Məhkəmə qərarları › İş №2(103)-1176/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1176/2022

25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1176/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xeyrinə 31 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə 4092,49 ABŞ dolları əsas, 3308 ABŞ dolları faiz, 3666,69 ABŞ dolları cərimə borcu və 19.08.2018-ci il tarixdən 11.02.2021-ci il tarixədək gecikdirilmiş vaxta görə illik 5 %-lə hesablanmış 503 ABŞ dolları borc olmaqla, cəmi 11570,18 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Z.Hacıyev, iş № 2(008)-2579/21) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 31.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə 4091,26 ABŞ dolları əsas, 3308 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə və 11.02.2021-ci il tarixədək gecikdirilmiş vaxta görə illik 5 %- lə hesablanmış 503 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 8002,26 (səkkiz min iki dollar, iyirmi altı sent) ABŞ dolları kredit borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Sabunçu Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, kredit borcuna 2019-cu il 28 fevral tarixli Prezident Fərmanının şamil olunduğunu nəzərə alaraq kredit müqaviləsindən yaranmış əsas kredit borcunun qalıq məbləğlərinin cəmi 10 000 ABŞ dollarınadək müəyyən edilməsi və cavabdehə həmin Fərmandan irəli gələn güzəştlərin tətbiq olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış xeyrinə 31 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 18 % dərəcəsi ilə 36 ay müddətinə 15665 ABŞ dolları məbləğində kredit verilmişdir. 19.03.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 19.08.2018-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilə şərtlərini pozmuş və 11.02.2021-ci il tarixədək tələbdə göstərilən məbləğdə borcu qalmışdır, hazırda həmin borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi xahiş olunur. Qeyd edilənlər işdə olan, 31.07.2014-cü il tarixli kredit müqaviləsi, ona 1 saylı əlavə, məxaric qəbzi, 19.03.2015-ci il tarixli əlavə istehlak krediti və ona 1 saylı əlavə, xəbərdarlıq məktubu, maliyyə arayışı və s. sənədlərlə təsdiqlənir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin “Cavabdeh 31.07.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi” barədə mövqeyi qəbul edilən deyil. Ona görə ki, Cavabdeh 31.07.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini 2014-2018 il oktyabr ayı da daxil olmaqla icra etsə də, sonradan ödəmə qabiliyyəti zəiflədiyi üçün icra edə bilməmişdir. Kredit müqavilələri 2014-2015-ci il tarixlərində bağlanmışdır. 28 fevral 2019cu il tarixli Fərmanın 8.3-cü bəndinə əsasən “bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə, onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi” nəzərdə tutulur. Həmçinin, məlum iş üzrə borclu ilə kreditor arasında 2014-2015-ci illərdə bağlanan kredit müqavilələrinin predmeti xarici valyuta - dollar olduğuna görə yaranmış kredit münasibətləri Fərmanın tətbiqi dairəsinə düşür. Ancaq məhkəmə məlum iş üzrə qətnamə qəbul edən zaman Fərmanı nəzərə almalı olduğu halda nəzərə almamış, nəticədə isə cavabdehin hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Əslində Sabunçu rayon məhkəməsi tərəfindən məlum iş üzrə işə baxılarkən 22-A-1-0-1070-14 nömrəli 31.07.2014-cü il tarixli İpoteka Müqaviləsi (Avtokredit (Seat)) və həmin İpoteka Müqaviləsinə 19.03.2015-ci il tarixli Əlavənin tarixlərini əsas götürərək, Fərmana əsasən 1-ci və/və ya 2-ci devalvasiyaların tarixinə əsas kredit borcunun qalıq məbləğlərinin cəmi müəyyən edilməli və əgər əsas kredit borcunun qalıq məbləğlərinin cəmi 10 000 ABŞ dollarınadək olduğu təqdirdə həmin kredit müqavilələrinə Fərmanın müddəaları tətbiq olunmalı idi. Fərmandan irəli gələn güzəştlərin tətbiq olunması məqsədilə 22-A-1-0-1070- 14 nömrəli 31.07.2014-cü il tarixli İpoteka Müqaviləsi (Avtokredit (Seat)) həmin İpoteka Müqaviləsinə 19.03.2015-ci il tarixli Əlavədən yaranmış əsas kredit borcunun qalıq məbləğlərinin cəmi 10000 ABŞ dollarınadək olan məbləğin müəyyən edilməsi ilə bağlı hesablamaların aparılmasına zərurət yarandığı üçün məhkəmə tərəfindən məhkəməmühasibatlıq ekspertizası keçirilməlidir. Cavabdeh qeyd olunanları nəzərə alaraq Sabunçu rayon məhkəməsinin 2(008)- 2579/2021 nömrəli, 20.08.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, 22-A-1-0-1070-14 nömrəli 31.07.2014-cü il tarixli İpoteka Müqaviləsi (Avtokredit (Seat))həmin İpoteka Müqaviləsinə 19.03.2015-ci il tarixli Əlavənin 2019-cu il 28 fevral tarixli Fərmanın şamil olunduğunu nəzərə alaraq Cavabdeh həmin kredit müqaviləsindən yaranmış əsas kredit borcunun qalıq məbləğlərinin cəmi 10 000 ABŞ dollarınadək müəyyən edilməsi və Cavabdeh həmin Fərmandan irəli gələn güzəştlərin tətbiq olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 20 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 31 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 18 % dərəcəsi ilə 36 ay müddətinə 15665 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilə öhdəliklərinin cavabdeh tərəfindən lazımi qaydada yerinə yetirilmədiyinə istinad edən iddiaçı hazırkı iş üzrə tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi 31 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə 4092,49 ABŞ dolları əsas, 3308 ABŞ dolları faiz, 3666,69 ABŞ dolları cərimə borcu və 19.08.2018-ci il tarixdən 11.02.2021-ci il tarixədək gecikdirilmiş vaxta görə illik 5 %-lə hesablanmış 503 ABŞ dolları borc olmaqla, cəmi 11570,18 ABŞ dolları borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədədir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə təqdim etdiyi 05.07.2021-ci il tarixli, 9/4313 saylı ekpert rəyi ilə müəyyən olunmuşdur ki, 11.02.2021-ci il tarixə cavabdehin banka olan əsas borcu 4091,26 ABŞ dolları, müqavilə müddətinin sonuna, yəni 19.08.2018-ci il tarixə faiz borcu 3326,96 ABŞ dolları, həmin tarixdən 11.02.2021-ci il tarixədək olan dövrə görə 5 %-lə olan borcu isə 3837,86 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı saymış və hesab etmişdir ki, cavabdeh 31.07.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə ondan İddiaçı ASC-nin xeyrinə 4091,26 ABŞ dolları əsas, 3308 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə və 11.02.2021-ci il tarixədək gecikdirilmiş vaxta görə illik 5 %-lə hesablanmış 503 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 8002,26 ABŞ dolları məbləğində borc tutulmalıdır. İddiaçı ASC qətnamə ilə razılaşaraq onu mübahisələndirməmişdir. Qətnamədən yalnız cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlillərinə görə hazırkı kredit müqaviləsi məlum Fərmanın təsir dairəsinə düşsə də, məhkəmə tərəfindən tətbiq edilməmişdir, həmçinin təkrar ekspertiza keçirilməlidir. Apellyasiya baxışı zamanı borc məbləğinin dəqiqləşdirilməsi məqsədilə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edildi və Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 20.04.2022-ci il tarixli ekspert rəyinə əsasən müəyyən edildi ki, kredit müqaviləsi üzrə cavabdehin müqavilə müddətinin bitdiyi 19.08.2018-ci il tarixə 4784,16 ABŞ dolları əsas borcu və 3326,96 ABŞ dolları faiz borcu vardır. Göründüyü kimi, bu göstərici birinci instansiya məhkəməsində alınmış 05.07.2021-ci il tarixli ekspert rəyində gəlinən nəticə ilə tamamilə eynidir. Sadəcə, iddia tələbində faiz borcu kimi cəmi 3308 ABŞ dolları tələb olunduğundan birinci instansiya məhkəməsi ekspert rəyi ilə müəyyən edilən məbləği deyil, iddia ərizəsində tələb olunan faiz məbləğini əsas götürmüşdür ki, bu da MPM-nin 218.3-cü maddəsinin tələbinə uyğundur. Apellyasiya şikayətinin digər dəlilinə gəldikdə isə, işdən də göründüyü kimi, həmin məsələ ilə bağlı cavabdehin nümayəndəsi ərizə ilə Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etmiş və Mərkəzi Bank 02 mart 2022-ci il tarixli məktubla bildirmişdir ki, qeyd olunan kreditə görə gecikdirilmiş günlər 360 gündən az olduğu üçün həmin kredit məlum Fərmanın əhatə dairəsinə düşməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini bütünlüklə əsassız sayır və qeyd edir ki, həmin dəlillər məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 20 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar