Məhkəmə qərarları › İş №2(103)-1176/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1176/2024

13.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1176/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə (Açar sözlər: mənəvi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2(011)-5339/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 1(001)-226/2014 saylı hökmü ilə X6 CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

2. Həmin hökmdən müəyyən edilir ki, X6 xx.xx.2010-cu il tarixdən Binəqədi rayonu QİSnin 6 saylı Yaşayış yerlərində qaz xəttlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin çilingəri vəzifəsində işləyərkən, işə laqeyd münasibəti nəticəsində üzərinə qaz avadanlıqlarına öz peşə təlimatına uyğun texniki baxışın keçirilməsi, qaz xətlərində mövcud qüsurları vaxtında aşkar etməsi və Binəqədi rayonu, Sumqayıt şossesi, döngə 1, nömrəsiz fərdi evin həyətyanı sahəsinə yerləşən hamam otağında texniki baxış keçirilərkən müvafiq nöqsanlar (hadisə baş vermiş evin hamam otağında suqızdırıcı quraşdırıldığı halda otağın havasının dəyişməsi üçün qapıda dəlik (boşluq) açılmadığı, qaz cihazının tüstü borusu düzgün quraşdırılmadığı) aşkar edilmədiyinə və həmin hamamda quraşdırılmış suqızdırıcının qaz xəttini polad qat qoyulmaqla kəsmədiyinə görə, onun tərəfindən “Qaz təchizatı Layihələndirmə normaları”nın 8.39 bəndinin suqızdırıcıların, istilik qazanlarının və istilik aparatlarının qoyulması, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.239 bəndinin qaz avadanlıqlarına texniki xidmət zamanı nasazlıq aşkar edilərsə və onların tezliklə düzəldilməsi mümkün olmadıqda, nasaz qaz kəməri və qaz cihazı istismar olunan qaz şəbəkəsindən açılması və plomblanması, qaydaların 3.8.5 bəndinin yaşayış binalarında qaz kəmərlərinin, qaz avadanlığının (cihazların və aparatların) texniki xidmət, müəyyən olunmuş qaydada təsdiqlənmiş tələblərinə müvafiq aparlması, qaydaların 3.8.8 bəndinin qaz sızmaları olan cihazları və aparatları, nasaz təhlükəsizlik avtomatikası, ölçü nəzarət cihazları, hava dəyişmə və baca sistemləri, dağılmış baca başlıqları, eləcə də özbaşına (icazəsiz) birləşdirilmiş cihazlar və aparatlar bağlayıcı polad qat qoyulmaqla və bu barədə akt yazılmaqla, qaz kəmərindən ayrılması tələblərini pozmuş, nəticədə 16 dekabr 2013-cü il tarixdə həmin evdə yaşayan oğlu X5 hamamda çimərkən dəm qazından zəhərlənərək ölmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30.000 manat məbləğində mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehin işçisi X4 səhlənkarlıq etməsi nəticəsində 25 yaşlı gənc oğlu ölüb. Belə ki, Eldar Abitov xx.xx.2010-cü il tarixdən Binəqədi rayonu QİS-nin 6 saylı Yaşayış yerlərində qaz xəttlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin çilingəri vəzifəsində işləyərkən, işə laqeyid münasibəti nəticəsində üzərinə qazavadanlıqlarına öz peşə təlimatına uyğun texniki baxış keçirilməsi, qaz xətlərində mövcud qüsurları vaxtında aşkar etməsi və aradan qaldırılması üçün tədbirlər görülməsi vəzifəsi həvalə edilməsinə baxmayaraq, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, döngə 1, nömrəsiz fərdi evin həyətyanı sahəsində yerləşən hamam otağında texniki baxış keçirilərkən müvafiq nöqsanlar (hadisə baş vermiş hamam otağında suqızdırıcı quraşdırldığı halda otağın havasını dəyişməsi üçün qapıda dəlik (boşluq) açılmadığı, qaz cihazının tüstü borusu düzgün quraşdırılmadığı) aşkar edilmədiyinə və həmin hamamda quraşdırlmış suqızdırıcının qaz xəttini polad qat qoyulmaqla kəsmədiyinə görə, onun tərəfindən “Qaz təchizatı Layihələndirmə normaları”nın 8.39 bəndinin suqızdırıcıların, istilik qazanlarının və istilik aparatlarının qoyulması, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.239 bəndinin qaz avadanlıqlarına texniki xidmət zamanı nasazlıq aşkar edilərsə və onların tezliklə düzəldilməsi mümkün olmadıqda, nasaz qaz kəməri və qaz cihazı istismar olunan qaz şəbəkəsindən açılması və plomblanması, qaydaların 3.8.5 bəndinin yaşayış binalarında qaz kəmərlərinin, qaz avadanlığının (cihazların və aparatların) texniki xidmət, müəyyən olunmuş qaydada təsdiqlənmiş tələblərinə müvafiq aparlması, qaydaların 3.8.8 bəndinin qaz sızmaları olan cihazları və aparatları, nasaz təhlükəsizlik avtomatikası, ölçü nəzarət cihazları, hava dəyişmə və baca sistemləri, dağılmış baca başlıqları, eləcə də özbaşına (icazəsiz) birləşdirilmiş cihazlar və aparatlar bağlayıcı polad qat qoyulmaqla və bu barədə akt yazılmaqla, qaz kəmərindən ayrılması tələblərini pozmuş, nəticədə 16 dekabr 2013-cü il tarixdə həmin evdə yaşayan oğlu X5 hamamda çimərkən dəm qazından zəhərlənərək ölmüşdür. Baş vermiş hadisə ilə əlaqədar X6 Binəqədi Rayon Məhkəməsinin 04 avqust 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 314.2-cimaddəsi ilə təqsirli bilinərək, 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökm qanuni qüvvəsini almışdır. Binəqədi Rayon Məhkəməsinin 04 avqust 2014-cü il tarixli 1(001)-226/2014 nömrəli qanuni qüvvəyə minmiş hökmü ilə baş vermiş hadisədə cavabdehin təqsiri təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 13 oktyabr 2023-cü il tarixli 2(011)-5339/2023 nömrəli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia qismən təmin edilmiş, Cavabdehndən mənəvi zərərə görə 15.000 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh səhlənkarlığı, yəni işə laqeyd münasibətləri, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmələri nəticəsində iddiaçının gənc oğlu - X2 dəm qazından zəhərlənməsinə görə ölümü ilə nəticələnmiş hadisə baş vermişdir. Dəyən zərər məhz cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh əməkdaşlarının Cavabdeh fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddiaçı mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır.

7. İddiaçı cavabdehin işçilərinin təqsiri üzündən yaxınlarının ölməsi ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, mənəvi zərərin həcmi 30000 manat məbləğində deyil, hadisədən 10 il sonra iddiaçının keçirtdiyi sarsıntı və iztirabın dərəcəsini nəzərə alaraq 15000 manat məbləğində müəyyən edilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarı, Mülki Prosessual Məcəllənin 82.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunlu olmaqla göstərilmişdir ki, hadisə nəticəsində keçirdiyi mənəvi iztirab və sarsıntıların ağırlıq dərəcəsi ölçüyə gəlməz. Doğma oğlunun faciəvi şəkildə ölümünə səbəb olaraq onu bu yaşda tənha qoyan cavabdeh onun mənəvi hüzurunu pozmuşdur. Cavabdehin işçisinin təqsiri ilə baş vermiş cinayət hadisəsi nəticəsində fıziki mənəvi əzab çəkməsi şübhəsizdir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulma məbləğini bu iztirabı ancaq yaşayan şəxs təyin edə bilər. Yuxarıda qeyd edilənləri, ömrünün sonuna qədər tək qalacağını nəzərə alaraq vurulmuş mənəvi zərərin əvəzi olaraq 30000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi iztirablarının yumşaldılmasına bəlkə səbəb olar. Məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən, keçirdiyi mənəvi iztirabların davamlılığını, zərərin baş verməsinə səbəb olan hadisənin ağırlığını, yəni ölümlə nəticələnməsini, cavabdehin hüquqi şəxs olmasını, hüquqi şəxsin maddi durumunun kifayət qədər olmasını və bu mənəvi iztirabı ömür boyu çəkəcəyini nəzərə almamışdır. Yaranmış məhkəmə praktikasına əsasən səhlənkarlıq cinayəti nəticəsində mülki hüquq pozuntusu səbəbi ilə ailədə 1 nəfərin həlak olmasına görə vurulmuş mənəvi zərərə təyin edilən kompensasiya məbləği Ali Məhkəmə tərəfindən 35.000 manat həddində müəyyən edilmişdir. Lakin birinci instansiya məhkəməsi formalaşmış məhkəmə təcrübəsi ilə bağlı dəlilə ümumiyyətlə toxunmadan, təcrübəni nəzərə almadan, kompensasiyanın məbləğini nə üçün 15.000 manat məbləğində təyin etməyini əsaslandırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

13. Cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

19. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

20. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Belə ki, iddiaçının oğlu X2 dəm qazından zəhərlənərək ölməsində cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir.

30. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

31. İddiaçının öz övladını itirməsi nəticəsində sarsıntılar, psixoloji stress və emosional gərginlik keçirməsi, şüurunda mənfi halların yaranması, iztirablar yaşaması işin mübahisəsiz halıdır.

32. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu 03 noyabr 2008-ci il tarixli "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiq edilməsi haqqında" qərarının 2-ci bəndində göstərmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya"nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır.

33. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu 03 noyabr 2008-ci il tarixli "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiq edilməsi haqqında" qərarının 10-cu bəndində göstərmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

34. Şəxsə mənəvi zərərin vurulması, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozulmalarda) ifadə oluna bilər və iddiaçı mənəvi ziyanın mövcudluğunu sübut etmək yükünü daşımır.

35. Məhkəmə kollegiyası iddiaçının tələb etdiyi həddə mənəvi zərərin tutulmasını ağlabatan və ədalətli hesab etməyib, birinci instansiya məhkəməsi tərəfindən hadisədən 10 il sonra iddiaçının keçirtdiyi sarsıntı və iztirabın dərəcəsini nəzərə alarar mənəvi zərərin əvəzi kimi müəyyən edilən məbləğin (15000 manat) yetərli olması qənaətinə gəlir. Belə ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz.

36. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5339/2023 nömrəli iş üzrə 13 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar