Məhkəmə qərarları › İş №2(103)-1171/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1171/2021

19.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1171/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “ödənilmiş beh məbləğinin qaytarılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli qətnamədən cavabdeh MMC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdeh MMC-nin nümayəndəsi X1 və iddiaçının iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh MMC-nin ondan qanunsuz olaraq beh qismində almış olduğu 1.550 manat məbləğində pul vəsaitinin MMC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2(060)-2383/2017 saylı iş üzrə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli qətnamə əsasında verilmiş icra vərəqəsinə əsasən 40.000 manat məbləğində pul vəsaiti hazırki iş üzrə tərəf olmayan X2 tutularaq hazırki iş üzrə iddiaçıya ödənilməlidir. Z.Qədirov icra vərəqəsində qeyd edilən məbləği iddiaçıya könüllü olaraq ödəmədiyindən Sumqayıt Şəhəri İcra İdarəsi tərəfindən məcburi icra tədbirlərinin həyata keçirilməsi prosedurana başlanmış, tələb borclu Z.Qədirovun əmlakına –Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə yönəldilmiş, həmin torpaq sahəsinin açıq hərracdan satılması məqsədi ilə hərrac təşkil edilmişdir. Həmin İcra İdarəsinin 36/16 nömrəli, xx.xx.2019-cu il tarixli məktubu əsasında torpaq sahəsinin hərrac vasitəsi ilə satılması hazırki iş üzrə cavabdeh MMC-yə həvalə edilmişdir. Hərracı keçirməli olan MMC tərəfindən iddiaçıya “Hərracın keçirilməsinə dair” bildiriş göndərilmişdir. Bildirişdə torpaq sahəsinin ilkin satış qiymətinin 31.000 manat olması və hərracda iştirak üçün iddiaçının 1.550 manat məbləğində beh ödəməli olması qeyd edilmişdir. İddiaçı hərracda iştirak etmək istədiyindən və qanunun tələblərini bilmədiyi üçün 1.550 manat məbləğində behi xx.xx.2019-cu il tarixdə MMC-ya ödəmişdir. Sonradan iddiaçıya bəlli olmuşdur ki, icra sənədi üzrə tələbkar olduğundan o, hərracda iştirak etmək üçün beh ödəməkdən azaddır. Qeyd edilən məbləğin qaytarılması ilə bağlı iddiaçı tərəfindən MMC-ya dəfələrlə edilmiş yazılı və şifahi müraciətlərə baxmayaraq MMC həmin məbləği iddiaçıya qaytarmamışdır. Bu səbəbdən də, iddiaçı, hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, MMC-yə də bəllidir ki, iddiaçı, icra sənədi üzrə tələbkar olduğundan hərracda iştirak etmək üçün beh ödəməkdən azaddır. İddiaçının ödədiyi 1.550 manat məbləğində pul beh deyil, hərracın keçirilməsinə görə xidmət haqqıdır. Protokolda da tələbkarın beh ödəməli olmadığı qeydi yazılmışdır. Həmin məbləğ hərrac keçirildikdən sonra iddiaçıdan alınmışdır. Beh isə hərrac keçirilinə qədər ödənilir. İş üzrə cavabdeh MMC-nin nümayəndəsi apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. Apellyasiya baxışında iştirak edən iş üzrə iddiaçı şikayətin dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işdə olan sənədlərə və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərinə əsasən müəyyən edilir və mübahisə doğurmur ki, 2(060)-2383/2017 saylı iş üzrə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli qətnamə əsasında verilmiş icra vərəqəsinə əsasən 40.000 manat məbləğində pul vəsaiti hazırki iş üzrə tərəf olmayan X2 tutularaq hazırki iş üzrə iddiaçıya ödənilməlidir. Z.Qədirov icra vərəqəsində qeyd edilən məbləği iddiaçıya könüllü olaraq ödəmədiyindən Sumqayıt Şəhəri İcra İdarəsi tərəfindən məcburi icra tədbirlərinin həyata keçirilməsi prosedurana başlanmış, tələb borclu Z.Qədirovun əmlakına –Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə yönəldilmiş, həmin torpaq sahəsinin açıq hərracdan satılması məqsədi ilə hərrac təşkil edilmişdir. Həmin İcra İdarəsinin 36/16 nömrəli, xx.xx.2019-cu il tarixli məktubu əsasında torpaq sahəsinin hərrac vasitəsi ilə satılması hazırki iş üzrə cavabdeh MMC-yə həvalə edilmişdir. Hərracı keçirməli olan MMC tərəfindən iddiaçıya “Hərracın keçirilməsinə dair” bildiriş göndərilmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı tərəfindən MMC-yə 1.550 manat məbləğində pul ödənilmişdir. İş üzrə tərəflər arasında mübahisə doğuran hal da, məhz qeyd edilən ödəniş ilə bağlıdır. İddiaçı bildirir ki, icra sənədi üzrə tələbkar olduğundan o, hərracda iştirak etmək üçün beh ödəməkdən azaddır və MMC beh məbləğini ondan almalı deyildir.Həmin məbləğin MMC-də qalmasının hüquqi əsası olmadığından həmin məbləğ ona qaytarılmalıdır. Cavabdeh MMC-nin iddia tələbinə qarşı etirazı ondan ibarətdir ki, iddiaçının ödədiyi 1.550 manat məbləğində pul beh deyil, hərracın keçirilməsinə görə xidmət haqqıdır. Buna görə də, həmin məbləğ iddiaçıya qaytarılmalı deyil. Məhkəmə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, mübahisə doğuran və iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, ƏXZ seriyalı, 443321 nömrəli “xxxx” görünür ki, iddiaçı tərəfindən MMC-yə 1.550 manat məbləğində pul ödənilmişdir. “xxxxndə” ödənişin təyinatı kimi “xxxx” göstərilmişdir. MMC-nin xx.xx.2019-cu il tarixli 81 nömrəli hərrac təşkilatının hərracın yekunları barədə ptotokolun surətindən görünür ki, yuxarıda qeyd edilən torpaq sahəsi 31.000 manat dəyərində hazırki iş üzrə iddiaçı tərəfindən əldə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.4-cü maddəsinə görə, hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 53.2-ci maddəsinə görə, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.2, 41.3 və 41.5-ci maddələrinə görə, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. “İpoteka haqqında” Qanunun 42.4-cü maddəsinə görə, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2.). Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin cavabdeh MMC-nin iddiaçının hesabına əsassız varlanması ilə bağlı qənaəti düzgün deyil. Belə ki, qeyd edilən maddi hüquq normasının tələblərindən də göründüyü kimi, MMC o zaman əsassız varlanmış şəxs hesab edilə bilərdi ki, o, hüquqi əsası olmadan başqa şəxsin hesabına əmlak əldə etsin və bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmasın. Lakin hazırki halda iddiaçı 1.550 manat məbləğində pulu xxxx olaraq ödəmişdir. Bu hal yuxarıda qeyd edilmiş xx.xx.2021-ci il tarixli “xxxx” ilə də təsdiq edilir. Belə olan halda, Məhkəmə hesab edir ki, MMC-nin əsassız varlanmasından söhbət gedə bilməz. İddia əsassızdır. Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə səhv və iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətlərinə uyğun olmayan nəticəyə gəlmişdir. Bundan başqa, Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən həmin məbləğin ona ödənilməsi ilə bağlı borclu şəxsə (2(060)-2383/2017 saylı iş üzrə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli qətnamə əsasında verilmiş icra vərəqəsində borclu kimi göstərilmiş X3) qarşı müvafiq iddia qaldıra bilər. Beləliklə, Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı “ödənilmiş beh məbləğinin qaytarılması tələbi barədə” iddiası təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar