Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1173/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaka pay hüququnun tanınması tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 noyabr 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, cavabdehin nümayəndəsi (vəkili) Vəkil3 və üçüncü şəxs X8 nümayəndəsi (vəkili) Vəkil4 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İş üzrə iddiaçı cavabdehə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələr ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, son nəticədə, Cavabdeh2 MMC tərəfindən “Sipark” yaşayış kompleksində inşa edilən və Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin (bundan sonra – bina) “E” girişi, 8-ci mərtəbəsində yerləşən 87,6 kv.m-dən ibarət 2 otaqlı 273 saylı mənzilin X1 barədə 370 “a” saylı, xx.xx.2022-ci il tarixli “Müqavilənin” və “Maliyyə arayışının” etibarsız hesab olunması və həmin binanın E girişi, 9-cu mərtəbəsində yerləşən 87,6 kv.m-dən ibarət 2 otaqlı 277 saylı mənzilin cavabdeh X1 barədə xx.xx.2022-ci il tarixli 361 “a” saylı “Müqavilənin” və eyni tarixli “Maliyyə arayışının” etibarsız hesab olunması, həmin mənzillərə pay haqqı tanınmaqla əmlakların yarısına mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdehlə xx.xx.2012-ci il tarixdə rəsmi qaydada nikaha daxil olmaqla ailə qurmuşdur. Suraxanı Rayon Məhkəməsinin 2(010)-4671/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Nikahdan uşaqları olmamışdır. Birgə nikah dövründə iddiaçının adına mübahisəli mənzilləri almışlar. Mənzillərin birinə 87.600 manat, digərinə 91.980 manat olmaqla, ümumilikdə 179.580 manat vəsait sərf edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh, qohumu Valeh Əliyevin adına saxta müqavilələr təqdim etmiş və guya mənzillərin onun tərəfindən deyil, Valeh Əliyev tərəfindən alındığını və cavabdehin bu mənzillərə aidiyyatının olmamasını bildirmişdir. Valeh Əliyevin adına olan müqavilələr və maliyyə arayışları sonradan tərtib edildiyi üçün etibarsızdır. b) birinci instansiya məhkəməsində icraat zamanı işdə iştirak edən şəxslərin məhkəmə iclaslarında iştirakı və verdikləri izahatları barədə məlumat
3. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə etmiş və Rayon Məhkəməsinə verdiyi izahatında əlavə olaraq bildirmişdir ki, o və əri Cavabdeh1 özlərinə məxsus (mübahisə predmeti olmayan) mənzili 2019-cu ildə 38.000 manata satmışlar. Həmin mənzili satmaqda məqsədləri əlavə pul toplayaraq mübahisəli mənzilləri almaq olmuşdur. Mənzillər Nərimanov rayonu ərazisində yerləşir, ünvanını dəqiq deyə bilmir, hansı məbləğə alınması, sahəsinin nə qədər olması barədə məlumatı yoxdur. Mənzillər təxminən 15-16-cı mərtəbələrdə yerləşir. İddiaçı və cavabdeh ikisi də işləmiş, gəlirləri yaxşı olmuşdur. Həmin məbləği toplamaq onlar üçün çətin olmamış, sadəcə bir az zaman almışdır. Mənzilin satışından əldə etdikləri 38.000 manat vəsaitin əksəriyyəti Cavabdeh1 müalicəsinə xərlənmişdir.
4. İddiaçını vəkili (nümayəndəsi) Vəkil1 Rayon Məhkəməsinə verdiyi izahatda iddia ərizəsində göstərilənləri təsdiq edərək, əlavə olaraq bildirmişdir ki, iş üzrə tərəflər mübahisəli mənzilləri birgə nikah dövründə uzun müddət topladığı vəsait hesabına almışlar. Cavabdeh Tofiq X3-brilyant satışı ilə məşğul olur və onun əmək haqqısı barədə sənəd formal xarakter daşıyır. Tərəflər faktiki olaraq qayınata evində yaşamış, mənzili artıq pulları olduğuna görə almış və kirayə vermişlər.
5. Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil3 iddia tələbini qəbul etməyərək Rayon Məhkəməsinə verdiyi izahatında bildirmişdir ki, iddiaçı məhkəmə iclasında mübahisəli mənzillərin harada, hansı mərtəbələrdə yerləşməsi, neçə otaqdan ibarət olması və hətta təmirli və ya təmirsiz olması barədə məlumatı olmadığını bildirmişdir. İddiaçı həmçinin şəhərə köçmək məqsədi ilə onlara məxsus olan əvvəlki mənzili 38.000 manata satdıqlarını və 1 il sonra, 2020-ci ildə, pulun üstünü düzəldərək 2 ədəd mənzil aldığını qeyd etmişdir. Bir il evsiz qalaraq 2 mənzil almaq məntiqsizdir. Cavabdeh1 maaşı barədə rəsmi sənəd təqdim edilmişdir. Cavabdeh1 qızıl alveri ilə məşğul olmur. Müqavilədə şəxsin sadəcə adının və soyadının olması onun iradə ifadəsini əks etdirmir. Mübahisəli mənzillər ailənin birgə vəsaiti hesabına alınmamışdır. Tərəflərin belə bir gəliri olmamışdır. Mənzillər Cavabdeh1 əmioğlusu Valeh Əliyev tərəfindən və öz şəxsi vəsaiti hesabına alınmışdır.
6. İş üzrə üçüncü şəxs olan Valeh Əliyevin vəkili (nümayəndəsi) Vəkil4 Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, tərəflərin əvvəlki mənzilinin satış qiyməti 38.000 manat təşkil etmiş, mübahisəli mənzillərin məbləği isə 179.800 manat olmuşdur. İddiaçı 38.000 manatın müalicəyə xərcləndiyini qeyd etmişdir. Həmin məbləğin mənzillərin alınmasına aidiyyatı yoxdur. Qeyd edilən mənzillər Cavabdeh1 adına alınsa da, əslində mənzillər Cavabdeh1 əmioğlusu Valeh Əliyev tərəfindən və sonuncunun vəsaiti hesabına alınmışdır. Valeh Əliyev bank müdiri olduğu üçün mənzili özü adına deyil, Cavabdeh1 adına almışdır. Valeh Əliyev mənzillərə görə ödədiyi pul vəsaitini öz bank hesabından götürmüşdür. Mənzillərə dair müqavilələri də özü imzalamışdır, baxmayaraq ki, müqavilədə Cavabdeh1 adı yazılmışdır. Ekspertiza tərəfindən iş üzrə verilmiş rəydən də görünür ki, mübahisəli mənzillərlə bağlı müqavilələrdəki imzalar Valeh Əliyevə məxsusdur. Şahid qismində dindirilmiş Aygün İsmayılova da pulun Valeh Əliyev tərəfindən verildiyini və ondan başqa heç kəsi görmədiyini bildirmişdir. İddia tələbi sübuta yetmədiyi üçün rədd olunmalıdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
7. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
8. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzillərə dair Valeh Əliyevə satılmasına dair “Müqavilə” və “Maliyyə arayışının” etibarsız hesab edilməsi üçün əsas yoxdur. Mübahisəli mənzillərin tikilməsinə görə pul vəsaiti Valeh Əliyev tərəfindən ödənilmişdir. Buna görə də, 2022-ci ilin dekabr ayında cavabdeh notarial qaydada təsdiq edilmiş ərizələri ilə mənzillərdən imtina etmişdir. Cavabdehin ərizələrini əsas tutaraq, "xxxx" MMC mənzillərin tikilməsinə dair müqavilələri artıq pulu ödəmiş Valeh Əliyev ilə bağlamışdır. Məhkəmə bu hərəkətlərdə hər hansı bir hüquq pozuntusu və cinayət tərkibi görmür. d) apellyasiya şikayəti barədə məlumat
9. İş üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
10. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Maddi hüquq normasının düzgün tətbiq edilməməsi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə iclas protokolları təhrif olunmuş, prosesdə deyilənlər düzgün qəbul edilməyərək, qətnamədə tamamilə əks əsasda qeyd olunaraq, iddianın rədd edilməsi üçün lazımi məzmunda təqdim edilmişdir. Bu səbəbdən protokollara qeyd verilmişdir. İddiaçı ilə Cavabdeh1 rəsmi nikaha daxil olduqdan sonra mənzil almış, orada yaşamış, sonradan əmlak vəziyyətlərini genişləndirmək üçün mübahisəli mənzilləri təmirsiz halda almışlar. Mübahisəli mənzillərə dair Cavabdeh1 adına xx.xx.2020-ci il tarixli 302 “a” saylı, xx.xx.2020-ci il tarixli 303 “a” saylı müqavilələr tərtib edilmiş və müvafiq maliyyə arayışları təqdim edilmişdir. Mənzillərin dəyərinin ödənilməsi barədə cavabdehin adına kassa mədaxil orderi vardır. Həmin müqavilələr və maliyyə arayışları qüvvədədir və onlara qarşı heç bir iddia və mübahisə yoxdur. Hazırki iddia qaldırılan dövrədək müqavilələr Cavabdeh1 adında olmuş, iddia verildikdən sonra qanunsuz müdaxilə olunaraq iş üzrə üçüncü şəxs olan Valeh Əliyevin adına dəyişdirilmişdir. İddiaçı kosmetoloji xidmətlər göstərir, Cavabdeh1 isə zərgərdir. Tərəflərin gəliri kifayət qədər yüksək olmuşdur. Cavabdeh1 zərgər olduğunu, “Mərkəzi Univermaqda” mağaza işlətdiyini nümayəndələri inkar etməmişlər. Cavabdeh1 əvvəlki vəkili (nümayəndəsi) Vəkil2 izahatında mübahisəli mənzillərin cavabdehin əmioğlusu Valeh Əliyevə məxsus olduğunu, cavabdehin adına formal sənədləşdirildiyini, bunun səbəbinin Valeh Əliyevin bank müdiri olaraq tez-tez xarici ölkələrə səfər etməsi olduğunu bildirmişdir. Cavabdehin digər vəkili (nümayəndəsi) Vəkil3 mübahisəli mənzillərin cavabdehə məxsus olmadığını, cavabdehin mənzil almadığını və belə bir mənzil almaq imkanında olmadığını bildirmişdir. Valeh Əliyevin vəkili (nümayəndəsi) Vəkil4 isə öz izahatında Valeh Əliyevin cavabdehə əvəzsiz olaraq pul verdiyini, mənzilləri cavabdehə hədiyyə etdiyini bildirmişdir. Lakin Rayon Məhkəməsi nümayəndələrin bu fərqli mövqelərini araşdırmayaraq, mənzillərin alınmasında Valeh Əliyevin iştirakının nədən ibarət olmasını, onun hansı səbəbdən müqaviləyə imza atmasının əsaslarının mötəbərliyini və niyə məhz iki mənzili də cavabdehin adına yazdırmaqla məhkəmə mübahisəsi açılan günədək onları öz adına keçirtmədiyinə dair tərəfin mövqeyini qiymətləndirməmişdir. Mənzili alınaraq külli miqdarda pul vermiş şəxsdə sənədlərin əslinin, yaxud surətlərinin olmamasına da aydınlıq gətirməmişdir. Halbuki Cavabdeh1 adına olan sənədlərin əsilləri yalnız iddiaçıda olmuşdur. Rayon Məhkəməsi sübutları araşdırmadan və mötəbərliliyinə əmin olmadan iddiaçı tərəfin mövqeyini təhrif etmiş, cavabdehin müqaviləni niyə özü imzalayaraq başqasının adına əmlak alması ilə bağlı dəlilləri tədqiq etməmiş və guya pul vəsaitinin başqa şəxs tərəfindən ödənilməsini birgə nikah dövründə əldə olunan əmlaka iddiaçının hüququnun yaranmasını inkar etməsi nəticəsinə gələrək yanlış əsaslara istinad etmişdir. İş üzrə şahid qismində dindirilmiş şəxslərin prosesə cəlb olunmasında prosessual qanunvericiliyin tələblərinə riayət etməyən Rayon Məhkəməsi bu ifadələrin tədqiqini də düzgün dəyərləndirməmişdir. Qanunsuz əqdi rəsmiləşdirən Cavabdeh2 MMC-nin işçisi Aygün İsmayılova şahid qismində dindirilərək onun qeyri-səmimi ifadələri mötəbər qəbul edilmişdir. Hakim şahidlərin dindirilməsi barədə vəsatət, heç bir sənəd və şahidlərə məxsus şəxsiyyət vəsiqələri təqdim edilmədiyi halda baxış mərhələsində təmin edilmişdir. İddiaçı tərəfin təqdim etdiyi şahidin ifadəsinə qiymət verilməmişdir. İddiaçının izahatı da təhrif edilmişdir. Əlində müqavilə olan, iddianı qaldırarkən məhkəməyə sübut təqdim edən iddiaçı mənzilin harada və hansı mərtəbədə olmasını bilməyə bilməzdi və bunu məhkəmədə deməzdi. Əlbəttə ki, ev təsərrüfatı və ailənin ev işləri ilə məşğul olan qadın əri və yaxud onun əmisi oğlu ilə mənzilin alınması üçün tikinti şirkətinə getməyə və mənzilin quruluşuna baxmaya bilərdi. Bu heç əhəmiyyətli hal da deyil. Lakin hakim əhəmiyyətsiz dəlillərlə bunu qabartmaqla qanunsuz qətnaməsini əsaslandırmağa cəhd etmişdir. Valeh Əliyevin hesabından pulun götürülməsinə gəldikdə isə "xxxx" ASC-nin “Bakıxanov” filialının direktoru olan Valeh Əliyevin adına AZ128RS******************** saylı hesab üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək çıxarışdan müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə 51.530 ABŞ dolları (87.601 manat), xx.xx.2020-ci il tarixdə isə 57.829 ABŞ dolları (98.300 manat) pulun olması göstərilir. Həmin pulun çıxarılması qeyd olunmur. Mübahisəli mənzillərə dair ilkin müqavilə xx.xx.2020-ci il tarixdə tərtib edilmiş və maliyyə arayışı verilmişdir. İkinci müqavilə isə xx.xx.2020-ci il tarixdə tərtib olunmuş və maliyyə arayışı verilmişdir. Pulun əsas qismi isə xx.xx.2020-ci il tarixdə hesabda görünür. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
11. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apelyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
12. İş üzrə Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil3 və üçüncü şəxs Valeh Əliyevin vəkili (nümayəndəsi) Vəkil4 apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdilər. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, “sifarişçi” Cavabdeh1 ilə "xxxx" “Sipark” yaşayış kompleksi Cavabdeh2 MMC arasında bağlanmış 302 “a” saylı xx.xx.2020-ci il tarixli “Müqaviləyə” əsasən, “sifarişçi” müqavilədə göstərilmiş məbləği (87.600 manat) "xxxx" tam ödəməklə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş E, yaşayışın 8-ci mərtəbəsi, ümumi sahəsi 87.6 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 273 saylı mənzilin tikintisini podratçıya həvalə etmişdir.
15. Həmin MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli “Maliyyə arayışından” görünür ki, 273 saylı mənzilin tam dəyəri üzrə Cavabdeh1 MMC-yə borcu yoxdur.
16. “Sifarişçi” Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 303 “a” saylı, xx.xx.2020-ci il tarixli “Müqaviləyə” əsasən, “sifarişçi” müqavilədə göstərilmiş məbləği (91.980 manat) "xxxx" tam ödəməklə həmin yaşayış evinin giriş E, yaşayışın 9-cu mərtəbəsi, ümumi sahəsi 87,6 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 277 saylı mənzilin tikintisi podratçıya həvalə etmişdir.
17. MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli “Maliyyə arayışından” görünür ki, 277 saylı mənzilin tam dəyəri üzrə Cavabdeh1 MMC-yə borcu yoxdur.
18. MMC tərəfindən verilmiş 1491 saylı, xx.xx.2020-ci il tarixli “Mədaxil xəzinə orderindən” görünür ki, Cavabdeh1 tərəfindən 277 saylı mənzilə görə 91.980 manat məbləğində pul qəbul edilmişdir.
19. Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ- İ seriyalı, 772107 nömrəli “Nikah haqqında şəhadətnamədən” görünür ki, Cavabdeh1 və X15 arasında xx.xx.2012-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 874 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir.
20. X18 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İ seriyalı, 440530 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamədən” görünür ki, həmin nikah Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında pozulmuşdur.
21. “Sifarişçi” X16 ilə "xxxx" “Evrostroy-S.S" MMC arasında bağlanmış 361 “A” saylı, xx.xx.2022-ci il tarixli “Müqaviləyə” əsasən, “sifarişçi” müqavilədə göstərilmiş məbləği (91.980 manat) "xxxx" tam ödəməklə 277 saylı mənzilin tikintisini podratçı MMC-yə həvalə etmişdir.
22. “Sifarişçi” X16 ilə "xxxx" olan həmin MMC arasında bağlanmış 370 “A” saylı, xx.xx.2022-ci il tarixli “Müqaviləyə” əsasən, “sifarişçi” müqavilədə göstərilmiş məbləği (87.600 manat) "xxxx" tam ödəməklə 273 saylı mənzilin tikintisini podratçı MMC-yə həvalə etmişdir.
23. MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Maliyyə arayışlarından” görünür ki, mübahisəli 273 və 277 saylı mənzillərin tam dəyəri üzrə X8 MMC-yə borcu yoxdur.
24. “Satıcı” olan Cavabdeh1 ilə “alıcı” olan X2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış AN-İ seriyalı, ******* nömrəli “Alqı-satqı müqaviləsindən” görünür ki, “satıcı” özünə məxsus və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsində yerləşən 1 saylı evin 55 saylı mənzili 38.000 manata “satıcıya” satmışdır.
25. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin AVİS avtomatlaşdırılmış X10 göndərilən məlumata dair xx.xx.2023-cü il tarixli çıxarışla müəyyən olunur ki, “Evrostroy-S.S" MMC-nin fəaliyyəti dayandırılmışdır.
26. Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********536300 nömrəli məktubdan görünür ki, MMC-nin (VÖEN:**********) fəaliyyəti xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılmışdır. Vergi ödəyicisinin hal-hazırda fəaliyyəti və digər vergi tutulan əməliyyatları dayandırılmış vəziyyətdədir.
27. Həmin MMC tərəfindən xx.xx.2023-cü il tarixdə Rayon Məhkəməsinə ünvanlanmış 68/E-S.S saylı məktubda qeyd olunmuşdur ki, vətəndaş Cavabdeh1 ilə MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 302 “A” və 303 “A” müqavilələri hal-hazırda qüvvədə deyil, həmin müqavilələr xx.xx.2022-ci il tarixində vətəndaş Cavabdeh1 həmin mənzillərə dair təqdim etdiyi 227048/0016168 və **********119 saylı imtina ərizələrinə əsasən ləğv edilmişdir. xx.xx.2022-ci il tarixində vətəndaş X16 ilə MMC arasında 361 “A” və 370 “A” saylı müqavilələr bağlanmışdır və hal-hazırda həmin mənzillər X12 məxsusdur.
28. Cavabdeh1 tərəfindən Bakı Şəhəri 6 saylı Notariat Ofisində xx.xx.2022-ci il tarixdə yazılmış 227048/0016168 saylı ərizədən görünür ki, o, 277 saylı mənzilə dair pay hüququndan imtina etmişdir.
29. Cavabdeh1 tərəfindən həmin Notariat Ofisində xx.xx.2022-ci il tarixdə yazılmış **********119 saylı ərizədən görünür ki, o, 273 saylı mənzilə dair pay hüququndan imtina etmişdir.
30. Sahibkar (VÖEN: **********) X13 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 001 saylı arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdən əmək müqaviləsi əsasında “Karloff” mağazasında menecer vəzifəsinə təyin edilmiş, onun aylıq əmək haqqısı 400 manat olmuş və o, xx.xx.2020-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir.
31. Elektron arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixindən fərdi sahibkar X7 yanında satış təmsilçisi vəzifəsində çalışır və hazırki əmək haqqısı 175 manat təşkil edir.
32. Elektron “Arayışdan” görünür ki, X16 xx.xx.2018-ci il tarixindən "xxxx" ASC-də direktor vəzifəsində çalışır və hazırki əmək haqqı 2.950 manat təşkil edir.
33. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Hesabdan çıxarışdan” görünür ki, X8 bank hesabında müxtəlif tarixlərdə müxtəlif əməliyyatlar aparılmışdır. xx.xx.2020-ci il tarixində hesabdan 87.601 manat məxaric edilmişdir. xx.xx.2020-ci il tarixində hesabdan 98.309,30 manat məxaric edilmişdir.
34. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş xx.xx.2020-ci il tarixli 303A nömrəli müqavilənin sonunda “Sifarişçi” Cavabdeh1 “İmza”: qrafasındakı imza X16 tərəfindən icra edildiyi, Ekspertizaya təqdim edilmiş xx.xx.2020-ci il tarixli 302A nömrəli müqavilənin kserosurətində “Sifarişçi” Cavabdeh1”hissəsində “İmza:” qrafasında əks olunmuş imzanın X16 tərəfindən icra olunub olunmamasını təqdqiqat prosesinin 2-ci bəndindəgöstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadığı, Tədqiqata təqdim edilmiş "xxxx" MMC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 303A nömrəli müqavilədə olan imzalar hər hansı texniki qurğu vasitəsi ilə deyil, birbaşa qələmlə icra edildiyi, Tədqiqata təqdim edilmiş Cavabdeh2 MMC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 302A nömrəli müqavilədə olan imzalar axınlı printerdə çap edildiyi bildirilmişdir
35. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X17 öz ifadəsində bildirmişdir ki, iddiaçının rəfiqəsidir, iddiaçının ona zəng edərək, evi satdığını, pulu köçürmək lazım olduğunu, lakin limit olduğuna görə öz adlarına qoya bilmədiklərini, buna görə ona müraciət etdiyini bildirdi. Ona Suraxanıdakı evi satdıqlarını, üstünü düzəldib ev almaq istədiklərinini və banka gedərək pulu onun adına dollara çevirdiklərini məbləğin nə qədər olduğunu bilmədiyini söyləmişdir.
36. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X5 öz ifadəsində bildirmişdir ki, 2018-ci ildən "xxxx" MMC-də işləyib. Şirkətlərinin bir müddət işləmədiyini, Cavabdeh1 adlı adamı görmədiyini, Valeh Əliyevin çox vaxt Almaniyada olduğunu, ona görə sənədlərin əmioğlusuna rəsmiləşdirmək istədiyini qeyd etdiyini bildirmişdir. Alqı-satqı zamanı Valeh Əliyev özünün gəldiyini, müqavilə bağlanan zaman 3-cü şəxsin iştirakı olmadan da bağlana biləcəyini qeyd etmişdir. Ailə üzvləri olduqda heç bir problem olmur. Şirkətin maraqlarında mənzilin satılması olduğunu, yad adam olanda notarial təsdiq olunmuş etibarnamə aldıqlarını və ailə daxili olanda etibarnamə almadıqlarını qeyd etmişdir.
37. İş materiallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2012-ci il tarixdə rəsmi nikah bağlanmış, daha sonra münasibətləri pozulduğundan nikahları Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında pozulmuşdur. Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsində yerləşən 1 saylı evin 55 saylı mənzil xx.xx.2019-cu il tarixdə 38.000 manata satılmışdır.
38. İddiaçı tərəf nikah pozulduqdan sonra birgə nikah dövründə alınan Cavabdeh2 MMC tərəfindən “Sipark” yaşayış kompleksində inşa edilən mübahisəli 273 və 277 saylı mənzillərə pay haqqının tanınması və həmin mənzillərin üçüncü şəxs olan Valeh Əliyevə satılması barədə müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab olunmasına dair iddia qaldırmışdır.
39. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, vətəndaşlar ailə hüquqlarını, habelə həmin hüquqların müdafiəsini, bu məcəllədə başqa qayda nəzərdə tutulmayıbsa, müstəqil həyata keçirirlər (maddə 6.1.). Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır (maddə 6.2.). Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (maddə 31.1.). Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir (maddə 31.2.). Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (maddə 32.1.). Ər-arvadın ümumi birgə mülkiyyətinə (maddə 32.2.): onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) (maddə 32.2.1.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir (maddə 32.2.2.). Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir (maddə 33.1.). Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir (maddə 33.2.). Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər (maddə 33.3.). Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər (maddə 33.4.). Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir (maddə 36.1.). Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər (maddə 36.2.). Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ərarvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (maddə 36.3.). Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər (maddə 36.4.). Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir (maddə 37.1.). Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.2.). Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir (maddə 37.3.).
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər (maddə 222.1.). Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir (maddə 222.2.). Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin (maddə 222.3.). Birgə mülkiyyətin digər mülkiyyətçiləri razılıq vermədikdə borclu ayrıca birgə mülkiyyətçiyə olan tələbini əvəzləşdirə bilməz (maddə 222.4.). Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir (maddə 223.1.). Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər (maddə 223.2.). Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır (maddə 223.3.). Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir (maddə 223.4.). Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (maddə 225.1.). Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir (maddə 225.2.). Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (maddə 324.1.). Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (maddə 324.2.). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (maddə 324.4.). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir (mmadə 337.2.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (maddə 337.4.). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5.). Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir (maddə 357.).
41. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu qaldırılan məsələnin düzgün həlli üçün ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).... Ailə Məcəlləsinin 34-cü maddəsinin tələbləri baxımından belə qənaətə gəlmək olar ki, mənzil (ev) əvəzsiz özəlləşdirilərək ərarvaddan birinin mülkiyyətinə keçirildikdə, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz.
42. Rayon Məhkəməsi yuxarıda qeyd edilən maddi hüquq normalarına istinad edərək qeyd etmişdir ki, mübahisəli mənzillərə dair Cavabdeh1 və "xxxx" MMC arasında 302 “A” saylı, xx.xx.2020-ci il tarixli və 303 “A” saylı, xx.xx.2020-ci il tarixli “Müqavilələr” bağlanmışdır. Həmin "xxxx" əsasən, MMC pul müqabilində müvafiq ünvanda mənzillərin tikintisini öz üzərinə götürmüşdür. MMC-yə müvafiq olaraq 87.600 manat və 91.980 manat, cəmi 179.580 manat pul ödənilmişdir. İddiaçı tərəf bildirmişdir ki, mənzilləri əvvəlki yaşadığı evlərini 2019-cu ildə 38.000 manata sataraq, üzərinə əlavə pul qoyaraq əldə etmişlər.
43. Həmçinin iddiaçı məhkəmədə Valeh Əliyevin nümayəndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, həmin mənzilin satışından əldə edilən 38.000 manat pul vəsaitinin əksəriyyəti məhz Cavabdeh1 müalicəsinə xərclənmişdir.
44. Apellyasiya şikayətində iddiaçının nümayəndəsi (vəkili) tərəfindən 38.000 manatın müalicəyə xərclənmədiyi, Rayon Məhkəməsi tərəfindən iddiaçının izahatının təhrif olunduğu qeyd edilsə də, mübahisəli mənzillərin ümumi məbləğini təşkil edən 179.580 manatın ailənin büdcəsi hesabına ödənilməsini təsdiq edən sübutlar iş materiallarında mövcud deyil.
45. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Lakin iddiaçı mübahisəli mənzillərin ailənin birgə vəsaiti hesabına əldə edildiyini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
47. Məhkəmə bu qənaətə gələrkən nəzərə alır ki, üçüncü şəxs Valeh Əliyev məhkəməyə sözügedən müqavilələrin onun hesabına bağlanması barədə mötəbər sübut təqdim etmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, Valeh Əliyevin bank hesabından xx.xx.2020-ci il tarixində hesabdan 87.601 manat, xx.xx.2020-ci il tarixində hesabdan 98.309,30 manat məxaric edilmişdir. Müqavilələr də təxminən yaxın tarixlərdə bağlanmışdır. Müqavilələrdə “imza” yerində Valeh Əliyev imza çəkmiş, bu hal ekspertiza rəyi ilə təsdiq edilmiş və iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
48. Həmçinin yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, iddiaçının məhkəmə iclasında mübahisəli mənzillərin yerləşdiyi yeri, mərtəbəsini dəqiq bilmədiyini bildirməsi, həmin mənzillərin ailənin birgə əmlakı olmasına şübhə yaradır. Apellyasiya şikayətində bu hal iddiaçının ailə təsərrüfatını idarə etməsi ilə əlaqələndirilmiş olsa da, bu dəlil Məhkəmə tərəfindən əsaslı hesab edilmir. Çünki iddiaçının yaşamağı nəzərdə tutduğu və ümumi birgə mülkiyyətində olduğunu bildirdiyi mənzilin yeri və mərtəbəsi barədə məlumatının olmaması ağlabatan deyil.
49. Nəzərə alınmalıdır ki, əmlak o halda ər-arvadın birgə mülkiyyətinə daxil olur ki, həmin əmlak birgə nikah dövründə və ər-arvadın ümumi gəlirləri hesabına əldə edilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda göstərilmiş xx.xx.2012-ci il tarixli qərarında deyilir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması; əmlakın ərarvadın ümumi gəlirləri hesabına əldə olunması.
50. Belə olan halda, Rayon Məhkəmə haqlı olaraq hesab etmişdir ki, mübahisəli mənzil ər-arvad olmuş iddiaçı ilə Cavabdeh1 birgə vəsaiti hesabına deyil, iş üzrə üçüncü şəxs olan Valeh Əliyev tərəfindən əldə olunmuşdur.
51. Bundan başqa, şahid qismində cəlb edilmiş və MMC-də kargüzar və xəzinədar (mühasib) işləmiş şəxs X6 pulun Valeh Əliyevdən qəbul edilməsini demişdir.
52. Beləliklə də, məhkəmə elə qənaətə gəlir ki, mübahisəli mənzillərin tikilməsinə pul Valeh Əliyev tərəfindən ödəndiyindən, Cavabdeh1 bu pulların mülkiyyətçisi olmamış, onun gəlirləri hesabına bu pullar əldə edilməmiş və bunun nəticəsində, həmin pullar birgə nikah dövründə və birgə gəlirlər hesabına əldə olunmuş kimi hesab edilə bilməzlər. İş materiallarında mübahisəli mənzillərin birgə nikah dövründə birgə gəlir hesabına alınması barədə mötəbər sübutların olmadığı müəyyən edilmişdir.
53. Bundan başqa, Məhkəmə tərəfindən mübahisəli mənzillərin üçüncü şəxs Valeh Əliyevə satılmasına dair müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab olunması üçün hər hansı əsas müəyyən edilməmişdir. Çünki yuxarıda qeyd edildiyi kimi, mübahisəli mənzillərin dəyəri Valeh Əliyev tərəfindən ödənilmişdir. Buna görə də, 2022-ci ilin dekabr ayında Cavabdeh1 notarial qaydada təsdiq edilmiş ərizələri ilə mənzillərdən imtina etmişdir. Cavabdehin ərizələrini əsas tutan MMC mənzillərin tikilməsinə dair müqavilələri artıq pulu ödəmiş Valeh Əliyev ilə bağlamışdır.
54. Məhkəmə iddiaçı tərəfin Cavabdeh1, üçüncü şəxs Valeh Əliyevin və şahid Aygün İsmayılovanın barəsində xüsusi qərardad qəbul edilərək, müvafiq prokurora məlumat verilməsi barədə vəsatəti də əsassız hesab edir. Çünki Məhkəmə tərəfindən işə baxılarkən proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətləri aşkar edilməmişdir. İş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas yoxdur. Rayon Məhkəməsi bu barədə iddiaçı tərəfin vəsatətini əsassız hesab etməklə düzgün nəticəyə gəlmişdir. g) apellyasiyanın nəticəsi
55. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur
56. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
57. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
59. Məhkəmə həmçinin bildirir ki, iddianın təmin edilməməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdeh və iş üzrə üçüncü şəxs hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
60. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiymətləndirilməyən iddia növünə aid olduğundan iddiaçı MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
61. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 noyabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı tərəfindən hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən işdə iştirak edən digər şəxslər tərəfindən kassasiya şikayəti verilə bilməz.