Məhkəmə qərarları › İş №2(103)-11766/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11766/2021

17.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11766/2021 17.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “nağd pul krediti müqaviləsi üzrə pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-7100/2021 saylı, 07.10.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. Kreditor İddiaçı ASC nağd pul krediti müqaviləsi üzrə pul tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 aprel 2016-cı il tarixə banka borclu olduğu 5.673,83 ABŞ dolları məbləğində əsas borcun, 1.049,86 ABŞ dolları məbləğində faizin, 223.20 ABŞ dolları məbləğində cərimənin, cəmi 6.946,89 ABŞ dolları pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 04 may 2016-cı il tarixdə borclu Cavabdeh 5.673,83 ABŞ dolları əsas, 1049,86 ABŞ dolları faiz, 223.20 ABŞ dolları cərimə, cəmi 6.946,89 ABŞ dolları ödəniş gününə qüvvədə olan manata məzənnə ilə və 20 manat dövlət rüsumunun alınaraq kreditor İddiaçı ASC-yə ödənilməsi barədə məhkəmə əmri verilmişdir.

3. Məhkəmə əmrindən borclu etiraz vermiş və məhkəmənin 03 sentyabr 2021-ci il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilərək iş materialları iddia icraatına keçirilmişdir.

4. İddiaçı ASC-nin nümayəndəsi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04 noyabr 2014-cü il tarixli 136753-CNS-12365 saylı “Nağd pul kredit müqaviləsi”nə əsasən 28 sentyabr 2021- ci il tarixə banka borclu olduğu 1.919,59 ABŞ dolları məbləğində əsas borc, 453.55 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 2.373,14 ABŞ dolları pul məbləğinin və ödənilmiş 30.40 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-7100/2021 saylı, 07.10.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 1.919,59 (min doqquz yüz on doqquz dollar əlli doqquz sent) ABŞ dolları məbləğində əsas borc ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və dövlət rüsumuna görə ödənilmiş 20 (iyirmi) manatın alınaraq İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh əlavə olaraq dövlət rüsumunun kəsrini təşkil edən 10 (on) manatın tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (sədrlik edən: Aygün Həsənova).

6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-7100/2021 saylı, 07.10.2021-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməyən faiz borcu hissəsində ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR Mülki Məcəlləsinin 389.1-ci maddəsin əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasımüqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 399.1-cımaddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Borclu tərəfindən kredit müqaviləsinin şərtləri pozulmuş, bunun nəticəsində məhkəməyə müraciət olunmuşdur. Birinci instansiya məhkəməsi, borclu tərəfindən müqavilə şərtlərinin pozulduğu qənaətinə gəlmiş və nəticədə kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehdən tutulması qət edimişdir. Lakin birinci instansiya məhkəməsi qeyd olunan borcu üzrə hesablanmış faiz borcunu nəzərə almadan qətnamə çıxarılmışdır. Ona görə də məhkəmə tərəflər arasında resturukturizasiya müqaviləsi bağlanılmadığını və sözügedən Fərmanla bağlı “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatdığını nəzərə almayıb. Tərəflərin izahatları:

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi V.Qaracayev apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin mübahisələndiirlən hissədə ləğv edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

11. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:

12. Belə ki, iş materiallarında olan 04 noyabr 2014-cü il tarixdə 136753-CNS12365 saylı nağd pul krediti müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış həmin müqaviləyə əsasən bank tərəfindən borcluya illik 22 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 6.600 ABŞ dolları məbləğində kredit verilmişdir. Hüquqi dəyərləndirmə:

13. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

15. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Apellyasiya şikayətində qətnaməni yalnız faiz borcu hissəsə mübahisələndiridiyindən, apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız mübahisələndirilən hissədə yoxlayır.

17. Kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə və qeyd edilən hüquq normalarının tələblərinə əsasən qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin Fərmanının“ təsiri altına düşür. Həmin Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun silinməsi, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur.

18. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı“ Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədi daşıyır. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermiş, onda fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir.

19. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə tərəflər arasında resturukturizasiya müqaviləsi bağlanılmadığını və sözügedən Fərmanla bağlı “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulunun 2019-cu ilin dekabrın 31də başa çatdığını nəzərə almamışdır.

20. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli fərmanın 6.2-ci bəndinə əsasən, Banklara tövsiyə edilsin ki: fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər.

21. Belə ki, cavabdehə bank tərəfindən 28.02.2019-cu il tarixli Fərmana əsasən restrukturizasiya məqsədilə ilə bildiriş göndərilməsi iş materiallarından görünsə də (i.v 63), lakin iddiaçı həmin bildirişin cavabdeh tərəfindən alınmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edilməmiş və iş materiallarında bununla bağlı sənəd aşkar edilməmişdir.

22. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

25. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, iddia tələbinin faiz borcu hissəsində təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsası olmuşdur.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

27. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

28. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməs

q ə t e t d i:

İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-7100/2021 saylı, 07.10.2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar