli olduğunu nəzərə alaraq, müqavilə öhdəliyinə xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 30-xx-xx-022774 nömrəli, xx xxx 2015-ci il tarixli müqaviləyə əsasən bankdan illik 29 faiz olmaqla dörd il müddətində ödəmək şərti ilə 11.400 (on bir min dörd yüz) ABŞ dolları məbləğində pul kredit götürmüşdür. 2019-cu ilin yanvar ayına qədər cədvəl üzrə borcunu 18.970 (on səkkiz min doqquz yüz yetmiş) manat ödəmişdir. Təəssüf ki, bank onun hələ də 10.000 (on min) ABŞ dollarından artıq bocu olduğunu deyir. Bu sadəcə baş qatma və aldatmadır. İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 24-M-l-0-312-14 nömrəli, xx xxxx 2014-cü il tarixli müqavilə forma və məzmunca qanuna ziddir. Müqavilədə aşkar şəkildə tərəflərdən biri, yəni İddiaçı ağır şərtlər altında qoymuşdur. Müqaviləni oxuyarkən adama elə gəlir ki, kimsə şərtlərini diqtə edir, bütün üstünlük və hüquq bank tərəfdədir, o isə yalnız icraçıdır. Kredit götürən zaman müxtəlif adlarla ondan tutulmuş pul vəsaiti (komission yığım, sığorta və sairə) barədə bir kəlmə də yoxdur. Halbuki, bütün bu pullar göstərilməli, verilən məbləğin faizində də əksini tapmalı idi, real faiz dərəcəsi onlara bildirilməli idi. Nəticədə, müqavilədə illik 29 faiz göstərilsə də, əslində bu xeyli yüksəkdir və sadəcə onu aldatmadır ki, buda müqaviləni bağlandığı andan əhəmiyyətsiz edir. Xüsusən bir faktı çatdırmaq istəyir ki, müqaviləyə əsasən: kreditin verilmə tarixi xx xxx 2015-ci il, kreditin bağlanma tarixi xx xxx 2019 (1.2.6-1.2.8-ci bəndlər). Müqaviləyə əsasən kreditorla borclu arasında bağlanmış müqavilənin icra müddəti dörd ildir və xx xxx 2019-cu ildə sona çatır. Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fərmanından müəyyən güzəştlər edilməli, fərmana uyğun olaraq ödəniş həyata keçirilməli idi. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti bunu etmir, elə bil heç nə olmayıb. Ona hər hansı bir formada xəbər verilməmişdir, ikincisi onun bankdan aldığı kreditin real faiz dərəcəsi (əlavə pul yığımını nəzərə almaqla) hər ay faizləri hesabladığı üçün 59 faizi keçir ki, bu da qəbul edilə bilməz. Müqaviləyə əsasən o pulu ödədikcə ödəniş simmetrik olaraq həm əsas məbləğdən, həm də faizdən çıxılmalı idi. Lakin bank yalnız faizləri tutmaqla məşğuldur. Göründüyü kimi, müqavilə hüquq normalarının pozuntusu ilə bağlanmış eyni zamanda qanunlar pozulmuşdur. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən müqavilə öhdəliklərinə əməl edilmir, təbii ki, müqavilə etibarsızdır. Digər pozuntu halları vardır ki, bu barədə sənədlər, ödəniş qəbzləri təqdim olunacaqdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-321/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Gültəkin Əsədova). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-321/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə “Cavabdeh" ASC arasında bağlanmış 30-xx-xx-022774 saylı, xx xxx 2015-ci il tarixli müqaviləyə əsasən iddiaçı bankdan illik 29 faiz olmaqla dörd il müddətində ödəmək şərti ilə 11400 (on bir min dörd yüz) ABŞ dolları məbləğində pul kredit götürmüşdür. 2019-cu ilin yanvar ayına qədər cədvəl üzrə borcunu 18970 (on səkkiz min doqquz yüz yetmiş) manat ödəmiş, bank iddiaçının hələ də 15000 (on beş min) ABŞ dollarından artıq borcunun olduğunu bildirir. Məhkəmə iclası iddiaçının və vəkilinin iştirakı olmadan keçirilmişdir. Beş məhkəmə iclası keçirilmiş dördündə iştitak etmiş lakin, axırıncı məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilməmidir. İşdəki materiallardan bu aydın olur. Cavabdeh tərəf heç məhkəmə iclasında iştirak etməmiş yalnız sonuncu əsas iclasda iddiaçı deyil, cavabdeh iştirak etmişdir. İddiaçı ilə "Cavabdeh" arasında bağlanmış 24-M-1-0-312-14 saylı, xx xxxx 2014-cü il tarixli müqavilə foma və məzmunca qanuna ziddir. Müqavilədə aşkar şəkildə tərəflərdən biri-yəni İddiaçı ağır şərtlər altında qoylmuşdur. Kredit götürən zaman müxtəlif adlarla iddiaçıdan tutulmuş pul vəsaiti (komission yığım, sığorta və sairə) barədə bir kəlmə də yoxdur. Halbuki, bütün bu pullar göstərilməli, verilən məbləğin faizində də əksini tapmalı idi, real faiz dərəcəsi bildirilməli idi. Nəticədə müqavilədə illik 29 faiz göstərilsə də əslində bu, xeyli yüksəkdir və sadəcə iddiaçını aldatmaqdır ki, bu da müqaviləni bağlandığı andan əhəmiyyətsiz edir. Cavabdeh iddiaçının iştirak etmədiyi iclasda digər tutulmaların guya iddiaçı ilə razılaşdırıldığını deyir. Hər hansı bir maddə qanuna zidd olaraq müqaviləyə salınırsa bu həmin andan əhəmiyyətsizdir. Məhkəmə bu məsələyə də toxunmamış arşdırmamışdır. İddiaçı ikinci devalivasiyaya qədər 18970 manat ödəmişdir. Devalivasiya günündə onun borcunun 10000 (on min) ABŞ dollarından 59 dollar çox olması mümkün deyil. Əgər götürülmüş kredit cəmi 11400 (on bir min dörd yüz) dollardırsa bu ağılabatan deyil. Məhkəmə buna da əhəmiyyət verməmiş, işə tam qeyri-professional yanaşmış heç bir məna kəsb etməyən qətnamə qəbul etmişdur. Azərbaycan Respublikasının prezidentinin xx xxxxxx 2019-cu il tarixli fərmanına görə müəyyən güzəştlər edilməli, fərmana uyğun olaraq ödəniş həyata keçirilməli idi. "Cavabdeh” bunu etmir. Məhkəmə bu məsələyə toxunmamış, formal mülahizələrlə kifayətlənmiş nəticədə qanuni və hüquqi əsası olmayan qətnamə qəbul etmişdir. İddiaçının bankdan aldığı kreditin real faiz dərəcəsi (əlavə pul yığımını nəzərə almaqla) hər ay faizləri hesabladığı üçün 59 faizi keçir bu qəbul edilə bilməz. Müqaviləyə əsasən iddiaçı pulu ödədikcə ödəniş simmetrik olaraq həm əsas məbləğdən, həm də faizdən çıxılmalı idi. Lakin bank yalnız faizləri tutmaqla məşğuldur. İddiaçı banka 18970 (on səkkiz min doqquz yüz yetmiş) manat pul ödəmişdir və bu qədər ödənişdən sonra onun 15000 (on beş min) ABŞ dolları borcu qala bilməz. İddiaçı apellyasiya şikayətinin dəlili kimi qeyd edilən hallara və Mülki Məcəllənin 419, 420-ci maddələrinə istinad etmişdir. Tərəflərin izahatları: İşə baxılması vaxtı və yeri haqqında iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Musayev iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialına ünvanladığı xx xxx 2015-ci il tarixli ərizəsinin surətindən və məzmunundan görünür ki, şəxsi məqsədlər üçün 48 (qırx səkkiz) ay müddətinə qaytarmaq şərti ilə ona 11.400 (on bir min dörd yüz) ABŞ dolları məbləğində kredit vəsaitinin verilməsini xahiş etmişdir; İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialı ilə İddiaçı arasında bağlanmış xx xxx 2015-ci il tarixli 30-xx-xx-022774 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, borcalana 48 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 11.400 (on bir min dörd yüz) ABŞ dolları məbləğində kredit verilmişdir; Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialı ilə İddiaçı arasında bağlanmış xx xxx 2015-ci il tarixli 30-xx-xx-022774 nömrəli kredit müqaviləsinə 1 saylı əlavənin surətindən görünür ki, 48 ay ərzində İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialının xeyrinə hər ay 403,86 (dörd yüz üç dollar səksən altı sent) ABŞ dolları (bəzi aylar 403,87 (dörd yüz üç dollar səksən yeddi sent) ABŞ dolları) ödəniş etməlidir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxx 2020-ci il tarixli 9/587 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, xx xxx 2015-ci il tarixli 30-15-11- 022774 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə xx xxxxxx 2019-cu il tarixə əsas kredit borcu 10.059,96 (on min əlli doqquz dollar doxsan altı sent) ABŞ dolları və faiz borcu 732,61 (yeddi yüz otuz iki dollar altmış bir sent) ABŞ dolları, xx xxx 2019-cu il tarixə əsas kredit borcu 10.059,96 (on min əlli doqquz dollar doxsan altı sent) ABŞ dolları və faiz borcu 1.850,94 (bir min səkkiz yüz əlli dollar doxsan dörd sent) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Kollegiya iş materiallarında olan sübutlara, cavabdeh tərəfin izahatına və apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən etmişdir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialına xx xxx 2015-ci il tarixli ərizə ilə müraciət edərək, şəxsi məqsədləri üçün 48 (qırx səkkiz) ay müddətinə qaytarmaq şərti ilə ona 11.400 (on bir min dörd yüz) ABŞ dolları məbləğində kredit vəsaitinin verilməsini xahiş etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialı ilə İddiaçı arasında bağlanmış xx xxx 2015-ci il tarixli 30-xx-xx-022774 nömrəli kredit müqaviləsinə əsasən borcalana 48 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 11.400 (on bir min dörd yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialı ilə İddiaçı arasında bağlanmış xx xxx 2015-ci il tarixli 30-15-11- 022774 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə əsasında 48 ay ərzində İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialının xeyrinə hər ay 403,86 (dörd yüz üç dollar səksən altı sent) ABŞ dolları (bəzi aylar 403,87 (dörd yüz üç dollar səksən yeddi sent) ABŞ dolları) ödəniş etməyi öz üzərinə götürmüşdür. Tərəflər arasında bağlanmış xx xxx 2015-ci il tarixli, 30-xx-xx-022774 nömrəli kredit müqaviləsinin 3.1-ci maddəsində qeyd edilmişdir ki, borcverən borcalandan müqavilənin 1.2-ci bəndində göstərilmiş kredit məbləğinin 5% miqdarında xidmət haqqı və 1% miqdarında nəğd pulun çıxılması üçün komissiya tutur. Müqavilənin 3.2-ci maddəsində isə, komisyon haqqın gələcəkdə mübahisə predmeti olmaması barədə tərəflərin razılığa gəlməsi şərti qeyd olunmuşdur. Həmin müqavilənin 4.3-cü maddəsinə əsasən, qaytarılmış məbləğ ilk növbədə kredit üzrə hesablanan faizlərin, sonra isə kreditin əsas məbləğinə yönəldilməsinə dair borcalanla borcverən arasında razılıq əldə olunmuşdur. Həmçinin, xx xxx 2015-ci il tarixli 30-xx-xx-022774 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə xx xxxxxx 2019-cu il tarixə əsas kredit borcu 10.059,96 (on min əlli doqquz dollar doxsan altı sent) ABŞ dolları və faiz borcu 732,61 (yeddi yüz otuz iki dollar altmış bir sent) ABŞ dolları, xx xxx 2019-cu il tarixə əsas kredit borcu 10.059,96 (on min əlli doqquz dollar doxsan altı sent) ABŞ dolları və faiz borcu 1.850,94 (bir min səkkiz yüz əlli dollar doxsan dörd sent) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Kollegiya hesab edir ki, iddiaçı əqdin etibarsız hesab olunmasına səbəb olan halların nədən ibarət olmasını iddia ərizəsində və ya apellyasiya şikayətində göstərmədiyindən birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsinə dair mövqeyi əsaslı olmuşdur. Belə ki, qanunvericiliyin yuxarıda sadalanın normalarının mənasına görə əqdin bağlanması üçün ilkin zəruri olan şərtlərdən biri də tərəflərin iradə ifadəsidir. Əqdin etibarsızlığı dedikdə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir ki, həmin əsaslardan hər hansı birinin hazırki mübahisədə mövcudluğu müəyyən edilməmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. İddiaçı apellyasiya şikayətinin dəlili kimi kredit müqaviləsinin şərtlərinin onu ağır şərtlər altına qoyması halına istinad etmişdir. Kollegiya iddiaçının apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Həm birinci instansiya, həm də apellyasiya instansiyasında araşdırma zamanı iddiaçının cavabdehlə bağladığı xx xxx 2015-ci il tarixli kredit müqaviləsinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin qeyd edilən pozuntularının mövcudluğu halları müəyyən edilməmiş, eyni zamanda iddiaçı tərəfindən bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. İddiaçı isə şüurlu səviyyədə öz iradə ifadəsini bildirməklə qeyd edilən kredit müqaviləsini imzalamışdır. İddiaçı bu müqavilənin bağlanmasına məcbur edilməmiş, əksinə təşəbbüskarı olmuşdur. İddiaçının iddia ərizəsində və apellyasiya şikayətində bank tərəfindən ondan qanunsuz və əsassız olaraq 18.970 (on səkkiz min doqquz yüz yetmiş) manat məbləğində vəsait tələb etdiyini bildirmişdir. Kollegiya iddiaçının bu dəlili ilə bağlı qeyd edir ki, həmin məbləğ Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış müvafiq kredit müqaviləsinə və onun tərkib hissəsi olan ödəniş qrafikinə əsasən müəyyənləşdirilmiş müddət ərzində ödəniləcək ümumi məbləğdir. Eyni zamanda, birinci instansiya məhkəməsində araşdırma zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxx 2020-ci il tarixli 9/587 nömrəli müvafiq ekspert rəyi ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə xx xxxxxx 2019cu il tarixə əsas kredit borcu 10.059,96 (on min əlli doqquz dollar doxsan altı sent) ABŞ dolları və faiz borcu 732,61 (yeddi yüz otuz iki dollar altmış bir sent) ABŞ dolları, xx xxx 2019-cu il tarixə əsas kredit borcu 10.059,96 (on min əlli doqquz dollar doxsan altı sent) ABŞ dolları və faiz borcu 1.850,94 (bir min səkkiz yüz əlli dollar doxsan dörd sent) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, həmin ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı sübut iş materiallarında aşkar edilmədiyindən birinci instansiya məhkəməsi həmin rəyə istinad etməkdə haqlı olmuşdur. İddiaçı apellyasiya şikayətində onun birinci instasniya məhkəməsində məhkəmə iclasının vaxtı ilə bağlı məlumatlandırılmaması halına istinad etmişdir ki, kollegiya hesab edir ki, həmin dəlil əsassızdır. Belə ki, iş materiallarında olan iddiaçının məhkəmə bildirişini almasını təsdiq edən poçt xəbərnaməsi (i.v 105) və elektron məhkəmə informasiya sistemi vasitəsilə iddiaçı SMS xəbərdarlığın çatdırılmasını təsdiq edən çıxarış (i.v. 106) iddiaçının xx.xx.2020-ci il tarixli məhkəmə iclasının vaxtı barədə məlumatlandırıldığını təsdiq edir. Odur ki, kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayətinin qeyd edilən dəlili əsassızdır. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı tərəfindən müqavilə öhdəliyinə xitam verilməsinə səbəb olan hallar, eləcə də müqavilənin Mülki Məcəllənin tələblərinin pozulması ilə bağlanması halı sübuta yetirilmədiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-321/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1170/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1170/2021
29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver