Məhkəmə qərarları › İş №2(103)-11740/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11740/2021

13.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11740/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" X1 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2(001)-2228/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X2 vurulmuş 5396,10 manat məbləğində maddi ziyanın, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı olmaqla, cəmi 5426,50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh 04.01.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tiblisi prospektində etibarnamə əsasında idarə etdiyi “Azsamand minik” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə "xxxx" X2 məxsus olan 1 ədəd çuğun altlıqlı “Palermo” tipli işıq dirəyini vuraraq sıradan çıxarmış və nəticədə müəssisələrinə 5396,10 manat dəyərində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər Yasamal RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı polis kapitanı Tural Mahmudov 22 yanvar 2020-ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Həmin qərara, Yasamal rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən 04.01.2020-ci il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokola və 19.02.2020-ci il tarixli, TP ******* saylı X4 haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Yol nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh tərəfindən idarə edilən “Azsamand minik” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası olmamışdır. Cavabdeh qeyd olunan məbləğin ödənilməsi üçün müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2(001)- 2228/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 5396,10 manat, dövlət rüsumuna görə 30 manat və 0,40 bank xidmət haqqı, cəmi 5426,5 manatın alınaraq iddiaçı Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" X2 verilməsi qət edilmişdir. Hazırda qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi, qətnamədə müəyyən olunmuş məbləğin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclası onun iştirakı olmadan keçirilmişdir. Məhkəmə tərəfindən işıq dirəyinin real qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 04.01.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh “Azsamand” minik markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 04.01.2020-ci il tarixdə, saat 02:00-da yol nəqliyyat hadisəsi törətmiş, ona görə də barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. 19.02.2020-ci il tarixli TP ******* saylı X4 haqqında qərardan görünür ki, Cavabdeh barəsində tərtib edilmiş 04.01.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında o, manevr etmə qaydalarını pozuduğuna görə Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. Qərar qanuni qüvvəsini almışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 27.01.2020-ci il tarixli qərarın məzmunundan görünür ki, araşdırma zamanı Cavabdeh 04.01.2020-ci il tarixdə saat 02:00 radələrində “Azsamand minik” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı şəhəri, Tbilisi prospektində avtomobili idarə edərkən idarəetməni itirərək avtomobilin yolun əks zolaqla arada olan səkiyə dəyməsi və səkidə olan "xxxx" EŞM-ə məxsus olan 1 ədəd çuğun altlıqlı “Palermo” tipli işıq dirəyini vuraraq sıradan çıxarması, onun ehtiyatsızlığı nəticəsində müəssisəyə 5396 manat maddi ziyan dəyməsi müəyyən edilmişdir. "xxxx" EŞM-in əməkdaşları Y.Əsədov, N.Cəfərov, E.Xəlilov, S.Ələkbərov və V.Qanbayev tərəfindən imzalanmış 1 saylı, 07 yanvar 2020-ci il tarixli Aktdan görünür ki, 04.01.2020-ci il tarixdə naməlum avtomobil həmin müəssisəyə məxsus 1 ədəd 2010-cu il istehsallı çuqun altlıqlı “Palermo” markalı işıq dirəyini vurmuşdur. Akta əsasən 1 ədəd 2010-cu il istehsallı çuqun altlıqlı “Palermo” markalı işıq dirəyinin təzə vəziyyətdə orta bazar qiyməti 6348,40 manat, köhnəlmiş dərəcəsi nəzərə alınmaqla (15%) qiyməti 5396,10 manat müəyyən edilmişdir. Bundan başqa 1 ədəd 2010-cu il istehsallı çuqun altlıqlı “Palermo” markalı işıq dirəyinin yoxlama zamanı yararsız olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır, belə ki, iş materiallarından müəyyən edilmişdir ki, "xxxx" EŞM-ə məxsus olan işıq dirəyini sıradan çıxması cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində baş vermişdir. Məhkəmə haqlı olaraq iddianın təmin edilməsi qəanətinə gəlmişdir. Cavabdeh apelyasiya şikayətində dəymiş ziyanın məbləğini mübahisələndirərək, ekspertiza keçirilməli olduğunu qeyd etsə də, tərtib edilmiş aktdan görünür ki, köhnəlmə faizi tətbiq edilməklə dəymiş ziyan məbləği müəyyənləşdirilmişdir, cavabdeh müəyyən edilmiş məbləği şübhə altına alacaq hər hansı sübut təqdim etməmiş, ekspertiza keçirilməsini zəruri edən hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi ilə bağlı isə Kollegiya qeyd edir ki, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə məhkəmə bildirişləri göndərilmiş, “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmış olsa da, cavabdehin iş materiallarında olan (tərəfindən verilmiş apelyasiya şikayətində göstərilən) telefon nömrəsinə AZEMİS elektron məhkəmə informasiya sistemi vasitəsi ilə SMS bildiriş göndərilmişdir. Kollegiya qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, cavabdeh apelyasiya şikayətində fikrini ümumi sözlərlə ifadə etmiş, hər hansı konkret dəlilə əsaslanmamış və qətnamənin ləğv edilməsi, dəyişdirilməsi üçün hər hansı arqumentə istinad etməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi (dəyişdirilməsi) üçün əsas deyildir. Beləliklə, cavabdehin apelyasiya şikayətində irəli sürdüyü yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2228/2021 saylı iş üzrə 21 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar