Məhkəmə qərarları › İş №2(103)-1177/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1177/2025

03.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1177/2025 03.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2349/2024 saylı, 22 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1288/2013 saylı, 29 may 2013-cü il tarixli qətnaməsinə əsasən tərəflər arasında olan nikahın pozulması, uşaqların ananın yanında qalması və 07 fevral 2011-ci il təvəllüdlü X5 və 26 fevral 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı cavabdehin qazancının (başqa gəlirlərinin) 1/3 miqdarında məyyən edilmişdir. Hazırda iddiaçı alimentin sabit pul məbləğində tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 fevral 2011-ci il təvəllüdlü X5 və 26 fevral 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay tutulan alimentin sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Səbail rayon Məhkəməsinin qətnaməsi ilə 07 fevral 2011-ci il təvəllüdlü X5 və 26 fevral 2008-ci il təvəllüdlü X2 üçün cavabdehdən hər ay əsas və əlavə gəlirlərinin 1/3 hissəsi məbləğində aliment tutulmuşdur. Cavabdehin qazancının olmadığı yaxud qeyri-müntəzəm olduğu nəzərə alınaraq, aliment məbləğinin sabit pul məbləğində müəyyən edilməsi xahiş olunur. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, 2024-cü ilin avqust ayında təqaüdə çıxmış və 950 manat civarında aylıq pensiyası təyin edilmişdir. Təqaüdə çıxanadək iki uşağa görə ondan hər ay orta hesabla 1000 manat aliment tutulmuşdur. Hazırda işsizdir, pensiyasından başqa gəlir mənbəyi yoxdur. Bundan əlavə cavabdeh yeni ailə quraraq xx.xx.2022-ci il tarixdə X7 ilə nikaha daxil olmuşdur və həmin nikahdan Nilay adlı övladları anadan olub. Cavabdehin arvadı hazırda həm də ikinci uşağa hamilədir. İddiaçı işləyir və 2100 manat aylıq əmək haqqı alır. 470 manat alimentin təyin olunması 3-cü şəxs olan cavabdehin arvadının mənafeyinə toxunacaqdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2349/2024 saylı, 22 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, 07 fevral 2011-ci il təvəllüdlü X5 və 26 fevral 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Səbail Rayon Məhkəməsinin 2(009)-1288/13 saylı qətnaməsi əsasında Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında tutulan alimentin həcminin dəyişdirilərək, hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində müəyyən edilməsi və bu məbləğin bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulub (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı verilməsi, 76,40 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən dövlət büdcəsinə xeyrinə tutulması və ödənilmiş 50 manat mediasiya xərcinin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahından anadan olmuş övladı iddiaçının himayəsindədir, cavabdehdən tutulan alimentin məbləği iddiaçının uşağının saxlanması üçün artan tələbatlarını ödəmək üçün kifayət etmir. Məhkəmə alimentin tutulmasına dair qətnamənin çıxarılmasından müəyyən müddət keçməsini, hazırkı dövrədək müddət ərzində yaşayış səviyyəsinin müəyyən dərəcədə artmasını, respublikada 2024-cü il üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, hal-hazırda yetkinlik yaşına çatmayan uşaqların iddiaçının himayəsində olmasını və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər orta səviyyədə saxlanılması zəruriliyini nəzərə alaraq hesab etmişdir ki, Səbail Rayon Məhkəməsinin 2(009)-1288/13 saylı qətnaməsi əsasında cavabdehdən 07 fevral 2011ci il təvəllüdlü X5 və 26 fevral 2008-ci il təvəllüdlü X2 üçün tutulan alimentin həcmi artırılaraq, hər uşaq üçün 235 manat sabit pul məbləğində müəyyən edilməlidir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və Səbail rayon məhkəməsinin 2(009)-1288/13 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində icraat: Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh 2024-cü ilin avqust ayında təqaüdə çıxmış və 893,43 manat məbləğində aylıq pensiyası təyin edilmişdir. Təqaüdə çıxanadək iki uşaqlara görə cavabdehdən hər ay orta hesabla 1000 manat aliment tutulmuşdur. Hətta təqaüdə çıxmamışdan 2 ay əvvəl xx.xx.2024-cü ildə cavabdeh aliment verdiyi qızına alimentdən əlavə olaraq 1419 manata telefon alıb bağışlamışdır (telefonun alınma qəbzi etiraz ərizəsinə əlavə edilmişdir). Hazırda pensiyasından başqa əlavə gəlir mənbəyi yoxdur, əgər gələcəkdə münasib iş tapıb işləsə həmin əmək haqqından da ödəniş tutulacaqdır. Bu hallar onu göstərir ki, cavabdeh imkanı olan halda uşaqlarına əlavə diqqət və qayğı göstərməkdən çəkinməmiş, baxmayaraq ki, uşaqların anası uşaqları cavabdehə qarşı nifrət ruhunda böyüdür. Bundan əlavə cavabdeh yeni ailə quraraq xx.xx.2022-ci il tarixdə Ağsu rayon sakini Nuriyeva (hazırkı soyadı Zeynalova) Günay Vidadi qızı ilə nikaha daxil olub və xx.xx.2022-ci ildə Nilay adlı övladı doğulmuşdur. Bundan da əlavə cavabdehin arvadı X6 ikinci uşağa 26-27 həftəlik hamilədir. Bunu “Ağsu rayon Mərkəzi xəstəxanası” PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 18-1-25/2-Z/31-1540/2024 saylı arayış təsdiq edir. Hal-hazırda 31-32 həftəlik hamilədir. Daha sonra etiraza əlavə edilməlidir ki, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində işləyir, aylıq əmək haqqısı 2100 (iki min yüz ) manat təşkil edir (bunu iddiaçı məhkəmə iclasında da etiraf etmiş və hakim sistemdə baxıb həqiqət olduğunu müəyyən etmişdir). Hazırda uşaqlar üçün minimum yaşayış meyarı 235 manat olduğundan iddiaçı iki uşağa görə alimentin ödənməsi qaydasını dəyişdirib 470 manat sabit pul şəklində aliment ödənməsi məqsədi ilə iddia tələbini vermişdir. İddianın bu qaydada təmin olunması cavabdeh üçün ədalətsiz qərar olardı. Ən əvvəl məhkəmə qərarı 3-cü şəxsin, yəni cavabdehin yeni arvadının və ondan olan uşağının mənafelərinə toxunmamalıdır. Belə ki, hər iki ailələrə gələn dolanışıq xərcləri kəskin fərqlənmiş olardı, qərar qəbul edilərkən 3-cü şəxsin də mənafeyinin nəzərə alınması xahiş olumuşdur. Göründüyü kimi, cavabdeh və arvadının (o evdar qadındır) ümumi aylıq gəliri cəmi 893 manat onun pensiyasından ibarətdir. Lakin məhkəmə qanunları və Plenumun Qərarlarını nəzərə almayaraq iki uşağın saxlanması üçün cavabdehdən cəmi 470 manat sabit pul şəklində aliment tutulmasına dair ədalətsiz, qanunsuz və əsassız olan qətnamə çıxartmışdır. Qətnamənin cavabdehə münasibətdə ədalətsiz olması həm də onunla əsaslanır ki, göstərilən yaşayış minimumu haqqında qanuna əsasən böyüklər üçün minimum yaşayış meyarı 350 manat müəyyən edildiyindən təyin edilmiş aliment miqdarında ödəniş edildiyi halda cavabdehin pensiyasından özünə qalan hissəsi ilə özünü və yeni ailəsini dolanmağı onların minimum yaşayış meyarından da üçqat aşağı səviyyəni təşkil edir. Qəbul edilmiş qərarla cavabdehin ikinci ailəsinin dağılmasına səbəb olmasına gətirib çıxarır. Bu ikinci ailəsində də narazılıq yaranmasına səbəb olmuşdur. Göründüyü kimi məhkəmə qanunlara uyğun olmayan ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə cavabdehin ailə vəziyyətindəki dəyişikliyi nəzərə almamışdır. İddaçının ailəsində isə heç bir dəyişiklik olmamışdır. Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:

17. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.

Ailə Məcəlləsi:

75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu:

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

19. Valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.

“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarı.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək qətnamə dəyişdirilməklə, alimentin miqdarı sonrakı artırmalar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının misli məbləğində müəyyən edilməlidir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafelərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Valideynin uşağı saxlamaq vəzifəsi Ailə Məcəlləsində imperativ olaraq nəzərdə tutulmuşdur. Həmçinin, valideynlər uşağın tərbiyəsinə, sağlamlığına və onun psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (AM-nin 58.2-ci maddəsi). Valideynlərin bu vəzifələrinin yerinə yetirilməsində isə uşağın maddi cəhətdən təmin olunması xüsusi rol oynayır. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşağın sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşağın maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, yüksək səviyyədə saxlanılması, habelə onun hüquq və mənafelərinin qorunmasına xidmət edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli, onların təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqların tələbatını təmin etməlidir. Alimentin məbləğinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016cı il tarixli Qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması meyarını nəzərə alaraq hesab edir ki, alimentin məbləği cavabdehdən hər ay, hər uşağa görə sabit pul məbləğində 235 manat olmaqla cəmi 470 manat müəyyən edilməsi hazırki mübahisənin halları baxımından ağlabatan və ədalətlidir. Himayəsində başqa nikahdan uşaqlarının olması barədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, bu hal onu 07 fevral 2011ci il təvəllüdlü X5 və 26 fevral 2008-ci il təvəllüdlü X1 və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, hazırki vəziyyətdə tərəflərin birgə nikahlarından doğulmuş uşaqların ananın yanında qalması və uşaqların günü gündən artan maddi tələbatının qarşılanması məhz ananın – iddiaçının üzərindədir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Ailə Məcəlləsinin aliment öhdəlikləri ilə bağlı normalarında bilavasitə “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmasa da, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Uşağın minimum dolanacaq xərcləri işə “Yaşayış minumumu haqqında” Qanunla müəyyən edilmişdir. Bu baxımdan, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment tutularkən həmin qanunun tələbləri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə kollegiyası “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehin dəlillərini əsassız hesab edir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarının 8.4-1 bəndinə göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Göründüyü kimi hazırki vəziyyətdə sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, hazırda cavabdehdən tutulmalı olan alimentin məbləği sonrakı artırmalar nəzərə alınmaqla minimum əmək haqqına münasibətdə müəyyən edilməlidir. Belə ki, iddiaçı 2024-cü il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin il üzrə minimum əmək haqqı isə 345 manat müəyyən edilmişdir. 2025-ci il üçün isə bu məbləğ 400 manat müəyyən edilmişdir. Hazırda alimentin məbləği minimum əmək haqqı məbləğininin 400 manat müvafiq misli həddinə müəyyən edilməli olduğundan, məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin məbləği sonrakı artırmalar nəzərə alınmaqla hər uşaq üçün 2025-ci il üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin (235:400=0,59) mislində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarından görünür ki, 8.11-ci bəndə aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilmişdir: “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.”. Məhkəmə kollegiyası qeyd edir ki, Plenum qərarının tövsiyələrinə əsasən alimentin tutulması İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 25 oktyabr 2024-cü il tarixdən hesablanmalı idi, əvvəlki qanunvericiliyin tələblərinə əsasən alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal deyil, qanuni qüvvəsini aldıqdan sonra icra edilən qətnamələrin sırasına aid edilmişdir. Lakin məhkəmə kollegiyası həm cavabdehin mənafeyini (ailə və maddi vəziyyətini) həm də, iddiaçının birinci instansiyası məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməməsini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə artırılmış alimentin məbləğinin tutulma tarixi məhkəməyə müraciət edildiyi vaxtdan, yəni, 25 oktyabr 2024-cü il tarixdən deyil, hazırki apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək qətnamə dəyişdirilməklə cavabdehdən tutulmalı olan alimentin məbləği sonrakı artırmalar nəzərə alınmaqla hər uşaq üçün 2025-cü il üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,59 mislində müəyyən edilməli, həmçinin alimentin bu məbləği hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2349/2024 saylı, 22 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilsin. 07 fevral 2011-ci il təvəllüdlü X5 və 26 fevral 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Səbail Rayon Məhkəməsinin 2(009)-1288/2013 saylı, 29 may 2013-cü il tarixli qətnaməsi əsasında Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında tutulan alimentin həcmi dəyişdirilərək, 07 fevral 2011-ci il təvəllüdlü X5 və 26 fevral 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artırmalar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının hər uşağa görə 0,59 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar