Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1174/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-334/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İKB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə 8071,62 ABŞ dolları əsas, 3852,75 ABŞ dolları faiz, 1258,4 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 26.06.2017-ci il tarixdən, 18.06.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 943,55 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 14126,32 ABŞ dolları borc və 30 manat dövlət rüsumun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, kreditor İddiaçı İKB ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış 26.09.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 24% hesablamaq şərti ilə 24 ay müddətinə 19200 ABŞ dolları məbləğində kredit verilmişdir. 07.03.2016-cı il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 26.06.2017-ci il tarixədək təyin edilir. Həmçinin kredit müqaviləsinin təminatı olaraq Bank ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşdür. Cavabdeh1 həmin məbləğdə pulu qəbul etmiş, lakin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, tələb edilən müddətlərdə və məbləğlərdə ödənişlər etməmiş, nəticədə Banka borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-334/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 26.09.2014-cü il tarixli, 1-MZ-3- 0-1053-14 nömrəli kredit müqaviləsinə (həmin kredit müqaviləsinə əlavələr nəzərə alınmaqla) əsasən əsas borc üzrə 6238.24 ABŞ dolları, faiz borcu üzrə 3841.38 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları, illik 5 faizlə hesablanan faiz borcu üzrə 303.45 ABŞ dolları, cəmi 10483.07 ABŞ dolları məbləğində pul vəsaitinin ödənişin icra edildiyi anda Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh1 tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 20 manat məbləğində hissəsinin Cavabdeh1 “xxxx” ASC-nin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyərinin 20 manat hissəsinin iddiaçıdan, 80 manatının isə Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı bankın ləğvedicisinin nümayəndəsi apellyasiya şikayəti verərək onun “əsas, faiz, cərimə borcunun tutulması və gecikdirilmiş vaxt üçün hesablanmış məbləğin ödənilməsi” hissəsində və iddia tələbinin zaminə münasibətdə təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissələrdə iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin cərimə məbləğini tənasübsüz şəkildə azaltmış olması və borc məbləğlərini tam tutmaması arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 onun banka 6000 ABŞ dolları borcunun qaldığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh isə məhkəməyə gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilməyən hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdehlər mübahisələndirməmiş, iddiaçı bankın nümayəndəsi isə yalnız həmin hissələrdən şikayət vermişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq qətnamə faiz, cərimə, illik 5 faiz hesablanmış faiz borcunun və ümumi borc məbləğinin tutulması hissəsində dəyişdirilməlidir. Belə ki, mülki işin materiallarında olan 26.09.2014-cü il tarixli, 1-MZ-3-0-1053-14 nömrəli borcverən “İddiaçı İKB” ASC, borcalan Cavabdeh1, zamin X2 arasında bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən İddiaçı İKB ASC Cavabdeh1 24 ay müddətinə illik 24% hesablamaq şərti ilə 19200 ABŞ dolları məbləğində kredit verməyi, borclu isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanmış cərimə borcunu borcverənə qaytarmağı, zamin Bank qarşısında “borcalanın” müqavilənin 1.2-ci bəndi ilə nəzərdə tutulmuş öhdəliyin tam həcmdə icra edilməsinə cavabdeh olması barədə öhdəlik götürmüşlər. İş materiallarında olan 26.09.2014-cü il tarixli, 1-MZ-3-0-1053-14 nömrəli bank hesab, kredit və zaminlik müqaviləsinə 26.11.2015-ci il tarixli borcverənlə borcalan arasında bağlanmış əlavədən görünür ki, kreditin müddəti 26.06.2017-ci il tarixədək uzadılmış, kreditin illik faiz dərəcəsi 27 faiz müəyyən edilmiş, kreditin güzəşt müddəti 2 ay təyin edilmişdir. İş materiallarında olan 26.09.2014-cü il tarixli, 1-MZ-3-0-1053-14 nömrəli bank hesab, kredit və zaminlik müqaviləsinə 07.03.2016-cı il tarixli borcverənlə borcalan arasında bağlanmış əlavədən görünür ki, kreditin bitmə müddəti olduğu kimi qalmış, kreditin faizi 24 faizə endirilmiş, əlavə olaraq 3 ay güzəşt müddəti müəyyən edilmişdir. İş materiallarında olan 23.07.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 mübahisə predmeti olan kredit müqaviləsi üzrə əsas borcdan cəmi 12961.76 ABŞ dolları, faiz borcundan 4845,82 ABŞ dolları ödəmişdir. Borclu sonuncu dəfə 14.02.2020-ci il tarixdə 117.51 ABŞ dolları ödəniş etmişdir. Borclunun kreditin bitmə tarixinə 3852.75 ABŞ dolları faiz borcu qalmışdır. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza tədqiqatının nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3701 saylı, 17.03.2020-ci il tarixli ekspert rəyinə əsasən 26.09.2014-cü il tarixli kredit müqaviləsinə üzrə Cavabdeh1 26.06.2017-ci il tarixə İddiaçı İKB ASC-yə 11166,69 ABŞ dolları əsas borc, 3841,39 ABŞ dolları faiz borcu olmaqla, cəmi borcu 15008,08 ABŞ dolları, 13.03.2020-ci il tarixə isə 7777,76 ABŞ dolları əsas, 3841,38 ABŞ dolları faiz, 5 faizlə hesablanmış faiz borcu 1229,73 ABŞ dolları olmaqla, cəmi 12848,87 ABŞ dolları müəyyən edilmişdir. İddiaçı İKB ASC tərəfindən cavabdehlərə ünvanlanmış 05.11.2018-ci il və 20.06.2019-cu tarixli xəbərdarlıq məktubuna əsasən cavabdehlərdən 26.09.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun 5 gün ərzində ödənilməsi tələb edilmiş, ödənişlər həyata keçirilmədiyi təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən cavabdeh, yuxarıda göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş və bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq onun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək cavabdehlərdən 6238,24 ABŞ dolları əsas borc tutmuşdur. Bununla belə apellyasiya şikayətinin dəlillərini nəzərə alan kollegiya təkrar apellyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizasə təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 mart 2021-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Cavabdeh1 13 mart 2020-ci il tarixə banka 6238,55 ABŞ dolları əsas, 4549,19 ABŞ dolları faiz və gecikdirilmiş vaxt üçün (illik 5% hesablanmaqla) 1189,33 ABŞ dolları faiz borcu vardır. Buna görə də kollegiya iddiaçının nümayəndəsinin faiz borclarının məbləğlərinin düzgün hesablanmamsı arqumentini qismən əsaslı hesab edir ve qeyd edir ki, cavabdehlərdən tutulmalı olan faiz borcununun məbləğinin ekspert rəyinə uyğun müəyyən edilməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; bu isə o deməkdir ki, dəbbə pulunun (cərimənin) müqavilə müddətinin bitdiyi tarixə qədər hesablanmalı olması qənaətinin hüquqi əsası mövcud deyildir. Əksinə, qanunun mənasından göründüyu kimi cərimə, məhz öhdəliyin icra olunmaması halında (olunmadığı dövr üçün) tətbiq oluna bilən maliyyə sanksiyasıdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə isə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, kredit borclusunun 6238,24 ABŞ dolları olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı bank 1258,4 ABŞ dolları cərimə hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olsa da, məhkəmə bu tənasübsüzliyin nisbətini müəyyənləşdirdiyi zaman səhvə yol vermişdir. Kollegiya hesab edir ki, cavabdehlərdən tutulmalı dəbbə pulunun məbləğinin 300 (üç yüz) ABŞ dolları həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Bundan başqa kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini borc məbləğlərinin zamindən tutulması hissəsində təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində qeyd edilmişdir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından görünür ki, 26.09.2014-cü il tarixli, 1-MZ-3-0-1053-14 nömrəli kredit müqaviləsinin bitmə tarixi 26.06.2017-ci il olduğundan, iddia məhkəməyə kredit müqaviləsinin bitdiyi tarixdən təqribən 2 il sonra verildiyindən (18.07.2019) zaminliyə xitam verilməlidir. Beləliklə də, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə faiz, gecikdirilmiş vaxt üçün faiz borcu və cərimə borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehlərdən tutulacaq faiz borcu 3852,75 ABŞ dolları (ekspert rəyində fazi borcunun 4549,19 ABŞ dolları olması müəyyən edilsə də, iddiaçı bank iddia tələbində 3852,75 ABŞ dolları məbləğində faiz borcunun tutulmasını tələb etmiş, kollegiya da qanunvericiliyin tələblərini nəzərə alaraq iddia tələbindən kənara çıxmır), gecikdirilmiş vaxt üçün 26.06.2017-ci ildən 18.06.2019-cu ilədək (illik 5% hesablanmaqla) 604,68 ABŞ dolları faiz borcu (gecikdirilmiş vaxt üçün faiz borcu 1 il 11 ay 8 gün müddətinə hesablanmalıdır; 6238,21X5% = 311,91 dollar (1 ilə) : 12 ay = 25,99 dollar (1 ay) (11 ay 285,89 dollar) : 30 gün =0,86 (1 gün); 6,88 dollar (8 gün);311,91+285,89+6,88=604,68 dollar), cərimə borcu 300 ABŞ dolları məbləğində müəyyənləşdirilməli, həmçinin ümumi borcun məbləğinə aid hissədə dəyişdirilməli və qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə; 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-334/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə yəni, faiz borcu üzrə 3841.38 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları, illik 5 faizlə hesablanan faiz borcu üzrə 303.45 ABŞ dolları, cəmi 10483.07 ABŞ dolları məbləğində pul vəsaitinin ödənişin icra edildiyi anda Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh1 tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh1 tutulmalı olan faiz borcu 3852,75 ABŞ dolları, illik 5 faizlə hesablanan faiz borcu, 604,68 ABŞ dolları, cərimə borcu 300 ABŞ dolları olmaqla ümumilikdə tutulmalı olan borc məbləği 10 995,67 (on min doqquz yüz doxsan beş dollar 67 sent) ABŞ dolları müəyyən edilməlidir. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın, 50%-i, yəni 50 (əlli) manat hissəsi iddiaçı “xxxx” ASC-dən, 50 (əlli) manatı isə Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1174/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1174/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver