Məhkəmə qərarları › İş №2(103)-11716/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11716/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11716/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli 2(006)- 1907/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Cavabdeh 27.09.2021-ci il tarixdə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, apellyasiya şikayəti vermə müddətini buraxdığını üzrlü hesab edərək, müddətin bərpa edilib apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli 2(006)- 1907/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh tərəfindən Nəsimi Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2(006)-1907/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddəti üzrlü hesab edilərək bərpa edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qərardadından İddiaçı Raşidoviç şikayət verərək, həmin qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxıldığı halda, birinci instansiya məhkəməsi əsassız olaraq müddəti bərpa etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(006)- 1907/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 133.1-ci və 360-cı maddələrinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh 22000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh Aslani X1 Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2(006)-1907/2021 saylı qətnaməsini 25 may 2021-ci il tarixdə poçt vasitəsilə əldə etmiş və qətnamədən apellyasiya şikayəti verərək apellyasiya şikayətini 23 iyun 2021-ci il tarixdə rabitə orqanına təqdim etmişdir. Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli qərardadı ilə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədiyinə görə apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardad 18 avqust 2021-ci il tarixdə sifarişli poçt vasitəsilə Cavabdeh göndərilmiş (i.v.53), cavabdeh həmin ünvanda yaşamadığına görə qərardadın cavabdehə çatdırılması mümkün olmamışdır. (i.v.54) Cavabdeh 22 sentyabr 2021-ci il tarixdə qəbzə imza etməklə qərardadı almış, 25 sentyabr 2021-ci il tarixdə dövlət rüsumu ödəyərək 27 sentyabr 2021-ci il tarixdə buraxılmış müddətin bərpası barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmiş, ərizəyə apellyasiya şikayətini də əlavə etmişdir. (i.v.56-63) İş materiallarından göründüyü kimi, Cavabdeh ilk dəfə apellyasiya şikayətini məhkəməyə təqdim edərkən qanunla müəyyən edilmiş müddəti ötürməmişdir. Həmin müddətin ötürülməsi Cavabdeh tərəfindən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyinə görə geri qaytarılması səbəbindən baş vermişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış müddəti bərpa etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli 2(006)- 1907/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar