Məhkəmə qərarları › İş №2(103)-1173/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1173/2020

19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1173/2020 19.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh iştirakı ilə Ləğv prosesindəki İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesindəki İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bank) ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu (Fond) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bank arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə onun banka yaranmış 18 558 ABŞ dolları əsas və 1606 ABŞ dolları faiz borcunun, Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanan 6006 ABŞ dolları faiz borcunun, habelə 30 manat dövlət rüsumunun ondan bankın xeyrinə tutulması, tutmanın girov predmeti olan “AUDİ Q7” markalı ** HP *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan pul vəsaiti hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməs qət olunmuşdur. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini işə iştirakı olmadan baxılması, bankın tələbi üzrə əvvəllər qəbul edilmiş qətnamənin mövcud olduğu arqumentləri ilə əsaslandırmaqla məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmadığını irəli sürmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli qətnaməsini təqdim etməklə yanaşı, işin icraatına xitam verilməyəcəyi təqdirdə iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmiş, qətnamənin ləğv olunmasını istəmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı bankın (ləğvedicinin) nümayəndəsi X1 müvafiq müqavilə üzrə cavabehə qarşı əvvəllər iddia qaldırılıbqaldırılmadığından məlumatı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı apellyasiya baxışının predmetini qətnamənin “Cavabdeh Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanan 6006 ABŞ dolları faiz borcunun, habelə 30 manat dövlət rüsumunun bankın xeyrinə tutulması” hissəsi üzrə yoxlanılması təşkil edir; çünkü apellyasiya baxışı zamanı iddiaçı bankın hazırkı iddia ərizəsində istinad etdiyi 449 nömrəli xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə istinadla Cavabdeh qarşı əvvəllər də “18 558 ABŞ dolları əsas, 2668 ABŞ dolları faiz, 1000 ABŞ dolları cərimə borcunun tutulması, tutmanın “AUDİ Q7” markalı ** HP *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan pul vəsaiti hesabına borcun ödənilməsi” barədə iddia qaldırdığı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyun 2014-cü il tarixli qətnaməsi ilə həmin iddia tələbinin qismən təmin edildiyi (cərimə borcu azaldıldığı üçün) müəyyən olunmuş, bu səbəblə də qətnamə müvafiq hissədə ləğv edilərək işin icraatına həmin hissədə xitam verilmişdir. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, qətnamə yoxlanılan hissədə ləğv olunmalı, iuddiaçının “Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanan 6006 ABŞ dolları faiz borcunun tutulması” tələbi təmin edilməməli, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. İş materiallarından aydın olur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bank) ilə Cavabdeh arasında 23 iyun 2010-cu il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank, istehlak məqsədilə ona, 24 ay müddətində qaytarmaq və illik 26 % ödəmək şərtilə 35 000 ABŞ dolları məbləğində kredit verməyi, R. Hüseynov isə həmin kreditdən təyinatına uyğun istifadə edərək müəyyən edilmiş müddətdə onu faizi ilə birlikdə qaytarmağı öhdələrinə götürmüşlər. İddiaçı məhz sözügedən müqaviləyə istinadla müvafiq iddia tələbini (Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanan 6006 ABŞ dolları faiz borcunun tutulması) irəli sürmüş və bununla bağlı xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375-ci maddəsinə görə isə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair dəlil Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və hazırki işdə iddia müddətinin axımı kredit müqaviləsinin müddətinin bitdiyi 23 iyun 2012-ci il tarixdən hesablanmalıdır. Kollegiya həmçinin qeyd edir ki, kredit müqaviləsində borc alanın öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirdikdən sonra onun xitam olunacağının nəzərdə tutulmuş olması müqavilənin qeyri-müəyyən müddətə bağlanmış olması kimi qəbul edilə bilməz, çünkü müddət hüquqi anlayış kimi özündə həmişə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir, həmin maddəyə görə “müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər”. Bu baxımdan, hazırkı iddia üzrə iddia müddəti 24 iyun 2015-ci il tarixdə bitmişdir, iddiaçı isə ərizə ilə məhkəməyə 17 dekabr 2018-ci il tarixdə müraciət etdiyinə görə iddia müddəti ötürülmüş hesab edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, yuxarıda göstərildiyi kimi, iddiaçı bank əvvəllər də müvafiq müqaviləyə istinadla cavabdehə qarşı iddia qaldırmış, lakin “Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanan faiz borcunun tutulması” tələbini irəli sürməmişdir. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Hazırkı iş üzrə iddia müddətinin keçmiş olması dəlilinin apellyasiya instansiyasında nəzərə alınması ilə bağlı isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəmələrinin qanuni qüvvəyə minməmiş aktlarının (qərarlarının) əsaslılığını yoxlayır, habelə apellyasiya şikayətinin dəlillərindən çıxış edərək artıq birinci instansiya məhkəməsində baxılmış işi yenidən araşdırır və mahiyyəti üzrə həll edir (MPM-in 372.1 və 372.6-cı maddələri). İş materiallarından aydın olur ki, Cavabdeh məhkəmə prosesi barədə faktiki olaraq məlumatlandırılmamış və işə onun iştirakı olmadan baxılmışdır. “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir”. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini də nəzərə almaqla kollegiya hesab edir ki, cavabdehin birinci instansiya məhkəməsində iştirak etməyərək iddia müddətinin tətbiq olunmasına dair ərizə verməmiş olması onun özündən asılı olmayan səbəblərdən baş vermişdir və buna görə də iddia müddətinin ötürülmüş olmasına dair verdiyi ərizə apellyasiya instansiyası tərəfindən nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1902/2019 saylı iş üzrə 27 sentyabr 2019-cu il tarixli qətnaməsi “Cavabdeh Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanan 6006 ABŞ dolları faiz borcunun, habelə 30 manat dövlət rüsumunun bankın xeyrinə tutulması” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. Ləğv prosesindəki İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “Cavabdeh Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanan 6006 ABŞ dolları faiz borcunun, habelə 30 manat dövlət rüsumunun bankın xeyrinə tutulması” tələbi təmin olunmasın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar