Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11710/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 fevral 2013-cü il tarixli qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 arasında 21.10.2011-ci il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 3.053,44 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 219,85 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 20 manat məbləğində pulun borcalan Cavabdeh1 və onun iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1, onunla Bank arasında bağlanmış 21.10.2011-ci il tarixli “Kredit müqaviləsinə” əsasən 4.000 manat məbləğində pulu illik 22 faiz dərəcəsi ilə və 24 ay ərzində hissə-hissə, aybaay qaytarmaq şərti ilə Bankdan borc almışdır. İş üzrə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qeyd edilən “Kredit müqaviləsi” üzrə Cavabdeh1 iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş və bununla əlaqədar olaraq Bank ilə cavabdehlər arasında 21.10.2011-ci il tarixdə 1 və 2 saylı “Zaminlik müqavilələri” bağlanmışdır. “Kredit müqaviləsi” və hər iki “Zaminlik müqaviləsi” üzrə cavabdehlər iddiaçı Bank qarşısında üzərilərinə öhdəlik götürmüşlər ki, onlar, qeyd edilən borcu “Kredit müqaviləsində” və müqavilənin tərkib hissəsi olan “Ödəniş qrafikində” müəyyən edilmiş şərtlərə uyğun və nəzərdə tutulmuş qaydada 24 ay ərzində hissə-hissə, aybaay Banka qaytaracaqlar. Buna baxmayaraq cavabdehlər öhdəliklərini icra etməmiş, borcun cüzi bir hissəsini qaytarmış, borcun çox hissəsini isə qaytarmamışlar. Nəticədə onların Banka 3.053,44 manat məbləğində əsas kredit borcları və 219,85 manat məbləğində faiz borcları yaranmışdır. Bank cavabdehlərə yazılı xəbərdarlıq göndərərək borcun ödənilməsini tələb etmiş, lakin cavabdehlər borcu ödəməmişlər. Bu səbəbdən də, Bank, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 20 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 26.02.2013-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilmədiyi üçün iddia tələbinə etiraz etmək hüququndan məhrum olmuşdur. İş üzrə tərəflər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilsələr də apellyasiya baxışı iclasında iştirak etməmiş və ya nümayəndələrinin iştirakını təmin etməmişlər. Qeyd edilən hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Mülki işə apellyasiya qaydasında baxan Məhkəmə hazırki iş üzrə apellyasiyanın hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin edilsə də, iş üzrə digər cavabdehlər qətnamədən apellyasiya şikayət verməmişlər. Bunu və Cavabdeh2 iş üzrə digər cavabdehlərin adından çıxış etmək üçün səlahiyyətli olmamasını nəzərə alan Məhkəmə qətnamənin əsaslılığını yalnız cavabdeh (zamin) Cavabdeh2 aid hissədə yoxlamışdır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, apellyasiya şikayətində Cavabdeh2 qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə ona məlumat verməmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, işdə olan sənədlərə əsasən məhkəmə bildirişlərinin Rayon Məhkəməsi tərəfindən Cavabdeh2 post vasitəsi ilə ünvan 1 ünvanı üzrə göndərilməsi müəyyən edilir. Həmin bildirişlər poçt xidməti tərəfindən “ünvan tam deyil” qeydi ilə Rayon Məhkəməsinə qaytarılmışdır. Bunu nəzərə almış Rayon Məhkəməsi MPM-nin 185.5-ci maddəsinin tələbindən çıxış edərək işə Cavabdeh2 iştirakı olmadan mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi işə Cavabdeh2 iştirakı olmadan baxmaqda haqlı olmuşdur. Çünki işdə olan sənədlərdən, Cavabdeh2 verdiyi apellyasiya şikayətindən və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən də görünür ki, o, işə baxılan zaman, yəni 2013-cü ildə yaşayış yeri üzrə ünvan 1 ünvanında rəsmi qeydiyyatda olmuş və hazırda da həmin ünvanda qeydiyyatdadır. MPM-nin 185-ci maddəsinin mənasına görə isə, əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzrlü hesab etdikdə işə baxılmasını təxirə salır (maddə 185.3.). Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır (maddə 185.4.). Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir (maddə 185.5.). Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəmə qanunla onun üzərinə qoyulmuş vəzifəni yerinə yetirmiş, Cavabdeh2 rəsmi qeydiyyatda olduğu ünvana məhkəmə bildirişini göndərmişdir. Cavabdeh2 müzakirə edilən dəlili əsassızdır. İşin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, iddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış 21.10.2011-ci il tarixli “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, Cavabdeh1 bu müqaviləyə əsasən 4.000 manat məbləğində pulu illik 22 faiz dərəcəsi ilə və 24 ay ərzində hissə-hissə, aybaay qaytarmaq şərti ilə Bankdan borc almışdır. İddiaçı Bank ilə Cavabdeh1 və Cavabdeh2 arasında 21.10.2011-ci il tarixdə bağlanmış 1 saylı “Zaminlik müqaviləsindən” görünür ki, Cavabdeh2 borclu Cavabdeh1 “Kredit müqaviləsi” üzrə kreditor olan Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. İşin hallarından müəyyən edilir ki, borclu Cavabdeh1 və zamin Cavabdeh2 yuxarıda qeyd edilən müqavilələr üzrə Bank qarşısında üzərilərinə öhdəlik götürmüşlər ki, onlar, qeyd edilən borcu “Kredit müqaviləsində” və müqavilənin tərkib hissəsi olan “Ödəniş qrafikində” müəyyən edilmiş şərtlərə uyğun və nəzərdə tutulmuş qaydada 24 ay ərzində hissə-hissə, aybaay Banka qaytaracaqlar. Buna baxmayaraq cavabdehlər öhdəliklərini icra etməmiş, borcun cüzi bir hissəsini qaytarmış, borcun çox hissəsini isə qaytarmamışlar. Bank tərəfindən təqdim edilmiş hesablamalardan görünür ki, öhdəliklərin icra edilməməsi səbəbindən yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə 3.053,44 manat məbləğində əsas kredit borcu və 219,85 manat məbləğində faiz borcu yaranmışdır. İşdə olan sənədlərdən görünür ki, Bank, cavabdehlərə yazılı xəbərdarlıq göndərərək borcun ödənilməsini tələb etmiş, lakin cavabdehlər borcu ödəməmişlər. “Ödəniş qəbzindən” görünür ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün Bank tərəfindən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məcəllənin 472.2-ci maddəsinə görə, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd edilən maddi hüquq normalarının tələblərindən mövcud mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, Cavabdeh2 zamin olaraq öz öhdəliklərinin və zamin durduğu borclu Cavabdeh1 öhdəliklərinin icra edilməməsinə görə kreditor Bank qarşısında məsuliyyət daşıyır və Banka olan borcu borclu Cavabdeh1la müştərək qaydada ödəməlidir. Cavabdeh2 apellyasiya şikayətində qeyd edir ki, məhkəmə iclasının vaxtı və yeri barədə Rayon Məhkəməsi tərəfindən ona məlumat verilmədiyi üçün o, iddia tələbinə qarşı etirazlarını Rayon Məhkəməsinə təqdim edə bilməmişdir. Yuxarıda qeyd edildiyi kimi, Rayon Məhkəməsi Cavabdeh2 iştirakı olmadan işə baxmaqda haqlı olmuşdur. Buna baxmayaraq Cavabdeh2 iddiaya qarşı etirazını apellyasiya şikayətində ifadə edə bilər, etirazını təsdiq edə biləcək sübutlarını apellyasiya şikayətinə əlavə edə bilər, apellyasiya baxışı iclasında iştirak edərək iddiaya qarşı etirazını şifahi qaydada da ifadə edə bilərdi. Lakin o, bunları etməmişdir. Cavabdeh2 qətnamədən verdiyi apellyasiya şikayətində iddiaçı Bankın xeyrinə tutulması qət edilmiş pul məbləğini mübahisələndirməsə də, Məhkəmə qeyd edir ki, Bank tərəfindən təqdim edilmiş hesablamalardan görünür ki, öhdəliyin icra edilməməsi səbəbindən cavabdehlərin iddiaçı Banka 3053.44 manat məbləğində əsas kredit borcu və 219.85 manat məbləğində əsas kredit borcuna hesablanmış faiz borcu mövcuddur. İşə baxmış Rayon Məhkəməsi işin hallarını və iş materiallarını nəzərə alaraq, artıq yuxarıda qeyd edildiyi kimi, iş üzrə qəbul etdiyi 26.02.2013-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Qeyd edilən borcun daha az məbləğdə müəyyən edilməsi üçün əsaslar apellyasiya baxışı zamanı müəyyən edilmədi. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2013-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-11710/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11710/2021
24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver