Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1177/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1724/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, bankla Cavabdeh1 arasında xx xxxxxx 2016-cı il tarixdə bağlanmış 12-MK0191 saylı kredit müqaviləsinə və bankla Cavabdeh2 və Cavabdeh3 arasında xx xxxxxx 2016-cı il tarixdə bağlanmış 12-MK0191 saylı zaminlik müqavilələrinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 dan birgə qaydada 963 ABŞ dolları məbləğində əsas, 510 ABŞ dolları məbləğində faiz borcunun və 200 ABŞ dolları məbləğində cərimənin, cəmi 1.673 ABŞ dolları məbləğində kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Səbail” filialı ilə Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixli № 12-MK0191 saylı kredit müqaviləsi bağlanaraq borcalana 24 ay müddətinə, illik 19 faiz ödəmək şərti ilə, 3.642 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməmiş, borc ödənilməmişdir. Hazırda borclunun banka 963 ABŞ dolları əsas, 510 ABŞ dollar faiz, 200 ABŞ dollar cərimə borcu olmaqla, cəmi 1.673 ABŞ dollar borcu vardır. Götürülmüş kredit üzrə İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2016-cı il tarixli № 12-MK0191 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən zamin kreditor qarşısında borclunun arasında xx.xx.2016-cı il tarixli № 12MK0191 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1724/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ödəniş gününə qüvvədə olan məzənnə ilə 1.142,72 (min yüz qırx iki dollar yetmiş iki sent) ABŞ dolları məbləğində əsas borc, 31,36 (otuz bir dollar otuz altı sent) ABŞ dolları məbləğində faiz borcu, 100 (yüz) ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 1.274,08 (min iki yüz yetmiş dörd dollar səkkiz sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə, həmçinin Cavabdeh3 və Cavabdeh2 aid hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün əsaslandırmamış, iş üzrə sübutlara obyektiv və qərəzsiz qiymət verməmiş, iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 13814 saylı ekspert rəyini tətqiq edərkən səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə ekspert rəyini mötəbər sübut növü kimi qəbul etmişdir. Halbu ki, ekspertdə iş materiallarına əlavə edilmiş sübutlardan istifadə etməklə rəy vermiş, rəydə kredit müqaviləsinin şərtləri nəzərə alınmamışdır. Eekspert əsas məbləği artıraraq faizi azaltmaqla şübhəli rəy vermişdir. Birinci instansiya məhkəməsi iddia tələbini zaminlərə münasibətdə qanunsuz və əsassız hesab etmişdir. Məhkəmə bunu qətnaməsində tərəflər arasında bağlanmış zaminlik müqaviləsində onun verilmə müddətinin konkret təyin edilməsi ilə və həmin müddət qurtardıqda zaminlik müqaviləsinə xitam verilməsi ilə əsaslandırmışdır. Qeyd etməyi zəruri hesab edirik ki, xx xxxxxx 2016-cı il tarixli Zaminlik müqavilələrində yer almış müqavilənin müddəti 6.2-ci bəndinə əsasən “Müqavilə bağlandığı andan qüvvəyə minir və öhdəlik tam yerinə yetirilənə qədər qüvvədə qalır”. Birinci instansiya məhkəməsi qətnaməni işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün əsaslandırmamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1724/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Sultanlı Mələk Rövşən qızı iddia ərizəsində və apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini,Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1724/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin xx xxxxxx 2021-ci il tarixdə keçirilmiş iclasında, Cavabdeh1 iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1724/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadə apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi Mələk Sultanlının və Cavabdeh1 izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadənin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan, İddiaçı ASC-nin “Səbail” filialı ilə Cavabdeh1 arasında bağlanmış 12-MK0191 saylı, xx xxxxxx 2016-cı il tarixli bank hesabı və kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC-nin “Səbail” filialı Cavabdeh1 illik 19 % dərəcəsi olmaqla 24 ay müddətinə 3.642 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan, İddiaçı ASC-nin “Səbail” filialı ilə Cavabdeh1 arasında bağlanmış 12-MK0191 saylı, xx xxxxxx 2016-cı il tarixli bank hesabı və kredit müqaviləsinə əlavə olan “ödəniş cədvəli”nin surətindən görünür ki, borcalan Cavabdeh1 illik faiz dərəcəsi 19 % olmaqla 24 ay müddətinə verilmiş 3.642 ABŞ dolları məbləğində əsas borcu 765,98 ABŞ dolları məbləğində faizlər olmaqla cəmi 4.407,98 ABŞ dolları məbləğində pulu, xx.xx.2016-cı il tarixdən başlayaraq, aylıq 183,69 ABŞ dolları məbləği həcmində olmaqla xx xxxxxx 2018-ci il tarixə kimi kreditora ödəməlidir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, lakin cavabdehlər heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. Tərəflər arasında bağlanmış 12-MK0191 saylı, xx xxxxxx 2016-cı il tarixli bank hesabı və kredit müqaviləsinin 3.3.4-cü bəndinə əsasən borcalan illik faiz dərəcəsi 19 faiz olmaqla bankdan götürdüyü 3.642 ABŞ dolları krеdit məbləğini 24 ay müddətə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan, İddiaçı ASC-nin xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Bankla arasında bağlanmış 12-MK0191 saylı, xx xxxxxx 2016-cı il tarixli bank hesabı və kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə əsas borcu 963 ABŞ dolları, faiz borcu 510 ABŞ dolları, cərimə borcu 200 ABŞ dolları, ümumilikdə 1.673 ABŞ dolları məbləğində qalıq borcu vardır. Məhkəmə kollegiyası iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadənin apelyasiya şikayətinin, xx xxxxxx 2019-cu il tarixli, 13814 saylı ekspert rəyi əsas tutularaq birinci instansiya məhkəməsinin əsas borcu cox, faiz və cərimə borcunun isə az hesablanması ilə bağlı dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının 13814 saylı, xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, Cavabdeh1 İbrahim oğlunun İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixinə (iddiaçının tələb etdiyi vaxta) 1.142,72 ABŞ dolları əsas borcu və 31,36 ABŞ dolları faiz borcu vardır. Odur ki, birinci instansiya məhkəməsi iddianı həmin hissələrdə qismən təmin edərək, Cavabdeh1 1.142,72 ABŞ dolları əsas və 31,36 ABŞ dolları məbləğində faiz borcunu iddiaçının xeyrinə tutulması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Republikası Mülki-Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 vеrilmiş kredit məbləğinə görə 200 ABŞ dolları cərimə borcu tələb olunsa da, birinci instansiya məhkəməsi tərəfindən 12-MK0191 saylı, xx xxxxxx 2016-cı il tarixli bank hesabı və kredit müqaviləsinin 1.1.1-ci bəndinə uyğun olaraq 100 ABŞ dolları məbləğində cərimənin cavabdehdən tutulması qanuni və əsaslıdır. Tərəflər arasında bağlanmış 12-MK0191 saylı, xx xxxxxx 2016-cı il tarixli bank hesabı və kredit müqaviləsinin 1.1.1-ci bəndində göstətilir ki, gecikmə faizi hər gecikdirilmiş gün üçün gecikdirilmiş əsas məbləğin illik 73 (yetmiş üç) faizi qədər hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun iddia ərizəsində göstərilən həcmdə tutulmasının cavabdehin əmlak mənafelərinə xələl gətirə bilməsi qeyd edilərək, kredit müqaviləsindən irəli gələn dəbbə pulunun tələbi tənasübsüz surətdə yüksək olması nəzərə alınaraq, 12-MK0191 saylı, xx xxxxxx 2016-cı il tarixli bank hesabı və kredit müqaviləsinə əsasən əsas kredit məbləği üzrə tələb olunan 200 ABŞ dolları dəbbə pulunun 100 ABŞ dolları həddində azaldılması və iddianın həmin hissədə qismən təmin edilməsi işin hallarına və cavabdehin mənafeyinə uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən isə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəbdən də iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadənin apelyasiya şikayətində göstərdiyi cərimə borcunun az hesablanması ilə bağlı dəlilləri əsasızdır. Bundan başqa məhkəmə kollegiyası iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadənin apelyasiya şikayətinin qətnamənin zaminlərə münasibətdə qanunsuz və əsassız olması barədə dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan, İddiaçı ASC-nin “Səbail” Cavabdeh2 arasında bağlanmış 12- MK0191/1 saylı, xx xxxxxx 2016-cı il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh2 yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 Bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan, İddiaçı ASC-nin “Səbail” Cavabdeh3 arasında bağlanmış 12- MK0191/2 saylı, xx xxxxxx 2016-cı il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh3 yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 Bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Həmçinin zaminliyə xitam verilməsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəllənin 477-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa sxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul eməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, 12-MK0191 saylı, xx xxxxxx 2016-cı il tarixli bank hesabı və kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zaminlər birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminlərə qarşı xx.xx.2018-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmiş, yalnız xx.xx.2020-ci il tarixdə (2 ildən artıq müddət keçdikdən sonra) iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, kreditor İddiaçı ASC-nin “Səbail” filialı ilə Cavabdeh2 arasında bağlanmış 12- MK0191/1 saylı, xx xxxxxx 2016-cı il tarixli zaminlik müqaviləsinin və Cavabdeh3 arasında bağlanmış 12-MK0191/2 saylı, xx xxxxxx 2016-cı il tarixli zaminlik müqaviləsinin müddəti xx xxxxxx 2018-ci il tarixdə başa çatdığına görə, birinci instansiya məhkəməsi həmin zaminlik müqavilələri üzrə Cavabdeh2 və Cavabdeh3 zaminliyinə xitam verilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadənin apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadə apelyasiya şikayətində qeyd etdiyi hallarla bağlı hər hansı sübutu apelyasiya şikayətinə əlavə etməmiş və bankın nümayəndəsi məhkəmə iclasında iştirak edərkən apelyasiya şikayətində göstərilən halları sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Bütün bu hallara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Bеləliklə, məhkəmə kollеgiyası, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadənin apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1724/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1724/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1177/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1177/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver